| 
								 
								
								
								GİRİŞ  
								
								"Çağırışaqədərki hazırlıq" fənni kurikulumu və 
								onun xarakterik cəhətləri. 
								"Çağırışaqədərki hazırlıq" fənninin kurikulumu 
								ümumı təlim nəticələrinə nail olmaq 
								istiqamətində bütün fəaliyyətləri əks etdirən və 
								hər bir şagirdin imkanlarına, qabiliyyət və 
								ehtiyaclarına yönəlmiş sənəddir. Bu sənəd 
								müəllimlər, məktəb rəhbərləri, dərslik 
								müəllifləri, valideynlər və ictimaiyyətin digər 
								nümayəndələri üçün nəzərdə tutulmuşdur 
								
								"Çağırışaqədərki hazırlıq" fənninin kurikulumu:
								 
								
								- dərslik və tədris vəsaitlərinin tərtib 
								edilməsi, tədris materialının  planlaşdırılması, 
								təlim üsullarının müəyyənləşdirilməsi və müəllim 
								hazırlığının həyata keçirilməsi üçün müvafiq 
								təlimatlar formasında hazırlanacaq qaydaların 
								əsasını təşkil edir; 
								
								- nəticəyönümlü xarakter daşıyır və 
								standartların mənimsənilməsini təmin etmək üçün 
								şagird nailiyyətlərindəki irəliləyişlərin 
								müntəzəm qiymətləndirilməsini nəzərdə tutur; 
								
								- şagirdlərə gündəlik həyatda lazım olan 
								bacarıqların aşılanmasını ön plana çəkir; 
								
								- şagird irəliləyişlərinin və inkişaf sürətinin 
								getdikcə artmasını əsas məqsəd kimi qarşıya 
								qoyur; 
								
								- məzmun standartlarının müəyyənləşdirilməsi 
								prosesində fənn üzrə təlim nəticələrində 
								fəaliyyətlər (idraki, hissi-emosional və fiziki) 
								üzrə balansın gözlənilməsini diqqət mərkəzində 
								saxlayır; 
								
								- şagirdlərin "nəyi bilməli" və "nəyi bacarmalı" 
								olduqlarını bilik və fəaliyyətlərin 
								inteqrasiyası formasında təqdim edir. 
								
								Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. 
								Bəşəriyyətin tarixi böyük müharibələr, 
								qarşıdurmalar tarixi olmuş, insanlar yaşamaq 
								uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə 
								özünün vətənini, xalqını müdafiəyə qalxan 
								insanlar inamla, qətiyyətlə vuruşmalı olmuşlar. 
								Onlar ölkəni, dövlət marağını, ərazisini və 
								xalqını qorumağı hər şeydən üstün hesab etmişlər. 
								Ölkələrdə silahlı qüvvələr məhz bu zərurətdən 
								yaranmışdır.  
								
								Müasir dünyada ölkələrin inkişafının səviyyəsi 
								həm də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. 
								Ölkənin hər bir vətəndaşının əqli, fiziki və 
								mənəvi cəhətdən bu işə hazır olması ən vacib 
								atributlardan biri kimi dəyərləndirilir. "Çağırışaqədərki 
								hazırlıq" fənninin Azərbaycanın ümumtəhsil 
								məktəblərinin tam orta təhsil səviyyəsində 
								tədris olunması bu məntiqdən irəli gəlir. 
								
								Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından 
								əhəmiyyət daşıyır: 
								
								Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə 
								sonsuz məhəbbət hissi bəsləmək və hər an vətənin 
								müdafiəsinə hazır olmaq gənc nəslin yüksək 
								mənəvi keyfiyyəti hesab olunur. "Çağırışaqədərki 
								hazırlıq" fənninin tədrisi prosesində bu 
								keyfiyyətin formalaşması üçün geniş imkanlar 
								vardır. 
								
								Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin 
								qüsursuz keçməsi, müharibə zamanı isə döyüş 
								tapşırıqlarının müvəffəqiyyətlə yerinə 
								yetirilməsini təmin edən bir sıra 
								sosial-psixoloji və intellektual keyfiyyətlərin 
								formalaşdırılmasında, ilk növbədə isə cəsurluq, 
								düşmənlə mübarizədə davamlılıq, qələbə naminə 
								iradə və təmkinlilik, mürəkkəb şəraitdə düzgün 
								qərar qəbul etmək kimi yüksək psixoloji 
								keyfiyyətlərin yaranmasında "Çağırışaqədərki 
								hazırlıq" fənninin rolu böyükdür. 
								
								"Çağırışaqədərki hazırlıq" fənninin həm də 
								təcrübi əhəmiyyəti vardır. Bu fənn şagirdləri 
								Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə 
								hüquqlarının əsasları, vətəndaşın vəzifə və 
								hüquqları, hərbi xidmətin spesifikası, texnika 
								və silahların əsas nümunələri və müasir döyüşün 
								ibtidai anlayışları ilə tanış etməklə onlarda 
								fiziki, sıra hazırlıqları, topoqrafiya, insanın 
								sülh və müharibə şəraitində həyat və 
								fəaliyyətinin mühafizəsi üsulları, fövqəladə 
								hadisələr zamanı zərərçəkənlərə ilk tibbi 
								yardımın göstərilməsinə dair praktik bacarıqlar 
								formalaşdırmaq imkanına malikdir.  
								
								Fənnin məqsədi 
								şagirdlərdə respublikanın müdafiə qüdrəti, 
								Azərbaycan Respublikasının Konstitusiyası və 
								qanunlarından irəli gələn vəzifələr, Nazirlər 
								Kabinetinin qərarları, Azərbaycan Silahlı 
								Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və 
								əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün 
								şərəfli vəzifə olması, Silahlı Qüvvələrin 
								nizamnamələrinin tələblərindən irəli gələn 
								vəzifələri, əsgərlərin yerləşməsi, həyat tərzi 
								və xidməti, fövqəladə hallarda  mühafizə 
								qaydaları və tibbə dair bilik və bacarıqlar 
								əsasında təhlükəsizliyi təmin etmək və müdafiə 
								qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti 
								formalaşdırmaqdan ibarətdir. 
								
								Şagirdlər bu məqsəddən irəli gələn dəyərlərə 
								yiyələnməklə ətraf mühitə qısa zamanda 
								adaptasiya olunur və qeyri-adi (böhranlı, 
								fövqəladə) vəziyyətə düşərkən sağlamlıqlarını və 
								həyatlarını mühafizə etmək imkanlarına malik 
								olurlar. 
								
								Bu məqsədin reallaşdırılması üçün aşağıdakı 
								vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: 
								
								* 
								Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi 
								məlumatların, zəruri hərbi nizamnamə 
								qaydalarının mənimsənilməsi, ordu həyatı ilə 
								tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi 
								yardım bacarıqlarının formalaşması; 
								
								* 
								şagirdlərin hərbi xidmətə fiziki və psixoloji 
								cəhətdən hazır olmaları və topoqrafik vərdişlərə 
								yiyələnmələrinin təmin olunması; 
								
								* 
								şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində 
								xidmətin müqəddəs borc və şərəf işi olmasına 
								inamın yaradılması; 
								
								* 
								şagirdlərdə vətənpərvərlik, əqidəlilik, 
								dözümlülük, cəsurluq, intizam və şəxsi 
								məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin 
								inkişaf etdirilməsi; 
								
								* 
								fövqəladə hallarda mühafizə vasitələrindən 
								istifadə və zədələnmə ocaqlarında ilk tibbi 
								yardım göstərmək bacarıqlarının 
								formalaşdırılması.  
								
