| 
								 
								Müstəqil Azərbaycanda son illər təhsil sahəsində 
								geniş islahatlar aparılır. Bu islahatlar 
								Azərbaycanın təhsil sistemini, o cümlədən 
								təhsilin səviyyəsini daha da təkmilləşdirir, 
								dünya standartlarına uyğunlaşdırır.  
								
								
								
								Heydər ƏLİYEV  
								
								 Müstəqil 
								Azərbaycanın ümumi təhsil sistemində 1999-cu 
								ildən başlanan və bu günümüzə qədər uğurla davam 
								etdirilən islahatlar pedaqoji prosesin 
								təşkilinə, məktəblərin idarə olunmasına, 
								müəllimlərin fəaliyyətinə yeni ruh, yeni ab-hava 
								gətirmişdir. Xüsusilə, ümumi təhsilin məzmununun 
								qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla müasir 
								ideyalar zəminində müəyyənləşdirilməsi, məzmunun 
								təlim nəticələrini əks etdirən dövlət 
								standartları əsasında qurulması, eləcə də şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi üzrə təkmil 
								sistemin yaradılması məktəblərimizdə təhsilin 
								keyfiyyətinin yüksəlməsinə, müəllimlərin vəzifə 
								funksiyalarına yaradıcı münasibət bəsləmələrinə, 
								demokratik təlim-tərbiyə şəraitinin 
								formalaşmasına ciddi təkan vermişdir. Cəsarətlə 
								demək olar ki, hazırda ibtidai siniflərdə 
								ardıcıl tətbiq edilən fənn kurikulumları və yeni 
								dərslik komplektləri, habelə V-XI siniflər üçün 
								artıq təsdiq olunmuş  fənn kurikulumları davamlı 
								surətdə həyata keçirilən islahatların ən uğurlu 
								nəticələridir. 
								
								Əlbəttə, əldə olunmuş bu uğurlar gərgin əmək və 
								zəhmət sayəsində, ən əsası isə Azərbaycan 
								dövlətinin müntəzəm diqqət və qayğısı, Təhsil 
								Nazirliyinin təşkilatçılığı və məqsədyönlü 
								fəaliyyəti nəticəsində qazanılmışdır. Heç 
								şübhəsiz, məzmun islahatları yalnız müvafiq 
								sənədlərin hazırlanması ilə məhdudlaşmır. Bu, 
								işin bir tərəfidir. Digər vacib məsələlər, o 
								cümlədən müəllimlərin yeni məzmunun tətbiqinə 
								hazırlanması, müasir kurikulumlar əsasında 
								dərsliklərin nəşri, mütərəqqi təhsil 
								texnologiyalarının prosesə gətirilməsi, 
								əlverişli təlim şəraitinin  yaradılması ilə 
								bağlı məsələlər də var idi ki, Təhsil Nazirliyi 
								bunların həlli istiqamətində vaxtında təsirli 
								tədbirlər görə bilmişdir. 
								
								Mən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi 
								yuxarı siniflərdə dərs desəm də, islahatyönümlü 
								proseslər başlanandan bəri baş verən 
								dəyişiklikləri diqqətlə izləyirəm. Yaxşı 
								xatırlayıram ki, ilk vaxtlar islahatların 
								mahiyyətindən irəli gələn yeniliklər, innovativ 
								ideyalar heç də birmənalı qarşılanmırdı, ciddi 
								mübahisələr, fikir ayrılıqları doğururdu. Bütün 
								bunlar, əlbəttə, təbii xarakter daşıyırdı, çünki 
								elə bir yenilik yoxdur ki, gündəmə gələn andan 
								hamı tərəfindən qəbul edilsin. Vaxtilə hələ 
								90-cı illərin ortalarında təhsilin 
								humanistləşdirilməsi ideyasından qaynaqlanan 
								məsələlər müzakirə olunarkən "müəllim-şagird" 
								münasibətlərinin "subyekt-subyekt" əməkdaşlığı 
								əsasında qurulması fikrinə də etiraz edənlər çox 
								idi. Belələri düşünürdü: necə ola bilər ki, 
								sinifdə müəllimlə şagird bərabər hüquqlara malik 
								olsun. Lakin zaman hər şeyi yerbəyer edir. Bu 
								gün təhsildə "subyekt-subyekt" münasibətləri 
								artıq hamı tərəfindən qəbul olunur, eləcə də 
								innovasiyalara əsaslanan islahatlara da əvvəlki 
								baxışlardan, demək olar ki, əsər-əlamət 
								qalmamışdır. 
								
