| 
								 
								
								   
								 Emori 
								Universiteti (Emory University) ABŞ-ın Corciya 
								ştatının Atlanta şəhərində yerləşən özəl 
								elmi-tədqiqat müəssisəsidir.  
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Emori 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								90-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən 
								nüfuzlu universitetləri arasında Emori  
								Universiteti "Times Higher Education World 
								University Rankings"in apardığı araşdırmaya 
								əsasən 61-ci, "QS World University Rankings"in 
								açıqlamasına görə isə 107-ci yerdə qərarlaşıb.  
								
								Tarixi  
								
								1836-cı ildə Nyuton qraflığından bir qrup 
								metodist yeni şəhər və kolleclər yaratmaq 
								fikrinə düşür. Metodizmin yaradıcıları Con və 
								Çarlz Ueslinin bitirdikləri Oksford 
								Universitetinin şərəfinə şəhər Oksford 
								adlandırılır. Yeni yaranan kollecə isə məşhur 
								amerikalı metodist yepiskop Con Emorinin 
								şərəfinə Emori Kolleci adı verilir. 
								
								1783-cü ildə Corciya ştatının qanunvericilik 
								hakimiyyətinin "Təhsil kolleci və seminariyası" 
								qanununa əsasən Emori Kolleci fəaliyyətə 
								başlayır. 1835-ci ildə Corciya ştatının 
								rəhbərliyi Kovinqton şəhərində əmək məktəbi 
								yaradır. 1836-cı il dekabrın 10-da Corciya 
								ştatının Baş Assambleyası Emori Kollecinə 
								xartiya verir. İki il sonra, sentyabrın 17-də 
								ali məktəbin prezidenti İqnati Alfonso Fyu, 3 
								müəllim və 15 nəfər tələbə ilə kollecdə dərslər 
								başlanılır.  
								 Emori 
								Kollecində hökm sürən ciddi mühit XIX əsrin 
								sonlarınadək davam edir. Kollecin nizamnaməsində 
								tədris dövründə tələbəyə təhsil ocağını və 
								şəhəri tərk etmək qadağan olunur. 1890-cı ildə 
								Uorren Kandlerin kollecə rəhbərlik etdiyi 
								dövrədək burada ali məktəblərarası idman 
								yarışlarının keçirilməsi qadağan olunur. 
								Kollecdə hesab edirdilər ki, idman tələbəni 
								təhsildən yayındırır.  
								
								Vətəndaş müharibəsi dövründə Emori Kolleci qısa 
								müddətə bağlanır. 1866-cı ildə Emori Kolleci 
								yenidən fəaliyyətə başlasa da, universitetin 
								kitabxanası dağıdılmış, avadanlıqlar isə yox 
								dərəcəsində idi. Yalnız dövlət qrantı hesabına 
								ali məktəb bərpa oluna və fəaliyyətini davam 
								etdirə bilərdi.  
								
								Bütün cənub ştatları kimi Corciya ştatı da 
								Vətəndaş müharibəsindən sonra maliyyə 
								böhranından çıxmağa can atırdı. Həmin dövrdə bu 
								ştatdakı ali məktəblərin maddi durumu heç də 
								ürəkaçan deyildi. Emori Kolleci də ilk inkişaf 
								mərhələsinə 1880-ci ildə qədəm qoyur. Həmin il 
								ABŞ-da bayram günü kimi qeyd edilən Minnətdarlıq 
								günündə Emori Kollecinin prezidenti Attikus 
								Heyqud quldarlığın ləğv olunması barədə 
								minnətdarlıq nitqi söyləyir. Bu çıxış Nyu-Yorkun 
								Bruklin rayonundan olan bankir və metodist Corc 
								Seneyin diqqətini cəlb edir və universitetə 
								maliyyə yardımı ayrılmasına şərait yaradır. 
								C.Seney universitetə borclarını qaytarmaq üçün 
								5000, tikinti işləri üçün 50000, yeni fond 
								yaratmaq üçün isə 75000 ABŞ dolları bağışlayır. 
								Heyqudun prezidentliyi dövründə universitetdə 
								bir çox texniki və peşə fənn fakültələri açılır, 
								müxtəlif proqramlar qəbul edilir.  
								 Heyquddan 
								sonra kollecə rəhbərlik edən İsaak Stayls 
								Hopkins tərəfindən bu təhsil müəssisəsində 
								Texnologiya departamenti yaradılır. 1919-cu ilin 
								sentyabrında Atlantada fəaliyyət göstərən 
								İlahiyyat, Hüquq, Tibb, Biznes məktəbləri Emori 
								Kollecinə birləşdirilir və kollec universitet 
								statusu alır.  
								
