| 
								 
								 Azərbaycanın 
								təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. 
								Bakı Dövlət Universitetinin Fiziki coğrafiya 
								kafedrasının müdiri, əməkdar elm xadimi, 
								Azərbaycan Respublikası Prezidentinin fərdi 
								təqaüdçüsü, professor Müseyib Ağababa oğlu 
								Müseyibov ömrünün 84-cü ilində vəfat etmişdir. 
								Müseyib 
								Ağababa oğlu Müseyibov 1927-ci ildə Tovuz 
								rayonunda anadan olmuşdur. 1944-cü ildə 
								A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini, 
								1949-cu ildə Bakı Dövlət Universitetinin 
								Geologiya-coğrafiya fakültəsini bitirmişdir. 
								1954-cü ildə  
								namizədlik ("Ceyrançölün geomorfologiyası"), 
								1963-cü ildə doktorluq ("Orta Kür çökəkliyinin 
								geomorfologiyası və yeni tektonik hərəkətləri") 
								dissertasiyası müdafiə edib. 1960-cı ildən 
								BDU-nun Fiziki coğrafiya kafedrasının müdiri, 
								2000-ci ildən Coğrafiya fakültəsinin dekanı 
								vəzifələrində işləmişdir. 
								1967-ci ildən 
								1991-ci ilə qədər SSRİ Ali Təhsil Nazirliyinin 
								Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin, 
								Respublika Ali Attestasiya Komissiyasının üzvü 
								olmuşdur. 1971-ci ildən Azərbaycan Ali Təhsil 
								Nazirliyinin Elmi-Metodik Şurasının, 1992-ci 
								ildən Azərbaycan  Respublikası Təhsil 
								Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya 
								bölməsinin sədri, 1994-cü ildən Azərbaycan 
								Respublikası Prezidenti yanında TQDK-nın 
								Coğrafiya seminarının rəhbəri, 1991-ci ildən 
								Tovuz rayonunun erməni daşnaklarından 
								müdafiəsinə yardım məqsədilə  yaradılmış "Tovuz 
								xeyriyyə cəmiyyəti"nin əsas yaradıcılarından 
								biri və ağsaqqallar şurasının sədri olmuşdur. 
								Professor 
								M.A.Müseyibov Azərbaycan Respublikasının ali və 
								ümumtəhsil məktəbləri üçün tədris planlarının, 
								dərslik və dərs vəsaitlərinin, tədris və elmi 
								xəritələrin tərtibində müəllif, yaxud redaktor 
								kimi əvəzsiz xidmət göstərmişdir. Onun təklifi 
								ilə Azərbaycan Respublikası orta məktəblərinin 
								X-XI siniflərində "Yerşünaslıq" və "Türk 
								Dünyasının coğrafiyası" fənlərinin tədrisinə 
								başlanıb və onların proqram və dərslikləri 
								yaradılıb. Ali məktəblərin coğrafiya fakültələri 
								üçün M.A.Müseyibovun yazdığı "Azərbaycanın 
								fiziki coğrafiyası" dərsliyi ("Maarif" 
								nəşriyyatı, 1998) öz orijinallığı ilə nəinki 
								əvvəlki dərsliklərdən fərqlənir, hətta bu 
								dərslikdə coğrafiyanın bir sıra problem 
								məsələləri, o cümlədən Azərbaycan relyefinin 
								əmələ gəlməsi, neotektonik  hərəkətlərin 
								səbəbinin yeni qlobal tektonika nəzəriyyəsi ilə 
								əsaslandırılması, Azərbaycan torpaqlarının, 
								xüsusilə  iqliminin təsnifatına dair elmi  
								ədəbiyyatda hökm sürən yanlış fikir və ideyalara 
								aydınlıq gətirməsi elmi ictimaiyyət tərəfindən 
								yüksək qiymətləndirilmişdir.  
								
								M.A.Müseyibovun coğrafiya elminə gətirdiyi mühüm 
								yeniliklərdən biri Azərbaycan ərazisi 
								landşaftlarının evolyusiyasına dair son 10 
								milyon ildə baş vermiş transformasiyaları 
								araşdırmaq və onun səbəblərini izah etməklə 
								yanaşı, paleolandşaft xəritələri ilə müşayiət 
								olan  monoqrafiyanı (2003) yaratmaq olmuşdur. 
								Hazırda Bakı 
								Dövlət Universitetinin Coğrafiya fakültəsində 
								tədris edilən "Ümumi geomorfologiya", "Qitələrin 
								fiziki coğrafiyası", "Azərbaycanın fiziki 
								coğrafiyası", orta məktəblərdə  tədris edilən 
								"Yerşünaslıq" (X sinif), "Türk Dünyasının 
								coğrafiyası" (XI sinif) dərslikləri 
								M.A.Müseyibovun əsas müəllifliyi ilə 
								yaradılmışdır. M.A.Müseyibov Azərbaycanın, 
								Cənubi  Qafqazın landşaftı, SSRİ-nin 
								geomorfoloji, Azərbaycanın  neotektonik  
								hərəkətləri   xəritələrinin və orta məktəblərin 
								VI və VII sinifləri üçün atlasların əsas 
								müəlliflərindən, "Qafqazın regional 
								geomorfologiyası" (Moskva, 1979); "Orta Kür 
								çökəkliyinin geomorfologiyası" (Azərnəşr, 1975); 
								"Təbiətin təzadları" (Azərnəşr, 1991);    
								"Landşaftı Azerbaydjana" (BDU, 2003); 
								"Azərbaycanın geomorfologiyası" (BDU, 1975)  və  
								bir  sıra  başqa dərslik, dərs  vəsaiti və  
								monoqrafiyaların  müəllifi və 
								həmmüəlliflərindəndir. 
								M.A.Müseyibov 
								1960-cı ildən SSRİ Coğrafiya Cəmiyyətinin Lvov, 
								Tbilisi, Moskva, Kazan, Sankt-Peterburq, Bişkek 
								və b. qurultaylarının, Beynəlxalq Coğrafiya 
								İttifaqının Kanada, Moskva konfranslarının 
								iştirakçısı, paleoiqlimşünaslığa dair 
								Sovet-Amerika simpoziumunun təşkilatçılarından 
								olmuş və maraqlı məruzələrlə  çıxış etmişdir. 
								Azərbaycan 
								Geologiya İdarəsinin sifarişi ilə professor 
								M.A.Müseyibovun  rəhbərliyi altında 1967-ci 
								ildən 1985-ci ilə qədər  böyük həcmli təsərrüfat 
								müqaviləsi işləri yerinə yetirilmiş, meliorasiya 
								məqsədləri üçün Azərbaycanın düzənlik 
								ərazilərinin irimiqyaslı geomorfoloji və 
								landşaft  xəritələri tərtib edilmişdir. 
								 
								Professor 
								M.A.Müseyibovun  rəhbərliyi altında 20 nəfərdən 
								çox elmlər namizədi və doktoru  hazırlanmışdır. 
								Bundan başqa o, 10-dan çox magistr 
								dissertasiyasının rəhbəri olmuşdur. 
								Azərbaycan 
								Respublikası Prezidenti yanında Ali Attestasiya 
								Komissiyası yaradılan zaman professor 
								M.A.Müseyibov Yer elmləri üzrə Ekspert  
								Şurasının üzvü (1991-2003) olmuşdur. 
								
								M.A.Müseyibovun xidmətləri Azərbaycan 
								Respublikasının Prezidenti tərəfindən yüksək 
								qiymətləndirilmiş və o, "Əməkdar elm xadimi" 
								fəxri adına və Azərbaycan Respublikası 
								Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 
								Zəngin həyat 
								və elmi-pedaqoji təcrübəyə, geniş bilik və 
								yüksək mədəniyyətə malik olan professor 
								M.A.Müseyibovun əziz xatirəsi onu tanıyanların 
								və universitet kollektivinin qəlbində əbədi 
								yaşayacaqdır. 
								
								Allah rəhmət eləsin!  
								
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
								Bakı Dövlət Universiteti  |