| 
								 
								 Bakı 
								Dövlət Universitetinin rektoru, millət vəkili,  
								parlamentin Azərbaycan-Yaponiya 
								parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 
								rəhbəri, akademik Abel Məhərrəmov Azərbaycan 
								Respublikasının Yaponiyada fövqəladə və 
								səlahiyyətli səfiri vəzifəsinə təyin edilən 
								Gürsel İsmayılzadəni qəbul edib. Universitet 
								haqqında səfirə məlumat verən rektor, əsasən 
								Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs 
								edib. Bu ölkənin ali təhsil ocaqları, xüsusən də 
								Qumma Universiteti ilə BDU-nun əməkdaşlığının 
								olduğunu söyləyib. 2000-ci ildən Şərqşünaslıq 
								fakültəsində yapon dili və ədəbiyyatı 
								ixtisasının fəaliyyət göstərməsindən, bu sahədə  
								bakalavr və  magistr hazırlanmasından, yapon 
								dili üzrə elmi məktəbin formalaşmasından bəhs 
								edib. 
								Səfirlə 
								görüşün münasibətlərə yeni impuls olacağını 
								vurğulayan rektor universitetlərarası 
								əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini 
								diqqətə çatdırıb.  
								Rektor Abel 
								Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir 
								Gürsel İsmayılzadə Prezident İlham Əliyevlə 
								görüşündən danışıb və dövlət başçısının Yaponiya 
								ilə bir çox sahələrdə münasibətlərin 
								inkişafına,  dostluq əlaqələrinin 
								möhkəmləndirilməsinə böyük önəm verdiyindən, o 
								cümlədən Azərbaycandan Yaponiyaya tələbə 
								göndərilməsində maraqlı olduğundan bəhs edib. Bu 
								baxımdan G.İsmayılzadə gələcək fəaliyyətində bu 
								məsələyə xüsusi diqqətin olacağını qeyd edib.
								 
								Prezident 
								İlham Əliyevin Yaponiyaya tələbə göndərilməsi 
								ilə bağlı fikrinin əhəmiyyətinə toxunan rektor 
								Abel Məhərrəmov dövlət hesabına təhsil  alacaq  
								gənclərin qayıtdıqdan sonra bir  neçə  il  Bakı  
								Dövlət  Universitetində çalışıb mütəxəssis 
								yetişdirmələrinin önəmini   də   qeyd  edib. 
								Səfir rektor 
								Abel Məhərrəmovun Milli Məclisin 
								Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr 
								üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyətini 
								yüksək dəyərləndirdiyini, yeni təyinatı dövründə 
								universitetə gəlməyinin görülən işləri daha da 
								genişləndirmək, müəyyən təkan vermək məqsədi 
								daşıdığını, universitetlərarası əlaqələrin daha 
								da genişləndirilməsində maraqlı olduğunu 
								söyləyib.  |