| 
								 
								NEFTÇALA. 
								
								Sentyabrın 7-də Neftçala rayonunda təhsil 
								işçilərinin konfransı keçirilib. Konfransın 
								işində Təhsil Nazirliyinin nümayəndəsi Elxan 
								Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin 
								başçısı İsmayıl Vəliyev və məktəbəqədər, 
								ümumtəhsil, məktəbdənkənar tərbiyə 
								müəssisələrinin rəhbərləri, 600-dən yuxarı bal 
								toplamış məzunlar, təşkilat rəhbərləri və 
								ictimaiyyət nümayəndələri iştirak ediblər. 
								
								Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni 
								səslənib.  
								
								Yeni dərs ili münasibəti ilə konfrans 
								iştirakçılarını şəhər körpələr evi-uşaq 
								bagçalarının fidanları təbrik edib.  
								
								Plenar iclasda "2010-2011-ci dərs ilinin 
								yekunları və yeni dərs ilində qarşıda duran 
								vəzifələr" mövzusunda Neftçala Rayon Təhsil 
								Şöbəsinin müdiri Əjdər Kərimov məruzə ilə çıxış 
								edib. Respublikada gedən yüksək iqtisadi 
								inkişafdan söz açan natiq təhsilə, təhsil 
								işçilərinə, təhsil müəssisələrinin şəbəkəsinin, 
								maddi-texniki bazasının gücləndirilməsi 
								istiqamətində göstərilən dövlət qayğısından 
								danışıb. 
								
								Məruzəçi qeyd edib ki, son illər təhsilin 
								inkişafı, bu sahədə aparılan məqsədyönlü 
								islahatlar, həyata keçirilən proqramlar, xüsusi 
								ilə ölkə Prezidentinin təhsilə diqqət və qayğısı 
								bir daha əmin olmağa əsas verir ki, müasir 
								Azərbaycan təhsili özünün zəngin ənənələrinə 
								əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin 
								müəyyən etdiyi prinsiplərə uyğun inkişaf edir.
								 
								O 
								bildirib ki, bu il Neftçala ümumtəhsil 
								müəssisələrinin 668 məzununun 594 nəfəri, yəni 
								64 faizi ali məktəblərə sənəd vermiş, onlardan 
								241 nəfəri - 51 faizi tələbə adına layiq 
								görülüb. Tələbə adına layiq görülənlərdən 8 
								nəfəri 600-dən, 34 nəfəri isə 500-dən çox bal 
								toplayıb.  
								
								Sonra məruzəçi rayon məktəblilərinin respublika 
								idman yarışlarında qızıl, gümüş və bürünc 
								medallar qazanmış idmançıların adlarını 
								sadalayıb.  
								
								Natiq konfrans iştirakçılarının diqqətinə onu da 
								çatdırıb ki, bu ilin 16 iyununda Təhsil 
								Nazirliyi tərəfindən keçirilmiş test-buraxılış 
								imtahanlarında 786 nəfər XI sinif şagirdi və 
								1157 nəfər IX sinif şagirdi iştirak edib. 28 tam 
								orta məktəbdən 19-nun müvəffəqiyyət faizi 80-100 
								faiz arasında olmuş, o cümlədən 3 məktəb - şəhər 
								Muğan liseyinin, Ərəbqardaşbəyli və Şirvanlı 
								məktəblərinin müvəffəqiyyəti 100 faiz olub.
								 
								
								Təhsil şöbəsinin müdiri çıxışının sonunda qeyd 
								edib ki, Neftçala təhsil işçiləri təhsilimizin 
								böyük hamisi möhtərəm Prezidentimiz İlham 
								Əliyevin göstərdiyi qayğını yüksək 
								qiymətləndirirlər. 
								
								Eyni zamanda konfransda 600-dən yuxarı balla ali 
								məktəblərə qəbul olunmuş məzunlar və qabaqcıl 
								təhsil işçiləri mükafatlandırılıb. 
								
								KƏLBƏCƏR. 
								
								Hələ elmin, texnikanın zəif vaxtlarında ucqar 
								dağ rayonu olan Kəlbəcərdə təhsilin şöhrəti 
								respublikanın hüdudlarından kənara adlamışdı. 
								Məcburi köçkün həyatı yaşasalar da, 
								kəlbəcərlilər bu ənənəni bu gün də  uğurla davam 
								etdirirlər. Hər il neçə-neçə həmyerlimiz yüksək 
								bilik nümayiş etdirərək ali məktəbə daxil olur. 
								Təkcə ötənilki nəticələrə görə rayonumuz 
								respublikamızda ilk sıralardan birində idi. 
								