								 Ötən 
								müddət ərzində baş verən dəyişikliklər göz 
								önündədir, neçə ildir ki, biz bunun canlı 
								şahidləriyik. Müasir fənn kurikulumlarının 
								ibtidai siniflərdə tətbiqinə başlanandan sonra 
								nələr müşahidə olunmaqdadır? Fikrimcə, ilk 
								növbədə, bu siniflərdə öyrətmə və öyrənmə 
								prosesinə münasibət dəyişmişdir. Şagirdlərin 
								fəallığı güclənmiş, müstəqilliklərinə geniş 
								imkanlar açılmışdır. Onlar düşünməyə, 
								axtarışlara, sərbəst mülahizə yürütməyə, 
								əməkdaşlıq etməyə, eləcə də müstəqil şəkildə 
								problem həll etməyə daha çox sövq olunurlar. 
								Eyni zamanda müəllimlərin çevikliyi, hər bir 
								dərsə yaradıcı münasibəti də xeyli artmış, 
								məzmuna  görə optimal forma, üsul və metod 
								axtarışları ön plana çəkilmişdir.   
								
								Əslində, başqa cür də ola bilməzdi. Dərindən 
								diqqət yetirdikdə istər şagirdlərdə, istərsə də 
								müəllimlərdə müşahidə edilən yeni keyfiyyətlərin 
								məhz təlim nəticələrinin, məzmun standartlarının 
								mahiyyətindən irəli gəldiyi açıq-aydın müşahidə 
								olunmaqdadır. Fənn proqramlarında 
								(kurikulumlarda) məzmun elə müəyyənləşdirilib 
								ki, sinifdə səmərəli təhsil əməkdaşlığı, fəallıq 
								və çeviklik olmadan, şagirdlər üçün maraqlı dərs 
								formalarından, üsullardan, interaktiv metod və 
								vasitələrdən yerli-yerində istifadə etmədən 
								qarşıya qoyulan məqsədləri reallaşdırmaq mümkün 
								deyildir. 
								
								İbtidai təhsil üzrə fənn kurikulumlarının 
								hazırda uğurla tətbiq edilməsi ümumi orta və tam 
								orta təhsil səviyyələrində də bu prosesin 
								məqsədyönlü şəkildə davam etdiriləcəyinə 
								etibarlı zəmin yaradır. Bütün fənlərdən, eləcə 
								də tədris etdiyim Azərbaycan dili və ədəbiyyat 
								fənlərindən təlim nəticələri sinifdən-sinfə 
								varislik prinsipi əsasında inkişafyönümlülük 
								gözlənilməklə müəyyən olunmuşdur, onların 
								arasında məntiqi bağlılıq vardır. 
								
