| 
								 
								 Sentyabrın 
								15-də - Bilik günündə Bakının Səbail rayonundakı 
								6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra 
								istifadəyə verilmişdir.  
								Azərbaycan 
								Prezidenti İlham Əliyev mərasimdə iştirak 
								etmişdir.  
								Müəllim, 
								şagird və valideynlər dövlətimizin başçısını 
								hərarətlə qarşıladılar.  
								Məktəblilər 
								Prezident İlham Əliyevə gül dəstələri təqdim 
								etdilər.  
								Prezident 
								İlham ƏLİYEV mərasim iştirakçıları qarşısında 
								çıxış edərək dedi:  
								- Əziz 
								uşaqlar, əziz müəllimlər, əziz valideynlər!
								 
								Mən sizin 
								hamınızı yeni dərs ilinin başlanması 
								münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu 
								gün 6 saylı məktəbin həyatında çox əlamətdar və 
								tarixi bir gündür. Bu gün biz məktəbin yeni 
								binasının açılışını qeyd edirik. Bu gözəl, 
								möhtəşəm bina əminəm ki, məktəbin həyatında 
								unudulmaz hadisə olacaqdır.  
								Bildiyiniz 
								kimi, 6 saylı məktəbin çox böyük tarixi, böyük 
								ənənələri vardır. Məktəbdə müxtəlif dövrlərdə 
								oxumuş insanlar Azərbaycanın inkişafına öz 
								töhfələrini vermişlər. Ancaq məktəbin binası 
								köhnəlmişdi və yeni binanın tikintisinə ehtiyac 
								var idi. Hazırda tikilmiş bina dünyanın ən 
								yüksək standartlarına cavab verir. Eyni zamanda, 
								məktəbin sahəsi də iki dəfədən çox 
								genişləndirilmişdir. Məktəbin sahəsi 6500 
								kvadratmetrdən 13 min 500 kvadratmetrədək 
								böyümüşdür. Siniflərin sayı iki dəfədən çox 
								artmışdır. Yeni idman kompleksi tikilmişdir. 
								Yəni məktəbdə oxuyan uşaqlar indi burada 
								yaradılmış şəraitlə tanış olacaqlar. Həm 
								uşaqlar, həm müəllimlər üçün çox gözəl şərait 
								yaradılmışdır.  
								
								 Mənim 
								üçün 6 saylı məktəb doğma, əziz məktəbdir.
								
								
								Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu 
								ətraf ərazilər mənim üçün doğmadır. Mənim 
								uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən 
								çox şadam ki, bu gün böyük tarixə malik olan 6 
								saylı məktəbin yeni həyatı başlayır.  
								
								Mənim üçün məktəb illəri hər bir insan kimi 
								unudulmaz illərdir. Burada, bu məktəbdə mənə 
								verdikləri biliklərə görə müəllimlərimə 
								minnətdaram və o xatirələri həmişə ürəyimdə 
								saxlayıram.  
								
								Bununla bərabər, mənim üçün bütün məktəblər 
								əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda 
								son illər ərzində məktəb tikintisi çox geniş 
								vüsət almışdır. Son illər ərzində 2161 məktəb 
								tikilib və təmir edilmişdir. Bütün məktəblərdə 
								kompüter sinifləri yaradılıbdır. Hesab edirəm 
								ki, Azərbaycanda təhsilin səviyyəsi müasir 
								tədris prosesinin inkişafı hesabına daha da 
								qalxacaqdır.  
								
								Bu dərs ili ərəfəsində Bakı şəhərində 70-ə yaxın 
								məktəb əsaslı təmir edilmişdir, yeni korpuslar 
								tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb 
								tikilib təmir edilmişdir. Bakının bütün 
								bölgələrində - ən ucqar qəsəbələrdən tutmuş 
								şəhər mərkəzinə qədər məktəblərdə geniş 
								quruculuq işləri aparılıb. Mən ümid edirəm ki, 
								növbəti iki il ərzində Bakı şəhərində bütün 
								məktəblər ən yüksək standartlara cavab 
								verəcəkdir. Beləliklə, məktəblərin tikintisi və 
								təmiri ilə bağlı proqramımız başa çatacaqdır.
								 
