| 
								 
								 Sentyabrın 
								6-da Bakıdakı "Hyatt Regency" otelinin Quba 
								zalında Bakı şəhəri təhsil işçilərinin konfransı 
								keçirildi.  
								Konfrans 
								başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana 
								gələrək ümummilli lider Heydər Əliyevin əziz 
								xatirəsini ehtiramla yad etdilər, məzarı önünə 
								gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim, 
								akademik Zərifə xanım Əliyevanın da məzarı 
								ziyarət olundu. 
								Konfransda 
								təhsil naziri Misir Mərdanov, Azərbaycan Təhsil 
								İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
								Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Binəqədi 
								Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, 
								millət vəkilləri, müxtəlif dövlət və 
								qeyri-hökumət təşkilatlarının təmsilçiləri, 
								respublikanın tanınmış alim və pedaqoqları, 
								paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər 
								və məktəbdənkənar müəssisələrinin rəhbərləri, 
								müəllimlər, KİV nümayəndələri iştirak edirdilər. 
								Azərbaycan 
								Respublikasının Dövlət himni səsləndirildikdən 
								sonra konfrans öz işinə başladı. 
								"2010-2011-ci 
								dərs ilinin yekunları və yeni dərs ilində 
								qarşıda duran vəzifələr" mövzusunda 
								məruzə-təqdimatla çıxış üçün söz Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyevaya verildi.        
								Konfrans 
								iştirakçılarını qarşıdan gələn yeni dərs ili 
								münasibətilə təbrik edən Nailə xanım hazırda 
								dövlətin təhsil siyasətinin prioritet 
								sahələrindən birinin hər bir vətəndaşın 
								keyfiyyətli və fasiləsiz təhsil alması imkanının 
								təmin edilməsi və bunun üçün şəraitin 
								yaradılması olduğunu söylədi. Qeyd etdi ki, son 
								illər ölkə başçısı cənab İlham Əliyevin diqqət 
								və qayğısı, həmçinin Heydər Əliyev Fondunun 
								dəstəyi ilə təhsil sahəsində köklü islahatlar 
								aparılır. Artıq bu islahatların ən mühüm 
								mərhələsinə qədəm qoyulub. Təhsilin məzmunu və 
								təlimin təşkilinə verilən tələblərdə ciddi 
								yeniləşmə və müasirləşmə prosesləri gedir. 
								
								 Məruzəçi 
								ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin Strateji planının hazırlanaraq təsdiq 
								edilməsini gələcək fəaliyyətin istiqamətlərini 
								müəyyən etməklə yanaşı, həm də yaxın gələcəkdə 
								perspektivləri də müəyyən etmək  baxımından 
								faydalı olduğunu bildirdi. Belə ki, Strateji 
								planda nəzərdə tutulmuş tədbirlər həyata 
								keçirilmiş, təhsil müəssisələrində təlimin 
								keyfiyyət göstəricilərinin yaxşılaşdırılması 
								əsas hədəf olaraq saxlanılmışdır. 
								Bakı şəhərində 
								pedaqoji kadrların işə qəbulunun vahid 
								mexanizminin tətbiq edilməsi və onun daim 
								təkmilləşdirilməsi, vakant yerlərə müsabiqə yolu 
								ilə müəllim qəbulu məktəblərin keyfiyyətli kadr 
								təminatında mühüm rol oynamışdır. 
								Təhsil 
								sistemində İKT infrastrukturunun inkişaf 
								etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya 
								standartları səviyyəsinə çatdırılması ölkəmizdə 
								aparılan islahatların prioritet 
								istiqamətlərindən biri olduğunu konfrans 
								iştirakçılarının diqqətinə çatdıran Nailə 
								Rzaquliyeva hazırda Bakının 139 ümumtəhsil 
								məktəbinin genişzolaqlı İnternet şəbəkəsinə 
								qoşulduğunu, bütün məktəblərdə lokal şəbəkələrin 
								yaradıldığını söylədi. Qeyd olundu ki, son 
								illərdə tətbiq edilən "Elektron məktəb" 
								layihəsinin əhatə dairəsi genişlənib, 
								məktəblərdə elektron dərs vəsaitlərindən 
								səmərəli istifadə olunur. 
								Məruzəçi onu 
								da bildirdi ki, bu gün idarəetmə və nəzarət 
								mexanizminin səmərəsini artırmaq üçün 
								informasiya texnologiyalarından istifadə 
								qaçılmazdır. Başqa sözlə, mövcud vəziyyəti 
								operativ təhlil etmək, qiymətləndirmək  və 
								nəticədə əsaslandırılmış optimal qərarlar qəbul 
								etmək üçün təhsilin idarə olunmasının məlumat 
								sistemi önəmli işlər görür. Hazırda Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin TİMS bazasında 
								"Məktəblər", "Hesabatlar", "Kadrlar", 
								"Şagirdlər" bloku var. Bazada 42598 kadr və 
								315008 şagird haqqında məlumat yerləşdirilib. 
								TİMS-in "Məktəbəqədər təhsil" modulunun 
								hazırlanması və tətbiqi ilə bağlı proqram 
								təminatı yaradılıb. Məktəbəqədər təhsil 
								müəssisələri haqqında məlumatların həmin bazaya 
								daxil edilməsi işi artıq başa çatmaq üzrədir.
								 
