| 
								 
								 Yeni 
								dövrdə bilik qazanma anlayışları dəyişir. Artıq 
								təhsilalanlar təhsilverənlərdən klassik bilik 
								qazanma metodlarının əvəzində  araşdırmaya  və  
								öyrənməyə qabil   dəyərlər tələb edirlər. 
								Dünyanın dəyişmə sürəti xüsusilə son 20 il 
								ərzində o qədər artıb ki,  iqtisadi həyatda, 
								sosio-mədəni dəyərlərdə, elm və texnologiyada və 
								həyatın bütün sahələrində dinamik dəyişikliklərə 
								şahid oluruq. Bütün bu dəyişikliklər ali təhsil 
								sektoru, universitet anlayışı və idarəetmə 
								modellərinə, təhsil və tədris texnologiyalarına 
								əsaslı surətdə təsir göstərir. Bütün gələcək 
								düşüncənin yol xəritəsini müəyyənləşdirəcək 
								trendləri təsbit etmək üçün təkcə idarəetmə 
								qurumlarının deyil, həm də insanların çalışma 
								etika və mentalitetinin  dəyişməyə böyük ehtiyac 
								var. Bu gün əsasını Yaponiya fəlsəfəsində tapan 
								faydalı və vaxtı qızıl kimi dəyərləndirərək 
								çalışma anlayışı olan  "karoşi" bütün dünyada  
								qlobal trend olur. Artıq 7/24 işarəsi həyatımıza 
								çox sürətlə daxil olub. Cloud computing (bulud 
								kompyutinq) adlandırılan yeni bir inkişaf 
								trendi  insana hansısa bir çay kənarında, 
								parkda, dağ başında ağacın altında ofisində 
								olduğu kimi işləmək imkanı verir. Bir daha qeyd 
								edək ki, təhsil insan cəmiyyətinə yeni hədəflərə 
								çatmaq  üçün bir vaxtlar  sinfi mübarizələr 
								tarixində əsas çağırış olan - iş saatlarının 
								azaldılması şüarları ilə inqilabi hərəkat 
								ideyalarından sarsılan kapitalizmin  yeni 
								istehsal münasibətləri və qüvvələri ilə çalışma 
								anlayışını yenidən təsdiqlədi və bu dəfə "time 
								management-7/24" çalışmaq fəlsəfəsi ilə 
								insanları baş-başa buraxdı.  
								
								Bəs müasir dünyada   təhsil fəlsəfəsinin  
								gələcək trendləri ilə bağlı əsas inkişaf 
								meyarları hansılardır?  
								
								Bildiyimiz kimi, yaşadığımız  dövrdə  təhsil 
								insan fəaliyyətinin  ən mühüm sahəsidir  və  
								xüsusilə də ali təhsil sosial və iqtisadi  
								tərəqqinin ən mühüm faktoruna çevrilib. Bu 
								yanaşma həm də onunla bağlıdır ki, müasir 
								cəmiyyətin ən böyük kapitalı və başlıca dəyəri 
								yeni biliklərə və qeyri-standart  düşüncəyə  
								sahib olan  insandır. 
								
								Hələ XX əsrin  60-cı illərinin ortalarında bir 
								çox alimlər subyektiv olaraq belə qənaətə 
								gəlmişdilər ki, bəşəriyyətin qarşısında duran 
								çoxsaylı  kəskin problemləri  elm-təhsil həll 
								etməyə qadir deyil. Burada söhbət təhsilin 
								böhranı anlayışından, ənənəvi təhsil 
								metodlarının bu böhranı yaratmasından gedirdi. 
								1968-ci ildə məşhur Amerika alimi Kumbs ilk dəfə 
								olaraq təhsilin həll olunmayan  problemlərindən 
								danışaraq ayrı-ayrı ölkələrdə rast gəlinən bu 
								problem dalğasının müxtəlif inkişaf səviyyələri 
								olan ölkələrdə özünü göstərəcəyini qeyd 
								etmişdir. 
								