								Emori Universitetinin inkişaf tempi 1979-cu ildə 
								Robert və Corc Vudraffların universitetə 105 
								milyon ABŞ dolları bağışlamasından sonra köklü 
								surətdə dəyişir. Həmin dövrdə bu məbləğ ABŞ ali 
								məktəblərinə bağışlanmış ən böyük vəsait idi. 
								Bundan sonra universitet sürətlə irəliləyir.   
								
								Büdcəsi və təhsil haqqı  
								
								2010-cu ildə Emori Universitetinin illik 
								gəlirləri 3142791000 ABŞ dolları olub. Bu 
								vəsaitin 344975000 ABŞ dollarını federal qrant 
								və sazişlər, 448689000 ABŞ dollarını təhsil 
								haqqı və təhsil sazişləri, 137460000 ABŞ 
								dollarını tibbi xidmət, 60648000 ABŞ dollarını 
								köməkçi müəssisələr, qalanlarını isə digər 
								vasitələr hesabına əldə olunan gəlirlər təşkil 
								edib.  
								 Həmin 
								tədris ilində ali məktəbin ümumi xərcləri 
								3133354000 ABŞ dolları olub. Bu məbləğin 
								1867293000 ABŞ dolları əməkdaşların əməkhaqqı, 
								159236000 ABŞ dolları amortizasiya, 11625000 ABŞ 
								dolları tələbələrin təqaüdü və yardımlar, 
								qalanları isə digər əməliyyat xərcləri olub. 
								2010-cu ildə Emori Universitetinin İanə fondunun 
								gəlirləri təxminən 4700000000 ABŞ dolları təşkil 
								edib.  
								
								2011-2012-ci tədris ilində Emori Universitetində 
								oxumaq üçün tələbəyə təhsil haqqı daxil olmaqla 
								ümumilikdə 55992 ABŞ dolları lazım gəlir. Belə 
								ki, tələbələrə təhsil haqqı üçün 41164-45098, 
								yataqxanada qalmaq üçün ildə 6988, qidalanmaq 
								üçün 4640, kitab və dərs ləvazimatları üçün 
								1100, nəqliyyat xərcləri üçün 2100 ABŞ dolları 
								gərəkdir. Bu ali məktəbdə təhsil haqqı tələbənin 
								qəbul olunduğu kollec və məktəbdən asılı olaraq 
								dəyişir.  
								
								Universitet bu gün  
								
								Emori Universitetinin əsas kampusu Atlanta 
								şəhərinin kənarında Druid Hills adlanan 600 akr 
								ərazidə yerləşir. Bu ərazidə dünya üzrə məşhur 
								"Coca-Cola", "Home Depot", "AT&T Mobil", "UPS", 
								"Delta Air Line", "Turner Broadcasting" kimi 
								şirkətlərin qərargahları mövcuddur. Atlanta 
								şəhərinin əsrarəngiz yerləri kimi dünyada ən 
								böyük örtülü akvariumu, Bədii muzeyi, CNN 
								mərkəzini qeyd etmək olar. Universitetin 
								kampusunda 
								 tikilən 
								yeni binalar ekoloji təmizliyə və energetika 
								tələblərinə cavab verir. Kampusun 
								yaşıllaşdırılması üzrə universietdə xüsusi işlər 
								aparılır. Yeni tikili üçün kəsilən hər bir 
								ağacın yerində mütləq başqası əkilir. 
								Universitetin bağlarında müxtəlif meyvə və 
								tərəvəzlər becərilir, tələbə və müəllimlərin 
								qidalanmasında həmin məhsullardan istifadə 
								olunur. Eyni zamanda kampusda palıd, maqnoliya, 
								şaftalı, zoğal və şam ağacları çoxluq təşkil 
								edir, kiçik çaylar axır. Druid Hills kampusunun 
								landşaftı memar Frederik Lo Olmsted, Con 
								Portman, Maykl Qreyvs  və Henri Hornbostel 
								tərəfindən hazırlanıb. Kampusun mərkəzi 
								universitetin "Quad" (Dördbucaq) adlanan hissəsi 
								hesab olunur. Hər yaz "Quad" ərazisində 
								tələbələrə diplomların verilməsi mərasimi 
								keçirilir. Buradakı çəhrayı və boz mərmərdən 
								inşa edilmiş qədim binalar Milli Tarixi Yerlər 
								Reyestrinə daxil edilib. Universitetin 
								prezidentinin rezidensiyası Lulvoter Hausda 
								meşəlik və qazonların arasında yerləşir. DUC 
								adlanan yerdə kafelər, poçt bölmələri, 
								yataqxanalar mövcuddur.  
								