								Bu il isə bu nailiyyətlər daha ürəkaçan oldu. 
								Belə ki, 2010-2011-ci tədris ilində rayonumuzun 
								orta məktəblərini bitirən məzunlardan 384 nəfər 
								ali məktəblərə qəbul üçün sənəd vermiş, onların 
								237 nəfərindən çoxu ali məktəblərə, 15 nəfəri 
								orta ixtisas məktəblərinə qəbul olmuşlar. 
								Onların arasında 29 nəfər məzun 500-dən çox, 9 
								nəfəri isə 600-dən çox bal toplayıb. Xatırladaq 
								ki, 2009-2010-cu tədris ilində orta məktəbləri 
								bitirən məzunlardan 25 nəfəri bu il tələbə adını 
								qazanmağa müvəffəq olub. 
								
								115 nömrəli  məktəbin X sinif şagirdi Muxtarova 
								Tahirə Tahir qızı Azərbaycan dilindən və 55 
								nömrəli məktəbin XI sinif şagirdi Zamanlı Səbuhi 
								Zakir oğlu ədəbiyyat fənnindən keçirilmiş 
								ümumrespublika fənn olimpiadalarında IV yerə 
								layiq görülmüşdür. Rayon icra hakimiyyəti  və 
								YAP rayon təşkilatı tərəfindən ulu öndər Heydər 
								Əliyevin anadan olmasının 88-ci ildönümü 
								münasibətilə keçirilən silsilə tədbirlərdə, 
								xüsusilə marafon yarışında rayonun məktəbləri 
								xüsusi fəallıq göstərmişlər. 
								
								Bu fikirlər Kəlbəcər Rayon Təhsil Şöbəsinin 
								müdiri Məhəmməd Bağırovun Kəlbəcər 
								müəllimlərinin ənənəvi sentyabr konfransında 
								səsləndirilib. 
								
								Konfransda bildirilib ki, Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								imzaladığı "Azərbaycan Respublikasında 
								sosial-iqtisadi inkişafın sürətləndirilməsi 
								tədbirləri haqqında" fərmanına müvafiq olaraq 
								ölkənin hər yerində olduğu kimi, rayon təhsil 
								müəssisələrinin maddi-texniki bazasının 
								yaxşılaşdırılması, yeni məktəb binasının 
								tikilməsi, əsaslı təmiri və tədris avadanlıqları 
								ilə təchizatı sahəsində səmərəli və ardıcıl 
								işlər görülmüşdür. 
								
								Son 7 ildə rayon üzrə Heydər Əliyev Fondunun, 
								beynəlxalq humanitar təşkilatların, "Azəryol" 
								açıq tipli səhmdar cəmiyyətinin daxili imkanları 
								hesabına 71 məktəbdə tikinti və əsaslı təmir 
								işləri görülmüş, 26 yeni məktəb binası 
								tikilmişdir.  
								
								Vahid məktəbli formasına keçidlə əlaqədar 
								məktəblərimizə respublika "Qaçqınkom"  
								tərəfindən I-V siniflər üçün 1434 ədəd məktəbli 
								forması və Heydər Əliyev Fondu tərəfindən 1050 
								ədəd məktəbli çantası və məktəbli ləvazimatı 
								hədiyyə edilmişdir. 
								
								Bundan əlavə, 400 ədəd parta, 120 ədəd stol, 270 
								ədəd stul, 14 ədəd   şkaf, 170 ədəd yazı taxtası 
								alınmışdır ki, bu da məktəblərin ehtiyaclarının 
								xeyli dərəcədə ödənilməsi deməkdir. 
								
								Əminəm ki, dövlət və hökumətimizin göstərdiyi 
								yüksək qayğılardan, əldə olunan uğurlardan 
								ruhlanaraq məktəblərimiz yeni dərs ilində 
								dərslərə yüksək bayram əhvali-ruhiyyəsi ilə 
								başlayacaqlar. Kəlbəcər təhsilinin şanlı 
								ənənələrini rayon müəllimləri daha ləyaqətlə 
								davam etdirəcəklər... 
								
								Sentyabrın 6-da keçirilən konfransın işində 
								iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi 
								Piralı Əliyev, rayon prokuroru Ariz Əliyev, YAP 
								Kəlbəcər rayon təşkilatının sədri kəlbəcərli 
								məzunların uğurlarından, məktəblərdə tədrisin 
								keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan 
								işlərdən razı qaldıqlarını bildirdilər, yeni 
								dərs ilində pedaqoji kollektivlərə 
								müvəffəqiyyətlər arzulayıblar. 
								
								Konfransda iştirak edən Kəlbəcər Rayon İcra 
								Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov 
								qarşıdan gələn "Bilik Günü" münasibətilə rayonun 
								müəllimlərini təbrik edib və qazanılan 
								nailiyyətlərlə yanaşı, bəzi məktəblərin işində 
								nöqsanların olduğunu vurğulayıb.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ   |