								Mən Azərbaycan dili (ana dili) və ədəbiyyat fənn 
								kurikulumlarını ətraflı öyrənməyə çalışmışam və 
								onları ənənəvi tədris proqramları ilə müqayisə 
								etmişəm. Gəldiyim nəticə belədir ki, həqiqətən 
								də, fənlərin təlim nəticələrinə əsaslanan 
								standartlar üzərində qurulması məqsəd 
								aydınlığına, konkretliyə səbəb olmuş, fənlərin 
								qarşısında duran vəzifələrə münasibəti 
								dəyişdirmişdir. Məsələn, Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 103 nömrəli 3 iyun 2010-cu 
								il tarixli qərarı ilə təsdiq edilmiş "Ümumi 
								təhsil pilləsinin dövlət standartı və 
								proqramları (kurikulumları)" sənədində həm ümumi 
								orta, həm də tam orta təhsil səviyyələri üzrə 
								"Ədəbiyyat" fənnindən yekun təlim nəticələrində 
								şagirdlərin şərhetmə, izahetmə, təhliletmə, 
								müqayisə, ümumiləşdirmə və araşdırma  aparmaq, 
								əməkdaşlıq etmək, rəy və mülahizə bildirmək, 
								dəyərləndirmək bacarıqlarının, nitq 
								mədəniyyətinin formalaşdırılması ön plana 
								çəkilmişdir. Fənnin məqsədləri sırasında sözə, 
								söz sənətinə həssas münasibət yaradılması, 
								obrazlı təfəkkürün təşəkkülü də mühüm yer tutur. 
								Buradan belə nəticə çıxarmaq olar ki, fənnin 
								tədrisində başlıca məqsəd ədəbiyyat tarixini, 
								yazıçıların həyat və yaradıcılığını, ayrı-ayrı 
								ədəbi-bədii nümunələri öyrətmək deyil, bunlardan 
								vasitə kimi istifadə edərək şagirdlərin 
								dünyagörüşünün genişlənməsinə, mənəvi 
								aləmlərinin zənginləşməsinə, ən əsası isə 
								yuxarıda göstərilən həyati bacarıqların 
								formalaşmasına nail olmaqdan ibarətdir. Bu 
								yaxınlarda təsdiq edilmiş ədəbiyyat fənni 
								kurikulumunda çox dəqiq ifadə olunmuşdur ki, 
								"Ədəbiyyat həyatı ümumiləşdirilmiş şəkildə, 
								obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi 
								şagirdlərin müstəqil həyata hazırlanmasında, 
								həyati əhəmiyyət kəsb edən bacarıqlara 
								yiyələnməsində mühüm rol oynayır. Bədii 
								ədəbiyyatın "insanşünaslıq", "həyat dərsliyi" 
								adlandırılması bu fənnin hər bir şagird-oxucu 
								üçün özünü, insanı dərk etmək vasitəsi kimi 
								əhəmiyyətini ifadə edir".  
								
								Ədəbiyyat fənni kurikulumunda diqqətçəkən 
								məqamlardan biri də şagirdlərdə mütaliə 
								vərdişlərinin yaradılmasının ümdə vəzifələrdən 
								biri hesab olunmasıdır. Sirr deyil ki, son 
								dövrlərdə uşaqlarda bədii əsər oxumağa meyil 
								əvvəlki vaxtlara nisbətən bir qədər azalmışdır. 
								Müxtəlif əyləncələrin, şou  proqramların, 
								İnternetdən istifadə imkanlarının artması da 
								buna az təsir göstərmir. Lakin  bütün bunların 
								hamısı birlikdə bir məzmunlu bədii əsərin uşağa 
								təlqin etdiyi mənəvi dəyəri heç də əvəz edə 
								bilməz. Bu mənada fənn kurikulumunun 3 məzmun 
								xəttindən birincisinin "Ədəbiyyat və həyat 
								həqiqətləri" adlandırılması təsadüfi xarakter 
								daşımır. Ədəbiyyat həyatın güzgüsü olmaqla 
								bərabər, həm də ibrət dərsləri, tərbiyə 
								məktəbidir. Yüzlərlə fakt mövcuddur ki, insanlar 
								bu və ya digər bir bədii əsərin təsir gücü ilə 
								həyat yolunu dəyişmiş, naqis əməllərdən 
								uzaqlaşmış, hətta qəhrəmanlıq səviyyəsinə 
								yüksəlmişlər. 
								
