| 
								 
								AĞSU  
								
								 Sentyabrın 
								6-da  Ağsu şəhər mədəniyyət  sarayında  təhsil 
								işçilərinin konfransı keçirildi. İlk öncə 
								konfrans iştirakçıları ümummilli lider Heydər 
								Əliyevin abidəsi önünə gül dəstələri  qoydular. 
								
								Konfransın işində Təhsil Nazirliyinin şöbə 
								müdiri Faiq Şahbazlı, Ağsu  Rayon İcra 
								Hakimiyyəti başçısının müavini  Rasim Novruzov 
								və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar 
								tərbiyə müəssisələrinin rəhbərləri iştirak 
								etdilər. Tədbirdə Azərbaycan Respublikasının 
								Dövlət  himni səsləndi. 
								
								Yeni dərs ilinin başlanması münasibətilə 
								konfrans iştirakçılarını şəhər körpələr evi-uşaq 
								bağçasının fidanları təbrik etdilər. 
								
								Plenar iclasda "2010-2011-ci dərs ilinin 
								yekunları və yeni dərs ilində qarşıda duran 
								vəzifələr" mövzusunda Ağsu Rayon Təhsil 
								Şöbəsinin müdiri Tahir Xasi çıxış edərək qeyd 
								etdi ki, 2010-2011-ci dərs ilində Ağsu rayonunda 
								70 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 
								19 ümumi orta, 16 ibtidai  məktəb fəaliyyət 
								göstərmişdir. Ümumtəhsil məktəblərində 9211 
								nəfər şagirdin təlim-tərbiyəsi ilə 1173 nəfər 
								pedaqoji işçi məşğul olmuşdur ki, onların da  
								729 nəfəri ali, 444 nəfəri isə orta ixtisas 
								təhsillidir.  Dərs ili ərzində buraxılış 
								siniflərinin şagirdləri ilə aparılan məqsədyönlü 
								iş, keçirilən sınaq-yoxlama imtahanları öz 
								müsbət nəticəsini  vermişdir. 2009-cu illə 
								müqayisədə son illər tam orta təhsil səviyyəsi 
								üzrə nəticə 20 faizdən çox yaxşılaşmışdır. 
								 
								
								2011-ci ildə ali məktəblərə qəbul üçün sənəd 
								vermiş məzunların 68 nəfəri müsabiqə balından 
								yuxarı bal toplamış, onların 65 nəfəri tələbə 
								adını qazanmışdır. Ali məktəbə qəbul keçən illə 
								müqayisədə çox  olsa da, qənaətbəxş deyil. 
								
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı"na uyğun olaraq 57 təhsil 
								işçisi, o cümlədən keçən dərs ilində 30 nəfər 
								İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından 
								keçirilmiş, ümumtəhsil məktəblərinə 300 ədəd 
								kompüter dəsti, 10 noutbuk, 5 proyektor, 25 
								printer verilmiş, Azərbaycan Təhsil Şəbəkəsinə 
								qoşulmuş ümumtəhsil müəssisələrinin sayı 12-yə 
								çatdırılmışdır. 
								
								Məruzəçi qeyd etdi ki, 2011-2012-ci dərs ili 
								ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 
								3463170 nüsxə dərslik çap edilmişdir. Onların 45 
								adda 1779750 nüsxəsi yeni fənn proqramları 
								(kurikulumları) ilə işləyən ibtidai siniflər 
								üçün nəzərdə tutulmuşdur. Bunlardan bölgü üzrə 
								rayona ayrılmış 51 adda 24414 ədəd dərslik və 
								dərs vəsaiti gətirilib məktəblərə paylanmışdır. 
								
								Konfransda şəhər 2 nömrəli orta məktəbin 
								direktoru A.Kərimli, 5 nömrəli məktəbin 
								təlim-tərbiyə işləri üzrə direktor müavini 
								Ş.Həsənova, gənc müəllim F.Ayatova və başqaları 
								çıxış etdilər. 
								
