| 
								 
								Təhsilin ölkənin iqtisadi inkişafında mühüm 
								əhəmiyyəti  
								
								 Hər 
								bir ölkənin uzunmüddətli iqtisadi inkişaf 
								strategiyası keyfiyyətli təhsil mühitinin 
								formalaşdırılması ilə səciyyələnir. Belə ki, 
								millətin təhsilinin və elmi potensialının 
								inkişaf etdirilməsi, öz növbəsində, müasir 
								cəmiyyətin davamlı və dinamik inkişafının əsas 
								amillərindən biridir. Təsadüfi deyildir ki, 
								dünyanın inkişaf etmiş ölkələri məhz təhsildə 
								yüksək inkişaf yolu keçməklə mühüm nəticələr 
								əldə edə bilmişlər. Qeyd olunan fikirlər öz 
								təsdiqini ulu öndərimiz, ümummilli liderimiz 
								Heydər Əliyevin səsləndirdiyi və bu gün hər 
								birimiz üçün devizə çevrilmiş "Təhsil millətin 
								gələcəyidir" ifadəsində daha düzgün tapır.
								 
								
								Müstəqilliyinin 20-ci ilinə qədəm qoyan 
								ölkəmizin yeni tarixində təhsilin uzunmüddətli  
								strategiyası və onun əsas inkişaf istiqamətləri 
								ilk dəfə məhz ümummilli liderimiz tərəfindən 
								müəyyənləşdirilmiş və onun rəhbərliyi altında 
								icra edilməyə başlanılmışdır. 
								
								Əsası vaxtilə ulu öndərimiz Heydər Əliyev 
								tərəfindən qoyulmuş təhsil strategiyasının əsas 
								istiqamətləri üzrə davamlı inkişaf dinamikası 
								hazırda bu siyasətin layiqli davamçısı möhtərəm 
								Prezidentimiz cənab İlham Əliyev tərəfindən 
								ugurla davam etdirilir, təhsil sahəsində mühüm 
								məzmun islahatları həyata keçirilir, 
								genişmiqyaslı dövlət proqramları icra olunur və 
								yeni inkişaf strategiyaları müəyyənləşdirilir.
								 
								
								Təhsil sahəsində aparılan nəticəyönümlü 
								islahatlar və icra edilən dövlət proqramları 
								sayəsində bütövlükdə təhsil infrastrukturunun və 
								təhsilin məzmununun  yeniləşdirilməsi 
								istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, 
								təhsil müəssisələrinin maddi-texniki bazası 
								möhkəmləndirilmiş, məktəblərin 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təminatının əhatə dairəsi genişləndirilmiş, ali 
								təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqinə başlanılmış və ölkəmizin təhsil 
								tarixində digər yeniliklərə imza atılmışdır.   
								 
								
								Qeyd etməliyik ki, dünyada bütün istiqamətlərdə 
								qloballaşmanın geniş vüsət aldığı və sürətlə 
								inkişaf etdiyi indiki dövrdə respublikamızın  
								milli inkişafının əsas və hətta yeganə yolu elm 
								və təhsilin, müasir tələblərə uyğun yeni 
								biliklərin, intellektual resursların inkişaf 
								etdirilməsi, eləcə də informasiya və 
								kommunikasiya texnologiyalarının geniş tətbiq 
								edilməsi ilə  bağlıdır.  
								
								Bu baxımdan müstəqil Azərbaycanda informasiya 
								cəmiyyətinin təşəkkülü və  elmi bilik və  
								əsaslara söykənən iqtisadiyyata keçid şəraitində 
								elm və təhsilin daha da inkişaf etdirilərək bu 
								sahədə yeni modelin   qurulmasının təmin 
								edilməsi hazırda dövlətin qarşısında duran əsas 
								vəzifələrdən biridir. Bununla əlaqədar dövlət 
								başçısı İlham Əliyev demişdir: "...Biz 
								uzunmüddətli inkişaf strategiyamızı müəyyən 
								edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. 
								Biz iqtisadi inkişafımızın gələcək 
								istiqamətlərini müəyyən edərək güclü elmi 
								əsaslara söykənməliyik. Burada düzgün proqramlar 
								verilməlidir. Biz nəinki beşillik proqramı icra 
								edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq 
								gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra 
								Azərbaycan hansı imkanlar hesabına inkişaf 
								edəcəkdir?! Azərbaycanda elə güclü potensial 
								yaradılmalıdır ki, ölkəmizin inkişafı 
								uzunmüddətli və dayanıqlı olsun. Biz neft-qaz 
								amilindən asılılığımızı tədricən azaldırıq. 
								Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. 
								Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat 
								yaratmaqla elmi əsaslara söykənərək dayanıqlı 
								inkişaf modelimizi qurmalıyıq". 
								
