| 
								 
								
								
								Rusiyada ali məktəblərə qəbul qaydaları dəyişir  
								
								Rusiyanın ali məktəblərinə cari ildə keçirilmiş 
								qəbul imtahanları gedişində müşahidə olunmuş 
								qanun pozuntuları ölkənin Təhsil və Elm 
								Nazirliyi qarşısında təxirəsalınmaz vəzifələr 
								qoyub. Nazirlik ali məktəblərə qəbul qaydalarını 
								dəyişmək qərarına gəlib. Təhsil və elm naziri 
								Andrey Fursenkonun sözlərinə görə, avqustun 
								sonlarında qəbul qaydalarına olunacaq dəyişiklik 
								paketi ictimaiyyətin müzakirəsinə təqdim 
								olunacaq. Beləliklə də gələn il ali məktəblərə 
								qəbul artıq yeni qaydalar üzrə aparılacaq. Bəzi 
								məlumatlara görə, yeni qaydalara əsasən, 
								olimpiada  qalibləri və  güzəştləri  olan 
								abituriyentlər digər ali məktəblərin 
								abituriyentlərinə rəqabət yaratmamaq üçün qəbul 
								zamanı öz üstünlüklərindən yalnız bir ali məktəb 
								müəssisəsində yararlana bilərlər. Vahid dövlət 
								imtahanları üzrə kifayət qədər yüksək bal 
								toplamış abituriyentlər, eləcə də güzəştli 
								kateqoriyalardan olanlar eyni vaxtda bir neçə 
								ali məktəbə sənəd verə bilərlər.  
								
								Bundan əlavə, ali məktəblərin saytlarında sənəd 
								vermiş bütün abituriyentlərə nəzarət edəcək 
								xüsusi avtomat sistem yaradılacaq. Nazir qeyd 
								edib ki, ölkənin ali məktəblərində  hər min 
								nəfər məzun yerindən 450-si dövlət sifarişlidir. 
								Birinci kursların büdcə yerlərinə 230 min 
								abituriyent qəbul olunub, onlardan 4,2 mini 
								olimpiada qalibləri və 7,7 mini güzəştlər 
								kateqoriyasına aid olanlardır.   
								
								
								
								Estoniya təhsil islahatlarına başlayır   
								
								Estoniyanın Təhsil Nazirliyində keçirilən 
								müşavirədə ölkənin təhsil sistemində islahatlar 
								məsələsi müzakirə olunub. Müşavirədə təhsil 
								naziri Yak Aaviksoo və rektorlar şurasının 
								üzvləri iştirak ediblər.  Nazirin sözlərinə 
								görə, müzakirə olunan məsələlər üzrə hər hansı 
								fikir ayrılığı müşahidə olunmayıb. "Bütün 
								iştirakçılar təhsil sahəsində ciddi islahatların 
								aparılması  və nəticələrin parlamentə təqdim 
								olunmasına razıdırlar.  Məsələyə dair prinsipial 
								fikir ayrılıqları qalmadı",-deyə Y.Aaviksoo 
								bildirib. Ali təhsil sahəsində islahatlar, ilk 
								növbədə, pulsuz təhsil və tələbələrin dərs yükü 
								ilə əlaqədardır. Nazir hesab edir ki, tələbələr 
								100 faiz dərs yükünə malik olmalıdırlar. Onun 
								sözlərinə görə, əgər biz istəyiriksə tələbələr 
								tam tədris yükü ilə oxusunlar, onda zərurət 
								yarandığı təqdirdə onlara dövlət yardımları 
								göstərilməlidir.  
								
								Tələbələri ən çox narahat edən məqam isə odur 
								ki, yalnız tam dərs yükünə əməl edənlər pulsuz 
								təhsil almağa iddia edə bilərlər. Estoniyanın 
								aparıcı universitetlərinin rektorları da hesab 
								edirlər ki, islahatlarla yanaşı, tələbələrin 
								dəstəklənməsi sistemi də işə düşməlidir. 
								Tələbələrin təkcə semestr ərzində deyil, bütün 
								il ərzində əldə etdikləri nəticələr nəzərə 
								alınmalıdır. Yalnız semestr üzrə 
								qiymətləndirmənin aparılması tədris işinin 
								keyfiyyətinə təsir edir.   
								