								
								 Ancaq 
								məktəblərin tikintisi və təhsilin maddi-texniki 
								bazasının möhkəmləndirilməsi məsələləri vacib 
								olsa da, işimiz bununla məhdudlaşmamalıdır. Əsas 
								məsələ təhsilin keyfiyyətidir və uşaqlara 
								verilən biliklərdir. Bu, həm uşaqlara, həm bizə, 
								həm də dövlətə lazımdır. İndiki şəraitdə hər bir 
								insanın taleyi onun əlindədir.  
								
								Azərbaycanda çox gözəl şərait yaradılıbdır. Həm 
								ictimai-siyasi vəziyyət çox yaxşıdır, həm 
								iqtisadi inkişaf çox sürətlidir. Yeni imkanlar, 
								yeni iş yerləri açılır. Təkcə son 7 il ərzində 
								900 minə yaxın yeni iş yeri açılmışdır. Biz 
								çalışmalıyıq ki, bu iş yerlərində işləyən 
								insanların peşəkarlığı yüksək səviyyədə olsun. 
								Peşəkarlığın, biliyin, savadın, intellektin 
								əsası məhz məktəblərdə qoyulur. Ona görə, 
								məktəbdə verilən təhsil insanın həyatında 
								həlledici rol oynayır. Hər bir insan üçün onun 
								gələcəyi, onun taleyi məktəb illərində dərslərə 
								verdiyi qiymətlə, diqqətlə birbaşa bağlıdır.
								 
								
								Mən tam əminəm və görürəm ki, bu gün Azərbaycan 
								gəncləri biliklərə çox meyillidirlər. 
								Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, 
								yaxşı peşəkar olsunlar. İstək ola bilər. Ancaq 
								təhsilin keyfiyyəti də gərək bu istəklə 
								uzlaşsın. Azərbaycanda təhsil sahəsində tətbiq 
								edilən yeniliklər, müasir yanaşmalar, islahatlar 
								ümid edirəm ki, yaxın gələcəkdə daha da yaxşı 
								nəticələrə gətirib çıxaracaqdır. Çünki həm hər 
								bir insan, həm də dövlət üçün təhsil ən vacib, 
								ən həlledici amillərdən biridir. Bəlkə də 
								uşaqlar bu sözləri tez-tez eşidir. Ancaq bu, 
								həqiqətdir ki, insanın gələcəyi, həyatda öz 
								yerini tapması üçün təhsil hər şeydən üstündür. 
								Biz çalışmalıyıq ki, məktəblərin tikintisi, ali 
								məktəblərdə gedən islahatlar və tədris 
								prosesinin təkmilləşdirilməsi məsələləri uğurla 
								həll edilsin və beləliklə gənclər, uşaqlar 
								peşəkar olsunlar, gələcəkdə Azərbaycan dövlətinə 
								həm sədaqətlə, həm peşəkarlıqla xidmət etsinlər.
								 
								
								 Hər 
								bir ölkənin, dövlətin gələcəyi və bu günü onun 
								intellektual potensialından asılıdır. İnkişaf 
								etmiş ölkələrin təcrübəsinə nəzər salaraq 
								görürük ki, o ölkələr inkişaf edir ki, orada 
								elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada 
								təhsilə, elmə, intellektual məhsulların 
								yaradılmasına böyük investisiyalar qoyulur. 
								Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox 
								böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, 
								Azərbaycanın gələcəyi bugünkündən də gözəl 
								olacaqdır. Bu gün Azərbaycan özünü dünya 
								miqyasında sürətlə və uğurla inkişaf edən ölkə 
								kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, 
								təhsilə yeni texnologiyaların tətbiqinə 
								göstəriləcək diqqət və həyata keçiriləcək 
								proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin 
								sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş 
								ölkə olmaq üçün təkcə gözəl infrastruktura və 
								binalara malik olmaq kifayət deyildir. İnkişaf 
								etmiş ölkə olmaq üçün gərək cəmiyyətin 
								intellektual potensialı yüksək səviyyədə olsun. 
								Bu məsələlərlə bağlı konkret proqramlar 
								hazırlanıb icra edilir. Əminəm ki, bu gün 
								Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə 
								gedən balalar gələcəkdə doğma Vətənimiz üçün 
								dəyərli vətəndaşlar olacaqlar, peşəkarlığını 
								göstərəcəklər və ölkəmizin inkişafında öz sözünü 
								deyəcəklər.  
								
								Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. 
								Ölkəmizin necə inkişaf edəcəyi onlardan 
								asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji 
								xətt öz uğurunu təsdiqləyib. Gələcəkdə 
								gənclərdən asılı olacaqdır ki, ölkəmiz necə 
								inkişaf edəcək və hansı yollarla gedəcəkdir.
								 
								
								Mən bu gözəl gündə - yeni dərs ilinin başlanması 
								günündə bütün Azərbaycan gənclərini 
								salamlayıram. Bu gün məktəbə gedən bütün 
								gəncləri salamlayıram. Sizə yeni uğurlar 
								arzulayıram. Söz verirəm ki, bundan sonra da 
								Azərbaycan təhsilinə dövlət tərəfindən verilən 
								qiymət və göstərilən diqqət yüksək səviyyədə 
								olacaqdır.  
								
								Bir daha sizi salamlayıram və sizə uğurlar 
								arzulayıram. Sağ olun.  
								
								
								
								*** 
								
								 Məktəbin 
								tarix müəllimi Elmin İMANOV dövlətimizin 
								başçısına minnətdarlığını bildirərək dedi:
								 
								- 
								Cənab Prezident, məktəbimizə, daha doğrusu, 
								məktəbinizə xoş gəlmişsiniz!  
								
								Bu gün bizim üçün ikiqat əlamətdar bayramdır. Bu 
								gün biz bir sözlə ifadəsi mümkün olmayan mənəvi 
								bir sevinci bölüşürük. Birincisi, Azərbaycan 
								Respublikasının Prezidentini, ikincisi isə, 
								məktəbimizin ən görkəmli, ən məşhur məzununu 
								qarşılayırıq. İlk növbədə, bizə bu sevinci 
								yaşatdığınız üçün Sizə öz təşəkkürümüzü 
								bildiririk.  
								
								Məktəbimizin hansı səviyyədə olduğunu, doğrusu, 
								sözlə ifadə etmək mümkün deyildir. Bəzən bizdən 
								soruşanda ki, məktəb hansı formadadır, necə inşa 
								edilib, doğrusu, bunu sözlə ifadə etmək mümkün 
								olmur. Bu təhsil ocağını ən qısa müddət ərzində, 
								bəlkə də bir çoxlarının inana bilmədiyi qısa 
								müddət ərzində dünya standartları səviyyəsinə 
								gətirdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü 
								bildiririk. Məktəbin rəhbərliyi, şagirdlər və 
								bütün valideynlər adından Sizə sonsuz 
								minnətdarlığımızı bildiririk. Məktəbin yeni 
								binasının inşa edilməyə başlandığı ilk günlərdən 
								ta hazır olduğu bu günə qədər işlərin gedişi 
								daim Sizin diqqətinizdə, nəzarətinizdə olmuşdur. 
								Sizin məktəbimizlə mənəvi bağlılığınız bizdə çox 
								böyük iftixar və qürur hissi doğurur, 6 nömrəli 
								məktəbin müəllimi və ya şagirdi, burada təhsil 
								alan uşağın valideyni olmaq insanda xüsusi bir 
								mənəvi zövq yaradır.  
								