								1. "Çağırışaqədərki hazırlıq" fənni üzrə təlimin 
								məzmunu  
								
								1.1. Ümumi təlim nəticələri 
								
								Şagird:  
								
								* 
								Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 
								tarixi, tərkibi, inkişafı haqqında məlumatları, 
								hərbi xidmət barədə qanunun tələblərini şərh 
								edir; 
								
								* 
								Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 
								istifadə olunan hərbi texnika və sursatlar 
								haqqında zəruri məlumatlara malik olduğunu 
								nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı 
								Qüvvələrinin nizamnamələrində təsbit olunmuş 
								əsas müddəaları mənimsədiyini, tibbi yardım və 
								mülki müdafiə bacarıqlarına, topoqrafik 
								vərdişlərə yiyələndiyini nümayiş etdirir; 
								
								* 
								qeyri-müəyyən şərait və hallarla əlaqədar 
								yaranmış vəziyyətlərdə problemləri həll etmək 
								üçün üsul və vasitələrdən istifadə edir; 
								
								* 
								mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa 
								aid normativləri yerinə yetirir, onların icrası 
								zamanı qrup və komanda tərkibində əlaqəli 
								fəaliyyət göstərir.  
								
								1.2. Məzmun xətləri və onların əsaslandırılması  
								
								"Çağırışaqədərki hazırlıq"' fənni üzrə məzmun 
								xətləri aşağıdakı kimi müəyyənləşdirilir: 
								
								* 
								dövlət müdafiəsinin tarixi və hüquqi əsasları; 
								
								* 
								münaqişə və terrorizm; 
								
								* 
								fövqəladə hallar zamanı əhalinin mühafizəsi; 
								
								* 
								tibbi biliklər və ilk tibbi yardım qaydaları.  
								
								Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları  
								
								Gənclər Azərbaycan Silahlı Qüvvələrinin tarixini 
								öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, 
								onlarda vətənə sədaqət, Azərbaycan Silahlı 
								Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli 
								bir iş olmasına inam əmələ gəlir, əqidəlilik, 
								cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi 
								keyfiyyətlərin formalaşmasına zəmin yaranır. 
								Onlar Azərbaycan Respublikasının 
								Konstitusiyasının və digər qanunvericilik 
								aktlarının ölkənin müdafiəsinə aid tələbləri ilə 
								tanış olurlar. Ölkənin müdafiəsi ilə bağlı 
								vətəndaşlıq borcu və məsuliyyətini başa düşürlər. 
								Ordu həyatı ilə tanış olur, əsgərin vəzifə, 
								hüquq və məsuliyyətini dərk edirlər. 
								
								Bu məzmun xətti üzrə əldə olunmuş bilik və 
								bacarıqlar gənclərin əvvəlcədən ordu həyatı ilə 
								tanış olmasına imkan yaradır, şagirdlərin idrak 
								fəallığının yüksəlməsini stimullaşdırır. 
								Şagirdlər öz ölkəsinin tarixini digər ölkələrin 
								tarixi ilə müqayisə etmək imkanı əldə edirlər. 
								Onlarda tədqiqatlar aparmaq, mühakimə yürütmək, 
								qərar qəbul etmək bacarıqlarının formalaşmasına 
								geniş şərait yaranır.   
								
								Münaqişə və terrorizm  
								
								Azərbaycan dövlətinin müharibə təhlükəsi və 
								terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin 
								bu sahədə biliklərə yiyələnməsi məzmun xəttinin 
								əsasını təşkil edir. Onlar taktika və müasir 
								silahlar haqqında biliklərə, topoqrafiya üzrə 
								bacarıqlara yiyələnirlər. 
								
								Əldə olunan bacarıqlar, ilk növbədə, hərbi 
								xidmətə gedəcək gənclərin cağırışaqədərki 
								hazırlıq dövrü kimi əhəmiyyət daşıyır. Tez bir 
								zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas 
								üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına 
								imkan yaranır. Digər tərəfdən, hərbi xidmət 
								keçməyən insanlar üçün bu bilik və bacarıqlar 
								müharibə (terrorizm) şəraitində özünü mühafizə 
								etmək üçün faydalı olur. Şagirdlər tədqiqatlar 
								aparmaq, mühakimə yürütmək və qərar qəbul 
								etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini 
								əlaqələndirmək və tətbiq etmək bacarıqlarına 
								yiyələnirlər.   
								
