| 
								 
								
								Artıq üçüncü ildir ki, ibtidai siniflərdə yeni 
								fənn kurikulumları tətbiq olunur. Biz müəllimlər 
								bu yeni sistemin məktəbə gəlməsində və uğurlu 
								tətbiqində pedaqoji ictimaiyyətin fəallığının 
								tələb olunduğunu dərindən dərk edirik. Bunun 
								üçün biz, ilk növbədə, öz işimizə yaradıcı 
								yanaşaraq, təlim-tərbiyə prosesinin 
								tədqiqatçılıq zəminində həyata keçirilməsini bir 
								vəzifə kimi qarşımıza qoymuşuq. 
								
								
								Bütün digər fənlər kimi xarici dillərin 
								tədrisində də müasir dərsin imkanları çox 
								genişdir. Müasir ingilis dili dərsinin əsas 
								vəzifəsi təfəkkür prosesini sürətləndirmək və 
								şagirdlərin idrak fəallığını təmin etməkdir. Bu 
								gün ingilis dili dərsində biz müəllimlərin əsas 
								vəzifəsi dərsdə şagirdlərə düzgün istiqamət 
								verərək dilə yiyələnmələrini təmin etməkdən 
								ibarətdir. Burada əsas məsələ şagirdlərin 
								yaddaşını sadəcə nəzəri məlumatlarla doldurmaqla 
								deyil, eyni zamanda praktik çalışmaların 
								istifadəsini artırmaqla şagirdlərin təfəkkür və 
								yaradıcılıq qabiliyyətinin inkişaf 
								etdirilməsindən ibarət olmalıdır.  
								
								
								Müasir dərs axtarış, dərketmə, fəaliyyət 
								dərsidir. Dərsdə hər bir şagirdin fərdi 
								xüsusiyyətləri və maraqları, eləcə də cəmiyyətin 
								sifarişi nəzərə alınır.  
								
								
								Müasir dərsə verilən tələblərə uyğun olaraq 
								müəllimlərin, eləcə də şagirdlərin funksiyası 
								dəyişir. Müəllim bələdçiyə, şagird isə 
								tədqiqatçıya çevrilir. Müəllim şagirdə istiqamət 
								verir. Şagird fəaliyyətə müəllimin göstərişi ilə 
								yox, şüurlu şəkildə qoşulur, dərsdə 
								motivasiyanın yaradılması zamanı əldə edəcəyi 
								bilik və bacarığın ona nə üçün lazım olduğunu 
								dərk edir.  
								
								
								Dərsin maraqlılığını təmin etmək üçün bütün 
								tədris və təlim işi şagirdlərin maraq və 
								tələbatlarının ödənilməsinə, onların istedad və 
								qabiliyyətlərinin, potensial imkanlarının 
								inkişafına yönəldilməlidir. Bu da təlim 
								tapşırıqlarının verilməsində, resursların, eləcə 
								də təlimin forma və üsullarının seçilməsində 
								nəzərə alınmalıdır.  
								
								
								Resursların rəngarəngliyi və təlimin məzmununa 
								uyğun seçilməsi dərsin maraqlı keçməsinə, 
								qarşıya qoyulan məqsədə nail olmağa imkan 
								yaradır.  
								
								
								Dərsdə həmçinin texniki təminatın (kompüter, 
								proyektor və s.) olması da onun maraqlılığını və 
								səmərəliliyini yüksəldir.  
								
								
								Bütün bunlar onu göstərir ki, yeni kurikulumlara 
								əsasən qurulan dərs özünün mütəhərrik 
								xarakterinə, şagirdlərin fəallığı ilə nizamlanan 
								çevikliyinə görə daha çox fərqlənir. Bütün 
								bunları nəzərə alaraq mən işlədiyim I sinifdə 
								yeni kurikulumların tələblərinin tam nəzərə 
								alınmasına, dərslərimdə fəal təlim forma və 
								üsullarından istifadə etməyə çalışır, hər bir 
								dərsi maraqlı qurmaq üçün axtarışlar aparıram. 
								Məsələn, I sinifdə "Geyim" mövzusunu tədris 
								edərkən, ilk növbədə, dərsin məqsədlərini düzgün 
								müəyyənləşdirir, bu zaman standartları əsas 
								götürürəm:   
								