								Məhz bu fikirlərin məntiqi nəticəsi olaraq 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyev tərəfindən "2011-2021-ci illərdə 
								Azərbaycan təhsilinin inkişafı üzrə Milli 
								Strategiya"nın hazırlanması ilə bağlı Dövlət 
								Komissiyasının yaradılması barədə 11 iyul 
								2011-ci il tarixli Sərəncam imzalanmışdır ki, bu 
								da  ölkə başçısının təhsil sahəsinə daim 
								göstərdiyi diqqət və qayğıya əyani sübutdur. 
								
								Hazırda elm və təhsil sahəsində müvafiq 
								strategiyalar üzrə aparılan islahatlar, icra 
								edilən dövlət proqramları ölkəmizin dinamik 
								iqtisadi inkişafı   və  geniş maliyyə 
								imkanlarına malik olması ilə  sıx bağlıdır. Belə 
								ki, dövlətimizin  maliyyə imkanları 
								genişləndikcə qarşıda duran məqsədlərə, o 
								cümlədən elm və təhsil sahəsindəki məqsədlərə 
								nail olmaq üçün real imkanlar daha da artır.   
								
								Reallıqlara əsaslanan iqtisadi inkişaf 
								strategiyası  
								
								İqtisadi sferada ölkə rəhbərliyi tərəfindən 
								həyata keçirilən son dərəcə dəqiqliklə 
								düşünülmüş siyasətin nəticəsidir ki, digər dünya 
								ölkələrində fəsadları hələ də davam edən qlobal 
								maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün, 
								demək olar ki, təsirsiz  ötüşmüş və böhran 
								dövründə iqtisadi inkişaf tempini qoruyub 
								saxlaya bilən, son illərdə ümumi daxili məhsulun 
								əhəmiyyətli həcmdə artımını təmin edən, 
								əhalisinin maddi gəlirlərinin artımına və 
								beləliklə də ümumi rifah halının yüksəlməsinə 
								nail olmuş  ölkələrdən biri olan Azərbaycan 
								Respublikası hazırda iqtisadi inkişaf tempinə 
								görə dünyada qabaqcıl ölkələrin siyahısındadır. 
								Bu, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən 
								siyasətin kifayət qədər praqmatik və reallıqlara 
								əsaslandığını, ən xırda detallarına qədər 
								uzaqgörənliklə düşünüldüyünü bir daha göstərir.
								 
								
								Ölkəmizin iqtisadi sferasında həyata keçirilən 
								siyasət, onun mahiyyət və istiqamətləri, əldə 
								olunan nəticələr beynəlxalq miqyasda da müsbət 
								şəkildə qiymətləndirilir. Belə ki, inkişaf etmiş 
								ölkələrin nüfuzlu qəzetlərində vaxtaşırı olaraq 
								Azərbaycanın son dövrlərdə yüksək inkişaf tempi, 
								əldə etdiyi iqtisadi uğurları və ölkədə mövcud 
								olan siyasi və iqtisadi sabitlik barədə geniş 
								məqalələr dərc olunur.    
								
								Dövlət büdcəsindən təhsilə ayrılan xərclər  
								
								Qeyd etdiyimiz kimi, bu gün ən prioritet sahə 
								hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük 
								diqqət və qayğı göstərilir və bu sferaya ayrılan 
								xərclər ildən-ilə əhəmiyyətli dərəcədə 
								artırılır. Bütün bunlar isə möhtərəm 
								Prezidentimizin səsləndirdiyi "Biz maddi 
								dəyərlərimizi, iqtisadi potensialımızı insan 
								kapitalına çevirməliyik" devizinin real həyatda 
								təsdiqinə bariz nümunədir.  
								
								Ölkəmizdə son illərdə əldə olunan iqtisadi 
								uğurlardan söz açaraq təhsilə dövlət büdcəsindən 
								ayrılan vəsaitlər barədə bəzi statistik 
								məlumatlara nəzər salaq.  
								
								
								
								2007-2011-ci illərdə dövlət büdcəsinin xərcləri 
								və təhsilə ayrılan xərclər 
								  
								
									
										|   | 
										
										
											
												| 
												
												illər | 
												
												 
												
												dövlət büdcəsinin 
												
												
												xərcləri 
												   | 
												
												
												təhsil xərcləri | 
												
												 
												
