| 
								 
								 Sentyabrın 
								3-də Bakıdakı "Gülüstan" sarayında təhsil 
								işçilərinin ənənəvi respublika konfransı 
								keçirildi. 
								Konfrans 
								iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, 
								xalqımızın ümummilli lideri Heydər Əliyevin 
								xatirəsini ehtiramla anıb məzarı önünə tər 
								güllər qoydular. 
								Görkəmli 
								oftalmoloq alim, akademik Zərifə xanım 
								Əliyevanın da məzarı üstünə gül dəstəsi düzüldü. 
								Sonra təhsil 
								işçiləri Şəhidlər xiyabanında ölkəmizin 
								müstəqilliyi və ərazi bütövlüyü uğrunda 
								mübarizədə canlarından keçmiş qəhrəman Vətən 
								övladlarının xatirəsini yad etdilər. 
								 Baş nazirin 
								müavini Elçin Əfəndiyevin, Azərbaycan 
								Respublikası Prezidenti Administrasiyasının 
								humanitar siyasət məsələləri şöbəsinin müdiri 
								Fatma Abdullazadənin, Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədri Məleykə Abbaszadənin, Milli 
								Məclis deputatlarının, müvafiq nazirliklərin 
								nümayəndələrinin, ali, orta ixtisas və ümumi 
								təhsil müəssisələrinin rəhbərlərinin, rayon, 
								şəhər təhsil şöbə müdirlərinin, təhsil 
								ictimaiyyətinin və beynəlxalq təşkilatların 
								təmsilçilərinin iştirak etdikləri konfrans 
								Azərbaycan Respublikasının Dövlət himninin 
								səsləndirilməsi ilə başladı. 
								
								 Konfransı 
								Azərbaycan Respublikasının təhsil naziri 
								Misir Mərdanov açaraq təhsil işçilərinin bu 
								ənənəvi ümumrespublika tədbirində 600-dən çox 
								iştirakçının olduğunu qeyd edib, dəvəti qəbul 
								edib konfransa təşrif gətirmiş qonaqlara, millət 
								vəkillərinə minnətdarlığını bildirdi. 
								Builki 
								konfransın Azərbaycanın müstəqilliyinin 20 
								illiyi ərəfəsində keçirilməsini onun əsas 
								özəlliklərindən biri kimi qiymətləndirən nazir 
								bildirdi ki, 20 il dövlətin tarixində o qədər də 
								böyük zaman olmasa da, bu illər ərzində 
								Azərbaycan çox böyük tarixi yol keçib. Əsası 
								müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər 
								Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq 
								siyasəti nəticəsində Azərbaycan dövlətinin 
								hüquqi-sosial bazası yaranıb, müstəqilliyi 
								möhkəmlənib, dünya birliyinə inteqrasiya 
								istiqamətində çox ciddi addımlar atılıb. 
								Ulu öndərin 
								birbaşa rəhbərliyi ilə müstəqilliyin ilk 
								illərində Azərbaycanda siyasi sabitliyin 
								yarandığını, iqtisadi inkişafın təməlinin 
								qoyulduğunu, ölkə həyatının bütün sahələrində 
								geniş islahat işlərinin aparılmağa başlandığını 
								qeyd edən Misir Mərdanov həmin islahatların son 
								8 ilə yaxın bir müddətdə dövlətimizin başçısı, 
								möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən 
								uğurla davam etdirildiyini diqqətə çatdırdı. 
								Bildirdi ki, məhz aparılan düzgün daxili və 
								xarici siyasət nəticəsində hazırda Azərbaycan 
								dünyada siyasi stabilliyinə görə ilk yerlərdən 
								birini tutur, iqtisadi inkişaf tempinə görə 
								lider ölkələrinin sırasına çıxıb. Həyata 
								keçirilən elmi əsaslara söykənmiş çoxsaylı 
								dövlət proqramları sayəsində Azərbaycan ilbəil 
								inkişaf edir. Ölkəmizdə yoxsulluğun səviyyəsi 
								son illərdə minimuma endirilib. 1 milyona yaxın 
								Azərbaycan vətəndaşı yeni iş yerləri ilə təmin 
								olunub. 
								Digər 
								sahələrdə olduğu kimi, təhsildə də əsası ulu 
								öndər tərəfindən qoyulmuş uğurlu islahatların 
								davam etdiyini qeyd edən nazir təhsilin 
								infrastrukturunun yaranmasında və 
								möhkəmlənməsində, maddi-texniki bazasının 
								formalaşmasında, bütövlükdə milli təhsil 
								sisteminin qurulmasında son illərdə çox 
								əhəmiyyətli addımlar atıldığını diqqətə 
								çatdırdı. Bildirdi ki, həmin addımlar, habelə 
								təhsildə mövcud olan problemlər və onların həlli 
								yolları barədə bugünkü konfransda məlumat 
								veriləcəkdir. Təhsil naziri bütün bu məsələlər 
								haqqında məlumatların onun tərəfindən deyil, 
								məhz bu proseslərin içində olan şəxslər 
								tərəfindən təqdim olunacağını da xüsusi qeyd 
								edib bunu konfransın digər bir özəlliyi kimi 
								dəyərləndirdi və Azərbaycan təhsil işçilərinin 
								növbəti sentyabr konfransını açıq elan etdi.  
								
								 YUNİSEF-in 
								Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark 
								Hervord konfransda təbrik sözü söylədi. 
								Çıxışını konfrans iştirakçılarını salamlamaqdan 
								böyük məmnunluq duyduğunu bildirməklə başlayan 
								M.Hervord  öncə təmsil etdiyi beynəlxalq 
								təşkilatın fəaliyyəti barədə məlumat verərək 
								bildirdi ki, YUNİSEF Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi ilə 1993-cü ildən - yəni 
								ölkəmizdə fəaliyyətə başladığı vaxtdan sıx 
								əməkdaşlıq münasibətləri qurmuş və bu əməkdaşlıq 
								bir çox irimiqyaslı islahatların həyata 
								keçirilməsinə öz töhfəsini vermişdir. 
								YUNİSEF-in 
								iştirakı ilə ölkəmizin təhsil müəssisələrində 
								reallaşdırılan layihələrin əsas istiqamətləri 
								haqqında danışan beynəlxalq təşkilatın 
								təmsilçisi hazırda Azərbaycanın 50 rayonunda 
								"Məktəb uşağın dostudur" layihəsinin tətbiq 
								olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, həmin 
								layihədə əsas məqsəd məktəblərdə tədrisin və 
								idarəetmənin, əlil uşaqlara tətbiq olunan 
								inklüziv təhsil xidmətinin, eləcə də 
								təhlükəsizliyin və valideynlərin iştirakının 
								keyfiyyətinin monitorinqindən ibarətdir. "Məktəb 
								uşağın dostudur" təşəbbüsü çərçivəsində Təhsil 
								Nazirliyi tərəfindən məktəb direktorları üçün 
								müvafiq idarəetmə ilə bağlı, ibtidai sinif 
								müəllimləri üçün yeni kurikulumun mənimsənilməsi 
								istiqamətində və V-IX  siniflərdə dərs deyən 
								müəllimlər üçün idarəetmə üzrə təlimlərin 
								keçirilməsi məqsədi ilə müvafiq tərəfdaşlarla 
								sıx əməkdaşlıq münasibətləri qurulub. 
								YUNİSEF Dünya 
								Bankı ilə əməkdaşlıq edir ki, bu əməkdaşlıq 
								çərçivəsində də Azərbaycanın 6 rayonunda 
								qısamüddətli məktəbəhazırlıq məktəbəqədər təhsil 
								xidmətləri təmin edilir. Hazırda Təhsil 
								Nazirliyi bu təşəbbüsün digər regionlarda da 
								miqyasını artırmağı planlaşdırır. 
								M.Hervord 
								Heydər Əliyev Fondu və Təhsil Nazirliyi ilə 
								birgə əlilliyi olan uşaqlar üçün inklüziv 
								xidmətlərin təmin edilməsi istiqamətində də iş 
								gördüklərini vurğulayaraq, bu layihələrin 
								müvafiq qanunvericilik bazasının 
								uyğunlaşdırılmasını, mövcud kurikulum sisteminin 
								yenidən nəzərdən keçirilməsi və 
								təkmilləşdirilməsini, müəllim hazırlığı 
								sisteminin təkmilləşdirilməsini, rayon və 
								şəhərlərdə mövcud olan infrastrukturun 
								uyğunlaşdırılmasını özündə ehtiva edən 
								fəaliyyətləri əhatə etdiyini bildirdi. Qeyd etdi 
								ki, YUNİSEF Təhsil Nazirliyi ilə uşaqların 
								məktəbəhazırlığı istiqamətində də müəyyən işlər 
								görür ki, bu işlərə də məktəbəqədər təhsil üzrə  
								yeni kurikulumun tamamlanması, ucqar rayonlarda 
								yaşayan uşaqlar üçün məktəbəqədər təhsillə bağlı 
								alternativ modellərin təqdim edilməsi daxildir. 
								Burada əsas məqsəd ondan ibarətdir ki, yaşadığı 
								məkandan asılı olmayaraq heç bir uşaq 
								məktəbəqədər təhsil xidmətindən kənarda 
								qalmasın. 
								M.Hervord 
								Təhsil Nazirliyi  ilə əməkdaşlıqlarının bir 
								istiqamətinin də valideyn-müəllim 
								assosiasiyalarının yaradılması ilə bağlı 
								olduğunu bildirdi və son illərdə təsis olunan bu 
								qurumların təhsil ocaqlarının monitorinqinin 
								həyata keçirilməsində, valideynlər, icmalar 
								tərəfindən ayrılan ianələrin daha şəffaf qaydada 
								idarə olunmasına cəlb edilməsində, eləcə də 
								keyfiyyətin monitorinqinin təşkilində, 
								aztəminatlı ailələrdən olan və digər növ 
								məhrumiyyətlərə məruz qalmış uşaqların 
								keyfiyyətli təhsil xidmətləri ilə təmin 
								edilməsində mühüm rol oynadığını diqqətə 
								çatdırdı. 
								Çıxışının 
								sonunda indiyədək həyata keçirdikləri işlərin 
								bundan sonrakı fəaliyyətləri üçün müsbət stimul 
								olduğunu vurğulayan YUNİSEF təmsilçisi 
								Azərbaycanda uşaq hüquqlarının daha dayanıqlı və 
								dolğun şəkildə təmin olunması sahəsində bundan 
								sonra da Təhsil Nazirliyi və digər qurumlarla  
								sıx əməkdaşlığı davam etdirəcəklərini söylədi.  
								
								 Bakıdakı 
								85 nömrəli uşaq bağçasının müdiri Kəmalə 
								Abbasova konfransda çıxış edərək 
								məktəbəqədər təhsil sahəsində görülən işləri, 
								problemləri və perspektiv vəzifələri diqqətə 
								çatdırdı. 
								Çıxışında öncə 
								məktəbəqədər təhsilin əhəmiyyətindən danışan 
								K.Abbasova bildirdi ki, uşaqların hələ erkən yaş 
								dövründən əqli, fiziki və psixoloji inkişafında 
								məktəbəqədər təhsil müəssisələrinin mühüm rol 
								oynaması bu gün əksər dünya dövlətlərində 
								birmənalı qəbul olunur. Maddi sərvətlərin insan 
								kapitalına çevrilməsinin təməli məhz bu 
								müəssisələrdə qoyulur. Tədqiqatlar göstərir ki, 
								məktəbəqədər yaş dövründə uşağın inkişafına 
								xərclənən vəsait sonralar 7 dəfə artıq gəlir 
								gətirir. Təsadüfi deyil ki, Almaniya, Fransa, 
								Danimarka və digər bu kimi ölkələrdə təhsil 
								büdcəsinin 10-15 faizi məktəbəqədər təhsilə 
								ayrılır. 
								Sonra natiq 
								ölkəmizdə məktəbəqədər təhsilin inkişafına 
								göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi 
								ki, təhsilin prioritet strateji sahə hesab 
								olunduğu ölkəmizdə məktəbəqədər təhsilin 
								inkişafı diqqət mərkəzindədir. Dövlətimizin 
								başçısı cənab İlham Əliyevin 2007-ci ildə təsdiq 
								etdiyi "Azərbaycan Respublikasında məktəbəqədər 
								təhsilin yeniləşdirilməsi Proqramı" 
								çərçivəsində  son illər davamlı surətdə 
								məqsədyönlü tədbirlər  həyata keçirilir. 
								Hazırda 
								respublikamızda 112892 nəfər uşağın cəlb 
								olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsinin 
								fəaliyyət göstərdiyini deyən K.Abbasova 2009-cu 
								ildən bəri 23 yeni tikilən müəssisənin 
								fəaliyyətə başladığını, 3 uşaq bağçasında əsaslı 
								bərpa işlərinin aparıldığını, uşaqların sayının 
								9265 nəfər artdığını bildirdi. Qeyd etdi ki, 
								ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə 
								səviyyəsi 2009-cu ildə 15,8 faiz idisə, hazırda 
								17,6 faiz təşkil edir. Bakı şəhərində bu inkişaf 
								daha çox müşahidə olunmaqdadır. Belə ki, şəhər 
								üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb 
								olunmuş uşaqların sayı 2009-cu ildəki 31102 
								nəfərdən 2011-ci ildə 34369 nəfərə çatmış, əhatə 
								səviyyəsi 26 faizi ötmüşdür. 
								Hesabat ilində 
								məktəbəqədər təhsil müəssisələrinin 
								normativ-hüquqi bazasının təkmilləşdirilməsinə 
								yönəlmiş bir sıra sənədlər hazırlanıb təsdiq 
								olunmuşdur. 
								Bunlarla 
								yanaşı, mütəxəssislərdən ibarət işçi qrupu 
								tərəfindən "Azərbaycan Respublikasında 
								məktəbəqədər təhsil haqqında" Qanun layihəsinin 
								hazırlanması istiqamətində intensiv iş aparılır. 
								Digər bir işçi qrupu isə məktəbəqədər təhsil 
								üzrə monitorinq və qiymətləndirmə sisteminin 
								yaradılması ilə məşğuldur. 
								Diqqətə 
								çatdırıldı ki, "Təhsil haqqında" Qanunda 5 yaşlı 
								uşaqların məktəbə hazırlığının zəruri hesab 
								olunması cəmiyyətdə məktəbəqədər müəssisələrin 
								ictimai statusunun yüksəldilməsinə əhəmiyyətli 
								təsir göstərib. Valideynlərin bu müəssisələrə 
								marağı əvvəlki illərə nisbətən xeyli artıb. 
								Məsələn, Bakı şəhərindəki uşaq bağçalarında 
								2010-cu ildə 7400 uşağı əhatə edən 335 
								məktəbəhazırlıq qrupu var idisə, 2011-ci ildə bu 
								qrupların sayı 370, uşaqların sayı isə 9646 
								nəfər olmuşdur. 
								Təhsil 
								Nazirliyi məsələnin vacibliyini nəzərə alaraq, 
								Dünya Bankı tərəfindən maliyyələşdirilən Təhsil 
								Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə 
								tutulmuş "Məktəbə hazırlığın inkişaf 
								etdirilməsi" komponenti çərçivəsində məktəbə 
								hazırlıq və valideynlərin maarifləndirilməsi 
								proqramlarının tətbiqinə başlamışdır. Bu 
								məqsədlə pilot rayonları kimi seçilmiş Bakı 
								şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, 
								Şamaxı, Göygöl, Fizuli rayonlarının uşaq 
								bağçalarında müəllim və tərbiyəçilər üçün 
								öyrədici kurs və treninqlər indi də davam 
								etdirilir. 687 uşağın cəlb olunduğu qruplarda 
								"Beşyaşlıların qısamüddətli təlim qruplarında 
								məktəbə hazırlanması üçün Proqram" sınaqdan 
								çıxarılır. 
								5 yaşlıların 
								məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP 
								şirkətinin maliyyə dəstəyi ilə Şəmkir rayonunun 
								seçilmiş uşaq bağçalarında "İcma nəzdində 
								məktəbə hazırlıq qruplarının təşkili" 
								layihəsinin reallaşdırıldığını vurğulayan natiq 
								layihənin əsas məqsədinin icma tipli 
								məktəbəqədər təhsil xidməti modelinin qurulması 
								və 5 yaşlı uşaqların məktəbə hazırlıq 
								səviyyəsini müəyyən etmək üçün diaqnostik 
								qiymətləndirmə mexanizminin hazırlanmasından 
								ibarət olduğunu söylədi. 
								K.Abbasova 
								2011-ci ildə məktəbəqədər təhsil müəssisələrinin 
								maddi-texniki və tədris bazasının 
								möhkəmləndirilməsi sahəsində yerinə yetirilən 
								tədbirlərə toxunaraq qeyd etdi ki, bu il ərzində 
								Laçın və Kəlbəcər rayonlarından olan məcburi 
								köçkünlərin məskunlaşdığı ərazilərdə 3, Samux 
								şəhərində 1 yeni uşaq bağçası tikilərək 
								istifadəyə verilmişdir. Heydər Əliyev Fondu 
								tərəfindən Nərimanov rayonundakı 259 nömrəli 
								uşaq bağçası əsaslı təmir olunmuşdur. 
								Hazırda Təhsil 
								Nazirliyi tərəfindən Sumqayıt şəhəri 11, 
								Mingəçevir şəhəri 16, Lənkəran şəhəri 17 nömrəli 
								körpələr evi-uşaq bağçalarında əsaslı təmir 
								işləri davam etdirilir. 
								Ölkə 
								Prezidenti cənab İlham Əliyevin  2011-ci ilin 
								mayında təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı 
								şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi 
								inkişafına dair Dövlət Proqramı"na əsasən, 
								2011-ci il üçün nəzərdə tutulmuş 53 uşaq 
								bağçasının təmiri ilin sonunadək başa 
								çatdırılacaqdır. 
								Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin müvafiq 
								sərəncamına görə, 2011-ci ildə respublikanın 5 
								şəhər və 36 rayonunda 42 məktəbəqədər təhsil 
								müəssisəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur. 
								2011-ci ildə 
								respublikamızın 3 şəhər və 15 rayonu üzrə 96 
								uşaq bağçası müasir tələblərə cavab verən bərk 
								və yumşaq inventarlarla təchiz edilmişdir. 
								Təhsil 
								Nazirliyinin sifarişi ilə Bakı, Sumqayıt 
								şəhərlərinin və Abşeron rayonunun 307 
								məktəbəqədər təhsil müəssisəsi üçün 1235 ədəd 
								multimedia sistemli oyun tipli təlim vasitələri 
								və 39 adda tədris vəsaitləri hazırlanmışdır. 
								K.Abbasova 
								çıxışında rəhbərlik etdiyi Bakı şəhərinin 85 
								nömrəli uşaq bağçası barədə də məlumat verərək 
								bildirdi ki, 1936-cı ildə inşa edilmiş  bağça 
								2008-ci ildə əsaslı təmir olunaraq, müasir 
								tələblərə cavab verən inventar və avadanlıqlarla 
								təchiz edilmişdir. 
								Təmirdən sonra 
								uşaq bağçasına gələn uşaqların sayının xeyli 
								artdığını, 95 yerlik bağçada hazırda 120 uşaq 
								olduğunu deyən natiq bunu nəzərə alıb bağçaları 
								üçün əlavə korpusun tikilməsini məqsədəuyğun 
								saydı. 
								K.Abbasova 
								məktəbəqədər təhsil sahəsindəki mövcud 
								problemləri də nəzərə çatdıraraq diqqəti onların 
								həlli yollarına yönəltdi. Bildirdi ki, aparılan 
								təhlilə görə, ölkə üzrə 75 faiz yaşayış 
								məntəqəsində uşaq bağçasının olmaması, 300-ə 
								yaxın uşaq bağçasının qəza vəziyyətinə düşməsi 
								ciddi narahatlıq doğurur. 
								Eyni zamanda 
								hazırda fəaliyyət göstərən 1638 məktəbəqədər 
								təhsil müəssisəsindən 1173-də əsaslı təmirə 
								ehtiyac duyulur. 362 müəssisədə 1768 məcburi 
								köçkün ailəsinin məskunlaşması mövcud vəziyyəti 
								daha da ağırlaşdırır. Əksər müəssisələrin, 
								xüsusilə də rayonlardakı bağçaların 
								maddi-texniki bazası olduqca zəifdir. 
								Təkcə 5 yaşlı 
								uşaqları hamılıqla məktəbəhazırlıq təliminə cəlb 
								etmək üçün əlavə 4946, o cümlədən Bakıda 538 
								qrup açılması lazımdır. Halbuki hazırda 
								fəaliyyət göstərən bütün məktəbəqədər təhsil 
								müəssisələrində cəmi 5692 qrup vardır. Bununla 
								əlaqədar o, təklif etdi ki, bölgələrdə layihə 
								gücü ilə işləməyən məktəblərin bazasından 
								məktəbə hazırlığın təşkili üçün istifadə 
								olunmasına şərait yaradılsın. 
								Məktəbəqədər 
								təhsil müəssisələrində uşaqların qidalanmasının 
								yarıtmaz vəziyyətdə olduğunu deyən natiq müəyyən 
								olunmuş normaya görə, gün ərzində 1 uşağın yemək 
								xərci 3 manat 94 qəpik təşkil etdiyi halda, 
								həmin göstəricinin bölgələrdə cəmi 30-70 qəpik 
								olduğunu, hətta Bakı şəhərində bu məbləğin 1 
								manat 59 qəpikdən yuxarı qalxmadığını söylədi. 
								O, diqqəti daha bir ciddi məsələyə yönəldərək 
								uşaq bağçasının rəhbərliyinin verilən vəsaitin 
								idarə olunmasından tamamilə kənarda qaldığını, 
								heç bir uşaq bağçasının müdiriyyətinin xərclər 
								smetasının tərtibində iştirak etmədiyini, onlara 
								ayrılan vəsaitin ehtiyaca görə xərclənməsi 
								imkanından, demək olar ki, məhrum olduqlarını 
								vurğuladı. O dedi: "Kənd yerlərində vəziyyət 
								daha paradoksaldır. Yəni bağçalara metodik 
								xidməti təhsil orqanları həyata keçirir, 
								maliyyələşmə isə kənd icra nümayəndəlikləri 
								tərəfindən aparılır. Fikrimcə, bu məntiq heç cür 
								anlaşılan deyildir". 
								K.Abbasova 
								çıxışının sonunda Azərbaycanda məktəbəqədər 
								təhsil sahəsində mövcud olan problemlərin aradan 
								qaldırılması üçün təxirəsalınmaz tədbirlərin 
								görülməsini zəruri hesab edərək bir sıra 
								təkliflərini səsləndirdi.  
								
