| 
								 
								 Azərbaycan 
								Dillər Universitetinin (ADU) rektoru, millət 
								vəkili, professor Səməd Seyidovun "Menecmentin 
								psixologiyası"  adlı yeni  kitabı işıq üzü görüb. 
								Müəllifin rus dilində qələmə aldığı və 
								Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən 
								ibarətdir. "Menecmentin psixologiyasının 
								əsasları" adlanan birinci fəsildə "Menecmentə 
								giriş", "Menecment psixologiyasının tədqiqat 
								tarixi", "Menecment psixologiyasının əsasları" 
								adlı bölmələr yer alıb. "Menecmentdə insanın 
								mahiyyəti və əhəmiyyəti" adlanan ikinci fəsildə 
								isə "Psixi proseslər və insanın menecment 
								baxımından xüsusiyyətləri" və "Şəxsiyyət" 
								bölmələrindən bəhs edilir.  Nəşrin sonuncu fəsli 
								isə "Menecment psixologiyasının dörd fundamental 
								problemi: motivasiya, liderlik, 
								şəxsiyyətlərarası münasibətlər və kadrların 
								seçilməsi" adlanır. Bu fəsildə "Motivasiya", "Liderlik", 
								"Şəxsiyyətlərarası münasibətlər" və "Kadrların 
								seçilməsi problemi" mövzularına dair dəyərli 
								fikirlər öz əksini tapıb.   
								
								Bu dərs vəsaiti idarəetmənin, menecmentin və 
								fəaliyyət təşkilinin psixoloji əsaslarını 
								öyrənən ali təhsil müəssisələrinin tələbələri 
								üçün nəzərdə tutulub. Kitab motivasiya, liderlik, 
								qrup və təşkilatlarda şəxsiyyətlərarası 
								münasibətlər problemləri ilə maraqlananlar üçün 
								böyük dəyərə malikdir.  Vəsaitdə qrup və fərdi 
								fəaliyyətin effektliyi ilə bilavasitə əlaqəsi 
								olan kadr seçimində psixoloji məsələyə, fərdi 
								xüsusiyyətlərin hiss və iradi keyfiyyətlərin 
								təhlilinə və bir sıra digər amillərə xüsusi önəm 
								verilib.  
								
								Professor S.Seyidov 100-ə yaxın elmi əsərin -  
								monoqrafiya, məqalə və metodik vəsaitin 
								müəllifidir. O, ABŞ-da, Böyük Britaniyada, 
								İtaliyada, Belçikada, Türkiyədə, İsraildə 
								keçirilmiş çoxsaylı konfrans və simpoziumların 
								iştirakçısıdır.   
								
								
								
								ADU-nun Mətbuat xidməti   | 
								  |