												
												birbaşa TN-nə
												
												
												ayrılan xərclər 
												   | 
											 
											
												| 
												
												mln.manatla | 
												
												
												%-lə | 
												
												
												mln.manatla | 
												
												
												%-lə | 
											 
											
												| 
												
												2007 | 
												
												
												6059.5 | 
												
												
												723.0 | 
												
												
												12 | 
												
												
												245.8 | 
												
												
												34 | 
											 
											
												| 
												
												2008 | 
												
												
												10774.2 | 
												
												
												979.7 | 
												
												
												9.1 | 
												
												
												328.9 | 
												
												
												33.5 | 
											 
											
												| 
												
												2009 | 
												
												
												10503.9 | 
												
												
												1147.9 | 
												
												
												11 | 
												
												
												393.4 | 
												
												
												34.2 | 
											 
											
												| 
												
												2010 | 
												
												
												11765.9 | 
												
												
												1180.8 | 
												
												
												10 | 
												
												
												395.6 | 
												
												
												33.5 | 
											 
											
												| 
												
												2011 (proqnoz) | 
												
												
												15941.2 | 
												
												
												1399.8 | 
												
												
												8.8 | 
												
												
												426.7 | 
												
												
												30.5 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								Cədvəldən göründüyü kimi,  son 5 il ərzində 
								dövlət büdcəsinin xərcləri 2,6 dəfə, təhsilə 
								ayrılan xərclər isə 2 dəfə artmışdır. 
								
								Belə ki, 2007-ci ildə dövlət büdcəsinin faktiki 
								xərcləri 6059,5 milyon manat təşkil etdiyi 
								halda, 2010-cu ildə bu xərclər 11765,9 milyon 
								manat olmuşdur. Dövlət büdcəsindən təhsilə 
								ayrılan faktiki xərclər isə  2007-ci ildə 723 
								milyon manat, 2010-cu ildə isə 1180,8 milyon 
								manat təşkil etmişdir.  
								
								2011-ci ilə dövlət büdcəsinin ümumi xərcləri 
								15941,2 milyon manat, təhsil xərcləri 1399,8 
								milyon manat və ya dövlət büdcəsinin ümumi 
								xərclərinin 10%-i, birbaşa Təhsil Nazirliyinə 
								ayrılması nəzərdə tutulan xərclər isə  426,7 
								milyon manat və ya təhsil xərclərinin 30,5%-i 
								həcmində proqnozlaşdırılmışdır. Beləliklə, 
								2011-ci ildə dövlət büdcəsinin xərcləri 2010-cu 
								ilin faktiki xərclərindən  4175,3 milyon manat 
								və ya 35,5% çoxdur. Cari ildə dövlət büdcəsindən 
								təhsilə ayrılması nəzərdə tutulan xərclər isə 
								2010-cu ilin müvafiq faktiki xərclərindən 219 
								milyon manat və ya 18,5% çoxdur. 2011-ci ilə 
								dövlət büdcəsində təhsilə proqnozlaşdırılan 
								təhsil xərclərinin ÜDM-də (ümumi  daxili 
								məhsulda) payı 3,1% təşkil edir. 2010-cu ildə bu 
								rəqəm faktiki olaraq 2,8% olmuşdur.  2011-ci 
								ilin dövlət büdcəsində proqnozlaşdırılan təhsil 
								xərclərinin 426,7 milyon manatını və ya 30,5%-ni 
								tabelikdə olan bir sıra təhsil müəssisələrinin 
								maliyyələşdirilməsi, dövlət proqramlarının və 
								digər tədbirlərin həyata keçirilməsi məqsədilə 
								birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə 
								tutulan vəsaitlər təşkil edir.   
								
								  
								
								
								
								2011-ci ildə dövlət büdcəsində 
								 təhsil 
								xərclərinin pillələr üzrə strukturu 
								  
								
								  
								
								
								Diaqramdan göründüyü kimi, 2011-ci ildə dövlət 
								büdcəsində nəzərdə tutulan təhsil xərclərinin 
								7,1 %-nin məktəbəqədər təhsilə, 60,4 %-nin ümumi 
								təhsilə, 2,5 %-nin ilk peşə-ixtisas təhsilinə, 
								2,9 %-nin orta ixtisas təhsilinə, 11,3 %-nin isə 
								ali təhsilə yönəldilməsi proqnozlaşdırılır.
								
								
								  
								
								
								
								2011-ci ildə dövlət büdcəsində  təhsil 
								xərclərinin iqtisadi təsnifat üzrə quruluşu 
								
								  
								
								2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulan 
								təhsil xərclərinin 11,2 %-ni təhsil 
								müəssisələrinin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi xərcləri, 2,2 %-ni şagird və 
								tələbələrin təqaüdləri və digər sosial 
								müavinətlər, 2,3 %-ni kommunal xərclər, 76,7 %-ni 
								əməyin ödənişi və 7,6%-ni isə digər xərclər (rabitə, 
								icarə, mühafizə və sair xərclər)  təşkil edir. 
								
								
								Məlumatlardan göründüyü kimi, dövlət büdcəsində 
								nəzərdə tutulan təhsil xərclərinin əsas 
								hissəsini əməkhaqqı xərcləri təşkil edir.  
								