								 Tələbə 
								Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri 
								Tariyel Bədəlov konfransda ali və orta 
								ixtisas təhsili müəssisələrinə builki tələbə 
								qəbulunun nəticələri barədə məlumat verdi. 
								Bildirdi ki, 1992-2011-ci illər üzrə plan 
								yerləri və abituriyent ərizələrinin 
								dinamikasının müqayisəli təhlili bu illər 
								ərzində ali təhsil müəssisələrinin qəbul 
								planının 85,24 faiz, abituriyent ərizələrinin 
								sayının isə 2,67 dəfə artdığını göstərir. Ali 
								təhsil müəssisələri üçün ən çox plan yerləri 
								2011-ci ildə, ən az 1993-cü ildə ayrılıb. 
								Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, 
								ən çox 2008-ci ildə olub. 2011-ci ildə qəbul 
								planı 97 faiz yerinə yetirilib. Yüksək müsabiqə 
								vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid 
								balı I qrupda Qafqaz Universitetinin "Kompüter 
								mühəndisliyi" (667 bal), II qrupda Azərbaycan 
								Respublikasının Prezidenti yanında Dövlət 
								İdarəçilik Akademiyasının "Menecment" (660 bal), 
								III qrupda Azərbaycan Respublikasının Prezidenti 
								yanında Dövlət İdarəçilik Akademiyasının 
								"Hüquqşünaslıq" (646 bal) və IV qrupda 
								Azərbaycan Tibb Universitetinin "Müalicə işi" 
								(541 bal) ixtisasları üzrə olub. 
								Respublikanın 
								ayrı-ayrı regionları üzrə cari ilin məzunlarının 
								qəbul imtahanlarında iştiraketmə faizi 
								bir-birindən ciddi fərqlənir. Bakı, Sumqayıt, 
								Mingəçevir şəhərləri, Qubadlı, Zəngilan 
								rayonları üzrə məzunların qəbul imtahanlarında 
								iştiraketmə 90 faizə, Xızı, Abşeron, Qax, 
								Ordubad, Şahbuz və Babək rayonları üzrə 80 faizə 
								yaxın olduğu halda, Sabirabad, Astara rayonları 
								üzrə bu göstərici  30  faizə yaxındır. Bununla  
								belə qeyd etmək lazımdır ki, bütövlükdə 
								götürdükdə son illər məzunların qəbul 
								imtahanlarında iştiraketmə faizi artmışdır. Belə 
								ki, 2000-ci illərin əvvəllərində məzunların 
								yalnız 50 faizi qəbul imtahanlarında iştirak 
								edirdisə, son illər bu göstərici artıq 60 faizə 
								yaxınlaşır. 
								Son illər 
								məzunların qəbul imtahanlarındakı nəticələrində 
								də müsbət dəyişikliklər nəzərə çarpdığını deyən 
								T.Bədəlov müqayisə üçün 2004-cü və 2011-ci 
								illərdə keçirilən qəbul imtahanlarında iştirak 
								edən cari il məzunlarının ballarının paylanma 
								diaqramlarını diqqətə çatdırdı. Nümayiş olunan 
								diaqramlardan aydın oldu ki, bu illər ərzində 
								qəbul imtahanlarında 0-100 bal diapazonunda 
								nəticə göstərən abituriyentlərin nisbi çəkisi 40 
								faizdən 28,1-ə qədər azalmış, 500-700 bal 
								diapazonunda nəticə göstərən abituriyentlərin 
								nisbi çəkisi isə 3,9 faizdən 8,7 faizə qədər 
								artmışdır. Bu il 1540 abituriyent 600-dən yüksək 
								bal toplamışdır. Onlar respublikanın 73 
								regionundan 65-ni təmsil edirlər. 
								Balların 
								paylanması üzrə son illərin tendensiyası 
								göstərir ki, qəbul  imtahanlarında 0-100 bal 
								diapazonunda yerləşən abituriyentlərin nisbi 
								çəkisi 30 faizə, 100-200, 200-300 və 500-700 bal 
								diapazonlarında nəticə göstərən abituriyentlərin 
								nisbi çəkiləri 20 faizə və 500-700 bal 
								diapazonunda nəticə göstərilən nisbi çəkisi isə 
								10 faizə yaxınlaşır. 
								Son illər 
								məktəblərdə şagirdlərin biliklərinin 
								qiymətləndirilməsində obyektivliyin artdığını 
								bildirən natiq müqayisə üçün 2004 və 2011-ci il 
								abituriyentlərinin attestat qiymətlərinə görə 
								qəbul imtahanlarında topladıqları balların 
								paylanması diaqramını misal gətirdi. 
								Diaqramların təhlilindən aydın oldu ki, 2011-ci 
								ildə əlaçı məzunların 63,6 fazinin qəbul imtahan 
								nəticəsi 500-700 bal intervalında olmuşdur. 
								Halbuki, 2004-cü ildə bu göstərici 19,5 faizə 
								bərabər idi. 
								Müxtəlif 
								regionları təmsil edən orta statistik 
								abituriyentlərin ballarının paylanma xəritəsinin 
								təhlili diqqətə çatdırıldı.  Məlum oldu ki, 
								2011-ci ildə ən yüksək nəticə Bakı, Sumqayıt 
								şəhərlərinə və Qax rayonuna məxsusdur. Salyan, 
								Neftçala, İsmayıllı, Qəbələ, Göyçay, Bərdə və 
								Qazax rayonlarının nəticələri də qənaətbəxşdir. 
								2011-ci il 
								məzunlarının paylanma diaqramının təhlili 
								göstərir ki, məzunların 19,9 faizi attestat ala 
								bilməyib, 19,6 faiz attestat aldıqları halda 
								qəbul kampaniyasında iştirak etməyib, məzunların 
								32,2 faizinin qəbul kampaniyasında iştirak 
								etmələrinə baxmayaraq, onlar heç bir təhsil 
								müəssisəsinə qəbul olmayıb. 1998-ci ildə 
								məzunların yalnız 23,6 faizi təhsilini davam 
								etdirdiyi halda bu rəqəm 2011-ci ildə 28,3 faiz 
								olub. 
								Bildirildi ki, 
								bu il respublikanın 26 dövlət və 10 özəl ali 
								təhsil müəssisəsinin magistratura səviyyəsinə 
								qəbul aparılıb. Qəbul planı 73,52 faiz yerinə 
								yetirilib. 
								Tam və ümumi 
								orta təhsil bazasında orta ixtisas təhsili 
								müəssisələrinə qəbul müvəffəqiyyətlə başa çatıb 
								və qəbul planı 96,7 faiz yerinə yetirilib.  
								
								 Akademik 
								Zərifə Əliyeva adına orta məktəbin Azərbaycan 
								dili və ədəbiyyat müəllimi Samirə Bəktaşi 
								konfransda ümumi təhsil sahəsində görülmüş 
								işlərdən və qarşıda duran vəzifələrdən söz açdı. 
								Çıxışına 
								məktəbəqədər təhsildən bəhs edən həmkarının 
								uşaqların məktəb təliminə hazırlığı məsələsinə 
								xüsusi toxunduğunu qeyd etməklə başlayan 
								S.Bəktaşi onun fikirləri ilə tam şərik olduğunu 
								bildirdi. Diqqətə çatdırdı ki, orta məktəb 
								müəllimləri məktəbə hazırlıq mərhələsini 
								keçməyən uşaqların məktəb həyatına necə 
								çətinliklə adaptasiya olunduqlarının, təhsil 
								prosesində müəyyən problemlərlə üzləşdiklərinin 
								tez-tez şahidi olurlar. Onun fikrincə, uşaqlarda 
								psixoloji dayanıqlığın, çevik təfəkkürün, idrak 
								fəallığının və əməkdaşlıq bacarığının yüksək 
								qiymətləndirildiyi indiki vaxtda məktəbə 
								hazırlıq məsələsi ciddi əhəmiyyət kəsb edir, 
								bağça ilə məktəb arasında mənəvi bağlılıq 
								yaradır. 
								Çıxışçı 
								fikrini əsaslandırarkən diqqəti uşaqlarda 
								formalaşdırılması zəruri olan fərdi 
								keyfiyyətlərə yönəltməsinin heç də təsadüfi 
								olmadığını, bu gün ölkəmizdə ümumi təhsil 
								sahəsində dövlət siyasətinin əsasının zəruri 
								biliklərlə yanaşı, şəxsiyyətin yetkinliyini 
								təmin edən həyati bacarıqlara yiyələnmiş, milli 
								mənəvi dəyərlərə malik vətəndaşın 
								formalaşdırılması təşkil etdiyini bildirdi və 
								qeyd etdi ki, bu, ulu öndər Heydər Əliyevin 
								bilavasitə təşəbbüsü ilə Azərbaycanın ümumi 
								təhsil sistemində 1999-cu ildən başlanmış 
								islahatlardan qaynaqlanır. 
								Sonra natiq 
								diqqəti on ildən artıq bir müddətdə davam edən 
								islahatlar zamanı ümumi təhsilin məzmununa 
								gətirilən yeniliklərə cəlb etdi. Bildirdi ki, 
								təhsil tariximizdə ilk dəfə olaraq ümumi 
								təhsilin məzmununun nəticəyönümlülük, 
								tələbyönümlülük və şəxsiyyətyönümlülük 
								prinsipləri prioritet tutulmaqla dövlət təhsil 
								standartları əsasında müəyyənləşdirilməsi ən 
								böyük yenilikdir. Təlim nəticələrini ehtiva edən 
								standartlar təsadüfi deyil, cəmiyyətin, dövlətin 
								və bilavasitə təhsilalanın tələbatı nəzərə 
								alınmaqla müəyyən olunur. Bu keyfiyyət məzmunun 
								optimallığını və real hədəflərə 
								istiqamətləndiyini nümayiş etdirir. 
								Eyni zamanda 
								məzmun standartları həm də təhsilalanlarda 
								həyati bacarıqların, o cümlədən təhlil, tətbiq, 
								mühakimə, müstəqil qərar qəbul etmə, ünsiyyət, 
								əməkdaşlıq, birgə fəaliyyət, dəyərləndirmə, 
								tədqiqatçılıq və s. zəruri bacarıqların 
								formalaşmasına yönəlmişdir. Belə olan halda 
								təhsil yalnız biliklənmə və öyrənmə prosesi 
								çərçivəsində qalmır və insan həyatı üçün vacib 
								olan dəyərə, dəyərlər sisteminə çevrilir. Bu 
								keyfiyyət təhsilin şəxsiyyətyönümlülüyünü təyin 
								edir. 
								İkinci vacib 
								amil isə, S.Bəktaşinin fikrincə, ondan ibarətdir 
								ki, ümumi təhsilin məzmununda biliklərə 
								əsaslanan həyati bacarıqlara ciddi önəm 
								verilməsi təlim-tərbiyə prosesində idrak 
								fəallığına, düşünməyə, tədqiqatçılığa daha geniş 
								meydan açır. Bu gün şagirdlərdə mənimsədikləri 
								nəzəri biliklərin həcmi yox, öyrəndiklərini 
								tətbiq və təqdim edə bilmək, araşdırma aparmaq, 
								müstəqil qərarlar qəbul etmək və s. keyfiyyətlər 
								önə çəkilir. Ümumi təhsil müddətində əldə etdiyi 
								biliklər həyati bacarıqlarla vəhdət təşkil 
								edərsə, insan təkcə orta məktəb attestatı ilə də 
								müstəqil həyatda özünə yer tapa bilər, 
								cəmiyyətdə artıq adama çevrilmək təhlükəsi ilə 
								üzləşməz. Yaddaş və hafizə məktəbindən təfəkkür, 
								düşüncə məktəbinə keçidin başlıca mahiyyəti məhz 
								bundan ibarətdir. 
								S.Bəktaşi 
								vurğuladı ki, ümumi təhsilin məzmununun dünya 
								təcrübəsində sınaqdan çıxmış bu cür innovativ 
								ideyalar əsasında müəyyənləşdirilməsi 
								"müəllim-şagird" münasibətlərinə, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsinə, dərslik 
								yaradıcılığına, eləcə də ilkin müəllim 
								hazırlığına verilən tələbləri də kökündən 
								dəyişdirir. Faktlar göstərir ki, təlim prosesi 
								qarşılıqlı inama əsaslanan əməkdaşlıq ruhunda 
								təşkil olunduqda, valideynlər övladlarının 
								təhsil həyatına fəal cəlb edildikdə daha uğurlu 
								nəticələr əldə olunur. 
								Çıxışında yeni 
								kurikulumların tətbiqi məsələsinə də toxunan 
								S.Bəktaşi bildirdi ki, 2008-2009-cu tədris 
								ilindən etibarən ölkəmizin ümumtəhsil 
								məktəblərinin ibtidai siniflərində tədris yeni 
								fənn proqramları (kurikulumlar) və dərslik 
								komplektləri əsasında aparılır. Bu müddətdə 40 
								min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə 
								öyrədici təlim kurslarından keçirilmiş, 
								bölgələrdə müəllim və valideynlər üçün 
								maarifləndirmə mərkəzləri təşkil edilmişdir.
								 
