| 
								 
								 Azərbaycan 
								tarix  elminə  ağır itki üz vermişdir. Görkəmli 
								təhsil işçisi, əməkdar elm xadimi, Azərbaycan 
								Respublikası Prezidentinin fərdi  təqaüdünə 
								layiq görülmüş, Azərbaycan Dövlət Neft 
								Akademiyasının professoru İsaq Mustafa oğlu  
								Məmmədov ömrünün  87-ci ilində   vəfat etmişdir. 
								
								Professor İsaq Mustafa oğlu Məmmədov  1925-ci il 
								martın 24-də Qubadlı rayonunun  Qaracalı 
								kəndində   tanınmış təsərrüfatçı  Mustafa  
								kişinin ailəsində   anadan  olmuşdur. Onun atası,  
								bölgədə  adlı-sanlı şəxsiyyət kimi tanınan 
								Mustafa kişi  repressiyanın qurbanı olmuş, 
								balaca İsaq atasız yaşamış, anasının və yaxın 
								qohumlarının himayəsində  böyümüşdür. O, 1942-ci 
								ildə kənd orta  məktəbini  və Şuşa  pedaqoji 
								kurslarını bitirərək doğma kəndindəki  natamam 
								orta məktəbdə  müəllimlik  etmiş, dərs hissə 
								müdiri vəzifəsində çalışmış, kənd  sovetinin 
								katibi  işləmişdi.  
								
								Təhsilə  və  elmə  maraq  göstərən  İsaq 
								Məmmədov 1944-cü ildə bütün  təqiblərə 
								baxmayaraq çox çətinliklə Bakı Dövlət 
								Universitetinin tarix fakültəsinə daxil olaraq, 
								fərqlənmə diplomu ilə  təhsilini  başa vurmuşdur. 
								Xeyirxah insanların  köməyi ilə  xalq düşməninin 
								oğlu  1949-cu ildə aspiranturaya  qəbul  
								edilmişdi. O, 1952-ci  ildə təhsilini başa  
								vurduqdan sonra  bu təhsil müəssisəsində   
								müəllim vəzifəsinə  təyin edilmiş və  beləliklə, 
								istedadlı gəncin  həyatında  yeni dövr  
								başlamışdı. İsaq Məmmədov BDU-da  1955-ci ildə 
								namizədlik, 1974-cü ildə doktorluq 
								dissertasiyasını  müdafiə etmiş, 1976-cı ildə 
								professor adını  almışdı.  
								
								Ömrünün 30 ilini BDU-ya həsr etmiş İsaq Məmmədov 
								burada  görkəmli  alimlərin  əhatəsində  böyük 
								həyat yolu keçmiş, qayğıkeş  müəllim və  
								istedadlı tədqiqatçı  kimi formalaşmış,  
								assistentdən professora  qədər ucalmışdır. 
								
								Respublika miqyasında  görkəmli  pedaqoq və  
								məhsuldar  tədqiqatçı  kimi tanınan İsaq 
								Məmmədov 1977-1978-ci illərdə  Azərbaycan Dövlət  
								Tibb Universitetində kafedra  müdiri, 
								1978-1984-cü illərdə  Naxçıvan Dövlət  Pedaqoji  
								Universitetinin rektoru, daha sonra 10 il 
								ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən 
								ömrünün sonuna qədər kafedranın professoru 
								vəzifəsində  işləmişdi. 
								
								Professor İsaq Məmmədov  peşəsinə  sadiq, 
								qayğıkeş pedaqoq, məhsuldar  tədqiqatçı, 
								prinsipial, pak insan  kimi respublikanın  elmi  
								ictimaiyyətinin  dərin  hörmətini və məhəbbətini 
								qazanmışdı. Bu  məhəbbətin, hörmətin  əsasında  
								yüksək  məsuliyyət, tələbkarlıq, peşəkarlıq, 
								prinsipiallıq, obyektivlik, yenilik hissi, 
								müasirlik  duyumu, yüksək  mədənilik  kimi 
								insani keyfiyyətlər dayanırdı. 
								
								Professor İsaq Məmmədov  görkəmli  pedaqoq və 
								tədqiqatçı alim kimi ad-san qazanmışdı. O, 200-ə 
								qədər  elmi  məqalənin, "Qəhrəmanlıq tarixindən 
								səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi 
								ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" 
								kitablarının, "XX əsrdə ümumdünya tarixi 
								proseslər", "Azərbaycan  tarixi", "Yeni tarix", 
								"Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" 
								və "Siyasi tarix" dərslikləri  və dərs  
								vəsaitlərinin müəllifi idi. O, 15 elmlər  
								namizədi  yetişdirmiş,  onlarla  doktorluq 
								dissertasiyasının opponenti olmuşdur. Elm 
								sahəsində  böyük  xidmətlərinə görə professor 
								İsaq Məmmədov 1981-ci ildə Azərbaycan 
								Respublikası Ali Soveti Rəyasət Heyətinin 
								fərmanı ilə  "Əməkdar elm xadimi" fəxri adına  
								layiq görülmüşdü. O, çoxsaylı  İttifaq və  
								respublika  miqyaslı  elmi konfransların  
								iştirakçısı olmuş və  məruzələrlə çıxış etmişdi. 
								
								Professor İsaq Məmmədov respublikamızın ictimai 
								həyatında fəal iştirak etmiş, 1980-1985-ci 
								illərdə Naxçıvan Muxtar Respublikası  Ali 
								Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər 
								rəhbər orqanlarının, müxtəlif müdafiə 
								şuralarının üzvü kimi fəaliyyət göstərmişdir. 
								
								Həyatın çətin və ağır sınaqlarına sinə gərən, 
								möhkəm iradəli, mətinliyi, söz bütövlüyü, 
								tələbkarlığı, həssaslığı, qayğıkeşliyi, elmi 
								istedadı ilə fərqlənən, həyatının mənasını  
								insanlara yaxşılıq  etməkdə görən, sadə, səmimi, 
								mehriban, yüksək mənəviyyatlı insan kimi tanınan 
								professor İsaq Mustafa oğlu Məmmədov  əbədi 
								olaraq  Azərbaycanın elmi ictimaiyyətinin 
								xatirində yaşayacaqdır.  
								
								Allah rəhmət eləsin!  
								
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
								Azərbaycan Dövlət Neft Akademiyası  | 
								  |