								
								  
								
								
								
								Təhsil işçilərinin orta aylıq nominal 
								əməkhaqqının artım tempi, manatla 
								
									
										|   | 
										
										
											
												| 
												
												illər | 
												
												
												orta aylıq nominal əməkhaqqı, 
												manatla | 
												
												
												2005-ci ilə nisbətən artım | 
											 
											
												| 
												
												2005 | 
												
												
												66.0 | 
												  | 
											 
											
												| 
												
												2006 | 
												
												
												87.0 | 
												
												
												31.8% | 
											 
											
												| 
												
												2007 | 
												
												
												145.4 | 
												
												
												2.2 dəfə | 
											 
											
												| 
												
												2008 | 
												
												
												214.4 | 
												
												
												3.2 dəfə | 
											 
											
												| 
												
												2009 | 
												
												
												260.0 | 
												
												
												3.9 dəfə | 
											 
											
												| 
												
												2010 | 
												
												
												272.2 | 
												
												
												4 dəfə | 
											 
											
												| 
												
												2011 | 
												
												
												272.2 | 
												  | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								Son 6 il ərzində təhsil işçilərinin orta aylıq 
								nominal  əməkhaqqı 4 dəfə  artmışdır. Hazırda 
								təhsil işçilərinin orta aylıq nominal  əməkhaqqı 
								272,2 manat təşkil edir.  
								
								Qeyd edək ki, dövlət büdcəsindən təhsilə ayrılan 
								vəsaitlərin artımı təhsilin müxtəlif pillələri 
								üzrə hər bir təhsilalana düşən illik xərclərin 
								də artmasına səbəb olmuşdur.   
								
								
								
								Təhsilin pillələri üzrə bir təhsilalana düşən 
								illik xərclərin 2008-2011-ci illər üzrə artım 
								tempi 
								
									
										|   | 
										
										
											
												| 
												
												
												Təhsilin  pillə və səviyyələri | 
												
												
												
												bir təhsilalana düşən illik 
												xərclər, manatla | 
											 
											
												| 
												
												2008-ci il | 
												
												
												2009-cu il | 
												
												
												2010-cu il | 
												
												
												2011-ci il | 
											 
											
												| 
												
												məktəbəqədər təhsil | 
												
												
												703 | 
												
												
												810 | 
												
												
												816 | 
												
												
												854 | 
											 
											
												| 
												
												ümumi təhsil | 
												
												
												420 | 
												
												
												545 | 
												
												
												550 | 
												
												
												553 | 
											 
											
												| 
												
												ilk peşə-ixtisas təhsili | 
												
												
												943 | 
												
												
												1108 | 
												
												
												1133 | 
												
												
												1184 | 
											 
											
												| 
												
												orta ixtisas təhsili | 
												
												
												566 | 
												
												
												741 | 
												
												
												750 | 
												
												
												784 | 
											 
											
												| 
												
												ali təhsil | 
												
												
												986 | 
												
												
												1325 | 
												
												
												1548 | 
												
												
												1618 | 
											 
											
												| 
												
												ali təhsil (dövlət sifarişi üzrə 
												orta hesabla) | 
												  | 
												  | 
												
												
												1700 | 
												
												
												1700 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Cədvəldən göründüyü kimi, təhsilin bütün 
								pillələri üzrə bir təhsilalana düşən illik 
								xərclərin məbləği ildən-ilə dinamik şəkildə 
								artmışdır. Beləliklə, 2010-cu ildə bir 
								təhsilalana düşən illik xərclər məktəbəqədər 
								təhsil üzrə 816 manat, ümumi təhsil üzrə 550 
								manat,  ilk peşə-ixtisas təhsili üzrə 1133 
								manat, orta ixtisas təhsili üzrə 750 manat,  ali 
								təhsil üzrə 1548 manat təşkil etmişdir. 
								
								
								2011-ci ildə isə bir təhsilalana düşən illik 
								xərclərin məktəbəqədər təhsil üzrə 854 manat, 
								ümumi təhsil üzrə 553 manat,  ilk peşə-ixtisas 
								təhsili üzrə 1184 manat, orta ixtisas təhsili 
								üzrə 784 manat, ali təhsil üzrə 1618 manat 
								olacağı gözlənilir. 
								
								
								Ali təhsildə dövlət sifarişi üzrə kadr hazırlığı 
								ilə bağlı bir təhsilalana düşən illik xərclərin 
								məbləği isə orta hesabla 1700 manat təşkil edir.
								 
								
								
								Qeyd etdiyimiz kimi, son illərdə ölkəmizdə 
								təhsil müəssisələrinin, xüsusən ümumi təhsil 
								müəssisələrinin tikintisi, təmiri və bərpası, 
								yenidən qurulması istiqamətində mühüm işlər 
								görülmüşdür və bu işlər hazırda da davam 
								etdirilir. Nəticədə ölkədə 2 mindən çox ümumi 
								təhsil məktəbinin inşa olunması da bu 
								istiqamətdə əldə edilən ən mühüm uğurlardan 
								hesab olunur. Təbii ki, təhsil müəssisələrinin 
								tikintisi, təmiri və bərpası, yenidən qurulması 
								işlərinin həyata keçirilməsi dövlət büdcəsindən 
								təhsilə investisiya xərclərinin ayrılması ilə 
								şərtlənir.   
								
