| 
								 
								 Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda 
								anadan olub. 
								
								 1910-cu 
								ildə ibtidai rus-tatar (rus-Azərbaycan) 
								məktəbini bitirib. Atası ilə İrana gedib, bir 
								müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana 
								qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. 
								
								Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə 
								bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 
								1922-1925-ci illərdə Moskvada Kommunist 
								Universitetində, 1929-1933-cü illərdə isə 
								Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub. 
								
								Dövrünün mötəbər ali məktəblərində təhsil almış 
								Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra 
								əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik" 
								jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra 
								o, "Kommunist" qəzetinə redaktor təyin edilib. 
								Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə 
								müdiri göndərilib, respublika marksizm-leninizm 
								kurslarının direktoru vəzifəsində çalışıb. 
								AK(b)PMK və Azərbaycan SSR MİK-in üzvü olub. 
								
								Mahmud Ağayev 1934-cü ildə Azərbaycanın xalq 
								maarifi komissarı vəzifəsində çalışıb. 
								
								1934-cü il sentyabr ayının 3-də SSRİ XKC və 
								ÜİK(b)PMK ibtidai, natamam orta və orta məktəbdə 
								tədris işinin təşkili və daxili intizam haqqında 
								qərar qəbul edib. Bundan sonra hər bir sinifdə 
								dərslərin miqdarı müəyyənləşdirilir, məktəblərə 
								qəbul, sinifdən-sinfə keçmə, şagirdləri 
								rəğbətləndirmə və cəzalandırma, şagird bileti, 
								şagirdlər üçün qaydalar və s. haqqında mühüm 
								tədbirlər həyata keçirilib. 
								
								1934-cü ildə xalq maarifi sahəsində ən mühüm 
								məsələ ibtidai və orta məktəblərin quruluşundakı 
								dəyişikliklərlə bağlı idi. XKS və ÜİK(b)P MK-nın 
								15 may 1934-cü il tarixli qərarına əsasən 
								ibtidai məktəblər 4 sinifdən (I-IV), natamam 
								orta məktəblər 7 sinifdən (I-VII) və orta 
								məktəblər 10 sinifdən (I-X) ibarət təşkil edilib. 
								
								Mahmud Ağayev xalq maarifi komissarı işlədiyi 
								dövrdə məktəblərdə bədən tərbiyəsi dərsləri, 
								davamiyyət, şagirdlərin ictimai işləri, dərsin 
								müddəti, tənəffüslər, ev tapşırıqlarının həcmi, 
								məktəblərdə dərsin başlanması və s. məsələlərlə 
								əlaqədar mühüm sənədlər qəbul edilib. 
								
								Mahmud Ağayev 1937-ci ildə vəfat edib.   |