| 
								 
								
								
								Viktor Sadovniçi Vladimir Putinlə görüşdə dünya 
								universitetlərinin reytinq cədvəli ilə bağlı 
								iradlarını gündəmə gətirib  
								
								
								M.V.Lomonosov adına  Moskva Dövlət 
								Universitetinin rektoru, professor Viktor 
								Sadovniçi Rusiya Federasiyasının baş naziri 
								Vladimir Putinlə görüşdə dünya 
								universitetlərinin reytinq cədvəli ilə bağlı 
								iradlarını gündəmə gətirib. V.Sadovniçi Rusiya 
								ali məktəblərinin beynəlxalq reytinq 
								cədvəllərində ilk yerlərdən kənarda qalmasına 
								münasibət bildirib. Onun sözlərinə görə, 
								Avropada beynəlxalq reytinq cədvəllərini tərtib 
								edənlər Rusiya ali məktəbləri ilə hesablaşmaq 
								istəmirlər. Rektor  belə bir açıqlama verib ki, 
								reytinq agentliklərinin menecerləri ona açıqca 
								söyləyiblər ki, əgər ali məktəbinizin hesabında 
								2 milyard ABŞ dolları yoxdursa, onda onun 
								beynəlxalq reytinq cədvəlində yaxşı yer 
								tutmasını gözləməyə dəyməz.  Bununla belə, 
								MDU-nun rektoru qeyd edib ki, təmsil etdiyi ali 
								məktəbin dünya reytinq cədvəlində layiqli yer 
								tutması üçün bundan sonra da mübarizəni davam 
								etdirəcəklər. "Onlar (Qərb və Şərq 
								universitetləri) öz qaydaları ilə yaşayırlar, 
								əgər kapital varsa, onu banka qoyurlar və 
								onların öz maliyyə bazası yaranır. Ondan sonra 
								həm müəllimləri dəvət edirlər, həm elmi 
								maliyyələşdirirlər. Əgər maliyyə yoxdursa, onda 
								ali məktəb  zəifdir. Bizdə isə əsasən büdcədən 
								maliyyələşmədir", - deyə V.Sadovniçi bildirib.
								 
								
								
								Rektor Avropadan fərqli olaraq Şanxay reytinq 
								tərtibçilərinin Rusiya universitetləri ilə 
								hesablaşdıqlarını da deyib.  
								
								
								  
								
								
								
								Amerikada müəllimlər ildə 60 min dollar maaş 
								alacaq  
								
								 ABŞ 
								prezidenti Barak Obama dövlət təhsil 
								müəssisələrində yenicə əmək fəaliyyətinə 
								başlayan müəllimlərə ildə 60000, ayda isə 5000 
								ABŞ dolları ödəməyi təklif edir. Təhsil naziri 
								Arne Dunkanın sözlərinə görə, yalnız bu yolla 
								gənc və istedadlı universitet məzunlarını təhsil 
								müəssisələrinə cəlb etmək olar. A.Dunkanın 
								fikrincə, yeni müəllim əməkhaqqının artım 
								perspektivini görməlidir. Təcrübə və staj ilə 
								birlikdə  müəllimlərin əməkhaqqı 150000 ABŞ 
								dollarına qədər arta bilər. Hazırda Amerika 
								məktəblərinin bir çox direktorları bundan bir 
								qədər artıq maaş alırlar. Amerika Əmək 
								Statistikası Bürosunun məlumatına görə, hazırda 
								orta məktəb müəllimlərinin məvacibi ildə 52000 
								dollardır. 
								
								"Müəllimlərin maaşlarının artırılması üçün çoxlu 
								vəsait lazımdır. Bu, xüsusən də hazırda 
								hökumətin borc və kəsirlə mübarizə apardığı bir 
								dövrdə həssas bir məsələdir. Əminəm ki, 
								insanların çoxu tez söyləməyə çalışacaq ki, bu 
								pullar daha zəruri ehtiyaclara sərf 
								olunmalıdır",-deyə təhsil naziri bildirib. 
								Təhsil Nazirliyi müəllimlərin əməkhaqlarının 
								həcmi və şagirdlərin uğurları arasında müsbət 
								əlaqə kimi Nyu-Yorkun orta məktəblərində 
								eksperiment aparır. Bu məktəblərdə müəllimlərin 
								məvacibləri ildə 125000 dollara qədər artırılıb. 
								Ekspertlərin fikrincə, yüksək əməkhaqqına malik 
								olan pedaqoqlar hər zaman daha yüksək nəticələr 
								göstərirlər.    
								