								Fövqəladə hallar zamanı əhalinin mühafizəsi  
								
								Bu məzmun xəttinin kurikuluma daxil edilməsi 
								onunla şərtlənir ki, müxtəlif xarakterli 
								fövqəladə halların meydana çıxması insanların 
								həyat və sağlamlığına, genetik fonduna ciddi 
								təhlükə yaradır. İnsanlar öz həyatlarını qorumaq 
								məcburiyyəti qarşısında qalırlar. Bu məzmun 
								xətti üzrə bacarıqlar baş verə biləcək təbii 
								fəlakətlərə və texnogen qəzalara insanların tam 
								orta təhsil səviyyəsində hazırlanmasına şərait 
								yaradır.  
								
								Tibbi biliklər və ilk tibbi yardım qaydaları  
								
								Nəzərdə tutulan məzmun xətti istər müharibə, 
								istərsə də sülh şəraitində baş verə biləcək 
								fövqəladə hadisələr zamanı xəsarət alanlara və 
								zərər çəkmişlərə göstəriləcək ilk tibbi yardım 
								kimi dəyərləndirilir, şagirdlərin sağlam həyat 
								tərzinin təşkili haqqında bilik və bacarıqlara 
								yiyələnməsinə, əqli və fiziki cəhətdən inkişaf 
								etdirilməsinə geniş imkanlar yaradır. Onlarda 
								xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, 
								əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək 
								təmənnasız tibbi yardım göstərmək keyfiyyətləri 
								tərbiyə edir.  
								
								1.3. Fəaliyyət xətləri və standartları  
								
								"Çağırışaqədərki hazırlıq" fənni üzrə aşağıdakı 
								fəaliyyət xətləri müəyyənləşdirilir: 
								
								* 
								problemin müəyyənləşdirilməsi və həlli; 
								
								* 
								ünsiyyət qurma; 
								
								* 
								əlaqələndirmə; 
								
								* 
								mühakimə yürütmə və əsaslandırma; 
								
								* 
								təqdimetmə. 
								
								Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə 
								əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin 
								əldə edilməsi və istifadəsi yollarını 
								müəyyənləşdirmək, onları realizə etmək məqsədi 
								daşıyır və şagirdlərə istiqamətləndirilir. 
								
								Şagird "Çağırışaqədərki hazırlıq" fənnindən 
								yiyələnəcəyi məzmuna müxtəlif fəaliyyətlər 
								vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı 
								problemləri həll etmək üçün çağırışaqədərki 
								hazırlıq məsələlərinin müzakirəsində iştirak 
								edir, əldə etdiyi məlumatları əlaqələndirir, 
								mühakimə yürüdür, fikirlərini əsaslandırır, 
								biliklərini müxtəlif yollarla təqdim edir.  
								
								Problemin müəyyənləşdirilməsi və həlli 
								
								Şagird: 
								
								* 
								çağırışaqədərki hazırlıqda problemləri görür və 
								yeni biliklər əldə edir; 
								
								* 
								problemlərin həlli üçün müvafiq yanaşmalardan və 
								strategiyalardan istifadə edir; 
								
								* 
								problemlərin həlli prosesinə nəzarət edir və bu 
								barədə mülahizə yürüdür.  
								
								Ünsiyyət qurma 
								
								Şagird: 
								
								* 
								ünsiyyət vasitəsilə mülahizələrini bölüşür və 
								ümumiləşdirir; 
								
								* 
								mülahizələri barədə yoldaşlarına, müəllimə və 
								başqalarına məlumat verir;\ 
								
								* 
								başqalarının mülahizələrini və strategiyalarını 
								təhlil edir və dəyərləndirir; 
								
								* 
								hərbiyə aid məsələləri dəqiq ifadə etmək üçün 
								hərbi terminlərdən istifadə edir.  
								
								Əlaqələndirmə 
								
								Şagird: 
								
								* 
								hərbi biliklər, hadisələr arasındakı əlaqələri 
								görür və onlardan istifadə edir; 
								
								* 
								hərbi sahədə bilikləri və təklifləri bir-biri 
								ilə ardıcıl əlaqələndirir və onları əsaslandırır; 
								
								* 
								hərbi bilikləri digər sahələrdə tətbiq edir.  
								