								Təhsilin 
								keyfiyyətli idarə edilməsinə nail olmaq üçün 
								əsas şərtlərdən birinin mükəmməl maddi-texniki 
								baza və təhsil infrastrukturu olduğunu söyləyən 
								N.Rzaquliyeva respublika Prezidenti cənab İlham 
								Əliyev tərəfindən təhsil müəssisələrinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsinə, 
								təhsil infrastrukturunun inkişafına xüsusi 
								diqqət yetirildiyini dedi.  
								Qeyd etdi ki, 
								yay tətili dövründə dövlət vəsaiti hesabına 57 
								uşaq bağçasında, 54 məktəbdə və 2 məktəbdənkənar 
								təhsil müəssisəsində təmir, tikinti işləri 
								başlanmışdır. Artıq bu günlərdə əksər təhsil 
								müəssisələrinin yenidən qurulması və təmiri başa 
								çatdırılıb. İl ərzində 7 məktəbdə, 8 körpələr 
								evi-uşaq bağçasında əsaslı, 15 məktəbdə, 23 uşaq 
								bağçasında, 1 məktəbdənkənar təhsil 
								müəssisəsində isə cari təmir işləri aparılıb. 
								Bununla yanaşı, 13 məktəb və 10 uşaq bağçasının 
								istilik sistemi təmir edilmiş, təhsil 
								müəssisələri zəruri inventar və avadanlıqlarla 
								təmin olunub. Nailə xanım Heydər Əliyev Fondunun 
								təhsil müəssisələrinin təmiri və tikintisi 
								sahəsində dəstəyini də xüsusi vurğuladı. 
								
								Məruzə-təqdimatında N.Rzaquliyeva təhsilin ilk 
								pilləsi və bünövrəsi sayılan məktəbəqədər 
								təhsillə bağlı həyata keçirilən tədbirlərdən 
								geniş bəhs etdi. Verilən məlumatdan aydın oldu 
								ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								tabeliyində 307 məktəbəqədər təhsil müəssisəsi 
								vardır. Fəaliyyətdə olan 302 məktəbəqədər təhsil 
								müəssisəsində uşaqların sayı 34369 olmaqla 1539 
								qrup var. Həmin uşaqların təlim-tərbiyəsi ilə 
								3765 pedaqoji işçi məşğul olur. Bu il Bakı 
								şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrindən 
								9176 uşaq məktəbə yola salınacaqdır. Son illər 5 
								yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb 
								olunması vəziyyətinin də xeyli yaxşılaşdığını, 
								məktəbəqədər təhsil müəssisələrində 
								məktəbəhazırlıq qruplarının şəbəkəsinin xeyli 
								genişləndiyini deyən Nailə xanım bununla bağlı  
								statistik rəqəmləri diqqətə çatdırdı. 
								Daha sonra 
								qeyd olundu ki, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin tabeliyində 308 tam orta, 3 ümumi 
								orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə 
								müəssisəsində axşam məktəbi var. Həmin 
								məktəblərdə 31843 müəllim 316594 şagirdin 
								təlim-tərbiyəsi ilə məşğul olur. 
								Təhsil 
								sahəsində yeni qiymətləndirmə mexanizmlərinin 
								tətbiqi, orta məktəblərdə buraxılış 
								imtahanlarının mərkəzləşdirilmiş qaydada 
								keçirilməsinin təhsilin keyfiyyətinə müsbət 
								təsir etdiyini söyləyən məruzəçi ötən dərs 
								ilinin bununla bağlı nəticələrini açıqladı. Onu 
								da bildirdi ki, ümumtəhsil məktəblərimizin XI 
								siniflərində dərs ilinin sonunda 23019 şagird 
								olmuş, onlardan 20304-ü  (88,2 faiz) attestat 
								alaraq tam orta təhsili başa  vurub. Dövlət 
								müstəqilliyimizin elan olunmasından keçən dövr 
								ərzində ilk dəfə olaraq bu il tam orta təhsili 
								yüksək səviyyədə başa vuran 14 məzuna qızıl, 4 
								məzuna isə gümüş medal verilib. Qızıl və gümüş 
								medal  alan məzunların qəbul imtahanlarında orta 
								balı 628 olub. 2011-2012-ci dərs ili üzrə ali 
								məktəblərə tələbə qəbulunda Bakı məktəbləri 
								məzunlarının xüsusi  çəkisi  artıb. Belə ki, 
								2011-ci ildə məzunların 47,43 faizi tələbə adını 
								qazanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								yarandığı 5 ildə bu parametr üzrə artım təqribən 
								12,64 faizdir. Sevindirici haldır ki, son 5 ildə 
								respublika üzrə ən yüksək göstəricilər Bakı 
								şəhərinə məxsusdur. Bakı şəhəri məzunlarının 
								orta balı da respublika üzrə orta göstəricidən 
								24 bal yuxarıdır. 2011-2012-ci dərs ili üzrə 
								tələbə qəbulunun nəticələrinə görə hər 16 
								abituriyentdən biri 600-dən, hər 9 
								abituriyentdən ikisi 500-dən yuxarı bal 
								toplayaraq tələbə adını qazanıb. Məzunların 
								yüksək bal toplamalarının ürəkaçan bir hal 
								olduğunu söyləyən Nailə Rzaquliyeva daha sonra 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2006-2011-ci 
								illəri əhatə edən fəaliyyəti dövründə paytaxt 
								məktəbləri məzunlarının ali məktəblərə qəbulu 
								zamanı topladıqları balların illər üzrə 
								təhlilini apardı, onları ətraflı şərh etdi. Onu 
								da bildirdi ki, respublika üzrə 700 bal toplayan 
								4 gəncin hamısı Bakı məktəblərinin məzunlarıdır. 
								Məktəbli 
								formasının tətbiqinə 2007-ci ildən 
								başlanıldığını deyən məruzəçi bu  ildən etibarən 
								paytaxtın ümumtəhsil məktəblərinin bütün 
								siniflərində vahid formaya  keçidin başa 
								çatdırılmasının nəzərdə tutulduğunu qeyq etdi.
								 