								
								
								Fransada ali təhsil bahalaşır  
								
								 Fransada 
								tələbə həyatı bahalaşır. Ölkədə fəaliyyət 
								göstərən ilk tələbə həmkarlar təşkilatı "Unef"in 
								mütəxəssisləri belə bir qənaətə gəliblər. 
								Araşdırmalar nəticəsində dövlət təhsil 
								müəssisələri və universitet tələbələri üçün 
								məcburi xərclərin illik həcminin necə dəyişdiyi 
								müəyyən olunub. "Unef"in məlumatında qeyd olunur 
								ki, il ərzində tələbə xərcləri 4,1 faiz artıb. 
								Bu isə inflyasiya üzrə ölkə göstəricisindən 2 
								dəfə çoxdur. Ekspertlər hesab edir ki, bahalaşma, 
								ilk növbədə, kirayə haqlarının artması ilə 
								əlaqədardır. "Unef"in ekspertləri qeyd edir ki, 
								hazırda Fransa ali məktəblərində təhsilalanların 
								cəmi 7 faizinin tələbə yataqxanalarında yaşamaq 
								imkanı var. Qalanları isə kirayədə qalmağa 
								məcburdur.  
								
								Bu problem xüsusən də paytaxt Parisdə daha 
								kəskindir. 2010-cu illə müqayisədə mənzil 
								kirayəsi cari ildə 8,9 faiz artaraq orta hesabla 
								772 avro təşkil edib. Fransa əyalətlərində 
								tələbə əmlakı kirayəsi 1,9 faiz artıb və  611 
								avroya çatıb. Tələbələrin 52 faizi hesab edir ki, 
								ölkədə mənzillə bağlı vəziyyət ildən-ilə 
								pisləşir. Statistikaya görə, hər il hər 10 
								tələbədən 4-ü mənzil kirayəsi problemi ilə 
								üzləşir. Lakin tələbə həyatının bahalaşması 
								yalnız kirayə haqları ilə bağlı deyil, ötən dərs 
								ili ərzində tələbələr ali məktəbə daxil olmağa, 
								sosial sığortaya və ərzağa daha çox pul ödəməli 
								olublar. Cari il ərzində tələbələr üçün ərzaq 
								8,4 faiz bahalaşaq 450 avroya qarşı 488 avro 
								təşkil edib.    Bakalavriat dərəcəsi üzrə təhsil 
								alanlar cari ildə 174 avro əvəzinə 177 avro, 
								magistrantlar 237 avro əvəzinə 245 avro, 
								doktorantura dərəcəsi üzrə 352 avro əvəzinə 372 
								avro  ödəyiblər. Sosial sığorta haqları da 200 
								avrodan 203 avroya qədər bahalaşıb.   
								 
								
								Fransa ali məktəb tələbələrinin əksəriyyətinin 
								təqaüd almaq haqqı yoxdur, dövlət müavinətlərini 
								isə ali məktəblərin yalnız hər 5 tələbəsindən 
								birinin almaq haqqı var. Parisdə aylıq təhsil 
								haqqı 1000 avro, əyalətlərdə isə 760 avrodur. 
								Fransanın təhsil naziri Loran Vokıye isə hesab 
								edir ki, Fransa ali məktəblərində təhsil haqları 
								cüzi dərəcədə qalxıb. "Tələbələrin yaxşı 
								yaşadığını deyə bilmərəm. Lakin Avropanın digər 
								ölkələrinə baxdıqda qeyd olunmalıdır ki, 
								Fransada tələbə olmaq daha ucuzdur",-deyə təhsil 
								naziri bildirib.  
								
								
								
								Çində xəttatlıq dərsləri tədris olunacaq  
								
								 Çinin 
								Təhsil Nazirliyi icbari qaydada ölkənin ibtidai 
								məktəblərində kalliqrafiya (xəttatlıq) 
								dərslərinin  tədris olunması barədə sərəncam 
								verib. Sərəncam İnternet şəbəkədə geniş 
								diskussiyalara yol açıb.  Sərəncama əsasən 
								ibtidai məktəb  şagirdlərinin dərs proqramında 
								hər həftə bir saat kalliqrafiya (xəttatlıq) 
								saatı olacaq. Bundan əlavə, ali təhsil 
								müəssisələri də fakültativ qaydada xəttatlıq 
								kursunu tədris etməlidirlər. İnternet 
								istifadəçiləri yeni kursun tətbiqini 
								dəstəkləyirlər. Yeniliyin əleyhdarlarına görə, 
								xəttatlıq dərsləri şagirdlərin onsuz da ağır 
								olan yükünü artıracaq.  Buna baxmayaraq, artıq 
								Çin məktəblərində  xəttatlıq dərslərinin 
								tədrisinə başlanılıb. 
								
								
								  
								
								
								  
								
								
								 Turkmənistanda 
								birinci sinif şagirdlərinə hədiyyə  
								
								Türkmənistanda yeni dərs ili ərəfəsində birinci 
								sinfə gedən şagirdlərə hədiyyə olunub. Ölkə üzrə 
								birinci sinfə gedən bütün uşaqlara noutbuklar 
								verilib. Türkmənistan mətbuatının məlumatına 
								görə, bu il 100 min uşaq birinci sinfə gedib. 
								Birincilərin noutbukla təmin olunması barədə 
								sərəncamı prezident Qurbanqulu Berdımuxammedov 
								imzalayıb. Bu məqsədlə dövlət 26 milyon ABŞ 
								dolları sərf edib. Qeyd edək ki, Gürcüstanda da 
								analoji aksiya keçirilib. Bu il birinci sinfə 
								gedən 60 min şagird dövlətdən pulsuz noutbuk 
								alıb.  
								