								
								1. Şagirdlər geyimləri şəkillərdə fərqləndirir 
								və göstərir; 
								
								
								2. İngilis dilində geyimlərin adlarını 
								sadalayır; 
								
								
								3. Geyim adlarını düzgün tələffüz edir; 
								
								
								4. Yeni sözlərdən istifadə edərək cümlə 
								qururlar. 
								
								
								Dərsi qruplarla iş formasında aparır, şagirdləri 
								4 qrupa bölürəm, müxtəlif rəngdə geyim 
								şəkilləri, dərslik, iş dəftəri və iş vərəqləri 
								kimi resurslardan istifadə edirəm. 
								
								Dərsin motivasiya mərhələsində problemin 
								qoyuluşuna xüsusi diqqət yetirirəm. Bunun üçün 
								lövhədən müxtəlif əşya və geyim şəkillərini 
								asıb, onların adlarını şagirdlərdən soruşuram. 
								Onlar da gördükləri şəkilləri ingilis dilində 
								söyləyirlər. 
								
								  
								
								Sonra tədqiqat sualını qoyuram: Uşaqlardan 
								onların nə geyindiklərini soruşuram  (What do 
								you wear?). Uşaqlar təqdim olunmuş ayaqqabı, 
								şalvar, əlcək, corab, şərf şəkillərindən nəyə 
								üstünlük verdiklərini və ya geyindiklərini 
								ingilis dilində söyləyirlər.  
								
								Tədqiqatın aparılması mərhələsində qruplara 4 
								növ işçi vərəqi paylayıram. 
								
								Birinci iş vərəqində şagirdlərə verilmiş geyim 
								şəkillərindən hansının oğlana və qıza aid 
								olduğunu müəyyənləşdirilib verilmiş cədvəldə 
								şəkillərə uyğun geyimləri yerləşdirməyi 
								tapşırıram. 
								
								İkinci iş vərəqində şagirdlərdən şəkilləri 
								təqdim olunan müxtəlif geyimlərin rəngini 
								müəyyənləşdirməyi  tapşırıram.  
								
								Üçüncü iş vərəqində qarışıq şəkildə qış və yay 
								geyimləri olan şəkillər təqdim edib uşaqlara 
								onları qruplaşdırmağı tapşırıram. 
								
								Dördüncü iş vərəqində isə şagirdlərdən eyni 
								geyim əşyaları olan çoxlu şəkillərin sayını 
								müəyyən etmək tələb olunur.   
								
								Şagirdlər verilmiş vaxt ərzində tapşırıqları 
								həll edirlər. Sonra qrup liderləri işlərini 
								təqdim edirlər.  
								
								Daha sonra şagirdlər monitor vasitəsilə geyim 
								haqda məlumatlar alır və aldıqları məlumatları 
								tapşırıqlar vasitəsilə yerinə yetirirlər. 
								 
								
								Sonra şagirdlər diskə qulaq asır və qarışıq 
								şəkildə verilmiş şəkillərdən eyni geyimləri 
								seçib ardıcıl qeyd edirlər. 
								
								Dərsin informasiyanın müzakirəsi və təşkili 
								mərhələsində şagirdlərin təqdimatından sonra 
								cavabları ümumiləşdirib, şagirdlərə öyrəndikləri 
								geyim adlarını təkrarlatdırıram. 
								
								Dərsin sonunda xüsusi cədvəl üzrə şagirdləri 
								geyimlər haqqında məlumat vermək, seçmək və 
								göstərmək, ünsiyyət qurmaq və təqdimetmə 
								bacarıqlarının hər biri üzrə qiymətləndirmə 
								aparır və onun nəticələrini elan edirəm. 
								
								Evə isə hər bir şagirdə geyim şəkilləri çəkməyi  
								və adlarını ingilis dilində yazmağı, növbəti 
								dərsin ilkin mərhələsində təqdim etməyi 
								tapşırıram.  
								
								Dərsin belə təşkili kurikulumun tələblərinə tam 
								uygun olub öyrənilən mövzunun şagirdlər 
								tərəfindən daha dərindən qavranılmasına imkan 
								verir.  
								
								
								
								Səbinə ZEYNALOVA, 
								Bakıdakı 193 nömrəli orta  
								məktəbin ingilis dili müəllimi   |