| 
								 
								"Elektron təlimləndirən sistemlər" layihəsi 
								"Nobel-T" təşkilatı tərəfindən reallaşdırılır. 
								Məsafələri qısaldan bu layihə xüsusi qayğıya 
								ehtiyacı olan uşaqlarla yaşıdları arasında təmas 
								imkanı yaratmaqla yanaşı, bir çox üstünlükləri 
								ilə də seçilir.  
								
								 "Nobel-T" 
								MMC-nin direktoru Salam Əliyev bildirdi ki,  
								xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı 
								uşaqların təhsilini əhatə edən layihə 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. 
								Layihə xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı 
								uşaqların təhsilə maraqlarının daha da 
								artırılması, onların valideynlərinin öz 
								övladlarının təhsilində rolunun müəyyən 
								edilməsi, uşaqların psixoloji vəziyyətinin 
								yaxşılaşdırılması məqsədi daşıyır: "Layihənin 
								həyata keçirilməsi üçün Bakı şəhəri Səbail 
								rayonu 219 nömrəli evdə məktəbi, bu məktəbin 30 
								nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdlərdən 
								təşkil olunmuş 8-ci sinfi və sinifdə dərs 
								deyəcək yüksək elmi-pedaqoji təcrübəyə malik 
								müəllim heyəti cəlb olunmuşdur.  Rəhbəri olduğum 
								"Nobel-T" müəssisəsinin əməkdaşları və 
								psixoloqları layihədə iştirak edən 30 nəfər 
								xüsusi qayğıya ehtiyacı olan şagirdin hər biri 
								ilə fərdi qaydada görüşüb, onların 
								fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma 
								şəraiti ilə yaxından tanış olublar. Şagirdlərin 
								anketləri və onların xəstəlikləri haqqında 
								elektron baza da yaradılıb". Layihə çərçivəsində 
								"Müasir məktəb" adlı İnternet portalının 
								yaradılması, uşaqlar arasında xüsusi istedada 
								malik olanların müəyyən edilməsi,  təhsilin bu 
								səviyyəsi üzrə yüksək ixtisaslı müəllimlərin 
								hazırlanması da nəzərdə tutulur.  
								
								S.Əliyev "Nobel-T" MMC-nin tərkibində "Məsafədən 
								tədris" mərkəzinin yaradıldığını da deyir: "Bu 
								mərkəzdə 3 bölmə - metodoloji tədris bölməsi, 
								psixoloji-pedaqoji təhsilin fəaliyyəti bölməsi 
								və məsafədən təhsilin elmi-texniki bölməsi 
								fəaliyyət göstərir". Direktor xüsusi qayğıya 
								ehtiyacı olan məktəbyaşlı uşaqların evdə 
								təhsilində lazımı və onların xəstəliklərinə 
								uyğun avadanlıqlardan istifadəyə diqqətin 
								artırılmasını da vacib sayır. Belə ki, bu 
								qəbildən olan uşaqların sağlamlıq 
								vəziyyətlərindən asılı olaraq istifadə ediləcək 
								kompüter və avadanlıqlara xüsusi texniki və 
								proqram tələbləri qoyulmalıdır.  
								
								Layihənin İnternet portalından da danışan  
								S.Əliyev onu da qeyd etdi ki, portal "Elektron 
								təlimləndirən sistemlər"in davamlı və uğurlu 
								inkişafı üçün nəzərdə tutulub: "Burada mütəmadi 
								olaraq müəllim və şagirdlərin interaktiv təlim 
								metodlarına əsaslanan elektron dərs vəsaitləri, 
								hazırladıqları təqdimatlar, əl işləri 
								yerləşdiriləcək ki, ən yaxşı işlər və fəal 
								müəllim və şagirdlər qiymətləndirilsin. Bu 
								İnternet portalı müəllimlər, şagirdlər və 
								məktəblər arasında  rəqabət mühitinin, eləcə də 
								bu qəbildən olan şagirdlər üçün elektron 
								resurslar mərkəzinin yaradılmasına səbəb olacaq. 
								Portal müxtəlif xəstəlikləri üzündən evdə təhsil 
								alan şagirdləri, onlara dərs deyən müəllimləri, 
								şagirdlərin valideynlərini və Təhsil 
								Nazirliyinin əməkdaşlarını əhatə edir". Təlim 
								prosesinin "Elektron təlimləndirən sistemlər"dən 
								istifadə etmə əsasında aparılmasının 
								üstünlüklərinə də toxunan təşkilat rəhbəri deyir 
								ki, bu qəbildən olan uşaqlar dövlətin və 
								cəmiyyətin diqqətindən kənarda qalmadıqlarını 
								bir daha hiss edəcəklər. Layihənin köməyi ilə 
								şagirdlərin sağlamlığında, psixoloji durumunda 
								ciddi dəyişikliklərin əldə edilməsi də 
								mümkündür. Uşaqların diqqətinə biliyin yeganə 
								meyar olduğu da çatdırılır. Layihənin bir 
								üstünlüyü də fərdi inkişafa və 
								özünütəkmilləşdirməyə nail olma imkanlarını 
								artırmaqdır.  
								
								219 nömrəli evdə məktəbin direktoru Sədaqət 
								Məmmədova  da layihənin gerçəkləşməsinin xüsusi 
								qayğıya ehtiyacı olan şagirdlərin beynəlxalq 
								İnternet şəbəkəsi vasitəsi ilə cəmiyyətə 
								inteqrasiya etməsinə səbəb olacağını deyir. 
								Bundan başqa, əgər şagird məlum səbəbdən dərsi 
								mənimsəməzsə, onu təkrar dinləmək imkanı da 
								qazanır: "Beləliklə, şagirdlərin imkanı olacaq 
								ki, bütün fənlərdən bilik əldə etsin. Bu 
								layihədə müəllimlərə də bilik və bacarıqlarını 
								nümayiş etdirmək üçün daha geniş və yüksək 
								şərait yaradılıb. Layihədə iştirak edən 26 
								müəllim kifayət qədər bilik və bacarığa, yüksək 
								potensiala malikdir. Düşünürəm ki, layihədən 
								irəli gələn təlim-tədris prosesi  
								müəllimlərimizin təkmilləşdirilməsində böyük rol 
								oynayacaq və əldə edilən nailiyyətlərdən 
								şagirdlərimiz lazımınca yararlanacaqlar".  
								
								
								
								Şakir  CƏFƏROV  | 
								  |