								V-XI siniflər 
								üçün də eyni məzmunlu sənədlərin hazırlanması 
								istiqamətində son illər gərgin iş aparılmış, 
								nəticədə ölkəmizin tanınmış alimlərinin 
								rəhbərlik etdiyi işçi qruplarında çalışan 
								yüzlərlə müəllim və mütəxəssisin böyük zəhməti 
								hesabına ərsəyə gətirilmiş V-XI siniflərin fənn 
								proqramları (kurikulumları) ictimai müzakirədən 
								keçirilərək 2011-ci ilin iyununda təsdiq 
								olunmuşdur. Natiq bunu ümumi təhsil sahəsində 
								hesabat ilinin ən əlamətdar hadisəsi adlandırdı. 
								Ötən dərs 
								ilinin bir çox digər yaddaqalan hadisələrlə də 
								zəngin olduğunu deyən S.Bəktaşi ümumi təhsil 
								sahəsi üçün normativ-hüquqi sənədlərin 
								hazırlanıb təsdiq edilməsini, respublikanın 22 
								rayonu əhatə edən 3 bölgəsində bilavasitə Təhsil 
								Nazirliyi rəhbərliyinin iştirakı ilə yeni fənn 
								proqramları (kurikulumları) və yeni dərslik 
								komplektlərinin, şagird  nailiyyətlərinin 
								qiymətləndirilməsinə aid müasir modellərin 
								tətbiqi yollarına həsr olunmuş zona elmi-praktik 
								konfranslarının keçirilməsini, 10 rayonda ümumi 
								sayı 350 nəfərdən ibarət kurikulum üzrə yerli 
								təlimçi qruplarının hazırlanmasını, 
								kurikulumların tətbiqi vəziyyətinə və 
								müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsinə 
								yönəlmiş araşdırmaları, 2011-2012-ci tədris 
								ilində I siniflərdə dərs deyəcək 9 min nəfərədək 
								müəllim üçün öyrədici təlim kurslarının 
								təşkilini, ölkə Prezidentinin sərəncamına uyğun 
								olaraq, artıq dördüncü dəfə "Ən yaxşı ümumtəhsil 
								məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin 
								keçirilməsini misal göstərdi. 
								Diqqəti 
								"Təhsil haqqında" Qanunda 9 illik ümumi orta 
								təhsilin icbari hesab olunduğuna cəlb edən natiq 
								müəyyən edilmiş qaydaya görə, tam orta təhsil 
								səviyyəsinə şagirdlərin təlim nailiyyətləri, 
								potensial imkanları nəzərə alınmaqla seçim 
								əsasında qəbul ediləcəklərini və təhsilin 
								təmayüllər üzrə təşkil olunacağını söylədi. 
								Bildirdi ki, mütərəqqi, son nəticədə ümumi 
								təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək 
								həmin prosesin respublika üzrə səmərəli həyata 
								keçirilməsinə hazırlıq məqsədilə Təhsil 
								Nazirliyi pilot layihə müəyyən etmişdir. Bu 
								layihə 2011-2012-ci dərs ilindən Bakı 
								şəhərindəki 5 təhsil müəssisəsində (Bakı Avropa 
								Liseyi, Fizika-riyaziyyat və informatika 
								təmayüllü lisey, "Elitar" gimnaziya, akademik 
								Zərifə Əliyeva adına məktəb, 6 nömrəli 
								məktəb-lisey) tətbiq olunacaqdır.  
								S.Bəktaşi 
								çalışdığı akademik Zərifə Əliyeva adına məktəbin 
								pilot müəssisəsi kimi seçilməsini pedaqoji 
								kollektivlərinə göstərilən böyük inam və 
								etimadın nəticəsi kimi dəyərləndirdi və qeyd 
								etdi ki, fəaliyyətə başlamasından cəmi 4 il 
								keçməsinə baxmayaraq, məktəb qazandığı uğurlarla 
								ölkədə tanınmış təhsil ocağına çevrilmişdir. Bu 
								il məktəbi bitirən 173 gəncin hamısı yüksək 
								balla ali məktəblərə qəbul olunmuşdur. Bu, 
								məktəb rəhbərliyinin, müəllim kollektivinin 
								gərgin və məqsədyönlü fəaliyyətinin yekunu 
								olmaqla bərabər, həm də şagirdlərin təhsil 
								əməyinə diferensial yanaşmanın nəticəsidir. 
								Çıxışında bu 
								gün ictimaiyyəti düşündürən, daim gündəmdə olan 
								məsələyə - ümumi təhsilin keyfiyyəti məsələsinə 
								də toxunan S.Bəktaşi bu sahədə əsaslı 
								irəliləyişlər müşahidə olunduğunu bildirdi. Qeyd 
								etdi ki, 2010-2011-ci dərs ilində qızıl və gümüş 
								medala layiq görülmüş 53 məzunun hamısının və 49 
								nəfər respublika fənn olimpiadası qalibindən 
								47-nin yüksək bal toplayaraq ali məktəblərə 
								qəbul olunması da irəliləyişlərə real sübutdur. 
								Bununla belə 
								o, ümumi təhsilin keyfiyyətinin ictimaiyyəti 
								hələ tam qane etmədiyini deyərək bildirdi ki, 
								keyfiyyətlə bağlı problemlərə, əsasən, ali 
								məktəblərə qəbulun nəticələrinə görə qiymət 
								verilir. Onun fikrincə isə ümumi təhsilin 
								nəticələrinə, keyfiyyətinə qiymət verilərkən 
								məzunların ali məktəblərə qəbulu ilə yanaşı, 
								bütövlükdə məktəbi bitirənlərin cəmiyyətdə 
								tutduğu vətəndaşlıq mövqeyinə, müstəqil həyatda 
								faydalı fəaliyyət göstərmələrinə də xüsusi 
								diqqət yetirmək lazımdır. 
								S.Bəktaşi 
								növbəti dərs ili üçün yerinə yetirilməsi 
								prioritet hesab olunan məsələlər üzərində xüsusi 
								dayanaraq bildirdi ki, ilk növbədə, yeni fənn 
								proqramlarının tətbiqi ilə bağlı maarifləndirmə 
								tədbirlərinin miqyası genişləndirilməli, 
								xüsusilə də təhsil orqanlarının əməkdaşları, 
								məktəb rəhbərləri üçün xüsusi öyrədici kurslar 
								məqsədli şəkildə davam etdirilməlidir.  
								
								 Konfransda 
								söz alan Beynəlxalq İnformatika Olimpiadasının 
								bürünc medalçısı, Kanadanın Vaterloo 
								Universitetinin tələbəsi Azad Salahlı bu 
								il 22-29 iyul tarixlərində Tailandın Pattaya 
								şəhərində 20 yaşınadək məktəblilər arasında 
								keçirilmiş 23-cü Beynəlxalq İnformatika 
								Olimpiadasında dünyanın ən güclü gənc 
								proqramçıları arasında 17 yaşlı Azərbaycan 
								məktəblisinin uğur qazanmasını diqqətəlayiq 
								hadisə adlandırdı və bu uğurunda, ilk növbədə, 
								orta məktəb müəllimlərinin, onu olimpiadaya 
								hazırlayanların xüsusi əməyi olduğunu qeyd etdi. 
								Eyni zamanda respublikamızda yüksək intellektə 
								malik, istedadlı yeniyetmə və gənclərə diqqət və 
								qayğı ilə yanaşılmasına, onların dünyanın 
								inkişaf etmiş ölkələrində müxtəlif fənlər üzrə 
								keçirilən yarışlarda iştiraklarına şərait 
								yaratdığına görə dövlət başçısına 
								minnətdarlığını bildirdi. 
								A.Salahlı son 
								illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara 
								çıxarılması və inkişafı sahəsində böyük işlər 
								görüldüyünü söyləyərək qeyd etdi ki, lisey və 
								gimnaziyaların sayı ildən-ilə artır, hər bir 
								məktəbdə, rayonda, şəhərdə, yekunda isə ölkə 
								üzrə istedadlı uşaqlar seçilir. Məhz bu işlərin 
								nəticəsidir ki, beynəlxalq olimpiadalarda, bilik 
								yarışlarında Azərbaycan məktəblilərinin uğurları 
								xeyli artmış, onlar 11 qızıl, 28 gümüş, 60-dan 
								çox bürünc medala layiq görülmüşlər. Son dövrlər 
								Azərbaycanda müntəzəm olaraq beynəlxalq 
								səviyyəli olimpiadaların keçirilməsi də 
								istedadlı şagirdlərin inkişafına əhəmiyyətli 
								təsir göstərir. Beynəlxalq səviyyəli yarışlarda 
								Azərbaycan məktəblilərinin iştirakı həm də 
								ölkəmizin dünyada tanınmasına öz töhfəsini 
								verir. 
								Hazırda 
								Azərbaycanda informasiya-kommunikasiya 
								texnologiyaları sektorunun inkişaf etdirilməsi 
								istiqamətində mühüm işlər görüldüyünü, ölkəmizə 
								bu sahə üzrə bacarıqlı kadrlar lazım olduğunu 
								vurğulayan A.Salahlı informatikaya olan 
								marağının gələcəkdə ona bu sahə üzrə lazımlı 
								mütəxəssis kimi ölkəmizə fayda vermək arzusunu 
								reallaşdırmağa təkan verdiyini, elə bunun üçün 
								də kompüter elmləri üzrə dünyada ən yaxşı ali 
								təhsil ocaqlarından biri olan Vaterloo 
								Universitetinə daxil olduğunu diqqətə çatdırdı. 
								Bildirdi ki, belə bir universiteti seçməsində 
								ölkəmizin bugünkü iqtisadi gücü, təhsilə verilən 
								önəm, Azərbaycan gənclərinin xaricdə təhsili 
								üzrə Dövlət Proqramının olması və həmin 
								proqramın şəffaf icrası əsas rol oynayıb. Çünki 
								onun fikrincə, adi bir ailədən olan gəncin öz 
								maddi imkanları hesabına belə bir universitetdə 
								təhsil alması mümkün olmazdı. Sözügedən Dövlət 
								Proqramının köməyi ilə yüzlərlə istedadlı gənc 
								xaricdə təhsil almaq imkanı tapır.   
								
								 Bakı 
								şəhərindəki 67 nömrəli tam orta məktəbin 
								Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət 
								Məmmədova konfransda "Təhsil sistemində 
								qiymətləndirmə və monitorinq" mövzusunda çıxış 
								etdi. Təhsil sistemində bütün islahatların 
								məqsədinin təhsilin keyfiyyətinin yüksəldilməsi 
								olduğunu bildirən S.Məmmədova keyfiyyətin 
								müəyyənləşdirilməsində əsas göstərici olan 
								şagirdin təlim nəticələrinin obyektiv 
								qiymətləndirilməsinin mühüm rol oynadığını 
								söylədi.  
								Öncə 
								qiymətləndirmə və monitorinq anlayışları 
								haqqında  açıqlama verən S.Məmmədova bildirdi 
								ki, qiymətləndirmə faktiki vəziyyətin, 
								monitorinq isə vəziyyətin dəyişmə dinamikasının, 
								başqa sözlə, prosesin qiymətləndirilməsidir. 
								Yəni hər bir qiymətləndirmə son nəticədə 
								monitorinqə xidmət edir və ona təhlil materialı 
								verir. Tərkib hissələri monitorinq və 
								qiymətləndirmə olan yeni qiymətləndirmə ənənəvi 
								qiymətləndirmədən fərqli olaraq, təhsildə 
								fənyönümlülüyə deyil, nəticəyönümlülüyə nail 
								olmağa imkan verir. S.Məmmədova sonra diqqətə 
								çatdırdı ki, yeni qiymətləndirmə sisteminə keçid 
								şagird nailiyyətlərinin və irəliləyişlərinin 
								monitorinqinə, şagird fəaliyyətinin təlim 
								standartlarına uyğunluğunun 
								müəyyənləşdirilməsinə xidmət edir, şagird 
								nailiyyətlərinin ardıcıl və davamlı 
								izlənilməsini; şagirdə fərdi yanaşmanı təmin 
								edir, müəllimlərin hazırlığına müsbət təsir 
								edərək onları yaradıcılığa və daim öz üzərində 
								işləməyə sövq edir.  
								Daha sonra 
								şagird nailiyyətlərinin qiymətləndirilməsinin 
								növləri haqqında məlumat verən çıxışçı onun 
								məktəbdaxili, milli və beynəlxalq olmaqla 3 
								istiqamətdə aparıldığını, bunların yeni 
								qiymətləndirmə sisteminə daxil olan və 
								bir-birindən asılı olmadan fəaliyyət göstərən 
								alt-sistemlər olduğunu söylədi və hər bir 
								istiqamət üzərində ayrıca dayandı. 
								S.Məmmədova  
								məktəbdaxili qiymətləndirmə haqqında danışaraq 
								onun diaqnostik, formativ və summativ olmaqla üç 
								formada həyata keçirildiyini, qiymətləndirmənin 
								biri digərinə xidmət edən və bir-birini 
								tamamlayan hər üç növünün öz mahiyyətinə müvafiq 
								şəkildə şagirdlərin bilik və bacarıqlarını 
								standartlara uyğun olaraq ölçdüyünü diqqətə 
								çatdırdı. Qeyd etdi ki, az müddət ərzində yeni 
								qiymətləndirmə sahəsində zəruri işlər görülüb. 
								Qiymətləndirmə standartları, qaydalar, 
								qiymətləndirmə vasitələri və s. hazırlanıb. 
								Lakin bu sahədə həllini gözləyən məsələlər də 
								var. Belə ki, qiymətləndirmə mütəxəssislərinin 
								hazırlanması, müəllimlərin öyrədici 
								treninqlərdən keçirilməsi işinin 
								təkmilləşdirilməsi, nəticəyönümlü 
								monitorinqlərin aparılması kimi məsələlər 
								həllini gözləyir. 
								Natiq   yeni   
								qiymətləndirmənin istiqamətlərindən ikincisi 
								olan milli qiymətləndirmə haqqında da danışıb 
								tədqiqat məqsədilə aparılan bu qiymətləndirmədə 
								təkcə şagirdlərin deyil, onları əhatə edən bütün 
								amillərin - təhsil aldığı məktəbin 
								rəhbərliyinin, fənn müəllimlərinin və 
								valideynlərin də sorğuya cəlb edildiyini 
								bildirdi. 
								2011-ci ilin 
								may ayında milli qiymətləndirmənin ümumtəhsil 
								məktəblərinin 6482 nəfəri əhatə edən IX 
								siniflərində ana dili və riyaziyyat fənləri üzrə 
								qiymətləndirmə tədqiqatı, informatika fənni üzrə 
								isə monitorinqin keçirildiyini söyləyən çıxışçı 
								"Milli qiymətləndirmə-2011" əsas tədqiqatının 
								nəticələrinin hazırda emal edildiyini və ilin 
								sonunadək elan ediləcəyini bildirdi. Qeyd olundu 
								ki, beynəlxalq qiymətləndirmə sahəsində də 
								müəyyən təcrübə qazanılıb. Belə ki, PİSA-2009 
								beynəlxalq qiymətləndirmə tədqiqatında 
								Azərbaycanın  172 məktəbini təmsil edən 5312 
								nəfər şagird iştirak edib. 
								PİSA-2009 
								proqramının nəticələri əsasında şagirdlərin 
								nailiyyətlərinin beynəlxalq təhsil səviyyəsinə 
								uyğunlaşdırılması istiqamətində tövsiyələr 
								hazırlanıb və təhsili idarə edən orqanlara 
								çatdırılıb. 
								Beynəlxalq 
								qiymətləndirmə təcrübəsi və vasitələri ilə 
								tanışlıq məqsədi üçün "İbtidai təhsil 
								səviyyəsinin IV sinfində oxu, riyaziyyat və 
								təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə 
								vasitələrindən nümunələr" adlı kitab çap 
								olunaraq ümumtəhsil müəssisələrinin istifadəsinə 
								verilib. 
								2011-ci ilin 
								may ayında 169 ümumtəhsil məktəbini əhatə edən 
								5300 IV sinif şagirdləri arasında TİMSS və PİRLS 
								beynəlxalq qiymətləndirməsi həyata keçirilib. 
								Çıxışçı onu da 
								nəzərə çatdırdı ki, artıq 3 ildir məktəbdaxili 
								qiymətləndirmənin yekun mərhələsi olan buraxılış 
								imtahanları Naxçıvan Muxtar Respublikası istisna 
								olmaqla bütün ölkədə mərkəzləşdirilmiş qaydada 
								aparılır və ikinci dərs ilidir ki, şagirdlərin 
								buraxılış imtahanlarına səmərəli hazırlanması 
								üçün test bankı çap edilib. Sonra o, buraxılış 
								imtahanlarının 3 illik müqayisəli təhlili üçün 
								şagird nailiyyətlərini əks etdirən müvəffəqiyyət 
								xəritəsini konfrans iştirakçılarına təqdim etdi 
								və müvafiq təhlillər apardı. 
								Aparılan 
								təhlillərdən, müqayisələrdən aydın oldu ki, əgər 
								1998-ci il məzunlarının cəmi 1,4%-i 500-700 bal 
								toplayıbsa, 2010-cu ildə bu rəqəm 8,7%-ə 
								yüksəlib. 
								1998-ci ildə 
								məzunların 40,7%-i 0-100 bal topladıqları halda, 
								2010-cu il məzunları 27,7%-i belə nəticə 
								göstərib. 
								2004-cü ildə, 
								yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş 
								qaydada deyil, məktəblər tərəfindən aparıldığı 
								vaxtlar əlaçı məzunların 10,6%-i 0-100 bal 
								toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6%-ə, 
								2011-ci ildə isə 0,5%-ə enib. 2004-cü ildə əlaçı 
								məzunların 19,5%-i 500-700 arası bal 
								toplayırdısa, 2010 və 2011-ci illərdə bu 
								rəqəmlər 63,6% və 73,4%-ə qədər yüksəlib. 
								Müstəqil 
								Azərbaycanın ilk medalçı məzunlarının 
								nailiyyətləri də ürəkaçandır. 37 qızıl, 16 gümüş 
								medal alan məzunların 39 nəfəri 600-700, 10 
								nəfəri 500-600 bal toplayaraq respublikanın ali 
								məktəblərinə qəbul olunub. 4 nəfər məzun isə 
								Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali 
								məktəblərinə daxil olub. 
								S.Məmmədova 
								buraxılış imtahanlarının mərkəzləşdirilmiş 
								qaydada aparılmasının məktəb, müəllim və şagird 
								məsuliyyətini artırmaqla yanaşı, şagirdləri 
								ixtisas seçiminə, qəbul imtahanlarına da 
								hazırladığını diqqətə çatdırdı və qiymətləndirmə 
								və monitorinqin, o cümlədən buraxılış 
								imtahanlarının məzmun və forma cəhətdən 
								beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılmasını 
								həllini gözləyən vacib problemlər kimi qeyd 
								etdi.  
								