								
								
								Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri, 
								milyon manatla 
								
								  
								
								
								Diaqramdan göründüyü kimi, 2011-ci ildə təhsilə 
								273,2 milyon manat həcmində investisiya 
								xərclərinin ayrılması proqnozlaşdırılmışdır ki, 
								bundan da təhsil müəssisələrinin tikintisi və 
								əsaslı təmiri üçün Təhsil Nazirliyinə 86,3 
								milyon manat, Bakı Şəhər İcra Hakimiyyətinə 
								114,4 milyon manat, Prezidentin Ehtiyat 
								Fondundan Bakı şəhərinin müvafiq rayonlarının 
								icra hakimiyyətlərinə 11 milyon manat və 
								respublikanın digər rayon (şəhər) icra 
								hakimiyyətlərinə isə 61,5 milyon manat vəsaitin 
								ayrılması nəzərdə tutulmuşdur.    
								
								
								
								Ümumi təhsildə rasionallaşdırma tədbirlərinin 
								zəruriliyi və yeni maliyyələşmə mexanizminin 
								tətbiqi vəziyyəti  
								
								
								Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən 
								əsas amillərdən biri də bu məqsədlə ayrılan 
								maliyyə vəsaitlərindən daha səmərəli, rasional 
								və məqsədyönlü şəkildə istifadə olunmasıdır. Bu 
								baxımdan təhsilin bütün pillələrində mütərəqqi 
								maliyyələşmə mexanizmlərinin tətbiqi, təhsil 
								müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi 
								və xüsusən ümumi təhsil pilləsində mövcud  
								məktəb şəbəkəsinin rasionallaşdırılması 
								tədbirlərinin həyata keçirilməsi qarşıda duran 
								ən zəruri vəzifələrdəndir.    
								
								
								Hazırda ölkədə xeyli sayda kiçik məktəblər 
								vardır ki, onların fəaliyyəti həm maliyyə, həm 
								də təhsilin keyfiyyəti baxımından səmərəli 
								deyildir. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin 
								rasionallaşdırılmasına, yəni imkan daxilində 
								kiçik və səmərəsiz məktəblərin bağlanılmasına və 
								birləşdirilməsinə ciddi ehtiyac vardır.  
								 
								
								
								
								Şagirdlərinin sayı az olan ümumi təhsil 
								müəssisələrinin sayı barədə məlumat 
								
								  
								
								Hazırda respublikada şagirdlərinin sayı 30-dək 
								olan 432, şagirdlərinin sayı 31-dən 50-dək olan 
								293 və şagirdlərinin sayı 51-dən 100-dək olan 
								636 məktəb vardır. 
								
								Bu baxımdan ölkədə məktəb şəbəkəsinin 
								rasionallaşdırılmasına ciddi ehtiyac vardır.
								 
								
								Eyni zamanda unutmamalıyıq ki, ümumi təhsil 
								müəssisələrinin şəbəkəsinin 
								rasionallaşdırılmasına müsbət təsir edən 
								amillərdən biri də təhsilin bu səviyyəsində 
								adambaşına maliyyələşmə prinsipinə əsaslanan 
								yeni maliyyələşdirmə mexanizminin 
								tətbiqidir.                
								
								Ümumiyyətlə, Azərbaycanda təhsilin 
								maliyyələşdirilməsi sahəsində mütərəqqi 
								metodların tətbiq edilməsi ilk əvvəl ümumi 
								təhsildə sınanmışdır.   
								
								Belə ki, Dünya Bankının texniki və maliyyə 
								dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata 
								keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi 
								üzrə 3 pilot rayonunda-İsmayıllıda, Ucarda və 
								Şirvan şəhərində adambaşına maliyyələşdirmə 
								mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və 
								islahatların ikinci mərhələsində bu mexanizmin 
								bütün ölkəyə tətbiq  edilməsi nəzərdə 
								tutulmuşdu. 
								
								Bu maliyyə islahatlarının əsas hədəfləri 
								aşağıdakı məqsədlər olmuşdur:         
								  
								
								* 
								Məktəblərə ayrılan vəsait bölgüsünü daha 
								ədalətli və şəffaf qaydada həyata  keçirmək; 
								
								* 
								Məktəblərin öz vəsaitlərindən daha səmərəli 
								şəkildə istifadə edə bilməsinə şərait yaratmaq; 
								
								* 
								Məktəb şurası vasitəsi ilə məktəblərin daha 
								yaxşı idarə olunmasına nail olmaq. 
								  