								Konfransın işində  iştirak edən Təhsil 
								Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı rayon 
								təhsil şöbəsinin illik hesabat məruzəsinə 
								münasibətini bildirdi. Qeyd etdi  ki, bu gün 
								hesabat məruzəsində, Təhsil Nazirliyinin və 
								TQDK-nın hesabatlarında da Ağsu rayonu təhsilin 
								nəticələrinə görə ən geridə qalan rayonların 
								sırasındadır. 
								
								Təhsilin əsas göstəricilərindən biri ali 
								məktəblərə qəbuldur deyən Faiq Şahbazlı  rayonda 
								400-dən çox  şagirdin orta məktəbi  
								qurtarmasına  baxmayaraq,  cəmi 65 nəfərin ali 
								məktəbə qəbul olmasını təəssüf hissi ilə qeyd 
								etdi. 
								
								Bildirildi ki, Ağsu Rayon Təhsil Şöbəsindən dörd 
								ildə 18 məktəb ilin  "Ən yaxşı ümumtəhsil 
								məktəbi" müsabiqəsində iştirak edib, ancaq yer 
								tuta bilməyib. Eyni zamanda "Ən yaxşı müəllim" 
								müsabiqəsində iştirak edən müəllimlərdən isə 
								biri  müsabiqənin qalibi olub. Bütün bu 
								məsələlər  Ağsu Rayon Təhsil Şöbəsinin hər bir 
								işçisini ciddi düşündürməlidir. 
								
								Ağsu Rayon Təhsil Şöbəsində İKT-nin  tətbiqinin, 
								kurikulumlarla,  məktəblərin təmiri ilə əlaqədar 
								görülən işlərdən danışan Faiq Şahbazlı, həm də  
								bu rayonun  bütün ümumtəhsil məktəblərində 
								dərsliklərlə bağlı heç bir problemin olmamasını 
								konfrans iştirakçılarının nəzərinə çatdırdı. 
								 
								
								VMA-nın  respublikada artıq formalaşmış bir 
								təşkilata çevrildiyi, Ağsu məktəblərində də bu 
								sahədə müəyyən işlər görülməsinin vacibliyi 
								təhsil işçilərinə  tövsiyə edildi. 
								
								Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini 
								Rasim Novruzov tədbirdə  rayon təhsil 
								işçilərinin qarşısında duran vəzifələrdən 
								danışdı. O, təhsil işçilərini yeni dərs ilinin 
								başlanması münasibətilə təbrik etdi və  
								işlərində uğurlar arzuladı.   
								
								GÖYÇAY  
								
								Sentyabrın 7-də Göyçay rayonunda Heydər Əliyev 
								Mərkəzində  təhsil işçilərinin konfransı 
								keçirildi. Konfransda Təhsil Nazirliyinin şöbə 
								müdiri Faiq Şahbazlı, Göyçay Rayon İcra 
								Hakimiyyətinin başçısı Mənsur Məmmədov,  rayon 
								icra hakimiyyətinin  nümayəndələri,  müəllimlər 
								və  bələdiyyə işçiləri  iştirak edirdilər. 
								
								İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə 
								gül dəstəsi qoyuldu. Sonra uzun illər pedaqoji 
								işdə çalışmış və konfranslararası dövrdə  
								dünyasını dəyişmiş   müəllimlərin  xatirəsi bir 
								dəqiqəlik sükutla  yad edildi. Azərbaycan 
								Respublikasının Dövlət himni səsləndi. 
								 
								
								Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif 
								Nəbiyev konfransda "2010-2011 -ci dərs ilinin 
								yekunları və  yeni dərs ilində qarşıda duran 
								vəzifələr" mövzusunda məruzə ilə  çıxış etdi. 
								Qeyd etdi ki,  bu il  ümumtəhsil məktəblərinin 
								307  məzunu ali məktəblərə, orta təhsil 
								bazasından 93, əsas təhsil bazasından 151 nəfər 
								orta ixtisas məktəblərinə  qəbul olmuşdur. 
								Abituriyentlərdən 11 nəfəri 600,  47 nəfəri isə 
								500 baldan yuxarı nəticə göstərmişdir. 
								Bildirildi ki, işdə nöqsanlar  da az deyildir.  
								Hələ də  rayon təhsilində peşə hazırlığı aşağı 
								olan kadrlar vardır.  Növbəti  dərs ilində bu 
								sahə  ciddi nəzarətdə saxlanılacaqdır. 
								
								Konfransda şəhər 1 nömrəli orta məktəbin 
								direktoru, respublikanın əməkdar  müəllimi 
								Tahirə Qurbanova, Qaraman kənd tam orta 
								məktəbinin direktoru Məlahət İsmayılova, şəhər 3 
								nömrəli tam orta məktəbin tarix müəllimi Nigar 
								Beydullayeva, Şıxbəy kənd ümumi orta məktəbinin 
								direktoru Gülbəniz Maqsudova və başqaları  çıxış 
								etdilər. 
								
								Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı   
								respublikada təhsil islahatı ilə əlaqədar Göyçay 
								təhsil işçilərinin gördüyü işlərdən danışdı. O, 
								ali məktəbə qəbulun nəticələrinə görə Göyçay 
								rayonu məktəblərinin  nəticələrini yüksək 
								qiymətləndirdi. Amma Göyçayın müəllimlərinin 
								ilin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı 
								müəllim "  müsabiqələrində iştirakının indiki 
								formada olmasından narazı qaldığını söylədi. 
								F.Şahbazlı dedi ki, Göyçayın yaxşı məktəbləri, 
								tanınmış ziyalıları var. Ona görə də  növbəti 
								dəfə Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə 
								qaliblərin sayı artırılmalıdır. 
								
								65 yaşına çatan müəllimlərin pensiyaya çıxması 
								məsələsinə toxunan  Faiq Şahbazlı burada  da  
								bir sıra suallara  aydınlıq  gətirdi. 
								 
								
								Göyçay RİH-in başçısı Mənsur Məmmədov konfransda 
								çıxış edərək   rayon təhsil işçilərinin 
								qarşısında duran vəzifələrdən danışdı. 
								
								Sonda təhsil işçiləri adından Azərbaycan 
								Respublikasının Prezidenti möhtərəm İlham 
								Əliyevə   müraciət qəbul edildi. 
								
								Müraciətdə bildirilirdi ki, bu gün təhsil 
								işçiləri qarşısında böyük vəzifələr durur. Ulu 
								öndərimiz Heydər Əliyev məktəbinə sadiq, 
								vətənpərvər, düşmənə nifrət etməyi bacaran, 
								biliyi, əməli və qayəsi ilə əsl azərbaycanlı 
								olan şəxsiyyətlər tərbiyə etmək  ən şərəfli 
								vəzifədir. Biz Sizə söz veririk ki, bütün qüvvə 
								və bacarığımızı bu istiqamətdə cəmləşdirəcəyik…  
								
								AĞDAŞ  
								
								Sentyabrın 8-də Ağdaş şəhərindəki "Səma" şadlıq 
								sarayında   rayonun təhsil işçilərinin  
								konfransı keçirildi.  
								
								Plenar iclasda "2010 -2011-ci dərs ilinin 
								yekunları və yeni dərs ilində qarşıda duran 
								vəzifələr" mövzusunda Ağdaş  Rayon Təhsil 
								Şöbəsinin müdiri  Lütvü Paşayev hesabat məruzəsi 
								ilə çıxış etdi. Dedi ki, 2010-cu ildə ali 
								məktəblərə qəbul olunmaq üçün ərizə verən 470  
								nəfər abituriyentdən 201 nəfəri, 2011-ci ildə 
								isə ərizə verən 498 nəfər abituriyentdən 238 
								nəfəri respublikamızın və digər xarici 
								ölkələrin  ali məktəblərinə qəbul olunmuşdur. 
								Eləcə də rayonumuzun tam orta məktəblərinin 51 
								nəfər məzunu 500-dən yuxarı bal toplamışdır. 
								2003-cü ildə ali məktəblərə qəbul zamanı 500-dən 
								yuxarı bal toplayan məzunların sayı 10 nəfər 
								olmuşdusa, bu rəqəm 2011-ci ildə 51 nəfər təşkil 
								etmişdir. Beləliklə, son illər 500-dən yuxarı 
								bal toplayan məzunların  13 nəfəri 600-700 bal 
								intervalında rekord nəticə göstərə bilmişdir.
								 
								
								Bildirildi ki,  2011-ci ildə  ali məktəblərə 
								qəbul zamanı ən zəif nəticəni Güvəkənd, Şıxlı, 
								Ərəb, Kotanarx, Ərəbocaq, Güvə, Kotavan, 
								Qoşaqovaq, Yuxarı Nemətabad, Eymur kənd tam orta 
								məktəblərinin məzunları göstəriblər. 
								
								Konfransda  şəhər  texniki humanitar təmayüllü 
								internat tipli gimnaziyanın direktoru Şəhla 
								Hacıbalayeva, 9 nömrəli məktəbin müəllimi 
								Məhəmməd Məmmədov və başqaları çıxış etdilər. 
								
								Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı 
								çıxışında Ağdaş təhsilinin  uğurlarını qeyd 
								etdi. Sonra  Təhsil Nazirliyinin bəzi 
								məlumatlarını konfrans iştirakçılarının nəzərinə 
								çatdırdı.  Qeyd etdi ki, məktəblərdə  fənn 
								müəllimləri dərs yükünün azlığından 
								şikayətlənirlər. Bu gün deməliyəm  ki, bəzi 
								fənlər üzrə dərs  saatlarında müəyyən  
								dəyişikliklər var. O cümlədən,  X sinifdə kimya 
								və biologiya, XI sinifdə fizika və coğrafiya  
								fənlərinin saatları bir saatdan iki saata 
								qaldırılıb. Ancaq dərsliklərimiz isə   
								dəyişməyib.  
								
								Qeyd edildi  ki, 2008-ci ildən kurikulumun 
								tətbiqinə  yeni dərsliklərlə başlanıb. 
								Çalışırıq  ki, bu dərsliklər yüksək  keyfiyyətdə 
								olsun. Bu gün etiraf etməliyik ki, hazırkı 
								dərsliklərimiz 5 il  bundan qabaqkı dərsliklər 
								deyil.  İndiki dərsliklərimiz həm poliqrafik 
								keyfiyyəti, həm də məzmunu ilə çox fərqlənir. 
								Hazırda məktəb kitabxanalarının zənginləşməsi 
								istiqamətində müəyyən addımlar atılır. Bu il 
								Dünya Bankı ilə 500 məktəbin  kitabxanalarının 
								zənginləşməsi istiqamətində 170 adda oxu 
								materialları  təhsil müəssisələrinə verilib. 
								
								Natiq çıxışının sonunda konfrans iştirakçılarını 
								maraqlandıran suallara cavab verdi və onları 
								yeni dərs ilinin başlanması münasibətilə təbrik 
								etdi.      
								
								Tədbirdə iştirak edən Ağdaş Rayon İH başçısının 
								müavini Aynur Novruzova    təhsil işçilərinin 
								qarşıda duran vəzifələrindən danışdı. 
								
								Sonra   rayon  icra hakimiyyəti  tərəfindən 2010 
								və 2011-ci illərdə ali məktəblərə qəbul olan bir 
								qrup   məzuna Fəxri fərman  və pul mükafatları   
								təqdim edildi.   
								
								
								
								Şakir CƏFƏROV   |