| 
								 
								 Respublikamızın 
								bütün bölgələrində olduğu kimi, Goranboy 
								rayonunda da "Regionların sosial-iqtisadi 
								inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni 
								məktəb binalarının tikintisi davam edir. 
								Goranboy Rayon Təhsil Şöbəsinin müdiri İlham 
								Hüseynovdan  aldığımız məlumata görə, hazırda 
								rayonda 4 məktəb binasının tikintisi başa çatmaq 
								üzrədir. Hazırda burada son tamamlama işləri 
								aparılır. Məktəblər yeni dərs ilində istifadəyə 
								veriləcək.  
								Tikintisinə 
								2010-cu ilin sentyabr ayında başlanan 420 yerlik 
								şəhər 3 nömrəli tam orta məktəb Heydər Əliyev 
								Fondunun vəsaiti hesabına tikilib. Məktəbdə 21 
								sinif otağı, 6 fənn kabineti, fizika və kimya 
								laboratoriyaları, kitabxana, kompüter və tibb 
								otaqları, bufet, akt və idman zalları vardır. 
								Təhsil ocağında  müasir istilik sistemi 
								quraşdırılmış, su xətti və transformator 
								yenilənmişdir. Məktəbin həyətində yeni idman 
								meydançası tikilmişdir. 
								Təhsil 
								Nazirliyinin vəsaiti hesabına inşa olunan 
								Tatarlı kənd tam orta məktəbi 360 nəfər şagird 
								üçün nəzərdə tutulub. Geniş sinif otaqları və 
								laboratoriyaları olan məktəb müasir inventar və 
								avadanlıqlarla təmin olunub. 
								Səmədabad kənd 
								tam orta məktəbi 220 yerlikdir. Təhsil 
								Nazirliyinin vəsaiti ilə inşa olunan məktəbin 
								tikintisi 2011-ci ilin aprel ayından başlayıb. 
								Məktəbdə 11 sinif otağı, fizika, kimya 
								laboratoriyaları, kitabxana, akt və idman 
								zalları mövcuddur. Məktəb üçün köməkçi binalar 
								tikilmiş, su anbarları inşa edilmişdir. 
								Rayonda inşa 
								olunan digər məktəb isə 180 yerlik Şadılı kənd 
								tam orta məktəbidir. Məktəbdə 9 sinif otağı, 
								laboratoriyalar, fənn kabinetləri, kitabxana, 
								akt və idman zalları mövcuddur. Məktəbdə müasir 
								tipli istilik sistemi quraşdırılıb.   
								
								
								Niyazi RƏHİMOV   |