								 "Radius" 
								nəşriyyatının direktoru, dərslik müəllifi 
								Nayma Qəhrəmanova konfrans iştirakçılarına 
								ölkədə aparılan dərslik siyasəti haqqında 
								məlumat verərək bildirdi ki, bu gün ümumi 
								təhsilin məzmununda böyük keyfiyyət 
								dəyişikliklərinin baş verdiyi artıq hamıya 
								məlumdur. Bu keyfiyyət dəyişiklikləri 
								kurikulumun tələbləri əsasında yazılan yeni 
								dərsliklərdə də öz aydın ifadəsini tapır. Artıq 
								4-cü ildir ki, məktəblərimizdə yeni prosedur 
								qaydaları ilə hazırlanmış dərsliklərdən istifadə 
								olunur. 
								Həmin qaydalar 
								haqqında cəmiyyətdə müxtəlif fikirlər olduğundan 
								N.Qəhrəmanova bu barədə bir qədər ətraflı 
								məlumat vermək istədiyini dedi. Qeyd etdi ki, 
								dərslik yaradıcılığının uzunmüddətli bir proses 
								olduğu hamıya yaxşı məlumdur. Dərslik 
								müəlliflərinin professionallığı yalnız onların 
								müvafiq fənn üzrə bilikləri ilə müəyyən edilmir. 
								Müəlliflər uşaq psixologiyasına, fənnin tədrisi 
								metodikasına, geniş dünyagörüşünə malik 
								olmalıdırlar. Digər tərəfdən də müasir 
								dərsliklər tək müəllifin işi deyil, rəssamların, 
								dizaynerlərin, redaktorların və korrektorların 
								kollektiv işinin məhsuludur. Belə kollektivlər 
								isə birdən-birə yaranmır. SSRİ dövründə 
								dərsliklərin böyük əksəriyyətinin respublikamıza 
								mərkəzdən hazırlanıb gətirilməsi Azərbaycanda 
								dərslik yaradıcılığı sahəsində mütəxəssislərin 
								yetişməsinə öz mənfi təsirini göstərmişdir. Bu 
								mənada qısa zaman ərzində dərslik hazırlığı ilə 
								bağlı inqilabi dəyişikliklərin baş verəcəyini 
								gözləmək bəlkə də düzgün olmazdı. Bununla belə, 
								atılan məqsədyönlü və davamlı addımların bu 
								sahənin inkişafı üçün əsaslı zəmin hazırladığını 
								deyə bilərik. Ən vacib və diqqətçəkən yenilik 
								"Dərslik siyasəti" sənədinin qəbul edilməsi və 
								bu sənədə uyğun olaraq Təhsil Nazirliyi yanında 
								Dərslikləri Qiymətləndirmə Şurasının 
								yaradılmasıdır. Təhsil Nazirliyi bu sənədə 
								əsasən nəşriyyatlar arasında müsabiqə-tender 
								keçirir. 
								Tender 
								komissiyası dərslik komplektlərini iddiaçı 
								nəşriyyatların nümayəndələrinin iştirakı ilə 
								kodlaşdıraraq qəbul edir və müəlliflərin, 
								nəşriyyatların adı anonim olmaqla məzmunun 
								qiymətləndirilməsi üçün Dərslikləri 
								Qiymətləndirmə Şurasına təhvil verir. 
								Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri 
								dərslik komplektlərinə dərslik statusu verilməsi 
								haqqında qərarı bu şuranın tərkibində çalışan 
								ekspertlərin rəylərinə əsasən verirlər. Təhsil 
								Nazirliyi tərəfindən qiymətləndirilmənin konkret 
								meyarlarının və hər bir meyara görə müvafiq 
								balların müəyyən edilməsi ekspertlərin işindəki 
								subyektivliyi minimuma endirir. Burada 
								Qiymətləndirmə Şurasının prinsipiallığı ilə eyni 
								dərəcədə onun üzvlərinin yeni təhsil fəlsəfəsinə 
								bələd olması da mühüm rol oynayır. Təhsil 
								Nazirliyi müxtəlif ölkələrin təcrübəsini 
								öyrənmək və ekspertlərin peşəkarlığını artırmaq 
								məqsədilə müxtəlif seminarlar, ezamiyyətlər 
								təşkil edir. 
								N.Qəhrəmanova 
								çıxışında bir fikri də xüsusi vurğulayaraq 
								bildirdi ki, dərslikləri hazırlayan Təhsil 
								Nazirliyi deyil, nəşriyyatlardır. Bu bütün 
								dünyada belədir. Nazirlik bu işlərin 
								təşkilatçısı və tənzimləyicisidir. Son illər bu 
								işlərin təşkilinin bütün mərhələlərində nazirlik 
								tərəfindən atılan addımlarda demokratik 
								dəyişikliklər özünü göstərməkdədir. Nazirlik 
								tenderdə daha çox nəşriyyatın iştirakını təmin 
								etmək məqsədilə bütün bürokratik əngəlləri 
								aradan qaldırmışdır. Geniş rəqabət və 
								yaradıcılıq yarışının təşkili, həm cəmiyyətin 
								demokratikləşməsi nöqteyi-nəzərindən, həm də 
								keyfiyyətli dərslik seçimi imkanının 
								genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. 
								Dərsliklərimiz ən yaxın illərə qədər yalnız 2-3 
								nəşriyyat tərəfindən hazırlanır və nəşr 
								olunurdusa, tətbiq olunan yeni qaydalar 
								sahəsində bu nəşriyyatların sayı kifayət qədər 
								artmışdır. Belə ki, 2010-2011-ci illərdə Təhsil 
								Nazirliyinin keçirdiyi müsabiqə-tenderdə 
								ayrı-ayrı dərsliklər üzrə qalib gəlmiş 10 
								nəşriyyat 127 adda dərslik hazırlamışdır. Təkcə 
								ibtidai siniflər üzrə 8 nəşriyyat kurikuluma 
								uyğun olmaqla 40 adda  dərslik və müəllim üçün 
								vəsait hazırlamışdır. 2011-2012-ci tədris ili 
								üçün isə 103 adda yeni dərslik nəşr edilmişdir. 
								Yeni qaydalara 
								görə, hər 4 ildən bir dərsliklərin yeni nəşrinin 
								nəzərdə tutulduğunu diqqətə çatdıran çıxışçı 
								bunun dərslikləri müasirləşdirmə və 
								təkmilləşdirmə məqsədini daşıdığını, yeni 
								qaydanın daha çox müəllifə və nəşriyyatlara bu 
								işə qoşulmaq imkanı verəcəyini söylədi. Sonra o, 
								kurikulumun tətbiqi ilə əlaqədar əvvəlki 
								illərdən fərqli olaraq dərsliklərin komplekt 
								şəklində - dərslik, iş dəftəri və müəllim üçün 
								metodik vəsaitdən ibarət olaraq hazırlandığını, 
								dərslik və müəllim üçün metodik vəsaitin dövlət 
								tərəfindən şagirdlərə və müəllimlərə pulsuz 
								verildiyini, iş dəftərinin isə nəşriyyatların 
								vəsaiti hesabına çap olunub sərbəst satışa 
								çıxarıldığını xatırlatdı, bu sahədə olan 
								problemlərdən danışdı. Qeyd etdi ki, bir çox 
								aztəminatlı ailələrin uşaqları və ucqar 
								kəndlərdə yaşayanlar müvafiq çətinliklər üzündən 
								iş dəftərini əldə edə bilmirlər. Bu isə 
								sinifdəki psixoloji atmosferə və təlimin 
								nəticələrinə öz mənfi təsirini göstərir. Bunun 
								üçün o, şagirdlərin iş dəftərləri ilə pulsuz 
								təminatı məsələsinə baxılmasını təklif etdi. 
								N.Qəhrəmanova 
								çıxışında daha sonra kurikulumun dərsliklərin 
								məzmununa gətirdiyi yeniliklər haqqında danışdı, 
								əlavə tədris resurslarının yaradılmasını vacib 
								hesab etdi. "Yeni tədris materiallarının 
								hazırlanması və məktəb kitabxanalarının 
								müasirləşdirilməsi" layihəsi çərçivəsində 
								nazirliyin 500 məktəbin müəllim və şagirdlərinin 
								seçiminə əsasən 143 adda təlim və oxu 
								materiallarını almasını bu sahədə atılmış mühüm 
								addım saydı. Çıxışının sonunda konfrans 
								iştirakçılarının diqqətini dərslik müəllifi kimi 
								bu məsələyə də cəlb edən N.Qəhrəmanova Təhsil 
								Nazirliyinin dərsliklərin keyfiyyəti ilə bağlı 
								hər bir telefon zənginə, qəzet məqaləsinə böyük 
								diqqətlə yanaşdığını, təkliflərin, iradların 
								mütəxəssislərin iştirakı ilə dəyərləndirildiyini 
								və nəzərə alındığını bildirərək bu sahədə 
								ictimaiyyətin hər bir üzvünün göstərdiyi 
								qərəzsiz, professional dəstəyi təqdirəlayiq 
								saydı.  
								
								 Quba 
								rayonu Amsar kənd tam orta məktəbinin direktoru
								Habil Bayramlı təhsil sisteminin 
								informasiyalaşdırılması ilə bağlı çıxış edərək 
								bu məsələyə kompleks yanaşılmasından, beynəlxalq 
								təcrübədən və səmərəli tərəfdaşlıq 
								məsələlərindən söz açdı. 
								Təhsil 
								sisteminin İKT əsasında təkmilləşdirilməsinin 
								informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən 
								biri olduğunu deyən H.Bayramlı Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								2004-cü ildə təsdiq etdiyi "Azərbaycan 
								Respublikasında ümumtəhsil məktəblərinin 
								informasiya və kommunikasiya texnologiyaları ilə 
								təminatı Proqramı"nın ölkəmizdə bu prosesə start 
								verdiyini, bundan sonra 2008-ci ildə ölkə 
								başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil  
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı"nda isə İKT-dən istifadə etməklə 
								ölkəmizdə beynəlxalq standartlara uyğun 
								keyfiyyətcə yeni təhsil modelinin qurulmasının, 
								vahid elektron təhsil məkanının yaradılmasının 
								və təhsil sisteminin dünya təhsil məkanına 
								inteqrasya etdirilməsinin əsas məqsəd kimi 
								qarşıya qoyulduğunu bildirdi. 
								Qeyd etdi ki, 
								Dövlət Proqramı İKT İnfrastrukturunun inkişafı, 
								elektron təhsil texnologiyalarının tətbiqi, kadr 
								potensialının gücləndirilməsi, idarəetmənin 
								informasiyalaşdırılması, informasiyalaşdırma 
								sahəsində normativ-hüquqi bazanın yaradılması 
								kimi 5 əsas istiqamət üzrə həyata 
								keçirilməkdədir. 
								Məktəblərin 
								İKT avadanlığı ilə təminatı haqqında konfrans 
								iştirakçılarına məlumat verən çıxışçı bildirdi 
								ki, 2005-ci ildən etibarən Təhsil Nazirliyi 
								tərəfindən təhsil müəssisələrinə İKT 
								avadanlığının verilməsinə başlanmış, bu günə 
								qədər təhsil müəssisələri 33.708 ədəd kompüter, 
								2809 ədəd proyektor və noutbuk dəsti ilə təchiz 
								edilmişdir. Bundan başqa pilot məktəblərə 136 
								ədəd interaktiv lövhə və 2077 ədəd şagird 
								netbuku verilmişdir. 
								Həyata 
								keçirilmiş avadanlıq təchizatı kompüter-şagird 
								nisbətini nəzərə çarpacaq qədər 
								yaxşılaşdırmışdır. Əgər 2005-ci ilə qədər bu 
								nisbət 1:1000 idi isə, 2010-cu ildə 1:20-yə 
								çatdırılmışdır. 
								Dövlət 
								Proqramı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsi 
								qurulmuşdur. Bu yaxınlarda şəbəkə vasitəsilə 
								istifadəyə verilmiş www.video.edu.az rortalı 
								gələcəkdə təhsil yönümlü televiziya 
								proqramlarının yayılması üçün müvafiq şərait 
								yaradacaq. Hazırda ölkədəki 7000-dən artıq 
								təhsil müəssisəsindən yalnız 1000-i Azərbaycan 
								Təhsil Şəbəkəsinə qoşulmuşdur. Bu göstəricinin 
								illər üzrə artımına diqqət çəkən H.Bayramlı 
								2008-ci ildə təhsil şəbəkəsinə 201, 2009-cu ildə 
								501, 2010-cu ildə isə 1057 təhsil müəssisəsinin 
								qoşulduğunu bildirdi. 
								Dövlət 
								Proqramının sonuna az vaxt qalmasına baxmayaraq, 
								hələ də çox sayda təhsil müəssisələrinin 
								Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmadığını qeyd 
								edərək bunun əsas səbəbini mövcud kommunikasiya 
								infrastrukturu ilə bağlı problemlərin olması ilə 
								əlaqələndirdi. Bildirdi ki, əsasən regionlarda 
								istifadəsi zəruri olan simsiz texnologiyalar 
								bahalıdır və hər il onların alınmasına ayrılan 
								vəsait kifayət qədər deyil. 
								H.Bayramlı 
								rəhbərlik etdiyi tədris ocağının İKT ilə 
								təminatından da söz açaraq hazırda məktəbində 5 
								noutbuk, 5 proyektor və 21 kompüteri olduğunu, 
								Dövlət Proqramı çərçivəsində məktəbə verilən 
								əlavə kompüter və proyektorların bir neçə sinif 
								otağında quraşdırıldığına, bütün bunların da 
								müxtəlif fənlərin eyni zamanda effektiv tədrisi 
								üçün əlverişli şərait yaratdığını dedi. 
								 