								Digər məzmun xətlərinin ayrı-ayrılıqda "Şifahi 
								nitq" və "Yazılı nitq" başlıqları ilə 
								müəyyənləşdirilməsi də məqsədəuyğun hesab 
								edilməlidir. 
								
								Məlumdur ki, insanın bütöv şəxsiyyət kimi 
								formalaşmasını büruzə verən vacib 
								keyfiyyətlərdən biri də onun aydın, ifadəli və 
								təsirli, məntiqli şifahi nitqə, savadlı yazı 
								bacarığına, bir sözlə, nitq mədəniyyətinə malik 
								olmasıdır. Bu keyfiyyətlər peşəsindən, 
								ixtisasından, cəmiyyətdəki mövqeyindən asılı 
								olmayaraq, hamıda formalaşmalıdır. Bünövrə isə, 
								təbii ki, uşaq bağçasından başlamaqla, əsasən, 
								məktəblərdə yaradılır və sinifdən-sinfə inkişaf 
								etdirilir. Yeri gəlmişkən, bir müsbət cəhəti də 
								vurğulamaq istərdim ki, şagirdlərdə nitq 
								mədəniyyətinin formalaşdırılması digər fənn 
								kurikulumlarında da nəzərə alınmışdır. Bu 
								kurikulumların hamısı şagirdlərdə zəruri nitq 
								bacarıqlarının, o cümlədən təqdimetmə, izahetmə, 
								şərhetmə bacarıqlarının inkişafı üçün əlverişli 
								zəmin yaradır. 
								
								İbtidai təhsil səviyyəsindən sonra yuxarı 
								siniflərdə fənn kurikulumlarının tətbiqinə 
								2012-2013-cü dərs ilindən V sinifdən etibarən 
								başlanacaqdır. Heç şübhəsiz, Təhsil Nazirliyi 
								ümumi orta və tam orta təhsil səviyyələrində 
								çalışan müəllimlərin kurikulumlarla iş üzrə 
								bacarıqlarının artırılması və təkmilləşdirilməsi 
								sahəsində müvafiq tədbirlər həyata keçirəcək, 
								öyrədici kurslar və treninqlər təşkil 
								olunacaqdır. Hesab edirəm ki, öyrədici tədbirlər 
								indidən başlanmalı və  intensiv şəkildə davam 
								etdirilməlidir. 2012-2013-cü dərs ili ərəfəsində 
								isə yekun treninqlər keçirilməlidir. Çünki 
								qarşıdan gələn dərs ili ərzində öyrədici 
								xarakterli təşkilati işlər görülməzsə, yalnız 
								bir dəfə keçirilən 10 günlük kursla bu mühüm 
								vəzifənin öhdəsindən gəlmək elə də asan olmaz. 
								
								Müasir kurikulumlar bilavasitə təhsilin  
								keyfiyyətinin yüksəldilməsinə, ölkə üçün 
								rəqabətə davamlı, mənəvi cəhətdən yetkin 
								vətəndaşların formalaşdırılmasına xidmət edir. 
								Bu nəcib məqsədin uğurla reallaşdırılması, 
								ölkəmizdə ümumi təhsilin səmərəli təşkili 
								istiqamətində məqsədyönlü tədbirlərin həyata 
								keçirilməsi, ilk  növbədə, müasir tələblərə 
								cavab verən təhsil infrastrukturun yaradılması 
								dövlətimizin başçısı, möhtərəm Prezidentimiz 
								İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu 
								diqqət və qayğı müqabilində təhsilimizin  
								inkişafı üçün əzmlə çalışmaq, nailiyyətlərin 
								getdikcə artırılması naminə hər cür fədakarlığa 
								hazır olmaq bu gün bütün təhsil işçilərinin həm 
								vəzifə, həm də vətəndaşlıq borcudur.  
								
								
								
								Tərlan BAYRAMOVA, 
								Bakı şəhəri 193 nömrəli tam orta məktəbin  
								Azərbaycan dili və ədəbiyyat müəllimi  | 
								  |