								
								Layihənin icra planına əsasən 3 pilot rayonunun 
								59 ümumi təhsil məktəbində adambaşına 
								maliyyələşdirmənin həyata keçirilməsi ilə  
								bağlı  həmin məktəblərin hər biri üçün ayrıca 
								xəzinə hesabları açılmış, müstəqil 
								mühasibatlıqları yaradılmış, seçilmiş beynəlxalq 
								və milli məsləhətçilərin dəstəyi ilə 
								şagirdbaşına  maliyyələşdirmə düsturu 
								hazırlanmışdır. 
								
								Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə 
								əlaqədar pilot rayonların məktəblərinin 
								direktorları, mühasibləri ilə mütəmadi öyrədici 
								seminarlar, məşğələlər keçirilmiş, onlarla yeni 
								mexanizmin tətbiqi və istifadə qaydaları ilə 
								əlaqədar müvafiq işlər aparılmışdır.  
								
								Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan 
								sonra pilot məktəblərində şagirdbaşına 
								maliyyələşdirmənin icrasına başlanılması və bu 
								mexanizmin  hüquqi əsasını təmin etmək məqsədilə 
								Təhsil Sektorunun İnkişafı Layihəsinin 
								lMaliyyələşdirmə və büdcə islahatları» 
								alt-komponentinin icrası haqqında Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin 22 fevral 
								2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə 
								minmişdir.  
								
								Bu qərara əsasən islahat layihəsi çərçivəsində 
								pilot rayonlarda seçilmiş 59 ümumi təhsil 
								məktəbinin maliyyələşdirilməsinin 2007-ci il 
								yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə 
								prinsipi əsasında həyata keçirilməsinə 
								başlanılmışdır.  
								
								Lakin qeyd olunan qərara əsasən pilot 
								məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada 
								şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata 
								keçirilsə də, məktəblər tam maliyyə 
								müstəqilliklərini təmin edən bir sıra 
								səlahiyyətləri əldə edə bilmədilər.  
								
								Nəticədə islahat layihəsi çərçivəsində pilot 
								rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı 
								və Ucar rayonlarının məktəblərində maliyyə 
								islahatları nəzərdə tutulan şəkildə tam deyil, 
								qismən həyata keçirildi və yalnız 3 pilot 
								rayonla məhdudlaşdı. 
								
								Lakin bu islahatların miqyasının 
								genişləndirilməsi və  qeyd olunan problemlərin 
								aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi 
								tərəfindən Təhsil Sektorunun  İnkişafı üzrə 
								İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki 
								layihədə başlanılmış maliyyə islahatlarının 
								davam etdirilməsi qərara alınmışdır.  
								
								Belə ki, Təhsil Nazirliyi maliyyə 
								islahatlarının, eləcə də məktəb şəbəkəsinin 
								rasionallaşdırılması tədbirlərinin respublikanın 
								bütün ümumi təhsil məktəblərində həyata 
								keçirilməsini zəruri hesab edir və bu 
								istiqamətdə işlərin davam etdirilməsi 
								niyyətindədir. 
								
								Bununla əlaqədar olaraq "Dövlət ümumi təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiqi və məktəblərin şəbəkəsinin 
								rasionallaşdırılması tədbirləri barədə" müvafiq 
								sənəd layihəsi hazırlanmış, rəy və təkliflərin 
								müzakirəsi üçün Respublika Maliyyə və İqtisadi 
								İnkişaf nazirliklərinə təqdim olunmuşdur. 
								 
								
								Sənəd layihəsinə əsasən məktəb şəbəkəsinin 
								rasionallaşdırılması tədbirlərinin həyata 
								keçirilməsi üçün Ucar rayonunun, adambaşına 
								maliyyələşdirmə mexanizminin  tətbiqi ilə 
								əlaqədar isə Bakı şəhərinin pilot kimi 
								seçilməsi, həmçinin pilot tədbirlərin 
								nəticəsindən asılı olaraq gələcəkdə 
								respublikanın digər rayon və şəhərlərinin dövlət 
								ümumi təhsil məktəblərində məktəb şəbəkəsinin 
								rasionallaşdırılması və yeni maliyyələşdirmə 
								mexanizminin tətbiqi ilə bağlı təkliflərin 
								hazırlanması nəzərdə tutulur.  
								
								Hazırda dövlət ümumi təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin və məktəblərin 
								şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin 
								tətbiqi perspektivləri "2011-2021-ci illərdə 
								Azərbaycan təhsilinin inkişafı üzrə Milli 
								Strategiya"nın hazırlanması ilə bağlı yaradılmış 
								Dövlət Komissiyasının və işçi qrupunun 
								iclaslarında müzakirə olunur. 
								  
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizmi 
								  
								
								Ümumi təhsildə adambaşına maliyyələşdirmənin 
								tətbiqi bəzi problemlərlə üzləşsə də, ali 
								təhsildə yeni maliyyələşdirmə mexanizminin 
								tətbiqi istiqamətində ölkəmizdə hazırda çox 
								əhəmiyyətli işlər görülür. 
								