								H.Bayramlı 
								çıxışında müəllimlərin işə qəbulu məsələsinə də 
								toxunaraq diqqətə çatdırdı ki, bu sahədə 
								beynəlxalq təcrübəyə uyğun yeni qaydaların 
								tətbiqinə başlanmışdır. Qeyd olundu ki, yeni 
								qaydalara əsasən, 2011-2012-ci tədris ili üçün 
								ölkənin ümumtəhsil məktəblərinə işə qəbul üzrə 
								müsabiqə mərkəzləşdirilmiş şəkildə həyata 
								keçirilmişdir. Ümumtəhsil məktəblərində mövcud 
								olan 2177 vakant yerə 9850 nəfər elektron ərizə 
								vermişdir. 
								Çıxışda 
								vurğulandı ki, Dövlət Proqramı çərçivəsində 
								İKT-nin təhsildə tətbiqi üzrə qabaqcıl 
								beynəlxalq təcrübədən geniş istifadə olunur. Bu 
								gün Azərbaycanda aparılan təlimlər YUNESKO-nun 
								təhsildə İKT üzrə standartlarını, XXI əsr 
								bacarıqlarını və özəl sektor tərəfindən 
								yaradılmış təhsil resurslarını özündə 
								cəmləşdirir. 
								Hər məktəbin 
								pedaqoji və inzibati heyəti üçün məktəb 
								daxilində təlimlər təşkil olunur ki, müəllimlər 
								dərs prosesindən uzaqlaşmayaraq yeni bilik və 
								bacarıqlar əldə etsinlər. Nəticədə Azərbaycan 
								təhsil işçiləri və ən əsası şagirdlər beynəlxalq 
								təcrübəyə əsaslanan bacarıqlar əldə edirlər. Bu 
								da, öz növbəsində, onların qlobal cəmiyyətə 
								inteqrasiya imkanlarını artırır. 
								H.Bayramlı 
								2005-ci ildən başlayaraq təlimlərin respublika 
								üzrə əhatə dairəsini göstərən slaydları konfrans 
								iştirakçılarına nümayiş etdirdi. Verilən 
								məlumatdan aydın oldu ki, əgər 2005-ci ildə Bakı 
								şəhəri üzrə 500-ə qədər təhsil işçisi təlimlərdə 
								iştirak etmişdirsə, növbəti illərdə təlimlərin 
								coğrafiyası genişlənmiş və hər region üzrə təlim 
								iştirakçılarının sayı artmışdır. 2010-cu ilə 
								olan nəticəyə görə, ölkənin 40 faiz təhsil 
								işçisi təlimlərdə iştirak etmişdir. 
								Təlimlərlə 
								bağlı mövcud problemlərə də toxunan H.Bayramlı 
								təklif etdi ki, məktəblərdə çalışan əksər 
								müəllimlərimizin orta yaş həddi 40-dan yuxarı 
								olduğuna görə İKT bacarıqları ilə bağlı olan 
								təlimlər müəllimlərə davamlı qaydada 
								keçirilməlidir. 
								Onun fikrincə, 
								təlimlərdə iştirak etmiş müəllimlərə kömək 
								məqsədi ilə təhsil şöbələrində İKT-nin tətbiqi 
								üzrə xüsusi metodiki mərkəzlərin yaradılması 
								məqsədəuyğun olardı. 
								H.Bayramlı 
								çıxışına davam edərək bildirdi ki, Dövlət 
								Proqramı çərçivəsində təhsil prosesinin bütün 
								iştirakçıları üçün Milli Təhsil Portalı 
								yaradılmışdır. edu.az ünvanında yerləşən bu 
								portal vasitəsilə şagirdlər elektron dərslərdən 
								istifadə etmək imkanı əldə edirlər. Müəllimlər 
								şagirdlərin qiymətləndirilməsini həyata keçirir 
								və elektron dərslərdən tədrisdə istifadə edir, 
								valideynlər şagirdlərin qiymətlərini nəzarətdə 
								saxlayır, məktəb rəhbərliyi isə elektron 
								idarəetmə sistemindən bəhrələnir. 
								Təhsil 
								Nazirliyi üçün eyni zamanda Milli Təhsil Məlumat 
								Bazası fəaliyyət göstərir. 
								Əlavə olaraq, 
								idarəetmə prosesinin tərkib hissəsi kimi 
								"Microsoft" və "Mədəd" təşkilatlarının birgə 
								layihəsi çərçivəsində hər məktəb, müəllim və 
								şagird üçün sistemləşdirilmiş elektron poçt 
								ünvanları yaradılır. 
								Sonra slaydlar 
								vasitəsi ilə Təhsil Portalı, elektron 
								qiymətləndirmə jurnalı biologiya fənni üzrə 
								elektron dərs nümunəsi konfrans iştirakçılarına 
								nümayiş olundu. Bildirildi ki, Portalda həmçinin 
								Milli Təhsil Məlumat Bazası yerləşdirilir.
								 
								Baza məktəb 
								direktorları və təhsil şöbələri üçün faydalı 
								məlumat mənbəyidir. Belə ki, hər bir təhsil 
								müəssisəsinin rəhbəri lazım olduqda Milli Təhsil 
								Məlumat Bazasının imkanlarından istifadə edərək 
								100-ə qədər hesabat növü yarada bilər. 
								Elektron 
								idarəetmə sistemlərinin rəhbərlik etdiyi 
								məktəbdə də tədricən tətbiq olunduğunu deyən 
								direktor bu sahədə qarşıda duran vəzifələrdən də 
								danışdı. 
								Rayon 
								mərkəzindən kənarda yerləşən, hətta ucqar kənd 
								məktəblərinin də elektron məktəb layihəsinə cəlb 
								edilməsini, məktəblərdə elektron idarəetmə 
								sistemlərinin quraşdırılmasını, məktəblərin daha 
								yüksək sürətli İnternet bağlantısı ilə təmin 
								edilməsini, yeniləşən təlim paketləri üzrə təlim 
								proqramlarının davamlı olaraq təqdim olunmasını, 
								hər sinif otağında bir kompüter, proyektor və 
								interaktiv lövhə quraşdırılmasını, hər bir 
								şagirdin netbukla təmin olunmasını təklif etdi. 
								Bildirdi ki, məktəblərin bu cür şəraitlə təmin 
								olunması ölkəmizdə maddi kapitalın insan 
								kapitalına çevrilməsi üçün münbit şərait yaradar 
								və davamlı inkişafa səbəb olar.   
								
								 Azərbaycan 
								Sahibkarlar Konfederasiyası Beynəlxalq əlaqələr 
								və biznesin inkişafı şöbəsinin rəisi Adil 
								Qurbanov konfransda "İlk peşə-ixtisas 
								təhsili, mövcud vəziyyət, problemlər və 
								perspektivlər" mövzusunda çıxış etdi. O bildirdi 
								ki, inkişaf  etmiş ölkələrin təcrübəsinin 
								göstərdiyi kimi, ölkənin təbii resurslar 
								baxımından nə qədər varlı olmasından asılı 
								olmayaraq, iqtisadiyyatın əsas hərəkətverici 
								qüvvəsi məhz insan resurslarıdır. Məsələn, 
								məhdud təbii nemətlərə malik olan Yaponiya, 
								Cənubi Koreya, Sinqapur, Malayziya və s. kimi 
								ölkələr məhz qısa müddət ərzində insan 
								resurslarının inkişafı hesabına yüksək iqtisadi 
								göstəricilərə nail ola bilmişlər.  
								Avropa maliyyə 
								institutlarının apardıqları tədqiqatlara əsasən 
								bu gün sahibkarlıq subyektlərinin gəlirlərinin 
								artmasına əsas səbəb kimi maliyyə, xammal, 
								nəqliyyat deyil, məhz insan resursları səbəb 
								olur. O resurslar ki, bu gün dünya ticarət 
								bazarına yüksək rəqabətqabiliyyətli məhsul 
								çıxarmaq imkanına malik olsun. Məhz belə 
								kadrların bir qismi də peşə təhsili 
								müəssisələrində sosial partnyorların dəstəyi 
								nəticəsində hazırlanır. 
								A.Qurbanov 
								ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələri 
								barədə statistik məlumatları diqqətə çatdıraraq 
								qeyd etdi ki, hazırda respublikamızda fəaliyyət 
								göstərən 107 peşə təhsili müəssisəsində 27 
								mindən artıq gənc təhsil alaraq kütləvi peşələrə 
								yiyələnir. Onların bir qismi isə həmçinin tam 
								orta təhsil alaraq gələcəkdə təhsillərini daha 
								yüksək pillələrdə davam etdirmək imkanı qazanır. 
								Son illərdə 
								ilk peşə-ixtisas təhsili sahəsinə dövlət 
								tərəfindən ayrılan vəsaitlərin tədricən 
								artdığını qeyd edən çıxışçı hazırda təhsilə 
								ayrılan büdcənin 2,5 faizinin peşə təhslinə 
								yönəldiyini, bu vəsaitlərin isə böyük qisminin 
								əməkhaqları və kommunal xidmətlərin ödənilməsinə 
								sərf edildiyini bildirdi. 
								Peşə 
								təhsilinin əhatə dairəsi ilə əlaqədar 
								fikirlərini bölüşən A.Qurbanov əgər bu gün ali 
								təhsil müəssisələrində 100 mindən çox, orta 
								ixtisas təhsili müəssisələrində isə 40 mindən 
								artıq tələbə təhsil alırsa, peşə təhsilli 
								müəssisələrində cəmi 27 min şagirdin təhsil 
								almasının onu narahat etdiyini söylədi. Müqayisə 
								üçün göstərdi ki, əhalisi bizim qədər olan 
								İsveç, Norveç, yaxud əhalisi bizdən az olan 
								Finlandiya, Sinqapur və s. kimi ölkələrdə hər il 
								təqribən 100 mindən artıq gənc peşə təhsili 
								müəssisələrinə qəbul olunur və onların gələcəkdə 
								işlə təmin olunması üçün müvafiq tədbirlər 
								görülür. O, bu baxımdan ölkəmizdə peşə təhsili 
								müəssisələrinin şəbəkəsinin genişləndirilməsini 
								və kadr hazırlığı sifarişinin artırılmasını 
								məqsədəmüvafiq hesab etdi. 
								Uzun müddət 
								diqqətdən kənar qalmış bir sahənin inkişafı ilə 
								əlaqədar 2007-ci ildə ölkə Prezidentinin 
								sərəncamı ilə "Texniki peşə təhsilinin inkişafı 
								üzrə Dövlət Proqramı (2007-2008-ci illər)"nın 
								təsdiq edildiyini diqqətə çatdıran natiq əmək 
								bazarının tələbatına müvafiq olaraq qısa müddət 
								ərzində kadr hazırlığı  üzrə yeni modelin 
								yaradılması baxımından proqramın mühüm sənəd 
								olduğunu vurğuladı və bildirdi ki, Dövlət 
								Proqramının qəbul edilməsi bu sahədə 
								normativ-hüquqi bazanın yeniləşdirilməsinə, peşə 
								təhsili üzrə dövlət standartları və proqramının, 
								xüsusən işəgötürənləri daha çox maraqlandıran 
								yeni ixtisas və ixtisaslaşma klassifikatorunun, 
								yeni kurikulumların hazırlanmasına şərait 
								yaratmışdır. 
								O, 7 peşə 
								təhsili müəssisəsinin əsaslı təmirini, onların 
								müasir avadanlıqlarla təchiz edilməsini və 
								regionda ən müasir tipli peşə təhsili müəssisəsi 
								olan İsmayıllı Peşə Tədris Mərkəzinin açılmasını 
								cari ilin mühüm hadisələri kimi dəyərləndirdi. 
								İşəgötürən 
								təşkilatlarla əməkdaşlıq əlaqələrinin 
								genişləndirilməkdə olduğunu deyən A.Qurbanov 
								Azərsun, Büllur Elektroniks, Gilan Turizm, Bakı 
								Tikiş Evi, "Kür", İmprotex Turizm, KNAUF və s. 
								şirkətlərlə əlaqələrin inkişaf etməsinin peşə 
								təhsilinin ictimai statusunun yüksəlməsinə kömək 
								göstərdiyini söylədi. Qeyd etdi ki, bu 
								yaxınlarda 4 nömrəli Bakı peşə liseyində KNAUF, 
								18 nömrəli Bakı peşə liseyində isə Tacirlər və 
								İstehlakçılar Birliyinin Tədris Mərkəzlərinin 
								açılması, Yaponiya səfirliyinin dəstəyi 
								nəticəsində 2 nömrəli Bakı peşə liseyində 
								emalatxananın təmir edilməsi, bir sıra 
								qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif 
								peşə təhsili müəssisələrində layihələrin həyata 
								keçirilməsi, peşə təhsili sistemində çalışan 
								mühəndis-pedaqoji heyətin ölkə daxilində və 
								xaricdə təlimlərə cəlb edilməsini də müsbət 
								addımlar kimi qiymətləndirilməlidir. 
								A.Qurbanov 
								bildirdi ki, uzun müddət ərzində peşə təhsili 
								müəssisələrinin rastlaşdığı problemlərdən biri 
								olan ana dilində tədris vəsaitləri ilə kifayət 
								qədər təmin olunmaması son illər öz həllini 
								tapmaqdadır. Belə ki, Təhsil Nazirliyi artıq bir 
								neçə ildir müxtəlif ixtisaslar üzrə dərslik və 
								dərs vəsaitlərinin hazırlanmasını həyata 
								keçirir, təhsil müəssisələrini çap edilmiş 
								vəsaitlərlə pulsuz olaraq təmin edir. 
								 
								Qeyd olundu 
								ki, peşə müəssisələrinin maddi-texniki bazasının 
								gücləndirilməsi, kadr hazırlığı prosesində 
								məzmun dəyişikliklərinin baş verməsi, işəgötürən 
								təşkilatlarla əməkdaşlıq əlaqələrinin 
								genişləndirilməsi məzunların işlə təmin edilməsi 
								səviyyəsinə də təsir etmişdir. Bununla belə 
								məzunların işlə təminat səviyyəsinin artırılması 
								üçün müəyyən əlavə tədbirlərin həyata 
								keçirilməsinə ehtiyac duyulduğu da diqqətə 
								çatdırıldı. 
								A.Qurbanov 
								Avropa Komissiyası və Təhsil Nazirliyinin birgə 
								təşəbbüsü, Britaniya Şurasının texniki, 
								Azərbaycan Respublikası hökumətinin maliyyə 
								dəstəyi nəticəsində regionda ən müasir tələblərə 
								cavab verən peşə təhsili kompleksinin - 
								İsmayıllı Peşə Tədris Mərkəzinin istifadəyə 
								verilməsini peşə təhsili sistemində yeni bir 
								modelin tətbiq olunmasına imkan yaratdığını 
								vurğuladı, belə layihələrin sayının 
								artırılmasını təklif etdi. Bu baxımdan Almaniya 
								hökumətinin texniki dəstəyi ilə kənd təsərrüfatı 
								sahəsi üzrə ixtisaslı kadrların hazırlanması 
								layihəsinin işə başlamasını müsbət hadisə kimi 
								dəyərləndirdi. 
								Yekunda peşə 
								təhsili sistemi qarşısında duran bir sıra 
								problemlər barədə də məlumat verən A.Qurbanov 
								Dövlət Proqramının qəbul edilməsinin 10-a yaxın 
								müəssisənin əsaslı təmir edilməsinə şərait 
								yaratmasına baxmayaraq, bu gün əsaslı təmirə 
								ehtiyacı olan müəssisələrin sayının 70-dən çox 
								olduğunu, peşə təhsili müəssisələrinin 
								maddi-texniki bazasının yeniləşdirilməsi üçün 
								əlavə vəsaitlərə ehtiyac duyulduğunu bildirdi.  
								