								Mühakimə yürütmə və əsaslandırma 
								
								Şagird: 
								
								* 
								mühakimə yürütmə və əsaslandırmanı əsas üsul 
								kimi qəbul edir; 
								
								* 
								fərziyyələr irəli sürür; 
								
								* 
								müxtəlif tip mühakimə və əsaslandırma üsullarını 
								seçir, onlardan istifadə edir.  
								
								Təqdimetmə 
								
								Şagird: 
								
								* 
								təklifləri formalaşdırmaq, yazmaq və 
								əlaqələndirmək üçün təqdimatlardan istifadə edir; 
								
								* 
								problemlərin həlli üçün hərbi təqdimat formaları 
								seçir və tətbiq edir; 
								
								* 
								hərbi və həyati məsələləri modelləşdirmək və 
								təsir etmək üçün təqdimatlardan istifadə edir.  
								
								1.4. Məzmun xətləri üzrə təlim nəticələri  
								
								Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə 
								təlim nəticələri  
								
								1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları 
								
								Şagird: 
								
								* 
								Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 
								tarixi, tərkibi və inkişafı haqqında məlumatları 
								şərh edir; 
								
								* 
								hərbi xidmət barədə qanunun və nizamnamələrin 
								tələblərini şərh edir. 
								
								  
								
								2. Münaqişə və terrorizm 
								
								Şagird: 
								
								* 
								Azərbaycan Silahlı Qüvvələrində istifadə olunan 
								hərbi texnika və sursatlar haqqında zəruri 
								məlumatlara malik olduğunu nümayiş etdirir; 
								
								* 
								topoqrafik vərdişlərə yiyələndiyini nümayiş 
								etdirir; 
								
								* 
								sıra təlimi və fiziki hazırlığa aid 
								normativlərlə bağlı bacarıqlar nümayiş etdirir.  
								
								3. Fövqəladə hallar zamanı əhalinin mühafizəsi 
								
								Şagird: 
								
								* 
								qeyri-müəyyən şərait və hallarla əlaqədar 
								yaranmış vəziyyətlərdə problemləri həll etmək 
								üçün üsul və vasitələrdən istifadə edir; 
								
								* 
								mülki mühafizəyə aid normativləri yerinə 
								yetirir.  
								
								4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları 
								
								Şagird: 
								
								* 
								ilk tibbi yardım vərdişlərinə yiyələndiyini  
								nümayiş etdirir.  
								
								Siniflər üzrə məzmun standartları 
								
								  
								
								
								
								X SİNİF 
								
								  
								
								X sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan Respublikasının Konstitusiyası və 
								digər qanunvericilik aktlarının hərbi xidmətə 
								aid müddəalarını, Azərbaycan Silahlı 
								Qüvvələrinin strukturunu, dövlət atributlarını 
								və hərbi atributları təsvir edir; 
								
								* 
								daxili xidmət və intizam nizamnaməsi haqqında 
								təqdimatlar edir; 
								
								* 
								müasir ümumqoşun döyüş növlərini və motoatıcı 
								manqanın təşkili və  imkanlarını, atıcı silahlar 
								və əlqumbaralarının təyinatını, onların 
								taktiki-texniki xassələrini və istifadə 
								qaydalarını şərh edir; 
								
								* 
								xəritəsiz, cismlərin köməyi ilə səmtləməni təyin 
								edir; 
								
								* 
								fövqəladə hadisələri və kütləvi qırğın 
								vasitələri haqqında məlumatları, radiasiyaya 
								nəzarət və kimyəvi kəşfiyyat cihazlarının 
								quruluşunu və iş prinsiplərini, sağlam həyat 
								tərzinin mahiyyətini, bioloji vasitələr, 
								yoluxucu xəstəliklər haqqında biliklərini şərh 
								edir; 
								
								* 
								zədələnmə ocaqlarında ilk tibbi yardım göstərir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları 
								
								Şagird: 
								
								1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaranması 
								və inkişafına dair biliklər nümayiş etdirir. 
								
