| 
								 
								 Bu 
								günlərdə respublikamızın hüdudlarından çox-çox 
								uzaqlarda daha bir gəncimizin xoş sorağını  
								aldıq.  Daha bir gəncimiz nüfuzlu bilik 
								yarışında növbəti uğura imza atdı. 2011-ci il 
								iyulun 22-dən 28-dək Tailandın kurort məkanı 
								sayılan Pattayada keçirilən məktəblilərin  XXIII 
								Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan 
								komandasının üzvü Azad Qəzənfər oğlu Salahlı 
								bürünc medala layiq görüldü.  
								
								Məlumat üçün bildirək ki, dünya ölkələrində 
								təhsilin və innovativ təhsil texnologiyalarının 
								inkişafında mühüm rol oynayan beynəlxalq 
								informatika  olimpiadası nüfuzlu  bilik 
								yarışlarından biri hesab olunur. Bu olimpiada  
								dünyanın müxtəlif ölkələrində informatika 
								sahəsində istedadlı şagirdlərin aşkara 
								çıxarılmasına, onların birliyinin təşkilinə, bu 
								yeniyetmələr üçün yarışların keçirilməsinə və 
								gələcək inkişafı üçün imkanın yaradılmasına, 
								məktəblilər arasında informatika üzrə yarışlara 
								marağın artırılması və  populyarlaşdırılmasına 
								şərait yaradır. Bundan əlavə, olimpiadanın 
								keçirilməsinin başlıca məqsədi  dünyanın 
								müxtəlif ölkələrində informatika sahəsində 
								istedadlı şagirdlərlə işləyən pedaqoq və 
								alimlərin, ictimai xadimlərin 
								birləşdirilməsi,onlar arasında dostluq 
								münasibətlərinin qurulmasıdır. Belə bir mötəbər 
								olimpiadada iştirak etmək və yüksək nəticə əldə 
								edərək doğma Vətəninə medalla dönmək təbii ki, 
								hər bir istedadlı gəncimizin arzusudur. 
								
								Keçirilmiş məktəblilərin XXIII Beynəlxalq 
								İnformatika Olimpiadası barədə, həmçinin əldə 
								etdiyi uğurla bağlı xoş təəssüratlarını bizimlə 
								paylaşan Azad  dəqiq elmlərə, xüsusilə 
								informatika fənninə böyük maraq göstərdiyini 
								bildirdi. İnformatikaya  marağını və məhz bu 
								fənn üzrə keçirilən beynəlxalq  olimpiadada 
								iştirakını belə izah etdi: "Mən informatikanı 
								ona görə seçdim ki, burada tələb olunan biliklər 
								digər texniki fənlərə nisbətən daha çoxdur. 
								İnformatika olimpiadasındakı məsələləri həll 
								etmək üçün təkcə proqramlaşdırma deyil, həm də 
								riyaziyyatın qraflar nəzəriyyəsi, 
								optimallaşdırma, oyunlar nəzəriyyəsi, 
								kombinatorika kimi sahələrini bilmək  tələb 
								olunur.Bununla yanaşı, riyaziyyatın adıçəkilən 
								sahələri universitet tələbələrinə öyrədilir və 
								orta məktəb proqramında yoxdur. Ümumiyyətlə, 
								texniki fənlər içərisində informatika mənim üçün 
								daha maraqlıdır". 
								
								 Azad 
								artıq məzunu olduğu Bakı Özəl Türk Liseyində 
								təhsil aldığı müddətdə vaxtaşırı  beynəlxalq 
								miqyaslı olimpiadalarda iştirak etdiyini, bilik 
								yarışlarında yüksək nəticələr qazanaraq ölkəmizə 
								 2 gümüş  və 1 bürünc medalla döndüyünü qürur 
								hissi ilə qeyd etdi. Sonuncu iştirak etdiyi 
								XXIII Beynəlxalq İnformatika Olimpiadasının onun 
								üçün xoş və yaddaqalan hadisələrlə zəngin 
								olduğunu söyləyən Azad 2009 və 2010-cu illərdə 
								həmin olimpiadada  iştirak etdiyini və bu il 
								onun daha yüksək səviyyədə təşkil edildiyini 
								bildirdi. O, ilk növbədə, qazandığı uğura görə 
								məzunu olduğu Bakı Özəl Türk Liseyinin 
								rəhbərliyinə, pedaqoji kollektivə, informatika 
								müəllimləri -  Namiq Əliyevə və Əli Həsənova 
								borclu olduğunu bildirdi. Azad  Bakı Dövlət 
								Universitetinin dosenti, Beynəlxalq İnformatika 
								Olimpiadasında Azərbaycan komandasının rəhbəri  
								Ramin Mahmudzadənin ona göstərdiyi köməyi 
								xüsusilə qeyd etdi. Ümumiyyətlə,  Azərbaycan 
								komandasının beynəlxalq informatika 
								olimpiadasına yüksək səviyyədə hazırlaşdığını 
								deyən yeniyetmə gəncimiz qeyd etdi ki, o və 
								digər şagirdlərimiz  AMEA  İnformasiya 
								Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya 
								Mərkəzinin nəzdində yaradılmış Olimpiya 
								Mərkəzində hazırlıq dərsləri keçiblər. Ramin 
								Mahmudzadənin rəhbərliyi altında iyunun 1-dən 
								iyulun 17-dək davam etmiş treninqlər  
								İnformasiya Texnologiyaları İnstitutunun, Bakı  
								Dövlət Universitetinin və digər ali təhsil 
								müəssisələrinin tanınmış  alim və mütəxəssisləri 
								tərəfindən aparılıb. Azad belə bir mükəmməl 
								hazırlığın son nəticədə ona uğur gətirdiyini 
								deyərək bu işdə əməyi olan hər kəsə öz 
								minnətdarlığını bildirdi.  
								