								 Çıxışını 
								əlavə təhsil məsələlərinə həsr edən Bakı Avropa 
								Liseyinin İKT üzrə direktor müavini Rahilə 
								Əliyarzadə öncə müəllimin cəmiyyətdəki 
								dəyişdirici roluna toxunaraq bildirdi ki, 
								insanların fikir və düşüncələrinin, həyata 
								baxışlarının formalaşmasında, dəyişməsində 
								müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin 
								şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. 
								 
								Ölkə 
								Prezidentinin qayğısı nəticəsində son illərdə 
								təhsil infrastrukturu əsaslı şəkildə 
								yeniləşdirilib, məzmun, dərsliklər, 
								qiymətləndirmə sistemi sahəsində əhəmiyyətli 
								nailiyyətlər əldə olunub. Bütün bunlar 
								keyfiyyətə təsir edən amillərdir. 
								Lakin etiraf 
								etmək lazımdır ki, müəllim dəyişmədən təhsil 
								sahəsində uğurlu islahatlar aparmaq, yüksək 
								nəticələr əldə etmək mümkün deyildir. Məhz bu 
								səbəbdən bu gün bizi düşündürən, narahat edən 
								bir nömrəli problem təhsil müəssisələrində 
								çalışan 200 minədək müəllimin peşəkarlığının 
								artırılması, onlara müvafiq bacarıqların 
								verilməsidir. Etiraf etmək lazımdır ki, həmin 
								müəllimlər arasında müasir kompetensiyalara 
								malik olmayan, köhnə qaydalarla, səmərəsiz 
								metodlarla işləyənlər də az deyildir.   
								 
								Bütün bunlar 
								müəllimlərin peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə 
								uyğun yeni mexanizmlərin tətbiqini zəruri 
								etmişdir. Bu zərurət nəzərə alınaraq Təhsil 
								Nazirliyi tərəfindən əlavə təhsilin yeni 
								qaydaları hazırlanmış və hökumət tərəfindən 
								təsdiq edilmişdir.  
								Sonra o, 
								müasir dövrdə əlavə təhsilin qarşısında duran 
								vəzifələrə toxunaraq təhsilin bu pilləsinin 
								insan potensialının inkişafı, kadrların 
								intellektual və peşə hazırlığı  səviyyəsinin  
								yüksəldilməsi və təkmilləşdirilməsi, kadrların 
								daim dəyişən və yeniləşən əmək  şəraitinə 
								uyğunlaşdırılması, vətəndaşların ölkənin sosial, 
								iqtisadi, siyasi və mədəni həyatında fəal və 
								səmərəli iştirakının təmin edilməsi vəzifələrini 
								həll etdiyini bildirdi. Qeyd etdi ki, ilk dəfə 
								olaraq əlavə təhsilin bütün istiqamətləri qəbul 
								olunmuş sənəddə təsbit edilmişdir ki, bunlara da 
								ixtisasartırma, kadrların yenidən hazırlanması, 
								stajkeçmə və kadrların təkmilləşdirilməsi, 
								təkrar ali və orta ixtisas təhsili, dərəcələrin 
								yüksəldilməsi, yaşlıların təhsili daxildir.
								 
								Əlavə təhsilin 
								istiqamətləri arasında ixtisasartırma təhsilinin 
								aparıcı mövqe tutduğunu deyən R.Əliyarzadə 
								hazırda respublikamızda modul-kredit sisteminə 
								əsaslanan yeni ixtisasartırma modelinin  tətbiq 
								olunduğu bildirdi və ixtisasartirma təhsilinin 
								təşkil olunduğu 3 modulun hər biri haqqında 
								məlumat verdi. 
								Qeyd etdi ki, 
								I  modul təhsilin ümumi əsaslarını, II modul 
								ixtisas sahələrini, III  modul təhsildə 
								innovasiyalar və yeni tendensiyaları əhatə edir.
								 
								III modul 
								üzərində ətraflı dayanan çıxışçı bu  modul 
								vasitəsilə müəllimlərə peşə bilik və bacarıqları 
								ilə yanaşı, Avropa Birliyi tərəfindən 
								müəyyənləşdirilmiş xarici dillərdə ünsiyyət, 
								İKT, öyrənməyi öyrətmək, innovasiyalar, 
								təşəbbüskarlıqla bağlı əsas kompetensiyalar da  
								aşılanır.  
								Sonra o, yeni 
								ixisasartırma modelinin üstünlüklərini və 
								ənənəvi modeldən fərqli cəhətlərini diqqətə 
								çatdırdı. 
								2009-cu ildən 
								yeni ixisasartırma modelinin tətbiqinə 
								başlandığını deyən R.Əliyarzadə bununla bağlı 
								bir sıra əhəmiyyətli işlər görüldüyünü, o 
								cümlədən yeni qaydalara uyğun olaraq I 
								siniflərdə işləyəcək müəllimlər üçün təlimlərin 
								proqramının hazırlandığını, 2011-2012-ci dərs 
								ilində 1-ci sinifdə işləyəcək və son 3 ildə 
								təlimlərdən keçməmiş ibtidai sinif 
								müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi 
								ilə əlaqədar 10 günlük (60 saat) təlim 
								kurslarına cəlb edilməsi məqsədilə təşkilati 
								işlərin həyata keçirildiyini, cari ilin 
								iyun-sentyabr aylarında QHT-lər cəlb edilməklə 
								keçirilən təlimlərə 9670 ibtidai sinif 
								müəlliminin cəlb olunduğunu, təlimlərin 86 təlim 
								mərkəzində 164 təlimçi tərəfindən aparıldığını, 
								ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai 
								sinif müəlliminin təlimlərdən keçdiyini diqqətə 
								çatdırdı, bu sahədə qarşıda duran vəzifələrdən 
								danışdı.  
								R.Əliyarzadə 
								çıxışında habelə çalışdığı Bakı Avropa Liseyinin 
								uğurlarından da söz açaraq burada "Elektron 
								məktəb", "1 şagird - 1 kompüter" layihələrinin 
								tətbiq olunduğunu, İKT əsaslı fəal/interaktiv  
								təlim texnologiyaları üzrə  proqramlar 
								hazırlandığını, həm liseyin, həm də digər 
								məktəblərin müəllimlərinə treninqlər 
								keçirildiyini söylədi.   
								
								  Bərdə 
								rayonu, şəhər 8 nömrəli tam orta məktəbin 
								ibtidai sinif müəllimi Nərgiz Həsənova 
								çıxışına ölkənin təhsil elitasının iştirak 
								etdiyi böyük bir tədbirdə ona söz deməsinə 
								şərait yaratdığı üçün konfransın 
								təşkilatçılarına təşəkkürünü bildirməklə 
								başladı.  
								2011-ci ildə 
								"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan 
								N.Həsənova qeyd etdi ki, ölkəmizin ümumi təhsil 
								sistemində 10 ildən artıq bir müddətdə aparılan 
								islahatlar dövrün diktə etdiyi tələblərə uyğun 
								olaraq, təhsilin məqsədlərinə münasibətdə 
								yaranan müasir baxışlar, yeni dünyagörüşü 
								müəllimlərin də dəyişməsinə səbəb olmuşdur. 
								İslahatlar sayəsində ibtidai sinif 
								müəllimlərinin təlim-tərbiyə prosesinin 
								qurulmasına, təlim metodlarına, şagird və 
								valideynlərlə işbirliyinə yeni müstəvidə 
								yanaşması artıq reallığa çevrilmişdir. 
								Bu gün 
								ümumtəhsil məktəblərində kurikulumların tətbiqi 
								ilə təlim nəticələri üzərində qurulmuş təhsil 
								prosesinin bilavasitə əsas hədəfləri ifadə 
								etməsini, dövlət təhsil standartlarının tətbiqi 
								ilə təhsilin məzmununa konkretlik gətirildiyini, 
								məzmunun lüzumsüz, zəruri olmayan məlumatlarla 
								ağırlaşdırılmasının qarşısının alındığını, 
								bilavasitə şəxsiyyəti formalaşdıran həyati 
								bacarıqların təlim-tərbiyə işində üstün amil 
								kimi nəzərə alınmasını, fənlərin tədrisinin, 
								əsasən, bu məsələyə yönəldilməsinin vacibliyini, 
								təlim prosesində "müəllim-şagird" münasibətinin 
								pedaqoji əməkdaşlıq səviyyəsinə çatdırılmasını 
								öyrəndiyini deyən N.Həsənova bu gün nail 
								olduqlarının məhz öyrəndikləri sayəsində baş 
								tutduğunu dilə gətirdi. Nəzərə çatdırdı ki, yeni 
								məzmunun tətbiq edildiyi ilk illərdə biz 
								məktəbimizdə şərti olaraq "yeni" və "ənənəvi" 
								adlandırdığımız siniflərdəki təlim prosesini, 
								şagirdləri, müəllimləri müşahidə və müqayisə 
								etmişik. Həmişə də yeni məzmunla işləyən  
								siniflərdə şagirdlərin müstəqilliyinin və 
								fəallığının, qarşılıqlı öyrənmə və əməkdaşlıq 
								aurasının yaradıldığının, müəllim çevikliyinin 
								və işə yaradıcı münasibətin üstünlük təşkil 
								etdiyinin şahidi olmuşuq. 
								Konfrans 
								iştirakçılarının diqqətini bir vacib amilə də 
								cəlb edən natiq indiki şəraitdə təlim-tərbiyə 
								prosesinin təşkilinə, müəllimlərin fəaliyyətinə 
								məktəb rəhbərliyinin müntəzəm diqqət və nəzarəti 
								olmazsa, ciddi nailiyyətlərin qazanılmasının 
								çətin olduğunu söylədi. 
								N.Həsənova 
								qeyd etdi ki, cəmi 5 il bundan əvvəl yaradılan 
								məktəblərində səmərəli təhsil mühitinin, 
								keyfiyyətli fəaliyyət şəraitinin mövcud olması 
								bilavasitə məktəbin rəhbərliyinin peşəkarlığı, 
								təhsil işinə ürəkdən bağlılığı ilə əlaqədardır. 
								Müntəzəm aparılan monitorinqlərin nəticələrinin 
								müzakirəsi, hər bir müəllimin fəaliyyətinin 
								diqqətdə saxlanması müəllimlərdə tapşırılan işə 
								böyük məsuliyyət hissi yaratmışdır. Son 2 ildə 
								məktəblərini bitirən 101 nəfər məzundan 31-i ali 
								məktəblərə daxil olmuşdur. 
								2011-2012-ci 
								dərs ilinin sonunda ibtidai siniflərdə yeni fənn 
								proqramlarının (kurikulumların) tətbiqinin ilkin 
								mərhələsinin başa çatdığını deyən natiq 
								vurğuladı ki, 4 il ərzində tətbiq edilən dövlət 
								standartlarının nə dərəcədə məqsədyönlü olması, 
								dövrün tələblərini hansı səviyyədə əhatə etməsi 
								öyrənilməli və lazımi təkliflər hazırlanmalı, 
								yerlərdə səyyar treninqlərin təşkili təcrübəsi 
								genişləndirilməlidir. 
								Müəllimin 
								fikrincə, ibtidai təlimdən sonra bir sinfin 
								şagirdlərinin yuxarı səviyyəyə keçərkən eyni 
								sinifdə komplektləşdirilməsi təcrübəsindən əl 
								çəkilməsi, ibtidai sinif müəlliminin yazılı 
								rəyinə əsasən onlar meyil və maraqlarına, 
								potensial imkanlarına görə müxtəlif siniflərdə 
								komplektləşdirilməlidirlər.   
								
								 Məktəbdənkənar 
								təhsil sistemində görülmüş işlər, qazanılmış 
								uğurlar və mövcud problemlər barədə konfrans 
								iştirakçılarına "Təhsil" Respublika İdman 
								Mərkəzinin Lənkəran filialının məşqçi-müəllimi
								Ramin Əzizov məlumat verdi. Qeyd olundu 
								ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və 
								gənclərin yaradıcılıq potensialını və 
								istedadlarını üzə çıxarır, dərsdənkənar 
								vaxtlarda onların asudə vaxtlarını düzgün təşkil 
								etmələrinə kömək edir. 
								Hazırda Təhsil 
								Nazirliyi sistemində 380 məktəbdənkənar təhsil 
								müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 
								uşaq yaradıcılığı, ekologiya, texniki 
								yaradıcılıq, turizm, şahmat və idman 
								bölmələrində 340 min məktəbli məşğul olur. 
								Nazirlik 
								tərəfindən bu istiqamətdə silsilə tədbirlərin 
								həyata keçirildiyini deyən R.Əzizov uşaq və 
								gənclərin respublika və beynəlxalq tədbirlərdə 
								uğurla çıxış edib, yüksək nəticələr qazanmasını 
								həmin tədbirlərin nəticəsi olduğunu söylədi. 
								Natiq görülmüş 
								işləri diqqətə çatdıraraq bildirdi ki, hər il 
								kiçikyaşlı məktəblilərin əl işlərinə respublika 
								baxış-müsabiqəsi və uşaq və gənclərin 
								elmi-texniki yaradıcılıq festivalı keçirilir.
								 
								Ölkəmizdə 
								futbol və şahmatın inkişaf etdirilməsi üçün 
								möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 
								sərəncamları ilə Dövlət Proqramları qəbul 
								olunmuşdur. 
								2010-cu ildə 
								Bakı şəhərində "Təhsil" Respublika İdman 
								Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi 
								yaradılmış, 30 təhsil müəssisəsində süni örtüklü 
								futbol meydançası inşa edilmişdir. 
								Hər il 13-17 
								yaşlı futbolçular arasında Azərbaycan 
								birincilikləri keçirilir. İlk dəfə AFFA ilə 
								birgə əsasını Bakı şəhərinin 201 və 239 nömrəli 
								məktəblərinin şagirdləri təşkil edən 15 yaşlı 
								qızlardan ibarət milli komanda yaradılmışdır. 
								"Futbol həyatdır" layihəsi çərçivəsində Bakı 
								şəhərində 5-7-ci siniflərin 1065 şagirdi ilə 
								futbol dərsləri keçilir. Respublikamızda ilk 
								dəfə olaraq 2010-cu ildə "Uşaq futbolunun 
								inkişafına texniki dəstək-praktik məşğələlər" və 
								"Gənc futbolçuların tədris-məşq prosesinin 
								təşkili və tərbiyə işinin planlaşdırılması" adlı 
								tədris vəsaitləri hazırlanmışdır. 
								2011-ci ildə 
								"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya 
								Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi üçün 
								ikinci tədris bazası istifadəyə verilmişdir. 
								Daha sonra 
								Təhsil Nazirliyinin tabeliyində 66 şahmat və 93 
								idman məktəbinin fəaliyyət göstərdiyini qeyd 
								edən R.Əzizov son 3 ildə Naxçıvan, Mingəçevir, 
								Xızı, Samux, Yevlax, Şamaxı, Cəlilabad, Gədəbəy 
								və Ağcabədidə şahmat məktəbləri üçün yeni müasir 
								binaların tikildiyini, Bərdə və Sumqayıtın 
								şahmat məktəblərinin isə əsaslı təmir edilərək 
								yenidən qurulduğunu, həmin məktəblərin 
								bəzilərinin açılışında da möhtərəm Prezidentimiz 
								cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın 
								iştirak etdiklərini vurğuladı. Bildirdi ki, Quba 
								və Xaçmaz şahmat məktəblərinin yeni binaları 
								açılışa hazırdır, Ucar və Goranboyda şahmat 
								məktəbləri, Ağsuda UGİM üçün yeni binalar 
								tikilir, Masallı və Ağstafa şahmat məktəbləri 
								isə əsaslı təmir olunur. 
								2011-ci ildə 
								ilk dəfə olaraq "Şahmat dünyası" elektron tədris 
								vəsaiti hazırlanıb şahmat məktəblərinə 
								paylanmışdır. 
								R.Əzizov 
								idmançı məktəblilər tərəfindən son illər 
								qazanılmış uğurlara diqqəti cəlb edərək bildirdi 
								ki, yaradılan şərait nəticəsində məktəbli 
								şahmatçılarımız komanda hesabında Avropa, dünya 
								birincilikləri və Avropa çempionatının qalibi 
								olmuş və 15 medal qazanmışlar. 
								İdmançılarımız 
								habelə respublika və beynəlxalq yarışlarda 1886 
								medal, o cümlədən Avropa, dünya birincilik və 
								çempionatlarında 178 medal qazanmışlar. 
								Müxtəlif idman 
								növləri üzrə 24 respublika birinciliyi, 8 
								çempionat, 4 turnir və 66 təlim-məşq toplanışı 
								keçirilmiş, 1918 yüksək dərəcəli idmançı 
								hazırlanmışdır. Bu idmançılardan dördünün FİDE 
								ustası, ikisinin isə beynəlxalq dərəcəli idman 
								ustası adına layiq görülməsi əlamətdar hal kimi 
								qiymətləndirildi. 
								R.Əzizov qeyd 
								etdi ki, bu il uşaq-gənclər idman və şahmat 
								məktəbləri arasında VIII Respublika müsabiqəsi 
								keçirilmişdir. 
								Natiq Təhsil 
								Nazirliyi sistemində 83 uşaq yaradıcılıq, 3 
								estetik tərbiyə, 10 gənc turistlər və 
								diyarşünaslıq, 5 məktəbdənkənar tərbiyə işi  
								mərkəzi və 1 bədii yaradıcılıq evinin fəaliyyət 
								göstərdiyini, bu mərkəzlərin uşaqların bədii və 
								estetik yaradıcılıqlarının inkişaf 
								etdirilməsində mühüm rol oynadığını vurğuladı. 
								O, ekologiya 
								mərkəzlərinin işindən də bəhs edərək hazırda 
								Təhsil Nazirliyinin tabeliyində 55 ekologiya 
								mərkəzinin fəaliyyət göstərdiyini, həmin 
								mərkəzlərin iştirakı ilə möhtərəm 
								Prezidentimizin elan etdiyi "Ekologiya ili"ndə 
								silsilə tədbirlərin, "Təbiət bizim 
								sərvətimizdir" respublika foto və rəsm 
								müsabiqələrinin, Dövlət Neft Şirkəti ilə 
								birlikdə Bakı şəhəri məktəbliləri arasında 
								"Ekoerudit" yarışının keçirildiyini bildirdi.
								 