								Druid Hills kampusunda tələbə, müəllim və digər 
								əməkdaşlara nəqliyyat xidmətini "Kliff transfer" 
								göstərir. Alternativ nəqliyyat növü kimi 
								velosipedlərə üstünlük verilir. Kampus 
								ərazisində akademik binalar və yataqxanalarla 
								yanaşı Karlos muzeyi, kitabxanalar, Luluoter 
								qoruğu, Karter Mərkəzi, Uinşip Xərçəng İnstitutu 
								binaları yerləşir.   
								
								Emori Universitetində aşağıdakı kollec və 
								məktəblər fəaliyyət göstərir: 
								 Emori 
								Humanitar və Dəqiq Elmlər Kolleci universitetin 
								ilkin olaraq yaradılan bölmələrindən biridir. 
								Kollecdə Afrika, Amerika, Qədim Aralıq Dənizi, 
								Şərqi Asiya, Təhsil, Katolik, İngilis, Fransız, 
								İtalyan, Alman tədqiqatları, İncəsənətin tarixi, 
								Klassika, Rəqs, Antropologiya, Müqayisəli 
								ədəbiyyatşünaslıq, Kreativ yazı, Film və media, 
								Tarix, Humanitar elmlər, İqtisadiyyat, 
								Ekologiya, Biologiya, Kimya, Səhiyyə və fiziki 
								təhsil, Qlobal səhiyyə, mədəniyyət və cəmiyyət 
								departamentləri mövcuddur.  
								
								Universitetin Oksford Kolleci Atlanta şəhərindən 
								şərqdə yerləşir və tələbələr burada bakalavr 
								səviyyəsinin iki kursunda təhsil alırlar. İkinci 
								kursdan sonra tələbələr Emori Humanitar və Dəqiq 
								Elmlər Kollecinə və ya Goisueta Biznes, Nell 
								Hocson Vudraff Tibb bacısı məktəblərinə qəbul 
								ola bilərlər. Kollecdə Afrika-Amerika, Asiya və 
								Asiya-Amerika, Şərqi Asiya, Ərəb, Katolik 
								tədqiqatları, Klassik mədəniyyət, Musiqi, Rəqs 
								və hərəkət, Tarix, Çin dili və ədəbiyyatı, 
								İngilis dili, Yəhudi dili, Sanskrit, Tarix, 
								Müqayisəli ədəbiyyatşünaslıq, Astronomiya, 
								Beynəlxalq münasibətlər, İqtisadiyyat və tarix, 
								İqtisadiyyat, riyaziyyat və kompüter elmləri, 
								Tətbiqi səhiyyə, Geologiya, Antropologiya və 
								din, Antropologiya və insan biologiyası, 
								Psixologiya, Fəlsəfə, Memarlıq, İncəsənətin 
								tarixi, Biologiya, Kimya, Əczaçılıq, Qadın 
								tədqiqatları departamentlərindən ibarətdir. 
								 
								
								Goisueta Biznes Məktəbinin proqramları biznes 
								üzrə liderlər yetişdirməyə yönəlib. Məktəb 
								biznes sahəsi üzrə BBA, BMA, PhD proqramları 
								təklif edir.     
								