								
								
								Gürcü məktəblərində türk və italyan dilləri 
								tədris olunacaq  
								
								Gürcüstanın təhsil planları və qiymətləndirmə 
								milli mərkəzi italyan və türk dillərinin tədris 
								proqramları üzərində işləri başa çatdırıb. 
								Bununla əlaqədar Gürcüstanın təhsil nazirinin 
								müavini Koka Seperteladze və mərkəzin direktoru 
								Natiya Coxakadze brifinq keçiriblər. İtalyan və 
								türk dillərində tədris proqramlarının məzmunu 
								milli təhsil planının xarici dillər proqramının 
								hazırkı  standartlarına əsaslanır. Proqram 
								üzərində işlərə ekspertlərlə yanaşı, İtaliya və 
								türk mütəxəssisləri də cəlb olunublar.  Peşəkar 
								mütəxəssis və ekspertlərdən ibarət qrup tədrisin 
								istər ibtidai, istərsə də orta  səviyyələrinin 
								müxtəlif mərhələləri üçün proqramlar hazırlayıb.
								 
								
								
								
								Amerika məktəblərində "açıq qapı" günləri   
								
								Yeni dərs ili ərəfəsində Amerika məktəblərində 
								"açıq qapı" günləri keçirilir. Məktəbə ilk dəfə 
								qədəm qoyan uşaqlar "açıq qapı" günlərində 
								gələcək müəllimləri, sinif yoldaşları ilə 
								görüşürlər. Uşaqlar məktəbə dərs ləvazimatları 
								ilə gəlirlər. Şagirdlərin fərdi məlumatları əks 
								olunmuş sənədlər doldurulur, onlara oxuyacaqları 
								məktəb və onun tədris ənənələri barədə, onların 
								əməl etməli olduqları qaydaların sadalandığı 
								broşürlar verilir. Şagirdlər yeni müəllimlərin 
								müşayiəti ilə sinif otaqları, kitabxanalar, 
								laboratoriyalar, idman zalları, kompüter 
								otaqları, yeməkxana və digər otaqlarla tanış 
								olurlar.    
								
								Məktəb rəhbərliyi, ilk növbədə, birinci 
								siniflərə qəbul olunan uşaqlara xüsusi diqqət 
								göstərir. 
								
								
								  
								
								
								  
								
								
								  
								
								
								
								İsraildə məktəb təhsili tam dəyişəcək  
								
								 Avqustun 
								14-də İsrail hökuməti, yerli hakimiyyət 
								orqanları,  orta ümumtəhsil məktəblərinin 
								müəllim Assosiasiyaları arasında  məktəblərdə 
								islahatlara dair müqavilə imzalanıb.  
								
								İslahatın məqsədi müəllimlərin vəziyyətinin,  
								onların əməkhaqlarının və əmək şəraitinin 
								əhəmiyyətli dərəcədə  yaxşılaşdırılması, eləcə 
								də tədris metodlarının təkmilləşdirilməsidir. 
								İslahatlar çərçivəsində müəllimlərin əməkhaqları 
								əhəmiyyətli dərəcədə - 51 faiz artırılacaq. 
								Müəllimlərin mükafatlandırılması və 
								həvəsləndirilməsi onların fəaliyyətinin 
								keyfiyyət qiymətləndirilməsi əsasında 
								aparılacaq. Bütün müəllimlərin 
								mükafatlandırılması onların pedaqoji və sosial 
								nailiyyətlərinə əsaslanacaq.  
								
								Məktəb direktorunun statusu  möhkəmləndiriləcək  
								və onun səlahiyyətləri  genişləndiriləcək.  
								Təhsil Nazirliyinin məlumatına görə, islahat  
								proqramının həyata keçirilməsi üçün nazirliyin  
								əməkhaqqı fondu 3 milyard şekel (İsrail pul 
								vahidi) artırılacaq. Məktəblərin maddi -texniki 
								bazasına  da bir neçə yüz milyon şekel 
								xərclənəcək. Layihənin cari tədris ilindən 
								başlanmasına nail olmaq üçün bütün məktəb 
								kollektivləri ilə müqavilələr imzalanıb və 
								sentyabrın 1-dən islahatlar ölkənin 50 
								məktəbində həyata keçiriləcək. Digər məktəblər 
								də tezliklə proqrama  cəlb olunacaqlar. 
								2014-2015 -ci tədris ilində proqram bütün 
								məktəblərdə başa çatdırılacaq.  2011-2012-ci 
								dərs ilində işə qəbul olunan  müəllimlər yeni 
								islahat proqramı ilə işləyəcəklər.   
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı:
								 
								Oruc MUSTAFAYEV  |