| 
								 
								İbtidai təhsilin keyfiyyətini yüksəltmək üçün, 
								ilk növbədə, fənn kurikulumu, təlim 
								strategiyaları və yeni qiymətləndirmə 
								mexanizmlərinin tətbiqini həyata keçirəcək 
								müəllimlərin pedaqoji-metodik bacarıqlarını və 
								fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək 
								lazımdır. Bu məqsədlə ibtidai sinif 
								müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi 
								üzrə təlim kurslarından keçirilməsi sahəsində 
								son üç il ərzində müəyyən təcrübə əldə edilmiş, 
								2008-ci ildən başlayaraq yay aylarında 
								Azərbaycanın bütün rayonları əhatə olunmaqla, 
								minlərlə ibtidai sinif müəllimi təlim 
								kurslarından keçmişdir. 
								
								 2010-2011-ci 
								tədris ilində isə I siniflərdə dərs deyəcək 8 
								minə yaxın ibtidai sinif müəllimi üçün yeni fənn 
								kurikulumları üzrə təlimlər Təhsil Sektorunun 
								İnkişafı üzrə İkinci Layihə çərçivəsində tender 
								yolu ilə, yeni ixtisasartırma modeli əsasında 
								həyata keçirilmişdir. 
								
								2011-2012-ci tədris ilində respublikanın ümumi 
								təhsil müəssisələrində 1-ci sinifdə dərs deyəcək, 
								həmçinin son 3 ildə təlim kurslarından keçməyən 
								ibtidai sinif müəllimlərinin fənn 
								kurikulumlarının tətbiqi sahəsində nəzəri və 
								praktik hazırlığının təmin edilməsi nəzərdə 
								tutulmuş və bu istiqamətdə müvafiq təşkilati 
								işlər aparılmış, müəllimlərin ixtisasartırma 
								təhsili üzrə xidmətlərin təklifi sahəsində 
								rəqabət mühitinin yaradılmasına səy 
								göstərilmişdir. Ötən müddət ərzində həmin 
								vəzifənin icrası ilə əlaqədar bir sıra tədbirlər 
								yerinə yetirilmişdir. Müəllimlərin 
								ixtisasartırma təhsilinin yeni model, 
								modul-kredit sistemi ilə həyata keçirilməsini 
								nəzərdə tutan sənəd - "Əlavə təhsilin məzmunu, 
								təşkili və əlavə təhsilin hər hansı istiqaməti 
								üzrə təhsil almış şəxslərə müvafiq sənədin 
								verilməsi qaydası" hazırlanmış və Nazirlər 
								Kabinetinin qərarı ilə təsdiq edilmişdir. 
								
								Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində 1-ci 
								siniflərdə dərs deyəcək ibtidai sinif 
								müəllimləri üçün təlim kurslarını təşkil edəcək 
								qurumları müəyyənləşdirmək məqsədilə cari ilin 
								yanvar-fevral aylarında tender elan etmişdir. 
								Qaydaya əsasən, bu tenderdə yalnız qeyri-hökümət 
								təşkilatları iştirak edə bilər. Tender 
								sənədlərində təlim xidmətlərinin respublikanın 
								bütün rayon və şəhərləri əhatə olunmaqla 9 
								iqtisadi zona üzrə həyata keçirilməsi nəzərdə 
								tutulmuşdur. Tender komissiyasına 7 təşkilatdan 
								müraciətlər olmuş, təqdim olunmuş sənədlərin 
								araşdırılması və qiymətləndirilməsi aparıldıqdan 
								sonra 5 təşkilat təlim kurslarını keçirmək 
								hüququ qazanmışdır. Həmin qurumlardan biri  də 
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzidir. 
								
								Bu təşkilata Abşeron (3 təlim mərkəzində 580 
								nəfər müəllim, 8 nəfər təlimçi), Aran (19 təlim 
								mərkəzində 2280 nəfər müəllim, 36 nəfər təlimçi), 
								Dağlıq Şirvan (4 təlim mərkəzində 340 nəfər 
								müəllim, 8 nəfər təlimçi) və Yuxarı Qarabağ (5 
								təlim mərkəzində 490 nəfər müəllim, 9 nəfər 
								təlimçi) iqtitsadi zonaları üzrə təlim 
								kurslarını təşkil etmək həvalə olunub. 
								İyun-avqust aylarında adıçəkilən 4 iqtisadi zona 
								üzrə 31 təlim mərkəzində cəmi 3690 nəfər ibtidai 
								sinif müəllimi təlim kurslarından keçiriləcək. 
								Onlarla 61 nəfər təlimçi məşğul olacaq. 
								
								Artıq yayın ilk ayı başa çatıb. Müasir Təhsil və 
								Tədrisə Yardım Mərkəzindən aldığımız məlumata 
								görə, bu ay ərzində təşkil edilən təlim 
								kurslarında cəmi 779 müdavim iştirak edib. 
								Onlardan 164 nəfəri Abşeron iqtisadi zonası, 151 
								nəfəri Yuxarı Qarabağ iqtisadi zonası (Füzuli-67 
								nəfər, Ağdam - 84 nəfər), 132 nəfəri Dağlıq 
								Şirvan iqtisadi zonası (Qobustan - 50 nəfər, 
								Şamaxı - 82 nəfər), 496 nəfər ibtidai sinif 
								müəllimi isə Aran iqtisadi zonası (İmişli - 122 
								nəfər, Beyləqan - 96 nəfər, Şirvan - 81 nəfər, 
								Salyan - 197 nəfər) üzrə təşkil olunan təlim 
								mərkəzlərində kursdan keçirilib.  
								
								
								
								Hicran ƏKBƏROVA  | 
								  |