								Ramin Əzizov 
								çıxışının sonunda özünün bir idmançı kimi 
								2011-ci ildə əldə etdiyi uğurlardan da söz açdı. 
								Bildirdi ki, bu il Fransada və Almaniyada 
								taekvando üzrə A kateqoriyalı yarışlarda müvafiq 
								olaraq I və III, Koreyada kişilər arasında dünya 
								çempionatında isə III yeri tutmuş, 80 kq çəki 
								dərəcəsində 2012-ci il London Yay Olimpiya 
								Oyunlarına lisenziya qazanmışdır.  
								
								 Kanadanın 
								Vaterloo Universitetinin III kurs tələbəsi 
								Nərmin Sultanova çıxışında bildirdi ki, 
								təhsil və yaşayış xərcləri ildə təqribən 40 min 
								ABŞ dolları olan Kanada kimi bir ölkədə təhsil 
								almaq onun kimi ailə büdcəsi məhdud olan 
								tələbələr üçün sadəcə xəyal ola bilərdi. Lakin 
								bu gün dövlətimizin yaratdığı imkanlar sayəsində 
								yüzlərlə azərbaycanlı gənc üçün həmin xəyallar 
								gerçəkliyə çevrilmişdir. 
								Artıq neçə 
								illərdir ki, Təhsil Nazirliyi Azərbaycan 
								gənclərinin xaricdə təhsil alması üçün müxtəlif 
								təqaüd proqramlarını idarə etməkdədir. 2007-ci 
								ilə qədər müxtəlif mübadilə proqramları 
								sayəsində əsasən Rusiya və Türkiyənin qabaqcıl 
								universitetlərində yüzlərlə tələbə təhsil 
								almışdır. Bu tələbələr bu gün də dövlətimizin 
								inkişafına öz töhfələrini verməkdədirlər. Lakin 
								bu növ mübadilə proqramlarında Azərbaycanın 
								ehtiyac duyduğu ixtisaslarda kadr hazırlığı 
								siyasətini həyata keçirmək o qədər də arzuolunan 
								səviyyədə deyildi. Elmi-tərəqqi və dünyanın 
								inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf 
								təcrübəsi baxımından bu  proqramlar tam ehtiyacı 
								təmin etmirdi. Məhz bu səbəb cənab Prezident 
								İlham Əliyev tərəfindən irəli sürülmüş qara 
								qızılı insan kapitalına çevirmək strategiyasını 
								həyata keçirmək məqsədilə xaricdə təhsil üzrə 
								Dövlət Proqramının yaranması zərurətini ortaya 
								qoydu. 
								N.Sultanova 
								diqqətə çatdırdı ki, 2007-ci ildə Almaniya, ABŞ, 
								Böyük Britaniya, İsveç, Niderland, Türkiyə və 
								Rusiya kimi ölkələrin ən qabaqcıl ali 
								məktəblərinə 66 nəfərin göndərilməsi ilə Dövlət 
								Proqramının icrasına başlanıldı. Başa vurduğumuz 
								tədris ilində bu rəqəm 800-ə yaxınlaşdı. 
								Başladığımız yeni tədris ilində isə bu rəqəm 
								1000 nəfəri aşacaqdır. 
								Ötən illərdən 
								fərqli olaraq bu il Dövlət Proqramının yerinə 
								yetirilməsində məzmun və forma baxımından 
								müəyyən mütərəqqi dəyişikliklər baş verdiyini 
								deyən N.Sultanova 2011-2012-ci tədris ilində 
								Dövlət Proqramı çərçivəsində xaricdə təhsil 
								almaq üçün respublikanın kadrlara olan tələbatı 
								nəzərə alınaraq mühəndislik, təbabət elmləri, 
								fundamental elmlər, ekologiya, kənd təsərrüfatı, 
								turizm və mühasibat uçotu ixtisaslarının 
								prioritet elan olunduğunu, digər yeniliyin 
								Dövlət Proqramına ərizələrin qəbulunun elektron 
								formada aparıldığını söylədi. Qeyd etdi ki, 
								"Dövlət orqanlarının elektron xidmətləri 
								göstərməsinin təşkili sahəsində bəzi tədbirlər 
								haqqında" Azərbaycan Respublikası Prezidentinin 
								bu ilin mayında imzaladığı məlum Fərmanı bu işin 
								sürətlənməsinə səbəb olub. 
								Növbəti dərs 
								ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə 
								təhsilə sənəd qəbulunun artıq başa çatdığını 
								deyən N.Sultanova sənəd qəbulu dövründə 
								nazirliyə 750-yə yaxın elektron ərizə ilə 
								müraciət edildiyini, 491 nəfərin isə öz 
								ərizəsini nazirlikdə təsdiqlədiyini bildirdi. 
								Diqqətə 
								çatdırıldı ki, Azərbaycanda istər orta təhsili, 
								istərsə də ali təhsilin 1-ci səviyyəsini uğurla 
								bitirmiş gənclərimiz dünyanın ən aparıcı 
								universitetlərində təhsillərini müvəffəqiyyətlə 
								davam etdirirlər. Vaterloo Universiteti 
								riyaziyyat və digər texniki sahələr üzrə 
								dünyanın ən qabaqcıl universitetlərindən 
								biridir. Lakin Azərbaycandan Dövlət Proqramı 
								çərçivəsində təhsil alan tələbələr bu 
								universitetdə ən çətin fənlərdən sayılan 
								riyaziyyat fənni üzrə ən yüksək nəticələri 
								göstərməyə nail olmuşdur. Ötən tədris ilində 
								universitetin 1-ci kurs tələbəsi Abid Orucovun 
								riyaziyyatdan 100 mümkün baldan 99 nəticə 
								göstərməsi bütün universitet rəhbərliyinin 
								heyrətinə səbəb olmuşdur. 
								Azərbaycan 
								məktəblərində istər dil biliklərinin, istərsə də 
								digər fənlərdən öyrəndikləri biliklərin onların 
								xaricdə təhsil almasını daha da asanlaşdırdığını 
								söyləyən N.Sultanova bunların Azərbaycan 
								məktəblərində qoyulan mükəmməl bünövrənin və 
								qazandıqları yüksək biliklərin nəticəsi  
								olduğunu vurğuladı. Bildirdi ki, bu yüksək 
								nəticələr Azərbaycan təhsili haqqında deyilən 
								mənfi fikirlərə tutarlı cavabdır. 
								Tələbə dedi: 
								Təbii ki, bizim birinci dərəcəli borcumuz yaxşı 
								oxumaq və yüksək səviyyəli peşəkarlar kimi 
								Azərbaycana qayıtmaqdır. Lakin onu da yaxşı başa 
								düşürük ki, oxuduğumuz ali məktəblərdə, 
								olduğumuz tələbə kollektivlərində, yaşadığımız 
								şəhərlərdə hər birimiz Azərbaycan xalqının 
								elçiləriyik. Bu gün ərazisinin 20 faizi işğal 
								altında olan bir ölkənin vətəndaşı olaraq bizlər 
								Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması 
								məsuliyyətini çiyinlərimizdə daşıyırıq. 
								 
								Çıxışçı onu da 
								vurğuladı ki, Təhsil Nazirliyinin idarə etdiyi 
								müxtəlif təqaüd proqramları çərçivəsində xaricdə 
								təhsil almış 2500-dən artıq məzun, o cümlədən 
								150-yə yaxın xaricdə təhsil üzrə Dövlət Proqramı 
								məzunu təhsilini uğurla başa vuraraq Vətənə 
								qayıtmış və Azərbaycanın dövlət və özəl 
								sektorunda uğurla fəaliyyət göstərməkdədir. 
								Xaricdə təhsil 
								üzrə müxtəlif mübadilə və təqaüd proqramlarının 
								əsas hədəflərindən biri olan Azərbaycanın 
								sabahkı ali məktəb professorlarının hazırlanması 
								sahəsində də uğurlu iş getdiyini diqqətə 
								çatdıran N.Sultanova həmin təqaüd proqramları 
								sayəsində magistratura və doktorantura 
								səviyyələrindən məzun olmuş gənclərin hazırda 
								pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycanın 
								müxtəlif təhsil ocaqlarında çalışdıqlarını 
								bildirdi. 
								O, çıxışının 
								sonunda cənab Prezident İlham Əliyev tərəfindən 
								gənclərə göstərilən diqqət və qayğını yüksək 
								qiymətləndirərək, Vətənə və dövlətə layiqli 
								vətəndaş və peşəkar mütəxəssis olmaq üçün 
								əllərindən gələni edəcəklərini, Azərbaycanın 
								qüdrətli dövlətə çevrilməsi üçün cənab 
								Prezidentin həyata keçirdiyi siyasətə öz 
								töhfələrini verəcəklərini söylədi.  
								
								 BDU-nun 
								tədrisin təşkili və təlim texnologiyaları üzrə 
								prorektoru, professor İradə Əliyeva 
								konfransda "Ali təhsil müəssisələrində elmi 
								tədqiqatlar: vəziyyət, problemlər, 
								perspektivlər" mövzusunda çıxış etdi. 
								İ.Əliyeva 
								bildirdi ki, Vahid Avropa təhsil məkanının 
								yaradılması, inteqrasiya prosesləri, informasiya 
								texnologiyalarının sürətli inkişafı təhsilə, 
								zəngin biliklərə və elmə malik olan, qloballaşan 
								dünyada rəqabətə tab gətirə bilən cəmiyyətin 
								qurulmasını tələb edir. 
								İnkişaf etmiş 
								dövlətlərin təcrübəsi göstərir ki, insan 
								potensialının formalaşmasında, yüksəkixtisaslı 
								kadrların hazırlanmasında əsas ağırlıq mərkəzi 
								məhz ali təhsil sisteminin üzərinə düşür. 
								Bu gün ali 
								təhsil müəssisələri təhsildə keyfiyyətə təminat 
								verə bilən, elmin son nailiyyətlərini özündə əks 
								etdirən elmi mərkəzlər kimi fəaliyyət 
								göstərməli, mütəxəssis hazırlığını beynəlxalq 
								standartlara və dövrün tələblərinə 
								uyğunlaşdırmalıdır. 
								Bunun üçün 
								Azərbaycan ali təhsil müəssisələrində elmi 
								infrastruktur və kifayət qədər elmi potensial 
								olduğunu deyən İ.Əliyeva bu gün Azərbaycan 
								universitetlərində dövlət büdcəsindən 
								maliyyələşən 4, təsərrüfat hesablı 1 
								elmi-tədqiqat institutunun, 4 elmi-tədqiqat 
								mərkəzinin, 92 elmi-tədqiqat laboratoriyasının 
								fəaliyyət göstərdiyini söylədi. Qeyd etdi ki, 
								hazırda respublikadakı elmlər doktorlarının 
								59,5%-i, fəlsəfə doktorlarının 62,9%-i, AMEA-nın 
								62 nəfər həqiqi və müxbir üzvü məhz ali təhsil 
								sistemində çalışır. 
								Bu reallıqları 
								nəzərə alaraq dövlət başçısı cənab İlham Əliyev 
								son illərdə ölkə həyatının bir çox strateji 
								əhəmiyyətli sahələri kimi, elmə, təhsilə xüsusi 
								qayğı göstərərək həmin sahələrdə dövrün 
								tələbləri ilə səsləşən islahatların həyata 
								keçirilməsinə dair bir neçə sərəncam 
								imzalamışdır. 
								Bütün bunların 
								nəticəsi kimi son illərdə dövlət büdcəsindən 
								elmi tədqiqatların aparılmasına ayrılan 
								vəsaitlərin dinamikasında artım müşahidə olunur. 
								Belə ki, 2011-ci ildə elmi tədqiqatlara ayrılan 
								vəsaitin 2007-ci ilə nisbətən 2,4 dəfə 
								artırılması nəzərdə tutulmuşdur. 2010-cu ildən 
								başlayaraq elmin maliyyələşməsinin yeni 
								mexanizmi tətbiq olunur. Elmi-tədqiqat 
								layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə 
								həyata keçirilməsi üçün son 2 ildə hər il dövlət 
								büdcəsindən 6 milyon manatdan artıq vəsait 
								ayrılmışdır. 
								2010 və 
								2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş 
								müsabiqələrdə ali məktəb alimləri 22 qrant 
								layihənin qalibləri olmuşlar. 
								Hazırda 
								dünyada elmi-tədqiqat işlərinin 
								maliyyələşməsinin bir sıra beynəlxalq fondların 
								proqramları çərçivəsində həyata keçirildiyinə 
								diqqət çəkən prorektor 2010-cu ildə təhsil 
								sistemində çalışan alimlərin 37 beynəlxalq 
								layihədə iştirak etdiyini, yalnız BDU-da Avropa 
								Birliyinin, Amerika Departamentinin, Avropa 
								Milli Elm Fondlarının, Səudiyyə Ərəbistanı 
								Krallığının və digər fondların maliyyə dəstəyi 
								ilə 5 mln. manat dəyərində 35 beynəlxalq 
								layihənin həyata keçirildiyini vurğuladı. 
								Bildirdi ki, bu layihələr çərçivəsində BDU-nun 
								maddi-texniki bazasının gücləndirilməsi məqsədi 
								ilə dəyəri 2 milyon manatdan artıq olan cihazlar 
								alınmışdır. 
								Lakin bununla 
								yanaşı, o da qeyd olundu ki, Avropa Birliyinin 
								2007-2013-cü illəri əhatə edən və elmi-texnoloji 
								inkişafa yönəlmiş 7-ci ÇP-nin büdcəsi 50,2 
								milyard avro təşkil etdiyi halda, Azərbaycan 
								alimləri bu proqramın maliyyə dəstəyindən 
								kifayət qədər istifadə edə bilmirlər. 
								Ali 
								məktəblərdə aparılan elmi tədqiqatlar barədə 
								məlumat verən İ.Əliyeva diqqətə çatdırdı ki, 
								2010-cu ildə ali təhsil müəssisələrində 587 elmi 
								problemi əhatə edən 2436 mövzu yerinə 
								yetirilmiş, onlardan 2097 mövzu tamamlanmışdır. 
								Tamamlanmış işlərdən 8-i istehsalatda, 2089-u 
								isə tədris prosesində tətbiq edilmişdir. 
								Ali təhsil 
								müəssisələrinin istehsalatla əlaqələri bir qədər 
								genişlənmişdir. Belə ki, istehsalat 
								müəssisələrinin sifarişləri əsasında ali təhsil 
								müəssisələri tərəfindən 2010-cu ildə yerinə 
								yetirilmiş işlərin sayı 23, həcmi isə 687500 
								manat olmuşdur. 
								2010-cu ildə 
								ali təhsil müəssisələrində çalışan alimlər 
								tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 
								dərs vəsaiti, 1421 adda proqram və metodik 
								ədəbiyyat nəşr edilmişdir. 
								Tomson Reyters 
								Agentliyinin Elmi İnformasiya İnstitutunun 
								bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi 
								sistemində çalışan alimlər tərəfindən son 3 ildə 
								nəşr olunmuş elmi məqalələrin sayı 3 dəfə 
								artmışdır. 
								İl ərzində 
								nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət 
								Universitetinin, 53-ü Dövlət Neft 
								Akademiyasının, 37-si Texniki Universitetin 
								payına düşür. 
								2010-cu ildə 
								48 ixtiraya patent, o cümlədən 1 Avrasiya 
								patenti alınmışdır. 
								Ali təhsil 
								müəssisələrində təhsil alan gənclərin 
								elmi-tədqiqat işlərinə cəlb olunmasını ali 
								məktəb elminin vacib sahələrindən sayan 
								İ.Əliyeva tələbələrin elmi konfranslarda, fənn 
								olimpiadalarında iştirak etdiyini, 
								universitetdaxili, respublika və beynəlxalq 
								qrant layihələrinə cəlb olunduqlarını söylədi. 
								Qeyd olundu 
								ki, müvafiq qərara əsasən Təhsil Nazirliyi 
								sistemində fəaliyyət göstərən 19 dövlət ali 
								təhsil müəssisəsində, Təhsil Problemləri 
								İnstitutunda və 5 özəl ali təhsil müəssisəsində 
								doktorantura yaradılmışdır. Yeni 
								doktoranturalara ilk qəbul 2011-ci ilin payız 
								aylarında keçiriləcəkdir.  
								Bütün bunlarla 
								yanaşı, elm sahəsində bir sıra problemlərin də 
								mövcud olduğunu deyən natiq diqqəti onların 
								bəzisinə cəlb etdi. Bildirdi ki, büdcədən elmə 
								sərf olunan xərclərin ümumi daxili məhsulda payı 
								0,2% təşkil edir. Halbuki inkişaf etmiş 
								ölkələrdə bu göstərici 2-3% arasındadır. Patent 
								aktivliyi baxımından ali təhsil müəssisələrinin 
								və bütövlükdə ölkə müəssisələrinin fəaliyyəti 
								qənaətbəxş deyildir. Bu gün Azərbaycan elmində 
								təhlükəli həddə gəlib çatan qocalma tendensiyası 
								müşahidə olunur. 
								Elmlər 
								doktorlarının yaş həddinin təhlili göstərir ki, 
								2011-ci ilin əvvəlinə dövlət ali təhsil 
								müəssisələrində 30 yaşa qədər elmlər doktoru 
								yoxdur, 61-70 yaş arası 30,9%, 70 yaşdan yuxarı 
								30,3% təşkil edir. 
								Fəlsəfə 
								doktorları arasında da yaş göstəriciləri 
								qənaətbəxş deyil: 30 yaşa qədər fəlsəfə 
								doktorlarının sayı cəmi 0,7%, 61 yaşdan yuxarı 
								fəlsəfə doktorlarının sayı isə 38,6% təşkil 
								edir. 
								İ.Əliyeva 
								çıxışında habelə elmin inkişafı, elmi və elmi 
								pedaqoji kadr hazırlığı, kitabxana informasiya 
								sisteminin inkişafı sahəsində həyata keçiriləcək 
								islahatların əsas istiqamətlərini diqqətə 
								çatdırdı. 
								  
