| 
								 
								 Dünən 
								respublikamızın hər yerində olduğu kimi, Bakının 
								Səbail rayonundakı 51 nömrəli məktəbdə də Bilik 
								günü təntənə ilə qeyd olundu. Mərasimi məktəbin 
								direktoru Lətafət Səmədova açaraq yeni dərs 
								ilinin başlanması münasibətilə müəllim və 
								şagirdləri təbrik etdi. Bildirdi ki,  ümummilli 
								lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan 
								təhsil islahatları bu gün öz bəhrəsini 
								verməkdədir. Təhsil sahəsi ilə bağlı həyata 
								keçirilən proqramların uğurlu icrası, eyni 
								zamanda Prezident İlham Əliyevin ölkəmizin 
								gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu 
								sahəyə göstərdiyi daimi qayğı hər yerdə 
								açıq-aydın hiss edilir. Heydər Əliyev Fondunun 
								prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü 
								ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni 
								məktəb" layihəsi çərçivəsində son illər 
								respublikamızın müxtəlif bölgələrində yüzlərlə 
								yeni məktəb binası tikilib istifadəyə 
								verilmişdir.  
								
								Bu il 51 nömrəli məktəbin də bir korpusu əsaslı 
								təmir olunmuş, sinif otaqları yeni 
								avadanlıqlarla təchiz edilmişdir. Yeni tədris 
								ilində 114 şagird birinci sinfə qəbul olunub. 
								2010-2011-ci  tədris ilinin yekunlarına görə 
								"İlin ən yaxşı məktəbi" seçilən məktəbin 
								ötənilki məzunlarından 47 faizi tələbə adını 
								qazanıb. Uğurların əldə edilməsində göstərilən 
								qayğıya, gənc nəslin təlim-tərbiyəsini yüksək 
								səviyyədə  təmin etmək üçün yaradılan şəraitə 
								görə ölkə rəhbərliyinə kollektivimiz adından 
								minnətdarlıq edirəm.  
								
								Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini 
								Qəzənfər Novruzov və digər çıxış edənlər yeni 
								dərs ilinin başlanması münasibətilə 
								valideynləri, müəllim və şagirdləri təbrik etdi. 
								Qeyd olundu ki, dövlətimiz bu gün bütün 
								sahələrdə olduğu kimi, təhsil sahəsinə də diqqət 
								göstərir. Pedaqoji kollektivin və valideynlərin 
								üzərlərinə düşən vəzifələr isə vətənə layiqli 
								övladlar yetirmək üçün bütün qüvvələrimizi 
								səfərbər etməkdən ibarətdir. 
								
								Birinci sinif şagirdləri Vətənə, ana dilinə aid 
								şeirlər söylədilər.  
								
								Sonra ilk zəng çalındı. İbtidai sinif müəllimi 
								Səkinə İbadovanın rəhbərlik etdiyi 1a sinfində 
								ilk dərs günü birincilərin böyük marağına səbəb 
								oldu. Şagirdlərin müəllimin Azərbaycan, dövlət 
								rəmzlərimiz, dilimizlə bağlı suallarına 
								verdikləri dolğun cavablar hamını razı saldı. 
								Züleyxa Əliyevanın söylədiyi Bəxtiyar 
								Vahabzadənin "Ana dili" şeiri isə alqışlarla 
								qarşılandı.   
								
								
								Qabil YUSİFOĞLU  |