								Təhsil 
								sistemində yeni təlim texnologiyalarından 
								səmərəli şəkildə istifadə edən müəllimlərin 
								sayının getdikcə artmasının ürəkaçan olduğunu 
								söyləyən N.Rzaquliyeva Bakı şəhərindəki 
								məktəblərdə sözün yaxşı mənasında güclü bir 
								rəqabətin formalaşdığını dedi. Bildirdi ki, hər 
								bir müəllim indi fəal təlim metodları üzrə 
								kurslarda iştirak etməyə böyük maraq göstərir, 
								öyrənir, tətbiq edir və öyrədir. 
								Ölkə başçısı 
								cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun 
								olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" 
								və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı 
								şəhəri məktəblərinin və müəllimlərinin uğurlu 
								nəticələri də bu sahədə ciddi inkişafın olduğunu 
								göstərir. Məlumat üçün bildirildi ki, bu il Bakı 
								şəhərinin 22 məktəbi "Ən yaxşı ümumtəhsil 
								məktəbi", 49 müəllim isə "Ən yaxşı müəllim" 
								adına layiq görülüb. 
								Xüsusi 
								istedada malik uşaq və yeniyetmələrin aşkara 
								çıxarılması və inkişaf etdirilməsi ilə bağlı 
								müxtəlif mövzularda təhsil müəssisələrində 
								keçirilən silsilə tədbirlərə də toxunan Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, həmçinin 
								şagirdlərin fənn olimpiadalarının respublika 
								turunda əldə etdikləri nailiyyətlərdən, 
								beynəlxalq səviyyəli idman yarışlarında 
								qazandıqları uğurlardan danışdı.  
								N.Rzaquliyeva 
								2010-2011-ci dərs ilində ən əlamətdar 
								hadisələrdən birinin də paytaxtın möhtəşəm 
								saraylarından biri sayılan "Buta"da "Məzun-2011" 
								adlı tədbirin keçirilməsi olduğunu bildirdi. 
								Qeyd etdi ki, Bakı şəhərinin orta məktəblərini 
								əla təhsillə və nümunəvi davranışla bitirən, 
								ictimai fəallığı ilə seçilən, yüksək təhsil 
								göstəricilərinə görə qızıl və gümüş medallarla 
								təltif olunan 2010-2011-ci dərs ilinin məzunları 
								ilə keçirilən bu tədbir ictimai marağa səbəb 
								olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik 
								tərbiyəsində də mühüm əhəmiyyət kəsb etdi.
								 
								
								Məruzə-təqdimatında ötən dərs ilində görulən 
								işlərdən, qazanılan uğurlardan geniş söz açan, 
								müəyyən nöqsan və çatışmazlıqları ətraflı təhlil 
								edən Nailə xanım onların aradan qaldırılması 
								istiqamətində bir sıra tədbirlərin həyata 
								keçiriləcəyini dedi. Qeyd etdi ki, təhsilin 
								keyfiyyət baxımından inkişafını vəzifə kimi 
								qarşıya qoyan Bakı Şəhəri  üzrə Təhsil İdarəsi 
								bundan sonra da həmin vəzifəni yerinə yetirmək 
								üçün bütün imkanlarını və qüvvəsini səfərbər 
								edərək gənc nəslin təlim-tərbiyəsi sahəsində 
								daha yaxşı nəticələr qazanmağa çalışacaqdır. 
								Çıxışının sonunda Nailə Rzaquliyeva təhsil 
								işçilərinin Bakı təhsilinin inkişafında daha 
								böyük uğurlara imza atacaqlarına əmin olduğunu 
								söylədi. 
								Sonra 
								konfransda məruzə ətrafında çıxışlar edildi. "Ən 
								yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, 
								Bakı şəhərindəki 279 nömrəli məktəbin direktoru 
								Oqtay Səmədov, 83 nömrəli məktəb-liseyin 
								direktor müavini Yaşar Həmidov, 12 nömrəli 
								İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq 
								-Gənclər İdman Məktəbinin direktoru Elçin 
								Mehdizadə, 169 nömrəli körpələr evi- uşaq 
								bağçasının tərbiyəçisi Təbiət Vəliyeva, 
								Bağça-məktəb-lisey kompleksinin Valideyn 
								Komitəsinin sədri, VMA-nın üzvü Səidə 
								İsmayılova, "Ən yaxşı müəllim" müsabiqəsinin 
								qalibi, 87 nömrəli məktəbin ingilis dili 
								müəllimi Natəvan Daştiyeva çıxış edərək ötən 
								müddət ərzində Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin təhsilin keyfiyyətinin yüksəldilməsi, 
								inkişafı istiqamətində gördüyü işləri müsbət 
								qiymətləndirdilər, qazanılan uğurlardan söz 
								açdılar. Qəbul imtahanlarında 700 bal toplamış 
								Ləman Məmmədova belə bir yüksək nəticənin əldə 
								olunmasında onun üzərində zəhməti olan 
								müəllimlərinə, valideynlərinə təşəkkür etdi. 
								Konfransda 
								təhsil naziri Misir Mərdanov çıxış edərək bütün 
								təhsil işçilərini qarşıdan gələn "Bilik günü" 
								münasibətilə təbrik etdi, onlara işlərində 
								yeni-yeni nailiyyətlər arzuladı. Bakı 
								təhsilinin  uğurlarının ildən-ilə artdığını 
								deyən nazir  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								fəaliyyətindən razı qaldığını bildirdi və 
								qurumun gördüyü işləri yüksək dəyərləndirdi.
								 
								Təhsil naziri 
								ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi 
								hörmət və ehtiramla yanaşdığını, hər zaman 
								təhsilə önəm verdiyini söylədi. Nazir hazırda 
								ümummilli liderin layiqli davamçısı, ölkə 
								başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan 
								elminin, təhsilinin inkişafına, eyni zamanda 
								təhsil işçilərinə göstərilən qayğı və diqqətdən, 
								Heydər Əliyev Fondunun bu istiqamətdə həyata 
								keçirdiyi tədbirlərdən ətraflı danışdı. 
								Bu gün bizim 
								nümunəvi məktəblərimizin, yüksək savada və 
								bacarığa malik, öz işinə yaradıcı yanaşan 
								müəllimlərimizin olduğunu deyən təhsil naziri 
								onların təhsilimizə başucalığı gətirdiyini 
								bildirdi.  
								Çıxışında bir 
								sıra həlli vacib məsələlərə də ətraflı toxunan 
								nazir Misir Mərdanov bununla bağlı fikir və 
								mülahizələrini söylədi, konfrans  
								iştirakçılarına dəyərli tövsiyələr verdi. 
								Konfransın 
								sonunda ölkəmizdə təhsil sahəsində görülən 
								işlərdən, əldə edilən uğurlardan, həmçinin Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətindən 
								bəhs edən filmin nümayişi hamı tərəfindən 
								maraqla qarşılandı.       
								
								
								Samirə KƏRİMOVA   |