								Bütün bu yanaşmalara  baxmayaraq, bəşəri 
								inkişafın təhsillə mümkün olduğu çox ciddi qəbul 
								edilən bir gerçəklikdir. Təhsil insanın 
								cəmiyyətdə, ətraf mühitdə və sosial müstəvidə  
								uğur qazanmasında, azadlıq, sosial ədalət 
								ideallarına çatmasında əsas vasitədir. 
								 
								
								Ötən  əsrdə  dünya  iqtisadiyyatdan siyasətə, 
								təhsildən sənətə qədər  hər  sahədə  yaşanan  
								elm və texnoloji yeniliklərə səhnə olmuşdur. Bu 
								tendensiya yaşadığımız yeni dövrdə xüsusi çalar 
								daşıyır  və yeni keyfiyyət istiqamətləri ilə 
								zənginləşir. "National School Board 
								"assosiasiyasının  raportuna  görə,   
								
								* Dünyanın bilik təməlləri hər 2-3 ildə ikiyə 
								bölünür. 
								
								* Hər gün 7000 elmi və texniki məqalə 
								yayınlanır. 
								
								* Sənaye cəmiyyətlərində orta dərəcəli 
								məktəblərdən məzun olanlar, öz ata-babalarının 
								bütün həyatı boyunca aldıqları informasiyadan 
								daha artıq informasiya seli ilə qarşılaşırlar. 
								
								* Gələcək 30 il ərzində baş verəcək  
								yeniliklərin,  ötən  300 ildəkindən  daha artıq 
								olacağı proqnozlaşdırılır. 
								
								Deməli qloballaşma ilə ortaya çıxan  yeni 
								sənayeləşmə, sürətli dəyişikliklərin 
								yönləndirdiyi təhsil   qlobal çevrədə yeni insan 
								qaynaqlarının  yetişdirilməsini  tələb edir. 
								Yüksək  rəqabət şəraiti insan qaynaqlarının 
								ömürboyu təhsilini şərtləndirir. Yeni imkanlar 
								şəraitində təhsil almağın maliyyə şərtləri çox 
								yüksəkdir. Belə ki, veb əsaslı tədris imkanları 
								uzaqdan təhsilin yeni bir çevrəsi  olaraq buna 
								sistemli bir cavabdır. Çünki bu cür təhsil aşağı 
								maliyyə, tədris mühiti, zaman və məkan 
								baxımından  çevik şərtləri ilə çox 
								əhəmiyyətlidir. Buradan da göründüyü kimi, 
								yaşadığımız əsrə damğasını vuran iki böyük 
								inqilab həyat şərtlərimizi və deməli, 
								təhsilimizin hədəflərini də dəyişir. Bunlardan 
								biri rəqəmsal, digəri isə genetik inqilablardır. 
								Rəqəmsal inqilablar informasiya 
								texnologiyalarından asılılığımızı  artırmaqla, 
								eyni zamanda həyatımızın bütün sahələrində  
								gələcəyə geniş üfüqlər açır. Eləcə də genetik 
								inqilablar demoqrafik  dəyişikliklərin  əsas  
								səbəbi olur. Bütün bu dəyişikliklər təhsildə 
								yeni paradiqmaların hansı təməllər üzərində 
								bərqərar olmasına həm zəmin yaradır, həm də yeni 
								şərtlər irəli sürür. Bəs bu paradiqmalar, 
								trendlər hansı müstəvidə formalaşmalıdır? 
								
								Bunları aşağıdakı şəkildə belə qruplaşdırmaq 
								olar: 
								
								* Müasir dünyada qlobal trendlər ilə beynəlxalq 
								əmək bazarının tələblərini izləmək; 
								
								* Alternativ düşüncə, ömürboyu öyrənmə, onlayn 
								təhsil vərdişlərinə yiyələnmə; 
								
								* Şəffaflıq, hesabatlılıq, bərabərlik və 
								təhsildə əlyetərlilik. 
								