								
								
								Yunanıstanda tələbələr keyfiyyətli təhsil tələb 
								edir  
								
								 Yunanıstanda 
								tələbələrin etiraz aksiyası səngimək bilmir. 
								Gənclər keyfiyyətli və hamı üçün əlçatan olan 
								təhsil tələb edir. Paytaxt Afinada "Bizim 
								hesabımıza  qənaət etməyin!", "Təhsil xərclərini 
								deyil, dövlət xərclərini azaldın" şüarları ilə 
								küçələrə çıxan gənclər hökumətin yeritdiyi 
								təhsil islahatlarına etirazlarını bildiriblər. 
								
								Qeyd edək ki, Yunanıstan hökuməti ölkənin təhsil 
								sistemində bir neçə radikal dəyişiklikləri 
								həyata keçirməyə hazırlaşır. Dəyişikliklərə görə,  
								özəl sektora təhsil proqramlarına sponsorluq 
								etmək icazəsi verilir. Bundan başqa, bir neçə 
								universitetin bağlanması nəzərdə tutulur. 
								Müəllimlərin sayı azaldılır və elmi dərəcə almaq 
								üçün 4 illik müddət tətbiq edilir.  Məmurlar 
								hesab edirlər ki, bununla dövlət xərclərini 
								azaltmaq mümkün olacaq. Ölkədə dövlətdən maaş 
								alan  hər hansı bir professorun həqiqətdə heç 
								bir mühazirə oxumadığı günün reallıqlarından 
								birinə çevrilib. Alimlik elmi dərəcəsi alınan 
								zaman isə saat məhdudiyyətinin qoyulmaması "əbədi" 
								adlandırılan tələbə ordusunun yaranmasına yol 
								açır.  Gənclər hökumətin təhsil siyasətinə 
								etiraz edir. Onlar hesab edirlər ki, bütün 
								dəyişikliklər ona gətirib çıxaracaq ki, 
								keyfiyyətli ali təhsil pullu olacaq. Nəticədə 
								hamı təhsil ala bilməyəcək.   
								
								
								
								Böyük Britaniyada yeni məktəb yaradılır  
								
								 Böyük 
								Britaniyada keyfiyyətcə yeni məktəb yaradılır. 
								Ölkənin Mançester qraflığında yaradılan yeni 
								pulsuz məktəbin müəllimləri əsasən keçmiş hərbi 
								təqaüdçülər olacaq.  Böyük Britaniya Silahlı 
								Qüvvələri Baş Qərargahının keçmiş komandanı, 
								hazırda isə hökumətin təhlükəsizlik məsələləri 
								üzrə müşaviri postunu tutan lord Çarlz Qatri 
								hesab edir ki, məktəbliləri hörmət və mədəniyyət 
								ruhunda tərbiyə etmək, intizamsızlığı ləğv etmək  
								üçün bu cür məktəblərin yaradılması zəruridir.  
								O qeyd edib ki, hökumətin belə bir məktəbin 
								Feniks şəhərində açılması barədə planı tərtib 
								olunub. Bu məktəbdə ingilis ordusunun, 
								donanmasının, hərbi hava qüvvələrinin keçmiş 
								əsgərləri dərs deyəcək. İki il ərzində 
								istifadəyə veriləcək bu cür məktəblər ölkənin 
								digər vilayətlərində də yaradılacaq.  
								
								"Müasir ideal əsgərin xarakteristikası populyar 
								olan stereotiplərdən uzaqdır. Mərdlik, güc, 
								əlbəttə ki, vacibdir, lakin başlıca tələb 
								özünütənqid, digər insanlara hörmət etmək və 
								qulaq asmaq, oxumaq və uyğunlaşmaq 
								qabiliyyətidir. Aydındır ki, məktəblərimizin 
								çoxu bu keyfiyyətləri tərbiyə etmək vəziyyətində 
								deyil. Buna görə də bu cür alternativ təklif 
								olunur. Yeni şəhər məktəbləri tam surətdə keçmiş 
								hərbi qulluqçulardan təşkil olunmalı, onlar 
								şagirdlərdə ən yaxşı keyfiyyətləri üzə 
								çıxarmalıdırlar", -deyə keçmiş hərbçi bildirib. 
								 
								
								Qeyd edək ki, ölkənin təhsil naziri Makl Qouv da 
								hərbçilərin məktəblilərin tərbiyə işinə cəlb 
								olunmasını dəstəkləyib.    
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı:
								 
								Oruc MUSTAFAYEV     |