								Belə ki, Azərbaycan Respublikası Prezidentinin 
								"Ali təhsil müəssisələrində yeni  maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 
								2010-cu il tarixli Fərmanına  əsasən 
								2010-2011-ci tədris ilindən başlayaraq 
								Azərbaycan Respublikası ərazisində fəaliyyət 
								göstərən ali təhsil müəssisələrində dövlət 
								büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin 
								dövlət sifarişi əsasında adambaşına 
								maliyyələşdirmə prinsipi əsasında həyata 
								keçirilməsinə başlanılmışdır. 
								
								Məlum olduğu kimi, qeyd olunan Fərmanın icrası 
								istiqamətində Nazirlər Kabinetinin "Ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il 
								tarixli 120  nömrəli Qərarı qəbul olunmuş və 
								qərara əsasən  ayrı-ayrı ixtisaslar üzrə dövlət 
								sifarişi ilə ali təhsil müəssisələrinin 
								bakalavriat və magistratura səviyyəsində hər bir 
								təhsilalana düşən təhsil xərclərinin miqdarı 
								müəyyənləşdirilmiş və həmçinin "Azərbaycan 
								Respublikasında ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								dövlət sifarişi ilə ali təhsil müəssisələrinin 
								bakalavriat və magistratura səviyyələrində kadr 
								hazırlığının maliyyələşdirilməsi Qaydaları" 
								təsdiq edilmişdir. 
								
								2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə 
								ali təhsil müəssisələrinin I kurs bakalavriat və 
								magistratura səviyyələrinə qəbul olmuş 
								tələbələrin  təhsili ilə bağlı xərclərin 
								maliyyələşdirilməsi üçün  Respublika Maliyyə 
								Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər 
								üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən 
								Təhsil Nazirliyinə 24 327 733  manat  məbləğində 
								ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil 
								Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına 
								köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə 
								xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə 
								tapşırıqlar verilmişdir.  
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi nəticəsində mülkiyyət formasından və 
								tabeçiliyindən asılı olmayaraq bütün ali     
								məktəblərin dövlət sifarişi üzrə kadr 
								hazırlığında iştirakı üçün bərabər imkanlar 
								yaradılmış, abituriyentlərin, həmçinin dövlət 
								sifarişi üzrə qəbul olmuş tələbələrin seçim 
								imkanları artırılmışdır. 
								
								 Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi üçün ali məktəblərə vəsait əvvəlki 
								illərdə olduğu kimi 40 və ya daha çox xərc 
								maddəsi üzrə deyil, bir xərc maddəsi ilə 
								ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali 
								məktəblərin səlahiyyətləri və maliyyə 
								müstəqilliyi artırılmışdır. 
								
								Dövlət ali məktəblərində yuxarı kurslarda təhsil 
								alan tələbələrin xərclərinin ödənilməsi 
								məqsədilə tutulan vəsait isə 2011-ci ildə 40 və 
								ya daha çox xərc maddəsi üzrə deyil, 4 xərc 
								maddəsi, büdcədənkənar vəsaitlər üzrə  gəlir  və 
								xərclər smetası isə 6 xərc maddəsi ilə 
								proqnozlaşdırılmışdır.  Növbəti  ildən  isə ali 
								təhsil müəssisələrinə dövlət büdcəsindən  bütün  
								vəsaitlərin  bir  xərc  maddəsi ilə ayrılması  
								nəzərdə tutulur. Bu isə ali məktəblərin  
								maliyyə  vəsaitlərinin  idarə  olunması  və  
								xərclənilməsində  səlahiyyətlərinin  
								artırılmasına  səbəb  olacaqdır.  
								
								Lakin əldə olunan müsbət nəticələrlə yanaşı yeni 
								maliyyələşmə mexanizminin tətbiqinin ilkin 
								mərhələsində bir sıra problemlər də ortaya 
								çıxmışdır. Bununla əlaqədar vaxtaşırı təhsil, 
								maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə 
								Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, 
								Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, 
								aidiyyəti ali məktəblərin rektorlarının, baş 
								mühasiblərin iştirakı ilə  kollegiya, müşavirə 
								və seminarlar keçirilmiş və bu görüşlərdə ali 
								təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi 
								ilə bağlı görülən işlər, əldə olunan ilkin 
								nəticələr,  qarşıda duran vəzifələr və təkliflər 
								geniş müzakirə edilmişdir.  
								
