| 
								 
								Sentyabrın 15-də ADPU-da Bilik gününə həsr 
								edilmiş  tədbirin iştirakçıları əvvəlcə  
								Azərbaycan Dövlət Pedaqoji Universitetində  ulu 
								öndər Heydər Əliyevin abidəsi önünə gül 
								dəstələri qoydular.  
								
								Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, 
								AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov 
								bildirdi ki, yeni -2011-2012-ci tədris ili öz 
								zəngin  elmi-pedaqoji potensialına görə müstəqil 
								Azərbaycan Respublikasının qabaqcıl və nüfuzlu 
								ali təhsil müəssisələrindən biri olan ADPU-nun 
								professor-müəllim heyəti və tələbə kollektivi 
								üçün də bir sıra müsbət yeniliklərlə başlayıb. 
								Belə ki, bu il ADPU-ya əyani şöbəyə 10 fakültə 
								üzrə 1332 nəfər, qiyabi şöbəyə isə 470 nəfər 
								tələbə qəbul edilib. Bütövlükdə   tədris ilində 
								ADPU-ya 1802 nəfər tələbə qəbul edilib. Eyni 
								zamanda, bu  tədris ilində ADPU -nun 
								magistraturasının əyani şöbəsinə 11 istiqamət, 
								43 ixtisas üzrə 231 nəfər, qiyabi şöbəsinə isə  
								8 istiqamət, 22 ixtisas üzrə 146 nəfər qəbul 
								edilib.   
								
								Professor Y.Məmmədov qeyd etdi ki, 
								respublikamızın ali təhsil müəssisələrinin yeni 
								maliyyələşmə mexanizminə  keçməsi ilə əlaqədar 
								bu il ADPU-ya ali təhsilin bakalavr pilləsində 
								722 nəfər tələbə dövlət sifarişi əsasında qəbul 
								edilmişdir. 
								
								2007-ci ildən ADPU-nun əyani şöbəsində bütün 
								kollokvium, semestr və dövlət imtahanlarının 
								elektron-test üsulu ilə aparılmasından danışan 
								rektor dedi ki, bu ildən  qiyabi şöbənin ilk  
								iki kursunun kollokvium və semestr 
								imtahanlarının bu mütərəqqi üsulla keçirilməsi 
								üçün texniki vasitələr və proqram təchizatı 
								yaradılmışdır. 
								
								ADPU-nun beynəlxalq əlaqələri genişlənməkdə 
								davam edir. Ötən tədris ilində bir neçə xarici 
								ölkənin universitetləri ilə elm və təhsil 
								sahəsində geniş əməkdaşlıq müqaviləsi 
								imzalanmışdır. 
								
								Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU 
								bu il həm də özünün 90 illik  yubileyini qeyd 
								etməyə  hazırlaşır. Yubiley günləri və yubiley  
								ərəfəsində 2009-cu ildə üzv olduğu, Avropanın 
								pedaqojiyönümlü 59 universitetini birləşdirən 
								ETEN-dən, o, cümlədən universitetlə sıx 
								əməkdaşlıq edən Türkiyənin Hacəttəpə 
								Universitetindən çoxsaylı  nümayəndə heyətinin  
								ADPU-ya gəlişi  və burada təhsilin problemləri 
								ilə bağlı beynəlxalq elmi konfransların 
								keçirilməsi planlaşdırılır. 
								
								Tədbirdə çıxış edən digər  natiqlər də  ADPU-nun 
								qazandığı uğurlardan söz açdılar.  
								
								Sonda I kursa qəbul olan tələbələrin 
								valideynləri uşaqlarının universitetdə yaxşı 
								oxumaları üçün   onlara yaradılan şəraitə görə  
								ADPU-nun rəhbərliyinə öz  minnətdarlıqlarını   
								bildirdilər.   
								
								
								
								Şakir CƏFƏROV  |