								1.1.1. Dövlət atributlarını və hərbi atributları 
								təsvir edir. 
								
								1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin 
								strukturunu şərh edir. 
								
								1.2. Vətənin müdafiəsində vətəndaşın 
								vəzifələrinə dair biliklər nümayiş etdirir. 
								
								1.2.1. Azərbaycan Respublikasının Konstitusiyası 
								və digər qanunvericilik aktlarının hərbi xidmətə 
								dair müddəalarını şərh edir. 
								
								1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri 
								tələblərinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.3.1. Daxili xidmət nizamnaməsi haqqında 
								təqdimatlar edir. 
								
								1.3.2. Hərbi intizam qaydalarını (nizamnaməyə 
								uyğun) izah edir.   
								
								2. Münaqişə və terrorizm 
								
								Şagird: 
								
								2.1. Müasir ümumqoşun döyüş taktikası üzrə bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								2.1.1.  Müasir ümumqoşun döyüş növlərini izah 
								edir. 
								
								2.1.2.  Motoatıcı manqanın təşkili  və döyüş 
								imkanlarını şərh edir. 
								
								2.2. Müasir döyüş vasitələrinə dair bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								
								2.2.1. Atıcı silahlar və onların taktiki-texniki 
								xassələrini şərh edir.  
								
								2.2.2. Əlqumbaralarının təyinatını və onlardan 
								istifadə qaydalarını izah edir. 
								
								2.3.  Topoqrafiya üzrə bacarıqlar nümayiş 
								etdirir. 
								
								2.3.1.  Xəritəsiz və ya cismlərin köməyi ilə 
								səmtləməni təyin edir.  
								
								3.Fövqəladə hallar zamanı əhalinin mühafizəsi 
								
								Şagird: 
								
								3.1. Fövqəladə hadisələr haqqında biliklər 
								nümayiş etdirir. 
								
								3.1.1. Fövqəladə hadisələri təsnif edir. 
								
								3.1.2. Kütləvi qırğın vasitələri haqqında 
								məlumatları şərh edir. 
								
								3.2. Mühafizə vasitələrindən istifadə 
								bacarıqları nümayiş etdirir. 
								
								3.2.1.  Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat 
								cihazlarının quruluşunu və iş prinsipini izah 
								edir. 
								
								3.2.2   Fərdi mühafizə vasitələrindən istifadə 
								edir.  
								
								4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları 
								
								Şagird: 
								
								4.1. Sağlam həyat tərzi haqqında biliklər 
								nümayiş etdirir. 
								
								4.1.1.  Sağlam həyat tərzinin mahiyyətini şərh 
								edir.  
								
								4.1.2. Bioloji vasitələr, yoluxucu xəstəliklər 
								haqqında biliklərini şərh edir. 
								
								4.2. İlk tibbi yardım göstərmək bacarıqları 
								nümayiş etdirir. 
								
								4.2.1.  Zədələnmə ocaqlarında ilk tibbi yardım  
								göstərir.  
								
								4.2.2.   Aİ2, FKP (fərdi kimyəvi paket ) və 
								pambıqlı tənzif sarğıdan istifadə edir.  
								
								
								
								XI SİNİF  
								
								XI sinfin sonunda şagird: 
								  
								
								* 
								Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 
								tarixi və inkişafı, struktur vəzifələri, hərbi 
								nizamnamələrdəki ümumi müddəaları, qarnizon, 
								qarovul xidməti və sıra təlimi qaydalarını 
								(nizamnaməyə uyğun) şərh edir; 
								
								* 
								hədəflərə uyğun mübarizə üsullarını 
								müəyyənləşdirir; 
								
								* 
								atıcı silahlardan istifadə qaydaları və onlara 
								texniki xidmət haqqında, mühəndis maneələr 
								haqqında, minaatan qurğuların ümumi quruluşu və 
								istifadə qaydalarına dair təqdimatlar edir; 
								
								* 
								topoqrafik xəritələrdən istifadəyə dair 
								təqdimatlar edir; 
								
								* 
								fövqəladə hadisələrdə əhalini və obyektləri  
								mühafizə qaydalarını şərh edir; 
								