								Laney Diplomdan Sonrakı Təhsil Məktəbi 
								universitetin digər kollec və məktəbləri ilə 
								əməkdaşlıq edərək 40-dan çox doktorluq, magistr 
								proqramı təklif edir. Tələbələr humanitar, 
								ictimai, dəqiq elmlər, biznes, tibb, biotibbi 
								mühəndislik, ilahiyyat sahələri üzrə 
								tədqiqatlarını davam etdirirlər.  
								
								Hüquq Məktəbi din, beynəlxalq münasibətlər 
								hüququ, feminist hüquqşünaslıq, hüquq 
								nəzəriyyəsi, qanunvericilik və təcrübə sahələri 
								üzrə tədqiqatlar aparır. Məktəb təhsilin üç 
								səviyyəsi üzrə proqramlar təklif edir. 
								 
								
								Tibb Məktəbi 19 kliniki bölmə (Anesteziologiya, 
								Dermatologiya, Təcili tibbi yardım, Ailə və 
								profilaktik tibb, Ginekologiya və mamalıq, 
								Gematologiya və tibbi onkologiya, Tibb, 
								Neyrocərrahiyyə, Nevrologiya, Oftalmologiya, 
								Ortopediya, Otolarinqologiya, Patalogiya və 
								laborator tibb, Pediatriya, Psixiatriya, 
								Radiasiya onkologiyası, Radiologiya, Bərpa 
								tibbi, Cərrahiyyə) və 8 əsas fakültədən 
								(Biokimya, Biotibbi mühəndislik, Biotibbi 
								informatika, Sitologiya, İnsan genetikası, 
								Mikrobiologiya və immunologiya, Farmokologiya, 
								Fiziologiya), eləcə də Biostatistika Məsləhət, 
								Nevrologiya, Yaşlıların sağlamlığı, Zədələrin 
								idarə olunması, Neyrodegenerativ xəstəliklər, 
								Cərrahiyyə anatomiyası və texnika, Emori 
								Vaksinasiya mərkəzlərindən ibarətdir. Məktəbdə 
								elmi nəzəriyyə və tədqiqat, xəstələrin müalicəsi 
								və digər təcrübə işləri aparılır.     
								  
								
								Nell Hocson Vudraff Tibb Bacısı Məktəbi 
								tibbi-sanitar yardım, tibbi xidmət sahələri üzrə 
								mütəxəssislər hazırlayan ali təhsil 
								müəssisəsidir. Məktəb tələbələrinin təcrübəsi və 
								tədqiqatların həyata keçirilməsi məqsədi ilə 
								300-dən çox müxtəlif kliniki müəssisə ilə 
								əməkdaşlıq edir. Məktəbə Qlobal Sağlamlıq, 
								Uinşip Xərçəng, Nevrologiya Təşəbbüsü, Kliniki 
								Atlanta və Translyasiya institutları, Alsheymer 
								Xəstəliklər Mərkəzi daxildir.   
								
								Rollins İctimai Səhiyyə Məktəbi biostatistika, 
								davranış elmləri və sanitar təhsil, ətraf 
								mühitin gigiyenası, epidemiologiya, qlobal 
								səhiyyə və səhiyyənin idarə olunması siyasəti 
								üzrə tədqiqatlar aparır. Məktəb Davranış elmləri 
								və sanitar maariflənmə, Biostatistika və 
								bioinformatika, Ətraf mühitin gigiyenası, 
								Epidemiologiya, Səhiyyə siyasəti və idarə 
								olunması, Hyubert qlobal səhiyyə 
								departamentlərindən ibarətdir.   
								
								Kandler İlahiyyat Məktəbi Birləşmiş metodist 
								kilsəsinin 13 seminariyasından biridir. Məktəbin 
								tələbələri magistratura və doktorantura 
								səviyyələrini Emori Biznes, Hüquq və İctimai 
								Səhiyyə Məktəblərində davam etdirə bilərlər.
								 