								 Cənab 
								Prezident, bugünkü yanaşma təsadüfi deyildir. 
								Çünki ulu öndərimizin - müasir müstəqil 
								Azərbaycan dövlətinin banisi ümummilli liderimiz 
								Heydər Əliyevin məktəbimizdə bir neçə dəfə 
								olması və 2001-ci ildə söylədiyi "6 nömrəli 
								məktəb həmişə Azərbaycanın nümunəvi, milli 
								məktəblərindən biri olaraq qalacaq" sözləri bu 
								gün bizi daha səylə işləməyə ruhlandırır. Bu 
								yanaşma ənənəvi formada davam edir. Bu gün 
								respublikamızın ən ucqar rayonunda, ən ucqar 
								kəndində belə yüksək səviyyədə, müasir texniki 
								avadanlıqla, ləvazimatla təmin edilmiş 
								məktəblərin olması Sizin Azərbaycan təhsilinə 
								qayğınızın bariz nümunəsidir. Biz üzərimizdə 
								böyük məsuliyyət hiss edirik. Çünki 6 nömrəli 
								məktəbin müəllimi olmaq və burada işləmək həm 
								şərəfli, həm də məsuliyyətlidir. Çünki bizim 
								məktəbin məzunu respublikamızı idarə edir.
								 
								
								Builki göstəricilərimizdən qısa bir-iki kəlmə 
								demək istəyirəm. Bu il 59 məzunumuzdan 58-i 
								respublikamızın ali məktəblərinin, 8 məzunumuz 
								isə xarici ölkələrin aparıcı təhsil ocaqlarının 
								tələbəsi adını qazanıb. Mənə elə gəlir ki, bu, 
								hələ kifayətedici bir statistik göstərici 
								deyildir.  
								
								Cənab Prezident, biz bir daha bütün kollektiv 
								adından, bütün şagirdlər, valideynlər adından 
								Sizə ən sonsuz, səmimi minnətdarlığımızı və 
								təşəkkürümüzü bildiririk. Çox sağ olun. 
								 
								
								
								
								*** 
								
								Valideynlər adından çıxış edən Sevda KATİBLİ 
								dedi:  
								
								 - 
								Möhtərəm Prezident, mən bu məktəbdə təhsil alan 
								şagirdlərin valideynləri adından Sizə 
								minnətdarlığımı bildirmək istəyirəm. Bu dəyərli 
								Bilik gününü qeyd etmək üçün Siz bizim məktəbə 
								gəlmişsiniz və bu gözəl binanın açılışında 
								bizimlə birlikdə iştirak edirsiniz, bizim 
								sevincimizi bölürsünüz.  
								
								Danılmaz faktdır ki, ölkəmizdə sürətli inkişaf 
								prosesləri gedir və bu inkişaf təhsildə də öz 
								əksini tapır. Biz bilirik ki, yüzlərlə yeni 
								təhsil ocağı açılır, yeni tədris proqramları 
								həyata keçirilir, hökumətin dəstəyi ilə 
								uşaqlarımız xaricdə təhsil alırlar. Bu gün demək 
								olar, respublikamızda elə bir məktəb yoxdur ki, 
								orada müasir avadanlıq quraşdırılmasın. Bizim 
								məktəb bunun bariz nümunəsidir. Uşaqlarımızın 
								uğurla təhsil almaları üçün bu gözəl şərait 
								Sizin və Heydər Əliyev Fondunun prezidenti 
								Mehriban xanım Əliyevanın sayəsində yaradılıb. 
								Biz buna görə Sizə dərin təşəkkürümüzü 
								bildiririk və "Çox sağ olun!" deyirik. Mən bir 
								həkim kimi qeyd etmək istəyirəm ki, Azərbaycanın 
								müharibə şəraitində olmasına baxmayaraq, bizim 
								uşaqların sabit, psixoloji durum vəziyyətində 
								təhsil almaları çox dəyərli bir faktdır. 
								 
								
								Bayaq qeyd etdiyim kimi, ölkəmiz inkişaf edib 
								müasirləşir, gözəlləşir. Uşaqlarımızın uğurlu 
								gələcəyə əmin olmaları, Sizin daim diqqət və 
								məhəbbətinizi duymaları onların sağlam 
								düşüncəsinin formalaşmasında mühüm rol oynayır. 
								Bunları görən, duyan övlad ölkəsini sevməyə 
								bilməz. Məhz ölkəsini sevən bir övlad daim səy 
								göstərir ki, öz üzərində çalışsın, zirvələrə 
								qalxsın, Vətəninə xeyir gətirsin.  
								
								Biz bu gün Sizə minnətdarlığımızı bildiririk. 
								Sizə müvəffəqiyyət və uğurlar arzu edirik. Biz 
								də bu işdə bacardığımız qədər Sizə kömək 
								edəcəyik. Çünki Sizin müvəffəqiyyət və 
								uğurlarınız uşaqlarımızın xoşbəxt gələcəyinin 
								təminatıdır. Elmin müəllim bu məktəb haqqında 
								çox gözəl sözlər dedi. Mən bu sözlərə qoşuluram 
								və yenə də Sizə "Çox sağ olun!" deyirəm ki, 
								övladlarımızın belə bir gözəl məktəb binasının 
								tikilməsinə sərəncam verdiniz. Əminəm ki, bu 
								möhtəşəm binada məktəbin ənənələri yaşayacaq və 
								məktəb respublikamız üçün hələ çoxlu dəyərli 
								insanlar yetişdirəcəkdir.  
								
								
								
								*** 
								
								Sonra yeni dərs ilinin ilk zəngi çalındı. 
								 
								
								Dövlətimizin başçısı məktəbin şagirdləri ilə 
								xatirə şəkli çəkdirdi.  
								
								Daha sonra Prezident İlham Əliyev məktəbin 
								yenidənqurmadan sonra rəmzi açılışını bildirən 
								lentı kəsdi.  
								
								Məktəbin binası qarşısında dövlətimizin başçısı 
								vaxtilə ona dərs deyən müəllimləri ilə görüşdü, 
								onlarla söhbət etdi. Müəllimlər xatirələrini 
								bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan 
								Azərbaycan Prezidenti İlham Əliyevin 
								fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə 
								izlədiklərini vurğuladılar.  
								
								Dövlətimizin başçısı müəllimləri ilə xatirə 
								şəkli çəkdirdi.  
								
								Prezident İlham Əliyev yenidənqurmadan sonra 
								məktəbdə yaradılan şəraitlə tanış oldu. 
								 
								
								Məlumat verildi ki, altımərtəbəli təhsil 
								müəssisəsində tədrisin müasir tələblər 
								səviyyəsində təşkili üçün ideal imkan 
								yaradılmışdır. Yenidənqurma işlərindən sonra 
								məktəbin ərazisi genişləndirilərək 13 min 
								kvadratmetrə çatdırılmışdır. Məktəb 2 min 270 
								şagird yerlikdir. Bu gün burada 1690 şagird 
								təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 
								müəllim məşğul olur.  
								
								Məktəbin foyesində ulu öndər Heydər Əliyevin 
								büstü qoyulmuşdur. Burada ümummilli liderin, 
								Prezident İlham Əliyevin və Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban xanım Əliyevanın 
								təhsilə diqqət və qayğısını əks etdirən 
								fotostend yaradılmışdır.  
								
								Prezident İlham Əliyev siniflərdə dərs prosesi 
								ilə maraqlandı. Dövlətimizin başçısı əvvəlcə bu 
								gün ilk dəfə məktəbə qədəm qoyan birincilərin 
								təhsil aldığı sinfə baxdı, uşaqları yeni dərs 
								ili münasibətilə təbrik etdi. Bu il 6 nömrəli 
								məktəbdə 1-ci sinifdə 230 şagird təhsil 
								alacaqdır.  
								
								Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur 
								yenilənmiş, xüsusi təhlükəsizlik sistemi 
								yaradılmışdır. Tədris müəssisəsinin həyətində, 
								dəhlizlərində və sinif otaqlarında baş verən 
								proseslər 14 xarici və 97 daxili videokamera 
								vasitəsilə izlənilir.  
								
								Məktəbin ikinci mərtəbəsində Heydər Əliyev 
								Muzeyi yaradılmışdır. Muzeylə tanış olan 
								dövlətimizin başçısına məlumat verildi ki, 
								burada ümummilli lider Heydər Əliyev haqqında 
								müxtəlif nəşrlər, ulu öndərin attestatının, 
								diplomunun və tərifnamələrinin surətləri 
								toplanmışdır. Burada dahi şəxsiyyətin həyat və 
								fəaliyyətinə dair videomateriallar, fotolar da 
								vardır. Ulu öndər Heydər Əliyev 6 nömrəli orta 
								məktəbdə iki dəfə olmuşdur. Birinci dəfə 1977-ci 
								ildə, oğlu, Azərbaycan Prezidenti İlham Əliyev 
								orta məktəbi bitirərkən və 2001-ci il sentyabrın 
								1-də.  
								
								Heydər Əliyev Muzeyində ümummilli liderin "6 
								nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, 
								milli məktəblərindən biri olaraq qalacaq" fikri 
								epiqraf seçilmiş xatirə kitabı da vardır. 
								 
								
								Məktəbin konfrans zalında Prezident İlham Əliyev 
								İP beynəlxalq proqramı barədə filmə baxdı. 
								1968-ci ildə Cenevrədə yaradılan proqram bu 
								ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcəkdir. 
								Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri 
								bu nadir imkandan pulsuz istifadə edəcəklər. Bu 
								il məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom 
								proqramı tətbiq ediləcəkdir. Proqrama əsasən 
								tədris bütün fənlər üzrə yalnız ingilis dilində 
								aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də 
								xarici mütəxəssislər tərəfindən 
								qiymətləndirilir. 45 bal toplayan şagird 
								avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu 
								təhsil müəssisələrinə daxil olmaq imkanı 
								qazanır. İP diplomu dünyanın 2 min 544 
								universitetində tanınır. Bu proqramın 6 nömrəli 
								məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq 
								və Sürixdə treninqlər keçmişlər.  
								
								Təhsil müəssisəsinin imza atdığı daha bir 
								yenilik - 10-cu sinifdən profil siniflərin 
								yaradılmasıdır. İndi bu pilot proqram Bakının 
								beş məktəbində tətbiq edilir.  
								
								Dövlətimizin başçısı müəllimlər otağına baxdı. 
								Burada daha bir yenilik ondan ibarətdir ki, 
								təcrübə mübadiləsi məqsədilə mətbuat 
								konfranslarının, telekörpülərin keçirilməsi üçün 
								Bakı və Sumqayıtın bir çox məktəbləri ilə 
								birbaşa bağlantını təşkil etmək mümkündür.
								 
								
								Təhsil ocağının bütün sinifləri kompüter və 
								proyektorlarla, bir çox sinif otaqları isə 
								"ağıllı lövhə" adlandırılan smart lövhələrlə 
								təchiz olunmuşdur. Bu interaktiv lövhələr ən son 
								texnologiyalar əsasında qurulmuşdur.  
								
								Məktəbin üç linqafon kabineti vardır. Hər biri 
								24 nəfərlik bu sinif otaqlarında ingilis və 
								alman dilləri tədris olunacaqdır.  
								
								Şagirdlərin keyfiyyətli və vaxtında 
								qidalanmasını 186 yerlik yeməkxana və müasir 
								avadanlıqla təchiz olunan mətbəx təmin 
								edəcəkdir.  
								
								Dövlətimizin başçısı məktəbin musiqi kabinetinə 
								də baxdı. Burada Azərbaycanın Dövlət himni ifa 
								edildi.  
								
								Təhsil ocağında ən müasir standartlara uyğun 
								qurulan və ən qabaqcıl avadanlıqla təchiz edilən 
								fənn kabinetləri vardır.  
								