								Respublikamızda yüksək intellektə malik, 
								istedadlı  yeniyetmə və gənclərə hər zaman 
								diqqət və qaygı ilə yanaşıldığını deyən Azad 
								Salahlı, eyni zamanda onların dünyanın inkişaf 
								etmiş ölkələrində müxtəlif fənlər üzrə keçirilən 
								yarışlarda iştiraklarını təmin etdiklərinə görə 
								müvafiq dövlət qurumlarına, xüsusilə Təhsil 
								Nazirliyinə təşəkkür etdi.  
								
								Yaşadığımız əsrin kompüter əsri olduğunu 
								söyləyən gənc informasiya texnologiyaları 
								sahəsinin ən sürətlə inkişaf edən bir sahə 
								olduğunu diqqətə çatdırdı. Bildirdi ki, istər 
								elmdə, sənayedə, istərsə də digər sahələrdə 
								informasiya-kommunikasiya texnologiyalarının 
								tətbiqinə geniş yer verilir.       
								
								 Azadın  
								bizimlə söhbət zamanı təvazökarlıq edərək 
								özündən çox danışmaması aydın hiss olunurdu.  
								Hər zaman onun yanında olan, nailiyyətlərinə 
								doğmaları qədər sevinən Azərbaycan-Türkiyə Özəl 
								Liseyləri Baş İdarəsinin kompüter fənn metodisti 
								Əli Həsənovdan vaxtilə şagirdi olmuş Azad 
								Salahlı haqqında fikirlərini soruşmağı qərara 
								aldıq. Əli müəllim bunları dedi:  "Azada 5 il 
								dərs demişəm. O, riyaziyyatı, fizikanı, o 
								cümlədən kompüteri  gözəl bilir. Mənə görə 
								Azadın gözəl xüsusiyyətlərindən biri də ev 
								tapşırıqlarını yerinə yetirdikdən sonra 
								İnternetdən araşdırmalar apararaq, mövzu ilə 
								əlaqəli sualları tapıb onları da həll etməsidir. 
								O, İnternetdə ACM kimi portal veb səhifələrində 
								qeydiyyatdan keçib, oradakı məsələləri 
								araşdırmaqla məşğul olur. Azadın XXIII 
								Beynəlxalq İnformatika Olimpiadasında uğurlu 
								iştirakı bir müəllim olaraq məni çox sevindirdi. 
								Biz müəllimlər ona böyük ümidlər bəsləyirdik və 
								sevinirəm ki, Azad etimadımızı doğrultdu". 
								
								İstedadlı gəncin həyatında ən yaddaqalan və 
								sevincli hadisələrdən biri də onun Kanadanın 
								Vaterloo  Universitetinin kompüter elmləri 
								fakültəsinə daxil olmasıdır. "Niyə məhz 
								Kanadanın bu universitetini və fakültə olaraq 
								kompüter elmlərini seçmisən", - sualına Azad 
								belə cavab verdi: "Hazırda Azərbaycanda 
								informasiya-kommunikasiya texnologiyaları 
								sektorunun inkişaf etdirilməsi istiqamətində 
								mühüm işlər görülür və ölkəmizə bu sahə üzrə 
								bacarıqlı kadrlar lazımdır. İnformatikaya olan 
								marağım gələcəkdə bu sahə üzrə lazımlı 
								mütəxəssis kimi ölkəmizə fayda vermək arzumu 
								reallaşdırmağa təkan verdi. Elə bunun üçün də 
								Kanadada kompüter elmləri üzrə ən yaxşı ali 
								təhsil ocağı sayılan Vaterloo Universitetinə 
								daxil olmaq üçün çalışdım və istəyimə nail 
								oldum. Ən böyük arzularımdan biri isə budur ki, 
								Amerika, Sinqapur, Hindistan və digər ölkələrdə 
								olduğu kimi,  Azərbaycanda da proqramlaşdırma 
								neft sahəsi ilə yanaşı, ölkənin əsas sənaye 
								sahələrindən birinə çevrilsin. Universitetdə 
								yüksək bilik almaqla yanaşı, diaspor 
								təşkilatlarının təşkil etdiyi tədbirlərdə 
								iştirak edəcək, digər ölkələrin tələbələrinə  
								Azərbaycan həqiqətlərini çatdırmağa, ölkəmiz, 
								onun mədəniyyəti və tarixi haqqında, eləcə də  
								bugünkü vəziyyəti, inkişaf səviyyəsi barədə  
								geniş məlumat verməyə çalışacağam. Mənim 
								fikrimcə, bu da təhsil qədər önəmlidir". 
								
								Bizimlə söhbətinin sonunda Azad qarşıda onu 
								böyük sınaqların gözlədiyini deyərək bu 
								sınaqlardan üzüağ və alnıaçıq çıxmaq üçün 
								var-qüvvəsini əsirgəməyəcəyini, doğma Vətəninə 
								layiqli bir mütəxəssis kimi dönəcəyinə ümidvar 
								olduğunu bildirdi.   
								
								
								
								Samirə KƏRİMOVA   | 
								  |