								
								Emori Universitetinin kitabxana sistemi Robert 
								Vudraff, Əsas və səkkiz sahə kitabxanasından 
								ibarətdir. Kitabxana sisteminə ümumilikdə 3,7 
								milyon cild kitab, 56000-dən çox elektron jurnal 
								daxildir. Robert Vudraff kitabxanasında 
								humanitar, sosial və dəqiq elmləri əhatə edən 
								kitablar saxlanılır. Əsas kitabxanada Şatten 
								qalereyası, Kompüter Öyrənilməsi Mərkəzi, 
								Metison oxu zalı və Asa Qriqqs Kandler tarixi 
								kitabxanası mövcuddur. Universitetdə Biznes, 
								Kimya, Tibb elmləri, Hüquq,  MARBL (Əlyazma, 
								arxiv və nadir kitablar), Merian Heylbran Musiqi 
								və multimedia, Oksford Kolleci, Pitts İlahiyyat 
								sahə kitabxanaları fəaliyyət göstərir. 
								 Emori 
								Universitetinin prezidenti professor Ceyms 
								Vaqner, prorektoru isə Erl Lüisdir.  
								Universitetdə ümumilikdə 23653 nəfər işçi 
								çalışır. İşçilərin 12563 nəfərini universitetin 
								professor-müəllim heyəti, 11090 nəfərini isə ali 
								məktəbin tibb müəssisələrindəki işçi personalı 
								təşkil edir. Ali məktəbin əməkdaşları arasında 
								onlarla Nobel, Pulitser mükafatı laureatları, 
								Quqqenheym, Fulbrayt təqaüdçüləri, ABŞ Milli 
								Elmlər Akademiyasının üzvləri mövcuddur. 
								 
								
								2010-2011-ci tədris ilində universitetdə 13381 
								nəfər tələbə təhsil alıb. Tələbələrin 7231 
								nəfəri bakalavr, 6150 nəfəri isə magistr və 
								doktorant olub.  
								
								Emori Universitetində 20-dən çox yataqxana və 
								onlarla yeməkxana-restoran fəaliyyət göstərir. 
								Universitet tələbələrinin 70%-dən çoxu 
								yataqxanalarda məskunlaşır. Universitetdə əsasən 
								I-II kurs tələbələrindən yataqxanada qalmaq 
								tələb olunur. Universitet şəhərciyində ən adi 
								yataqxanalardan başqa lüks mənzillər də vardır. 
								Hazırda birinci kurslar üçün 4 yataqxana 
								kompleksi mövcuddur (Nyu-Turman, Fyu, Evans, 
								Lonqstrit-Mils).  
								
								Emori Universiteti Corciya ştatında elmi 
								tədqiqatlar üçün ən çox maliyyə yardımı ayıran 
								ali məktəb kimi tanınır. Universitetin akademik 
								proqramları humanitar və dəqiq elmlər, biznes, 
								hüquq, ilahiyyat, səhiyyə və digər sahələrin 
								inkişafına yönəlib. Nizamnaməsində "Təhsil 
								ictimaiyyətin və ayrıca hər bir şəxsin həyatında 
								mənəvi gücdür" yazılan Emori Universiteti daim 
								yeniliklər axtarışındadır və bütün dünyada ən 
								müasir tədqiqatlar aparan elmi-tədqiqat 
								müəssisəsi kimi böyük nüfuza malikdir. 
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Alben Berkli   | 
										
										
										ABŞ-ın 35-ci vitse-prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Ferris Brayant   | 
										
										
										Florida ştatının 34-cü qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Lado Qurgenidze  | 
										
										
										Gürcüstanın sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Li Honq-ku  | 
										
										
										Koreyanın 26-cı baş naziri  | 
										  | 
									 
									
										|   | 
										
										
										Melvin Tompson    | 
										
										
										Corciya ştatının sabiq qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Elliot   | 
										
										
										sabiq ABŞ siyasətçisi və federal hakimi | 
										  | 
									 
									
										|   | 
										
										
										Luis Harlan | 
										
										
										ABŞ tarixçisi, Pulitser mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Klod Sitton | 
										
										
										"Nyu-York Tayms" qəzetinin redaktoru, 
										Pulitser mükafatı laureatı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |