| 
								 
								
								
								Şimali Qafqazın ali təhsil müəssisələrinin bir 
								qismi bağlana bilər  
								
								Bu il Rusiyanın təhsilə nəzarət qurumu Şimali 
								Qafqazın ali təhsil müəssisələrində təhsilin 
								keyfiyyəti ilə bağlı geniş yoxlamalara 
								başlayacaq. Yoxlamaların nəticələrinə əsasən, 
								ali təhsil müəssisələrinin bir qisminin 
								bağlanması və ya birləşdirilməsi gözlənilir. Bu 
								barədə federal dairənin sosial-iqtisadi inkişafı 
								məsələləri üzrə hökumət Komissiyasının iclasında 
								RF-in elm və təhsil naziri Andrey Fursenko 
								bildirib. Nazirin dediyinə görə, bu gün Şimali 
								Qafqazda 67 ali təhsil müəssisəsi və 61 filial 
								fəaliyyət göstərir. "Lakin onların heç də 
								hamısının fəaliyyəti effektli deyil", - deyə 
								Fursenko qeyd edib. Bir sıra ali məktəblərdə "stul 
								və kompüterdən başqa heç nə yoxdur" deyən 
								hökumət başçısı Vladimir Putin də onunla 
								razılaşıb. Baş nazirin sözlərinə görə, 
								keyfiyyətlə işləyən iri təhsil mərkəzlərinin 
								yaradılması zəruridir. Belə mərkəzlərdən biri 
								prezidentin fərmanı ilə Stavropolda yaradılmış 
								Şimali Qafqaz Federal Universiteti ola bilər. 
								Hazırda bu ali məktəb dairənin bir neçə təhsil 
								müəssisəsini özündə birləşdirir ki, onlarda da 
								45 minə yaxın tələbə təhsil alır. Yaxın iki-üç 
								il ərzində universitetə yardım məqsədi ilə 5 
								milyard rubl  ayrılması nəzərdə tutulur.  
								
								
								
								Tələbələr işəgötürənlərə yaxınlaşdırılır  
								
								Rusiya Federasiyasının Dövlət Duması iyulun 7-də 
								ilk oxunuşda "Ali və ali məktəbdən sonrakı 
								professional təhsil haqqında" qanuna ali 
								məktəblərin qəyyumlar (hamilər) şurasının 
								səlahiyyətlərini genişləndirən  düzəlişləri 
								bəyənib. Qəyyumlar (hamilər) şuralarının 
								tərkibinə işəgötürənlərin, habelə RF 
								subyektlərinin icraedici orqanlarının, yerli 
								özünüidarə orqanlarının nümayəndələri, ali 
								məktəblərin inkişafında maraqlı olan digər 
								şəxslər daxil edilə bilər. 
								
								Qəyyumlar şuraları təhsil proqramlarının 
								işəgötürənlərin tələblərinə uyğunlaşması üçün 
								onların işlənib hazırlanmasında, habelə təhsil 
								müəssisəsinin maddi-texniki bazasına aid 
								məsələlərin həllində iştirak edə bilərlər.  
								
								
								
								İmtahanlardan 100 bal yığanlar mükafat alıblar  
								
								Rusiya Federasiyasının Tomsk şəhərindəki lisey 
								və gimnaziyaların Vahid Dövlət İmtahanından 100 
								bal toplamış ən yaxşı məzunlarına şəhər merinin 
								mükafatları verilib. 13 nəfər gənc tomsklı adama 
								20 min rubl alıblar. Təltif olunan məzunların 
								əksəriyyəti təhsil müəssisələrini qızıl və gümüş 
								medallarla bitirənlər, ümumrusiya olimpiada və 
								müsabiqələrinin mükafatçılarıdır. 
								
								Mükafatların verilməsi mərasimində qeyd olunub 
								ki, Tomsk məktəbliləri artıq 10-cu ildir VDİ 
								verir və imtahanlarda yüksək bal toplayanların 
								sayı ildən-ilə artır. 
								
								Məlum olub ki, 13 yüzballı abituriyentdən cəmi 
								3-ü  MDU-ya daxil olmağı planlaşdırıb, yerdə 
								qalanlar ali təhsillərini Tomskın milli tədqiqat 
								universitetlərində almaq fikrindədir.  
								
								
								
								"Uçitelskaya qazeta"dan  
								hazırladı: Yusif ƏLİYEV   |