								Düşünürəm ki, təhsil müasir həyatımızda  bu 
								trendlərin hesabına cəmiyyətdə  innovativ, 
								yaradıcı təşəbbüsləri dəstəkləməli, biliyi 
								istifadə etmədə fərq yarada bilmə bacarığına 
								sahib olmalıdır.  Bunun üçün təhsilşünaslar 
								hesablayıblar ki, yeni yüzillikdə beynin təkcə  
								sol yarımkürəsini inkişaf etdirmək yetərli 
								deyil. Bildiyimiz kimi, insan beyni  iki 
								yarımkürədən ibarətdir. XX əsr boyunca təhsildə 
								xüsusilə sol beyni, İQ ilə ölçdüyümüz beyin 
								kütləsini inkişaf etdirmək hədəflənmişdir. 
								Analiz etmə, rasional düşünmə, məntiqi təfəkkür 
								daha çox sol beynin aktivindədir. 
								
								Ancaq XXI əsrdə  artıq beynin sağ yarımkürəsi, 
								yəni hissedən beyin son dərəcə önəmlidir. 
								Araşdırmalar göstərmişdir ki, sağ beyin xəyal 
								gücünü, spontanlığı, sintez etməyi, yaradıcılıq 
								təşəbbüslərini  özündə daha işlək hala gətirən 
								beyin qismidir və bu beyin yarımkürəsi  inkişaf 
								etdikcə, sol beyin  öz potensialından  daha  çox 
								istifadə edir. 
								
								Hər iki beyin yarımkürəsindən  istifadə etmək 
								və  bu fəaliyyəti birgə sinxronlaşdırmaq  müasir 
								təhsilin qarşısında duran ən mühüm məqsədlərdən 
								biridir.  Bununla da sosiumun yeni kreativ və ya 
								meta bacarıqlara  sahib olması təhsildə əsas 
								hədəflərdən hesab olunur. Bir daha qeyd edim ki, 
								burada əsas diqqət özünü idarəetmə və yeni  
								bacarıqların  qazanılması prosesinə 
								yönəldilməlidir. Təhsildə meta bacarıqlar 
								dedikdə öyrənməyi öyrənmək, özünü idarəetmə - 
								yəni sosial ünsiyyət vərdişləri kimi 
								keyfiyyətlər başa düşülür. Bu yanaşmada  
								edukoloqlar  yaşadığımız əsrdə  təhsilin əsas 
								missiyasını  dərk etmək üçün aşağıda  adları  
								qeyd olunan modellər və oriyentirlər üzərində 
								müzakirələr aparırlar: 
								
								* Təhsildə proaktiv yanaşma;  
								
								* Problem əsaslı öyrənmə; 
								
								* Öyrənən məktəb modeli, self servis təhsil 
								xidmətləri; 
								
								* Postmodern düşüncə mühiti; 
								
								* Beyin təməlli öyrənmə və sair yanaşmalar. 
								
								Təhsil mütəxəssisləri  artıq indiyədək  təhsildə 
								dəbdə olan əzbərçi  formanın alternativlərinin 
								geniş tətbiq modellərini təklif edirlər. Deməli, 
								yeni paradiqmaya uyğun olaraq  öyrədən və 
								öyrənənlərin rollarını bu missiyaya uyğun 
								formalaşdırmaq zərurəti ortaya çıxır. Məşhur 
								Eynşteynin də  qeyd etdiyi kimi, "uğur istifadə 
								etdiyimiz alətlərdə deyil, yanaşmalardadır". 
								Təhsildə  bu yanaşmalardan ən önəmlisi 
								informasiya texnologiyalarıdır.  
								