								Qeyd olunan tədbirlərdə mövcud problemlərin 
								aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi, 
								ilk növbədə, dövlət sifarişi üzrə hər bir 
								təhsilalana düşən illik  xərclərin məbləğlərinin 
								artırılmasını təklif etmişdir. Belə ki, dövlət 
								sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi ilə bağlı bir təhsilalan üçün 
								müəyyənləşdirilmiş illik təhsil xərci məbləğinə 
								uyğun    ayrılan vəsait əksər ali məktəblərdə 
								yalnız əməkhaqqı və təqaüd xərclərinin 
								ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi 
								üzrə keyfiyyətli kadr hazırlığının təmin 
								edilməsi  üçün müvafiq maddi-texniki bazanın 
								yaradılmasına və saxlanılmasına şərait yaratmır. 
								Bundan əlavə, oxşar və eynitipli ixtisaslar üzrə 
								bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 
								da yenidən baxılaraq uyğunlaşdırılmalıdır.
								 
								
								Eyni zamanda ali məktəblər üzrə bəzi ixtisaslara 
								olan inhisarçılığın aradan qaldırılması ilə 
								bağlı tədbirlərin görülməsi də zəruridir. 
								
								Bundan əlavə, ali məktəblərin büdcədənkənar 
								vəsaitlərin idarə olunmasında səlahiyyətləri 
								artırılmalıdır. Bu baxımdan  büdcədənkənar 
								vəsaitlər üzrə gəlir və xərclər smetalarının 
								təsdiq edilməsi, il ərzində büdcədənkənar 
								vəsaitlər üzrə gəlir və xərclərin 
								dürüstləşdirilməsi prosedurlarının 
								sadələşdirilməsi, bu səlahiyyətlərin ali 
								məktəblərə verilməsi və ilin sonunda 
								büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət 
								büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə 
								keçirilməsi məqsədəmüvafiq hesab edilir. 
								 
								
								Digər vacib məsələlərdən biri isə özəl ali 
								məktəblərin dövlət sifarişində iştirakının 
								stimullaşdırılmasıdır. 
								
								Onu da qeyd etməliyik ki, ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiqi dövlət ali məktəblərinə ödənişli 
								əsaslarla qəbul olan və mövcud qaydalara əsasən 
								ödənişdən azad edilən məcburi köçkün statuslu 
								tələbələrin təhsil haqlarının dövlət büdcəsinin 
								vəsaiti hesabına ödənilməsinə zərurət 
								yaratmışdır.  
								
								Məlumat üçün qeyd edək  ki, Təhsil Nazirliyinin 
								tabeliyində olan ali təhsil müəssisələrinə təkcə 
								2010-2011-ci tədris ilində qəbul olmuş 15386 
								tələbədən  1636-sı məcburi köçkün statuslu 
								tələbələrdir və onların təhsil haqları 
								ümumilikdə 1 689 200  manat təşkil edir ki, bu 
								da dövlət ali təhsil müəssisələri üçün hər il 
								xeyli məbləğdə büdcədənkənar gəlirlərin 
								itirilməsi deməkdir.   
								
								Lakin Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin "Azərbaycan Respublikasının 
								dövlət ali təhsil müəssisələrində ödənişli 
								əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil 
								xərclərinin ödənilməsi haqqında" bu günlərdə 
								imzaladığı Sərəncamla qeyd olunan problem artıq 
								öz həllini tapmışdır. Belə ki, Sərəncama əsasən 
								2011-2012-ci tədris ilindən etibarən dövlət ali 
								təhsil müəssisələrinin bakalavriat və 
								magistratura təhsil səviyyələrinə yeni qəbul 
								olunmuş və ödənişli əsaslarla təhsil alan 
								məcburi köçkün statusu olan Azərbaycan 
								Respublikası vətəndaşlarının təhsil müddəti 
								ərzində təhsil haqqı Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 
								120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil 
								xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti 
								hesabına ödəniləcəkdir. Nəticədə dövlət ali 
								təhsil müəssisələri məcburi köçkün statuslu və 
								ödənişdən azad olunan tələbələrin təhsil 
								xərclərinin ödənilməsi ilə bağlı ayrılacaq büdcə 
								vəsaitləri hesabına ali təhsil müəssisələrinin 
								maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır.   
								 
								
								Qeyd etməliyik ki, yeni maliyyələşmə 
								mexanizminin tətbiqi nəticəsində dövlət ali 
								təhsil müəssisələrinin səlahiyyətlərinin 
								artırılması, eyni zamanda onların bu istiqamətdə 
								məsuliyyətlərini də artırır. Belə ki, ali 
								məktəblər son nəticədə təhsildə keyfiyyətin 
								yüksəldilməsinə nail olmaq üçün öncə qeyd 
								etdiyimiz kimi mövcud resurslardan, həmçinin 
								əldə edilən maliyyə resurslarından daha 
								səmərəli, rasional şəkildə  istifadəni təmin 
								etməlidirlər.Bu baxımdan ali təhsildə yeni 
								maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq 
								olunan yeniliklər ali təhsil müəssisələrinin 
								qarşısında mühüm vəzifələr qoyur.   
								
								
								
								Şahrza ƏLİYEV,  
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
								İqtisadiyyat şöbəsinin müdiri,  
								iqtisad elmləri üzrə fəlsəfə doktoru  |