								* 
								sağlamlığa təsir edən amillər, yoluxucu 
								xəstəliklərin profilaktikası və onlarla mübarizə 
								haqqında təqdimatlar edir;   
								
								* 
								fövqəladə hadisələrdə zədələnmələrin 
								profilaktikasına və ilk tibbi yardıma dair 
								qaydaları tətbiq edir;  
								
								* 
								radiasiya şüalanmaları və kimyəvi zədələnmələr 
								zamanı ilk tibbi yardım göstərir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları 
								
								Şagird: 
								
								1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaranması 
								və inkişafına dair biliklər nümayiş etdirir. 
								
								1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin 
								yaranmasının tarixi və inkişafı haqqında 
								təqdimatlar edir. 
								
								1.1.2.  Azərbaycan Silahlı Qüvvələrinin 
								strukturlarının vəzifələrinə dair təqdimatlar 
								edir. 
								
								1.2. Vətənin müdafiəsində vətəndaşın 
								vəzifələrinə dair biliklərini nümayiş etdirir. 
								
								1.2.1. Hərbi nizamnamələrdəki ümumi müddəaları 
								şərh edir.  
								
								1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri 
								tələblərinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.3.1. Qarnizon və qarovul xidməti qaydalarını 
								(nizamnaməyə uyğun)  şərh edir. 
								
								1.3.2.  Sıra təlimi qaydalarını (nizamnaməyə 
								uyğun) yerinə yetirir.  
								
								2. Münaqişə və terrorizm 
								
								Şagird: 
								
								2.1. Müasir ümumqoşun döyüş taktikası üzrə bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								2.1.1. Hədəflərə uyğun mübarizə üsullarını 
								müəyyənləşdirir. 
								
								2.1.2. Mühəndis maneələr haqqında  anlayışları 
								şərh edir. 
								
								2.2. Müasir döyüş vasitələrinə dair bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								
								2.2.1. Atıcı silahlardan istifadə qaydaları və 
								onlara texniki xidmət haqqında təqdimatlar edir. 
								
								2.2.2. Minaatan qurğuların ümumi quruluşu və 
								istifadə qaydalarına dair təqdimatlar edir. 
								
								2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş 
								etdirir. 
								
								2.3.1.Topoqrafik xəritələrdən istifadəyə dair 
								təqdimatlar edir. 
								 3. 
								Fövqəladə hallar zamanı əhalinin mühafizəsi 
								
								Şagird: 
								
								3.1. Fövqəladə hadisələr haqqında bilikləri 
								nümayiş etdirir. 
								
								3.1.1. Fövqəladə hadisələrdə əhalinin mühafizəsi 
								qaydalarını şərh edir. 
								
								3.1.2. Obyektlərdə  mühafizə qaydalarını şərh 
								edir. 
								
								3.2. Mühafizə vasitələrindən istifadə 
								bacarıqları nümayiş etdirir. 
								
								3.2.1. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat 
								cihazlarından istifadə bacarıqları nümayiş 
								etdirir. 
								
								3.2.2. Kollektiv mühafizə vasitələrindən 
								istifadə edir.  
								
								4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları 
								
								Şagird: 
								
								4.1. Sağlam həyat tərzi haqqında biliklər 
								nümayiş etdirir. 
								
								4.1.1.  Sağlamlığa təsir edən amillər haqqında 
								təqdimatlar edir. 
								
								4.1.2. Yoluxucu  xəstəliklərin profilaktikası və 
								onlarla mübarizə haqqında təqdimatlar edir.
								 
								
								4.2. İlk tibbi yardım göstərmək bacarıqları 
								nümayiş etdirir. 
								
								4.2.2. Fövqəladə hadisələrdə zədələnmələrin 
								profilaktikasına və ilk tibbi yardıma dair 
								qaydaları tətbiq edir.  
								
								4.2.3. Radiasiya şüalanmaları və kimyəvi 
								zədələnmələr zamanı ilk tibbi yardım göstərir.  
								
								
								
								(Ardı var)  |