| 
								 
								Azərbaycan Müəllimlər İnstitutunda 15 sentyabr - 
								Bilik günü münasibətilə tədbir böyük ruh 
								yüksəkliyi ilə keçirildi.  
								
								Tədbir Dövlət himninin səslənməsi ilə başladı.
								 
								
								Giriş sözü ilə institutun rekroru, millət 
								vəkili, professor A.Naxçıvanlı  çıxış edərək 
								yeni dərs ilinin başlanmasının mühüm 
								ictimai-siyasi hadisə və hər bir ailənin 
								həyatında əlamətdar mərhələ olduğunu bildirdi. 
								O, toplantı iştirakçılarını və onların şəxsində 
								respublikanın bütün professor-müəllim heyətini, 
								tələbə və məktəblilərini yeni dərs ilinin 
								başlanması münasibətilə təbrik etdi, işlərində 
								müvəffəqiyyətlər, dolğun tələbəlik həyatı 
								arzuladı. 
								
								Professor Aqiyə Naxçıvanlı bildirdi ki, tələbə 
								olmaq təkcə yüksək şərəf deyil, həm də yüksək 
								ictimai məsuliyyətdir, Vətən qarşısında, dövlət 
								qarşısında böyük vətəndaşlıq borcudur.  
								Azərbaycan gənclərinin ictimai-siyasi 
								hadisələrdə iştirakının stimullaşdırılması üçün 
								son illərdə ölkəmizdə xeyli işlər görülmüşdür. 
								Ulu öndərimiz Heydər Əliyev cəmiyyətimizin bütün 
								sahələri və təbəqələri kimi gəncləri də heç vaxt 
								diqqət və qayğıdan kənarda qoymamışdır. Təməli 
								ulu öndərimiz tərəfindən qoyulan gənclərlə bağlı 
								siyasət Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyev tərəfindən bu gün də uğurla 
								davam etdirilir və bu siyasət Azərbaycana istər 
								demokratiya institutlarına inteqrasiyada, 
								istərsə də vətəndaş cəmiyyətinin inkişafında 
								böyük üstünlüklər qazandırır.  
								
								Qeyd edildi ki, Azərbaycan Respublikası 
								Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 
								2011-2012-ci tədris ilində tələbə qəbulu 
								imtahanlarında ixtisas qrupları üzrə ən yüksək 
								nəticələr göstərmiş və Azərbaycan 
								Respublikasının ali məktəblərinə daxil olmuş 102 
								tələbəyə Prezident təqaüdünün verilməsi də 
								gənclərə dövlət qayğısının bariz nümunəsidir. 
								
								İldən-ilə bizim də institutumuzu bitirən 
								məzunlar arasında qırmızı diplom alanların və 
								magistraturaya qəbul olan tələbələrin sayının 
								artması onu deməyə əsas verir ki, bu il qəbul 
								olan tələbələrimiz də əsl tələbə adını 
								doğruldacaq və vətənə layiqli vətəndaş kimi 
								yetişəcəklər.  
								
								Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi 
								"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən 
								indi gənclərimizə nəyi və necə öyrətməyimizdən 
								asılı olacaqdır". 
								
								Sonra tədbirdə çıxış edən məzun Könül 
								Piriverdiyeva, birinci kurs tələbələri və 
								valideynlər öz sevinclərini bölüşdülər və yüksək 
								təhsil almaq üçün yaradılan şəraitə görə 
								institutun rəhbərliyinə dərin təşəkkürlərini 
								bildirdilər. |