								Son illərdə dünyada çox sürətli dəyişikliklərin 
								baş verdiyi, reallaşdırılan yeniliklərin 
								ictimai, siyasi və iqtisadi sahədə təsirini 
								göstərdiyi müşahidə olunur. Məsələn, 
								informasiyanın toplanması, işlənməsi, 
								ötürülməsi, istifadəsi və yeni informasiya 
								istehsalına yönələn hər sahədə informasiya və 
								kommunikasiya texnologiyasında dəyişikliklərin 
								baş verdiyi bir dövrdə yaşayırıq. Bu dövrün 
								səciyyəvi xüsusiyyəti, ictimai həyatımızdakı 
								ümumi ab-havaya uyğun olaraq təhsil anlayışında 
								da bəzi dəyişiklikləri zəruri edir. Çünki 
								informasiya cəmiyyətinə çatmaq yolundakı 
								prosesdə informasiya əsaslı dəyişikliklər 
								insanların təhsildən gözləntilərini də 
								müxtəlifləşdirərək dəyişdirmişdir. Ənənəvi 
								təhsil anlayışının kifayət etmədiyi günümüzdə, 
								bütövlükdə təhsildə - təhsil proqramlarının 
								məzmununda köklü yeniliklər və bir sıra 
								dəyişiklikləri hesablamaq  bir zərurət olaraq 
								qarşımıza çıxır.    
								
								Qeyd edək ki, 21-ci əsr ali təhsil sistemi bilik 
								və informasiya texnologiyalarına bağlı olaraq 
								formalaşmaqdadır. Və bu yanaşmada "təhsil" 
								yerinə "öyrənmə" anlayışı ön plana keçir. Təhsil 
								təsirli bir aktdır. Daha açıq bir ifadə ilə, 
								təhsildən söz açıldığında bir tərəfin aktiv, 
								digər tərəfin isə passiv olduğu bir vəziyyət 
								müzakirə obyektidir. Tarixən ənənəvi təhsil 
								sistemində tərbiyəvi, passiv vəziyyətdə olan 
								tələbəyə bilik vermək  üsulu əsas olmuşdur. 
								Halbuki "öyrənmə",  fərdin  bilavasitə  öz  
								səyləri ilə bilik qazanmağa çalışmasıdır. Müasir 
								bilik cəmiyyətində "E-təhsil" (e-learning) 
								olaraq adlandırılan təhsil metodunda problemə 
								əsaslanan öyrənmə (aktiv təhsil) demək olar ki, 
								bilik və informasiya texnologiyalarının köməyilə 
								həyata keçirilir.  
								
								Yuxarıda da ifadə edildiyi kimi, ənənəvi təhsil 
								sistemi tərbiyəvi/öyrədici mərkəzlidir. Ənənəvi 
								təhsil sistemində təsbit olunan  məqamlardan  
								biri müəllim-tələbə münasibətlərində qarşılıqlı 
								təsirin (interactivity) olması zərurətidir. 
								Burada diqqət yetiriləsi əsas  nöqtə bu 
								interaktivliyin miqyası, keyfiyyətə təsiri  
								nəticəsində mümkün olacaq öyrənmə aktıdır. 
								Ənənəvi təhsil sistemində interaktivliyin 
								keyfiyyətinin artırılması üçün gərəkli 
								multimedia təchizatının bütün dərsliklər 
								səviyyəsində istifadə olunmaması əsas 
								problemlərdəndir. Ancaq bilik çağında bilik və 
								informasiya texnologiyalarındakı ağlasığmaz 
								inkişaf sayəsində bilik əldə etmənin asanlaşması 
								və xərclərin azalması səbəbilə ənənəvi 
								"tərbiyəvi əsaslı" (instructor based) təhsil 
								sisteminin yerini çox sürətli bir şəkildə 
								"təhsil əsaslı" (learned based)  e-təhsil 
								sistemi tutur. Paradiqma artıq öyrədici əsaslı 
								təhsildən öyrənən əsaslı bir müstəviyə doğru 
								dəyişir. Öyrənən əsaslı təhsil (learner based 
								education) olaraq adlandırılan yeni paradiqma 
								virtual təhsil (virtual education), uzaqdan 
								təhsil (distance education) və ya qarışıq 
								öyrənmə (blended learning) ilə birlikdə ənənəvi 
								təhsil sistemində paradiqma dəyişikliyinə yol 
								açmışdır. 
								
								E-təhsil (e-Learning), texniki bir təriflə, 
								e-öyrənmə; İnternet, intranet, extranet və ya 
								digər İnternet-əsaslı texnologiyalar ilə həyata 
								keçirilən sinxronizə (eyni vaxtda) və 
								asinxronizə (eyni vaxtda olmayan)  öyrənmə 
								metodlarına verilən addır. Daha sadə bir tərif 
								vermək lazım gələrsə, müxtəlif texnologiyaların 
								(İnternet, intranet kimi informasiya şəbəkələri, 
								CD-ROM, cib telefonu və s.) istifadə edilərək 
								bilikləri və öyrətmə materiallarının 
								istifadəçilərə çatdırılmasıdır. E-təhsil, 
								görüntülü və səsli ünsürlərlə zənginləşdirilmiş 
								öyrənmə mövzuları və bunları dəstəkləyən 
								müxtəlif testləri təqdim edə bilən, məsələ ilə 
								əlaqədar lazımi informasiyanın əldə edilməsini 
								asanlaşdıra bilən və ən önəmlisi interaktiv 
								şərait yarada bilən bir öyrənmə sistemidir. 
								
								Kompüterlərin informasiyanı səsli, görüntülü və 
								mətn əsaslı təqdim etməsi nəticəsində tələbələr 
								görərək, eşidərək və oxuyaraq öyrənə bilirlər. 
								Belə olanda hər öyrənmə qrupuna mənsub tələbəyə 
								uyğun bilik verilir və klassik sinif şəraitində  
								olduğundan daha uzunmüddətli bir öyrənmə həyata 
								keçirilir. 
								
								"Techonomy - 2010" konfransında çıxış edən  Bill 
								Gates gələcək illər ərzində öyrənmə prosesinin 
								necə olacağına dair öz proqnozlarını irəli 
								sürərək qeyd etmişdir ki, "heç bir universitet 
								gələcəkdə  tələbələrinə  ehtiyac duyduğu tədris  
								qaynaqlarını öyrətməkdə İnternetlə  yarışa 
								bilməyəcək. Gates universitet təhsilinin  
								gələcək beş il içində beşqat daha önəmsiz 
								olacağını, yeni e-təhsil dərs qaynaqlarını  
								gəncləri  maarifləndirmədə önəmli rol 
								qazanacağını bildirmişdir. 
								
								Bill Gatesin fikrincə, e-təhsildə öyrədən və 
								öyrənən arasındakı ünsiyyət iki yolla aparıla 
								bilər:  
								
								Eyni vaxtda (sinxronizə):  Öncədən müəyyən 
								edilən proqrama görə öyrədənlə öyrənən İnternet 
								vasitəsi ilə birbaşa ünsiyyət qurub təhsil 
								fəaliyyətlərini davam etdirə bilər. Əgər 
								öyrənənlərin sayı bir neçə olursa, görüntülü 
								konfrans keçirilə bilər. Hər iki halda da 
								ikitərəfli bir ünsiyyət və interaktivlik 
								yaranır. 
								
								Eyni zamanlı olmayan (asinxronizə) ünsiyyət: 
								Öyrənənin öz istədiyi zamanda CD-ROM istifadə 
								etməsi və ya təqdimatçı tərəfindəki sistemə 
								girməsidir. Hər iki halda da öncədən hazırlanmış 
								və öz içində qarşılıqlı təsirlənməsi olan 
								proqramların izlənə bilməsidir. 
								
								Dünya miqyasında  e-təhsilin qət etdiyi miqyası 
								rəqəmlərin dili ilə qısaca olsa da  ortaya 
								qoymağa çalışaq. International Data Corporation 
								(IDC) adlı qurumun verdiyi statistikaya görə, 
								bütün dünyada peşəiçi təhsil sektorunun rəqəmsal 
								həcmi 2004-cü ilin sonundan etibarən 60 milyard 
								dollara yaxındır və bunun 6,6 milyard dollarını 
								e-təhsil fəaliyyətləri təşkil etməkdədir. 
								E-təhsil bazarının 2012-ci ildə 50 milyard 
								dollara çatacağı təxmin edilir. ABŞ-dakı Phoneix 
								Online Universitetinin araşdırmasına görə, 
								ümumilikdə e-təhsil bazarı 2002-ci ildəki 10,3 
								milyard dollarlıq səviyyəsindən 2006-cı ildə 
								83,1 milyard dollara çatmışdır. 
								
								Ənənəvi  təhsil məfhumunu, sənaye inqilabının ən 
								böyük kəşflərindən biri olan "fabrik" nişanı 
								təmsil edir. Beləcə müasir dərketmədə məktəb də 
								fabrik kimi istehsalçı bir qurum olaraq dərk 
								edilir. Təhsil məfhumunun ehtiva etdiyi bu yeni 
								"davranışlar nəzəriyyəsi" qısa zamanda bir sıra 
								davranış modelləri ilə həyata keçirilmişdir. 
								Fabrik simvolunun müasir  məktəbə necə tətbiq 
								edildiyi aşağıdakı bir nümunə ilə izah edilir. 
								
								"Məktəb fabrik kimi nəzarət mərkəzində 
								təşkilatlanmış bir orqan olaraq nəzərdə tutulur. 
								Zəng zamanı, bərabər bölgüyə ayırır. Təxminən 
								bir saata yaxın müəllim suallar verir, şagirdlər 
								cavablandırır, zəng çalınır, kitablar səs-küylü 
								şəkildə bağlanır. Səs-küylə qarışıq danışıq və 
								gülüş səsləri sinifləri və dəhlizləri doldurur, 
								dəqiqələr keçir və başqa bir zəng çalınır, 
								izdiham yavaş-yavaş sıraların içinə yayılır, 
								sonra gülüş və danışıqlar, səssizlik, 
								"Yadınızdadırsa, keçən dərsimizdə..." Yeni bir 
								dərs başlamışdır.Təhsilə tətbiq etməyə çalışılan 
								fabrik anlayışı, məktəbi əmələ gətirən 
								komponentlərin (şagird-müəllim-idarəçi) 
								rollarına da təsir etmişdir. Bu anlayış sinif 
								içərisində müəllimi usta, şagirdi isə fəhlə 
								olaraq görməyimizə yol açır. Şagird, təsir 
								edilən, dinləyən, icazə  verildikdə danışan, 
								həmişə nəzarətdə saxlanılan və əzbər gücü ilə 
								ölçülən bir öyrənçi rolunda çıxış edir. Müəllim 
								isə sinif adlandırılan müəyyən bir müddət 
								içərisində və onlara verilən proqram 
								çərçivəsində informasiya ötürən, əzbər 
								şablonları hazırlayan və onları ölçən (yəni 
								şagirdlərə verdiyinin nə qədərini geriyə 
								aldığını) müəyyən standartların xaricinə çıxa 
								bilməyən öyrədəndir. 
								
								Məktəb idarəçisi isə iyerarxik bir quruluş 
								içərisində məktəb idarəetməsinə (müəllim-şagird) 
								nəzarət edən, bürokratik işləri izləyən, müəllim 
								və şagirdlərə qarşı məsafəli, bir çox hallarda 
								yenilik əleyhdarı, dəyişikliyə müqavimət 
								göstərən, hər şeyi özünün bildiyini iddia edən 
								və "məktəb" adlı sistemi təkbaşına idarə etməyə 
								çalışan məktəbin rəhbəri mövqeyindədir. 
								