								
								 Millət 
								vəkili, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə 
								heyətinin rəhbəri, Azərbaycan Dillər 
								Universitetinin rektoru, professor Səməd 
								Seyidov konfransda çıxış edərək Azərbaycanda 
								ali təhsilin problemləri və inkişaf 
								perspektivlərindən danışdı. 
								Çıxışına 
								Avropa ölkələri təhsil nazirlərinin 2009-cu ildə 
								qəbul etdikləri birgə bəyanatdan gətirdiyi 
								"2020-ci ilədək ali təhsil Avropanın yaradıcı və 
								innovativ olmasında həlledici rol oynayacaq" və 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin "İnkişafın innovasiya mərhələsinə 
								keçilməsi,.. təhsilin dünya standartlarına cavab 
								verməsi, müasir və innovativ təhsil sisteminin 
								təkmilləşdirilməsiE 2011-2021-ci illərdə 
								Azərbaycan təhsilinin inkişafı üzrə Milli 
								Strategiyanın hazırlanmasını tələb edir" 
								fikirlərini konfrans iştirakçılarının diqqətinə 
								çatdırmaqla başlayan S.Seyidov hər iki fikirdəki 
								2020-ci il və 2011-2021-ci illər tarixlərinin 
								üst-üstə düşməsini Azərbaycan Respublikası 
								Prezidentinin Avropada, dünyada gedən 
								islahatlara eyni istiqamətdə Azərbaycanda da 
								islahatlar həyata keçirməsi kimi mənalandırdı və 
								bu islahatların konkret sənədlərdə, Prezident 
								sərəncamlarında öz əksini tapdığını dedi. 
								Sonra rektor 
								ekranda nümayiş etdirdiyi bu yaxınlarda, eləcə 
								də son bir neçə il ərzində təhsillə, o cümlədən 
								ali təhsillə bağlı Prezident tərəfindən 
								imzalanmış "2011-2021-ci illərdə Azərbaycan 
								təhsilinin inkişafı üzrə Milli Strategiya"nın 
								hazırlanması", "2009-2013-cü illərdə Azərbaycan 
								Respublikasının ali təhsil sistemində islahatlar 
								üzrə Dövlət Proqramı"nın təsdiqi, "Azərbaycan 
								Respublikasının ali təhsil müəssisələrinin 
								Avropa ali təhsil məkanına inteqrasiyası ilə 
								bağlı bəzi tədbirlər haqqında" sərəncamlara 
								diqqəti yönəldərək onları çox vacib sənəd 
								adlandırdı, həmin sənədlərin hamısının, ilk 
								növbədə, Avropa Şurası, Avropa Birliyi və 
								YUNESKO tərəfindən Avropada, dünyada aparılan 
								islahatlarla üst-üstə düşdüyünü, ikinci bir 
								tərəfdən isə onların 2012-ci ilin yanvarından 
								Azərbaycanın Danimarka ilə birlikdə 47 ölkənin 
								iştirakçısı olduğu Boloniya prosesinə ilk dəfə 
								rəhbərlik etməyə başlaması nöqteyi-nəzərdən çox 
								əhəmiyyətli olduğunu vurğuladı. 
								S.Seyidov 
								bildirdi ki, Avropa öz inkişafını konkret 
								istiqamətlər üzrə artıq formalaşdırıb. AŞ, AB və 
								YUNESKO təşkilatlarının ali təhsillə bağlı  əsas 
								götürdükləri sosial və siyasi seçim imkanlarının 
								genişlənməsi; mobillik; ömürboyu təhsil; işlə 
								təminolunma imkanlarının genişlənməsi; tələbə 
								yönümlü təhsil və müəllimin ali məktəbdə yeni 
								missiyası; tədqiqatların və innovasiyaların 
								artırılması; beynəlxalq əlaqələr və çeviklik; 
								"Data toplumunun" idarə olunması və elektron 
								təhsil (elektron-universitet); ali məktəblərin 
								şəffaflıq alətlərinin inkişafı; keyfiyyətin 
								təminatı; qarşılıqlı tanınma; maliyyə və 
								fondların inkişafı kimi strateji istiqamətlər 
								Azərbaycan ali təhsil sisteminin inkişafı üçün 
								də ən vacib məsələlərdir və Dövlət Proqramında 
								öz əksini tapıb. 
								
								 Heydər 
								Əliyev Fondunun bu istiqamətlərdə mühüm işlər 
								gördüyünü xüsusi qeyd edən S.Seyidov Azərbaycan 
								Respublikası Prezidentinin, təhsil siyasətinin, 
								Milli Məclisinin qəbul etdiyi "Təhsil haqqında" 
								Azərbaycan Respublikası Qanununun, ölkənin ali 
								təhsil müəssisələrində gedən yenidənqurma 
								işlərinin göstərilən istiqamətlərin həyata 
								keçirilməsi üçün əsas yaratdığını söylədi. Lakin 
								bu işləri hansısa mənada qənaətləndirici saymaq 
								mümkün olsa da, Azərbaycanda ali təhsil 
								sahəsində tam şəkildə islahatların aparılması 
								üçün kifayət etmədiyini deyən rektor fikrini 
								Avropa təhsil islahatları ilə Azərbaycandakı 
								təhsil islahatları arasında böyük fərq olması 
								ilə əlaqələndirdi. Bildirdi ki, Avropa artıq öz 
								təhsil sisteminin dəyərlərini oturuşdurub, 
								xarici əlaqələrini və s. inkişaf etdirib. Bu gün 
								Avropada daha çevik, daha mobil, daha innovativ, 
								daha cazibədar təhsil sisteminin inkişafı ilə 
								bağlı islahatlar həyata keçirilir. Azərbaycanda 
								isə məsələ bir qədər fərqlidir. Buna görə də 
								S.Seyidov Azərbaycanda da daha çevik, mobil, 
								cazibədar, innovativ ali təhsil sistemi yaratmaq 
								üçün fundamental, köklü islahatların vaxtı 
								çatdığını vurğuladı. 
								Fikrini sübut 
								üçün rektor bir sıra konkret faktlar gətirdi. O, 
								öncə konfrans iştirakçılarının diqqətini 
								ayrı-ayrı ölkələrdə 10 min nəfər əhaliyə düşən 
								tələbə sayının statistikasına yönəltdi. Həmin 
								statistikanı əks etdirən diaqramdan aydın oldu 
								ki, Azərbaycan misal gətirilən müxtəlif inkişaf 
								səviyyəli 12 ölkə arasında bu göstəriciyə görə 
								sonuncu yeri tutur. Məsələn, ABŞ-da hər 10 min 
								nəfərə 445 tələbə düşdüyü halda, Azərbaycanda bu 
								göstərici 156-dır. Məsələyə başqa yöndən də 
								yanaşdığını, Azərbaycanı ABŞ-la deyil, ərazisinə 
								və əhalisinin sayına görə bizə bərabər və ya 
								yaxın olan ölkələrlə də müqayisə etdiyini deyən 
								rektor, həmin göstəriciləri əks etdirən cədvəli 
								nümayiş etdirdi. Aparılan müqayisə və təhlildən 
								aydın oldu ki, 9 milyon əhalisi olan Avstriyada 
								268 min, 10 milyon əhalisi olan Belarusda 290 
								min, 6 milyon əhalisi olan Finlandiyada 200 min, 
								10 milyon əhalisi olan Macarıstanda 289 min, 
								üst-üstə 7,2 milyon əhalisi olan Baltikyanı 
								ölkələrdə (Estoniya, Latviya, Litva) 250 min 
								tələbə olduğu halda, 9 milyon əhalisi olan 
								Azərbaycanda cəmi 128 min tələbə var. 
								Həmin cədvəl 
								əsasında müəllimlərin sayı üzrə də müqayisə 
								aparan natiq hazırda Azərbaycanın ali təhsil 
								sistemində çalışan müəllimlərin sayının 22 min 
								nəfər olduğunu, həmin göstəricinin müqayisə 
								olunan ölkələrlə təxminən eyniyyət təşkil 
								etdiyini dedi. Bundan çıxış edən S.Seyidov 
								ölkədə ya tələbələrin sayının artırılmalı, ya da 
								müəllimlərin sayının azaldılmalı olduğunu 
								deyərək, hər iki istiqamətdə iş aparılmasını 
								lazım bildi. Tələbələrin sayını artırmağın 
								zəruri olduğunu deyən rektor hazırda sürətlə 
								inkişaf edən ölkələrimizdə bunun üçün kifayət 
								qədər imkanlar olduğunu, həmin imkanlardan 
								istifadə etməklə dünyada mövcud olan sistemə, 
								ölkələrə yaxınlaşmaq lazım gəldiyini vurğuladı. 
								Konfrans 
								iştirakçılarının diqqətini digər bir məsələyə də 
								yönəldən S.Seyidov bildirdi ki, universitet bu 
								adı daşıması üçün ən elementar məsələlərə cavab 
								verməlidir ki, həmin məsələlərdən biri də 
								yataqxana məsələsidir. Natiq bu sahədə, yəni 
								ümumi tələbələrin sayına nisbətdə neçə yataqxana 
								yerinin olması ilə bağlı müqayisələr aparmaq 
								üçün iki ölkəni -  Avstriya və Almaniyanı 
								götürdüyünü bildirərək diqqətə çatdırdı ki, 
								Avstriyada hər üç, Almaniyada isə hər beş 
								tələbəyə bir yataqxana yeri düşür. ABŞ və Böyük 
								Britaniyada isə ümumiyyətlə  bu problem yoxdur. 
								Bu məsələnin bizim üçün çox vacib bir problem 
								olduğunu deyən natiq, onun həlli istiqamətində 
								ciddi düşünmək lazım gəldiyini söylədi. 
								S.Seyidov 
								çıxışında ali məktəblərdə təhsil alan qaçqın və 
								köçkün tələbələrin təhsilhaqqı məsələsinə də 
								toxunaraq universitetlərin belə tələbələrin 
								təhsilini yüksək səviyyədə təşkil etmələrinə 
								baxmayaraq onların nə dövlətdən, nə də hansısa 
								mənbədən vəsait almadıqlarını bildirdi. Lakin 
								iclasda iştirak edən Azərbaycan Respublikası 
								Prezidenti Administrasiyasının şöbə müdiri 
								F.Abdullazadənin S.Seyidovun çıxışına müdaxilə 
								edərək verdiyi məlumatdan aydın oldu ki, bununla 
								əlaqədar müvafiq Prezident sərəncamı hazırlanır 
								və problem yaxın günlərdə öz həllini tapacaqdır. 
								Çıxışının 
								sonunda ali məktəblərdə qiymətləndirmə 
								sistemindən də söz açan S.Seyidov bildirdi ki, 
								Boloniya prosesinə qoşulan bütün ölkələrdə 
								olduğu kimi, Azərbaycanın ali təhsil 
								müəssisələrində də Avropa Kredit Transfer 
								Sistemi həyata keçirilir. Ali məktəblərdə 
								işləyən şəxslər bilirlər ki, artıq 
								qiymətləndirmə sistemi dəyişib, kreditlər, yeni 
								kurikulumlar var. Tələbə-müəllim münasibətləri 
								yenilənib. Lakin yaddan çıxarılır ki, Avropa 
								Kredit Transfer Sistemi yalnız yeni 
								qiymətləndirmə sistemi deyil, həm də yeni 
								mobillik sistemidir. Yəni kredit sisteminin 
								universitetlərdə tətbiq olunması tələbənin bir 
								universitetdən o biri universitetə gedişi, orada 
								oxuyandan sonra yenidən başqa - üçüncü 
								universitetə gedişi və dördüncü universitetdə 
								təcrübə alandan sonra öz ana universitetinə 
								qayıdıb diplom alması ilə müşayiət olunmalıdır. 
								Azərbaycanda 
								qiymətləndirmə  tətbiq edilsə də, sistemin 
								ikinci tərəfinin indiyədək işləmədiyini qeyd 
								edən S.Seyidov yenicə aldığı məlumata görə, 
								artıq bu sahədə də iş getdiyini, müvafiq 
								əsasnamə hazırlandığını diqqətə çatdırdı. 
								Bildirdi ki, Azərbaycandakı ali təhsil 
								müəssisələrinin beynəlxalq əlaqələri yüksək 
								səviyyədə olsa da, öz aralarında münasibətləri 
								zəiflədir. Çıxışçı  xatırlatdı ki, Avropada 
								mövcud olan tələbə görə universiteti 
								bitirənlərin 20 faizi digər ali məktəblərdə 
								hansısa formada təcrübə keçməlidir. 
								Ali təhsil 
								sisteminin islahatı istiqamətləri haqqındakı 
								fikirlərini yekunlaşdıran S.Seyidov bu sahədə 4 
								dairənin mövcud olduğunu, onlardan birini 
								Azərbaycan Respublikası Prezidentinin islahat 
								siyasəti, ikincisini Azərbaycan təhsil 
								sisteminin islahatla bağlı işləri, üçüncüsünü 
								Azərbaycan ictimaiyyətinin təhsil islahatları 
								ilə bağlı gözləntiləri, dördüncüsünü isə 
								beynəlxalq tələblər təşkil etdiyini vurğulayan 
								rektor hazırda bir qismi üst-üstə düşən bu 
								dairələrin gələcəkdə tam üst-üstə düşməsi üçün 
								ciddi çalışmaq lazım olduğunu diqqətə çatdırdı. 
								
								
								*** 
								Çıxışlar başa 
								çatdıqdan sonra təhsil naziri konfrans 
								iştirakçılarına bir daha təşəkkürünü bildirdi, 
								onları yeni dərs ilinin başlanması münasibəti 
								ilə  təbrik etdi. Bununla da konfrans öz işini 
								yekunlaşdırdı. 
								
								
								Yusif ƏLİYEV, 
								Ədalət DAŞDƏMİRLİ   |