								Bütün siniflər müasir avadanlıq və əyani 
								vasitələrlə təchiz edilmişdir.  
								
								Prezident İlham Əliyev informatika kabinetində 
								oldu. Məlumat verildi ki, məktəbdə bu cür dörd 
								kabinet şagirdlərin ixtiyarındadır. Məktəbdə 
								WiFi şəbəkəsi də qurulmuşdur.  
								
								Dövlətimizin başçısı sınaqların keçirilməsi üçün 
								hər cür şəraiti olan kimya kabineti və 
								laboratoriyası, həmçinin lazımi əyani 
								vasitələrlə təchiz edilən biologiya kabineti ilə 
								tanış oldu.  
								
								Məktəbin altıncı mərtəbəsi xüsusi zövqlə tərtib 
								edilmişdir. Burada "Qış bağı" adlandırılan guşə 
								bir çox mədəni tədbirlərin, görüşlərin 
								keçirilməsi üçün nəzərdə tutulmuşdur. 
								 
								
								Prezident İlham Əliyev 224 yerlik geniş akt 
								zalına da baxdı.  
								
								Dövlətimizin başçısı məktəb muzeyində də oldu.
								 
								
								Muzeydə toplanan materiallar bir daha təsdiq 
								edir ki, bu məktəb Bakının sayılıb-seçilən 
								təhsil müəssisələrindən biri olmuşdur. Məktəb 
								Azərbaycanın inkişafında böyük xidmətləri olan 
								şəxsiyyətlərə təhsil verən komplekslərdən 
								biridir. Burada məktəbin nailiyyətlərini əks 
								etdirən stendlər qurulmuş, təhsil ocağının 
								direktorlarının, fəxri məzunlarının, fəxri 
								adlara layiq görülən müəllimlərinin fotolarından 
								ibarət guşələr yaradılmışdır. Muzeydə Azərbaycan 
								Prezidentinin attestatının surəti də vardır.
								 
								
								Təhsil ocağının direktoru Gülşən Orucova 
								məktəbdə fəxri məzunlar klubunun yaradıldığını 
								bildirərək, bu klubun döş nişanını dövlətimizin 
								başçısına təqdim etdi.  
								
								Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini 
								imzaladı.  
								
								Dövlətimizin başçısı məktəbin yenidən 
								qurulmasını əks etdirən videogörüntüyə baxdı.
								 
								
								Məktəbin zəngin kitabxanası da vardır. Burada 6 
								mindən çox kitab toplanmışdır. Şagirdlərin 
								ixtiyarına 80 yerlik oxu zalı verilmişdir.
								 
								
								Yenidənqurma işlərindən sonra məktəb iki 
								korpusdan ibarətdir. Onlardan biri idman 
								korpusudur. İdman korpusuna eni 6, uzunluğu 40 
								metr olan tunel aparır. Burada bir neçə idman 
								zalı vardır. Müxtəlif trenajorlarla təchiz 
								edilən zallarda idmanın müxtəlif növləri üzrə 
								yarışların keçirilməsi mümkündür.  
								
								Məktəbin girişində Azərbaycanda ilk dəfə olaraq 
								tətbiq edilən məlumat tablosu quraşdırılmışdır. 
								Təhsil ocağının yenidən qurulması və çox geniş 
								sahəni əhatə etməsi nəzərə alınaraq, buraya 
								gələnlərə lazımı sinfi tez tapmaq üçün tabloda 
								eksplikasiya vasitəsilə məktəbin planı verilir.
								 
								
								Ümumilikdə məktəbdə 86 sinif otağı vardır.
								 
								
								Beləliklə, yeni dərs ilində ölkəmizdə daha bir 
								təhsil ocağı ən müasir tələblərə uyğun yenidən 
								qurularaq və ən qabaqcıl avadanlıqla təchiz 
								edilərək istifadəyə verilmişdir.   
								
								
								
								AzərTAc  |