								Günümüzdə təhsilə hakim olan "davranışlar 
								nəzəriyyəsinə" zəmin hazırlayan bu fabrik 
								simvolundan yuxarıdakı rollara əlavə olaraq bir 
								sıra davranış örnək və nümunələri meydana 
								gəlmişdir. Bunların demək olar ki, hamısı bu gün 
								təhsil prosesinin əvəzolunmaz amilləri olaraq 
								görülən müxtəlif alətlərdir. 
								"Standartlaşdırılmış ölçmə testləri və 
								imtahanlar, fabrik silsiləvi istehsalından 
								qaynaqlanan silsilə istehsal və məhsul sayına 
								bənzər məzun və daha çox diplom, mərkəzi və 
								iyerarxik məktəb idarəsi, bürokratik məktəb 
								prosesi, növbəli sistemdən qaynaqlanaraq dəqiq 
								xətlərlə müəyyən edilmiş vaxt istifadəsi (məktəb 
								müddəti, dərs saatları, tənəffüs fasilələri), 
								fərdlər üçün başqaları tərəfindən düzənlənmiş 
								dəyişik təhsil növləri, təhsil pillələrinin 
								kəskin xətlərlə bir-birindən ayrılması  müəyyən 
								bir sırada və nizamda bu mərhələlərdə yüksəlmə, 
								təhsil proqramlarının konkret cizgilərlə 
								müəyyənləşmiş olması bunlardan sadəcə 
								bəziləridir".  
								
								Türkiyənin məşhur təhsil tədqiqatçısı İrfan 
								Ərdoğan  bu dəyərləndirmələri dəstəkləyərək 
								bunları irəli sürmüşdür: 
								
								"Mövcud təhsil paradiqmasının təşkilati quruluşu 
								sənaye inqilabının izlərini daşıyır. Məktəblər 
								hələ də sənayeyə əsaslanan cəmiyyətlərin 
								formalaşması nəticəsində meydana gələn 
								informasiya və bacarıq ehtiyacını təmin edir. 
								Yəni məktəblər hələ emalatxana kimi dərk 
								olunmaqda, bir aparat olaraq görülməkdədir".
								 
								
								Sənaye tipli quruluş məfhumu təhsil sisteminin 
								idarəvi quruluşuna da bilavasitə təsir edərək 
								mərkəzi, bürokratik və ağır işləyən 
								mexanizmlərlə hörülmüş bir nəzarət-idarəetmə 
								təşkilatı əmələ gətirmişdir. Təhsildə 
								keyfiyyətin inkişafı yerinə kəmiyyət 
								göstəriciləri müvəffəqiyyət sayılmış, 
								məktəblərdə "öyrətmə" məfhumunun yerini 
								"öyrənmə" anlayışı almışdır. Fərdə həyat 
								bacarıqları  qazandırma prosesi olaraq ehtiva 
								edilən  təhsil məfhumu daha dar, məhdud və 
								çərçivəli dəyərlər anlayışı kimi dərk 
								olunmuşdur. Beləliklə, əsrlər boyu  
								təhsil-tərbiyə işində, üzərində daha çox 
								düşünülən, çalışılan öyrənmək deyil, öyrətməyə 
								üstünlük verildiyini görürük.  
								
								Sənaye inqilabının və onun nəticəsində 
								formalaşan, mexaniki təhsil anlayışının vəzifə 
								və məsuliyyəti XX əsrin ilk yarısında özünü daha 
								qabarıq ehtiva edirdi . Fərdlərə oxuma, yazma, 
								hesab öyrətmək, yurdu, dünyanı tanıtmaq və  
								onları yaxşı bir vətəndaş olaraq yetişdirmə 
								vəzifəsini daşıyan təhsil sistemi yeganə bir 
								model hesab olunurdu. Ancaq 1970-ci ildən sonra 
								təhsil sadəcə, oxuma, yazma, hesab kimi bəzi 
								təməl sahələrdə vərdiş əldə etmə, bacarıq 
								qazanma formasından  daha artıq məna kəsb etməyə 
								başladı. Bunun nəticəsi olaraq təhsil düşünmə, 
								yaşama zənginliyi təmin etmə hədəfinə yönəldi. 
								Nəticədə təhsildəki yuxarıda da bəhs edilən 
								ənənəvi paradiqmaların sıxışdırılması prosesinə 
								start verildi. Tək ölçüdən çox ölçüyə keçən və 
								müxtəlifləşən, informasiya və düşüncəni əsas 
								alan yeni təhsil paradiqması aşağıdakı 
								müqayisədə daha aydın bir şəkildə ifadə olunur.  
								
