| 
								 
								 Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev 
								sentyabrın 9-da Bakının Xəzər rayonunun Mərdəkan 
								qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 
								nömrəli orta məktəbin yenidənqurma işlərindən 
								sonrakı vəziyyəti ilə tanış olub, qəsəbədəki 181 
								nömrəli orta məktəbdə aparılan əsaslı təmir 
								işlərinin gedişi ilə maraqlanmışdır.  
								
								2011-2013-cü illərdə Bakı şəhərinin və onun 
								qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 
								Dövlət Proqramında məktəblərin əsaslı təmir və 
								yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə 
								tutulmuş tədbirlər planına uyğun olaraq 
								paytaxtın orta ümumtəhsil məktəblərinin 
								binalarında əsaslı təmir və yenidənqurma işləri 
								davam etdirilir.  
								
								Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev 
								adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı 
								vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına 
								gəldi. Görülən işlərlə bağlı dövlət başçısına 
								məlumat verildi. Qeyd edək ki, Prezident İlham 
								Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan 
								qəsəbəsində görülən işlərlə yaxından tanış 
								olarkən sakinlər 123 nömrəli orta məktəbin 
								binasının əsaslı təmir olunmasını dövlət 
								başçısından xahiş etmişdilər. Prezident İlham 
								Əliyev məktəbin binasının əsaslı şəkildə təmir 
								və bərpa olunması ilə bağlı yerindəcə 
								tapşırıqlar vermişdi. Dövlət başçısının 
								tapşırıqlarına əsasən 123 nömrəli orta məktəbin 
								binası qısa vaxt ərzində ən müasir standartlara 
								uyğun olaraq əsaslı şəkildə təmir edildi. 
								Məktəbin ayrı-ayrı sinif otaqları, fənn 
								kabinetləri və laboratoriyalar tamamilə yenidən 
								qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı 
								bərpa edilib. Məktəb ən müasir kompüter 
								avadanlığı ilə təchiz edilib. Məktəbin idman 
								meydançası da əsaslı şəkildə yenidən qurulub. 
								Burada fiziki tərbiyə dərslərinin keçilməsi üçün 
								hər cür şərait yaradılıb.  
								
								Sonra Prezident İlham Əliyev Mərdəkan 
								qəsəbəsində 181 nömrəli orta ümumtəhsil 
								məktəbinin binasında əsaslı təmir və 
								yenidənqurma işlərinin gedişi ilə tanış oldu. 
								Görülən işlərlə bağlı Prezident İlham Əliyevə 
								məlumat verildi. Bildirildi ki, məktəbin binası 
								1965-ci ildə inşa edilib, 4 hektar ərazisi 
								vardır. 964 şagird yerlik 181 nömrəli məktəbdə 
								1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə 
								üzrə keçildiyi qeyd edildi. Həyata keçirilən 
								əsaslı təmir və yenidənqurma işlərinin gedişi 
								ilə yaxından tanış olan dövlət başçısı müvafiq 
								tapşırıqlarını verdi. 
								
								
								  
								
								
								
								AzərTAc  |