									
										|   | 
										
										
											
												| 
												
												
												Sənaye Cəmiyyəti Təhsil 
												Paradiqması | 
												
												
												
												İnformasiya Cəmiyyəti Təhsil Paradiqması | 
											 
											
												| 
												
												Siniflərdə keçilən dərs | 
												
												
												Fərdi araşdırma | 
											 
											
												| 
												
												Passiv mənimsəmə | 
												
												
												Şəyirdlik | 
											 
											
												| 
												
												Yalnız çalışma | 
												
												
												Qrupla öyrənmə | 
											 
											
												| 
												
												Hər şeyi bilən müəllim | 
												
												
												Rəhbər olan müəllim | 
											 
											
												| 
												
												Dəyişməyən məzmun | 
												
												
												Sürətli dəyişən elastik məzmun | 
											 
											
												| 
												
												Eynicinslilik | 
												
												
												Müxtəliflik | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								XX əsr insanını  XXI əsrdə  daha böyük 
								dəyişikliklər gözləyir. Hətta bu dəyişikliklər 
								keçmişdəkindən elə fərqlənir ki, Gibsonun ifadə 
								etdiyi kimi, "Son otuz ildəki təcrübələrdən 
								çıxarılan dərs, heç kimin gələcəyə avtomatik 
								pilota bağlanmış kimi proqramlanmış bir şəkildə 
								gedə bilməyəcəyini göstərir". 
								
								Təhsildə gələcəyə yönəlik tələbatlar cədvəlində 
								də göstərildiyi kimi təhsilin məqsədinə, 
								öyrənmənin təbiətinə, elmi informasiyanın 
								dəyərinə dair ortaya çıxan yeni yanaşmalar 
								təhsilin çağdaş öhdəliklərini zəruri edir. 
								Burada əsas diqqət ediləcək odur ki, bizim də 
								əhatə olunduğumuz sənaye cəmiyyətinin təhsil 
								yanaşması müasir informasiya cəmiyyətinin 
								tələblərindən  geri qalır. Bu səbəbdən inkişaf 
								etmiş ölkələrin təhsil sistemləri, məsələn, 
								Yaponiyada təhsilin bütün iştirakçıları ilə 
								birlikdə müzakirə edilir və islahatlar həyata 
								keçirilir.  
								
								Bu məsələdə İngiltərənin keçmiş baş naziri 
								Bleyerin bir fikri diqqəti cəlb edir: 
								"İngiltərənin XVIII əsrdə sərvəti torpaq idi. 
								XIX və XX əsrdə torpağın yerini fabriklər və 
								sərmayə aldı. XXI əsrdə isə sərvətimiz insan 
								olacaqdır. İnsan potensialını sərbəstləşdirməli, 
								istedadlara vurulmuş zəncirləri qoparmalıyıq". 
								
								İnformasiya toplumunun yeni istehsal şərtləri, 
								ictimai həyatın ənənəvi anlayışlarını 
								dəyişdirdiyi kimi təhsil anlayışında da 
								dəyişiklikləri zəruri etmişdir. Bu prosesdə 
								təhsilin  ümumi hədəfi belə ümumiləşdirilə 
								bilər: Təhsil- İnsanda fərdi öyrənmə yolu ilə, 
								zehni imkanlarını inkişaf etdirməsi və dəyişən 
								mühit şəraitinə uyğunlaşa biləcəyi informasiya, 
								bacarıq və davranışları hər zaman yeniləməsi 
								üçün uyğun öyrənmə mühitinin yaradılması 
								prosesidir.   
								
								
								
								Cəsarət VALEHLİ, 
								İctimai televiziyanın "Açıq dərs" proqramının  
								moderatoru,  
								AMEA-nın doktorantı   |