| 
								 
								
								
								Dünya universitetlərinin növbəti reytinq cədvəli 
								açıqlanıb  
								
								 Böyük 
								Britaniyanın  Quacquarelli Symonds (QS World 
								University Rankings) konsaltinq kompaniyası 
								2011-ci il üçün dünyanın 300 ən yaxşı ali 
								məktəblərinin siyahısını açıqlayıb. Nüfuzlu 
								reytinq siyahısına  artıq ikinci ildir ki, 
								Böyük  Britaniyanın Kembric Universiteti 
								rəhbərlik  edir.  Sonrakı 3 yeri  Amerika 
								universitetləri tutublar.  Harvard Universiteti 
								2-ci, Massaçusets Texnologiya Universiteti 3-cü, 
								Yel Universiteti 4-cü yerdə qərarlaşıblar. 
								Siyahıda növbəti üç yer yenə də Böyuk Britaniya 
								universitetlərinə məxsusdur. Oksford 
								Universiteti 5-ci, London İmperiya Kolleci 6-cı, 
								London Universiteti Kolleci 7-ci yerdədir. İlk 
								onluğun sonuncu  iki yeri  yenə də Amerika 
								universitetləri - Çikaqo və Pensilvani 
								universitetləri tutublar.  Beləliklə, ilk onluq 
								Amerika və Böyük Britaniya universitetlərindən  
								ibarətdir.    İkinci onluqda Amerikanın 7 
								universiteti yer alıb. İkinci onluqda İsveçrə, 
								Kanada və Böyük Britaniya hərəsi bir 
								universitetlə təmsil olunub. Tokio Universiteti 
								25-ci yeri, Paris Ali Normal Məktəbi 33-cü, 
								Pekin Universiteti 46-cı, Almaniyanın Qeydelberq 
								Universiteti 53-cü yeri tutub.     
								
								Qeyd edək ki, QS World University reytinq 
								cədvəli 2004-cü ildən başlayaraq hər il 
								keçirilir. İlk vaxtlarda konsaltinq 
								kompaniyasının mütəxəssisləri reytinq cədvəlini 
								"The Times" jurnalı ilə birlikdə aparıblar. 
								Lakin 2009-cu ildən Quacquarelli Symonds reytinq 
								cədvəlini müstəqil surətdə  özü tərtib etməyə 
								qərar verib.  
								
								Nüfuzlu reytinq cədvəlində Rusiyanın iki ali 
								məktəbi - M.V.Lomonosov adına Moskva Dövlət 
								Universiteti (112-ci yer) və Sankt-Peterburq 
								Universiteti (251-ci yer) də yer alıblar. MDU 
								indiki reytinq cədvəlində Amerikanın Ohayo və 
								Merilend universitetləri arasında yer tutaraq 
								nüfuzlu mövqe əldə edib.  
								
								İtaliyanın Bolon Universiteti MDU-dan aşağıdadır 
								(183-cü yer). Yaponiyanın Vaseda və Keyo 
								universitetləri isə cədvəldə müvafiq olaraq 
								185-ci və 188-ci yerdədirlər.  
								
								QS World University-ın reytinq cədvəlindən 
								fərqli olaraq Times Nigher Education-un dünyanın 
								200 ən yaxşı universitet siyahısında Rusiya ali 
								məktəblərinin adları çəkilmir. Times Nigher 
								Education-nun dünyanın ən nüfuzlu 
								universitetlərinin  2011-ci il üçün reytinq 
								cədvəli oktyabrın 6-da açıqlanacaq. Bir faktı da 
								qeyd edək ki, tarixində ilk dəfə olaraq 
								Ukraynanın 2 ali məktəbi də  QS World 
								University-un növbəti reytinq cədvəlində yer 
								alıb. Donetsk Milli Universiteti və Ukrayna 
								Texniki Universiteti (Kiyev Politexnik 
								İnstitutu) dünyanın 20000  ali məktəbi arasından 
								seçilmiş 700 ən yaxşı universitetləri siyahısına 
								düşüb. Adıçəkilən ali məktəblər reytinq 
								cədvəlinə  şirkətin apardığı "müəllim-tələbə 
								münasibəti" kriteriyası üzrə ən yaxşı nəticə 
								göstərdiklərinə görə düşüblər.
								  
								
								
								  
								
								
								
								Novruz bayramı Türkiyədə dərsliklərə salındı  
								
								Dünya türklərinin ən gözəl yaz bayramı hesab 
								olunan Novruz Türkiyədə dərsliklərə düşdü. 
								Türkiyənin Milli Egitim Bakanlığı (Təhsil 
								Nazirliyi) "Yeni gün" mənasını daşıyan Novruzun 
								artıq din və əxlaq elmləri dərsliklərində tədris 
								olunması  barədə qərar verib. Türkiyədə nəşr 
								olunan "Yeni şəfəq" qəzetinin yazdığına görə, 
								Novruz bundan sonra ibtidai məktəblərdə 
								şagirdlərə mənimsədiləcək. Novruzun türk və 
								müsəlman dünyasının ortaq dəyərlərindən olduğunu 
								dərs kitablarında uşaqlara çatdıracaq Milli 
								Egitim Bakanlığı Novruzun tarixi ilə bağlı 
								məlumatların da kitablarda işıqlandırılmasına 
								diqqət ayırıb.       
								  
								
								
								
								Qazaxıstanda elektron təhsil rəsmən işə düşdü  
								
								 Sentyabrın 
								12-də Astanada 53 nömrəli lisey-məktəbdə ilk 
								elektron  tədris proqramının (e-learning) 
								təqdimatı keçirilib. Proqramın həyata 
								keçirilməsi gedişi ilə  respublikanın təhsil və 
								elm naziri Baxıtcan Jumaqulov tanış olub. Onun 
								sözlərinə görə, istənilən valideyn İnternetdə öz 
								övladının parol və loqinini bilməklə onun 
								elektron gündəliyinə daxil ola biləcək və 
								övladının dərsə davamiyyəti, təhsil uğurları, 
								məşğələlərin cədvəli ilə tanış ola biləcək. 
								E-learning Astanada, Almatı və Karaqanda  
								vilayətinin 44 məktəbində tətbiq olunur.  
								Məktəblilərə  noutbuklar  və  fərdi  
								kompüterlər  verilib.  Qazaxıstan  tarixi,  
								fizika  və  riyaziyyat  dərslikləri  rəqəmsal  
								sistemə  keçib.  Nazir  bildirib  ki,  elektron  
								təhsil  iki  mərhələdə  başa  çatdırılacaq.  
								2016-cı  ilə  qədər  birinci mərhələ başa 
								çatacaq, cari ildə elektron  təhsil  44  
								məktəbdə  tətbiq olunubsa,  gələn il onların 
								sayı 10 dəfə  və  daha  artıq  olacaq.  "Bu, 
								böyük  iş,  beynəlxalq  təcrübə,  beynəlxalq  
								sınaqdır", - deyə nazir əlavə edib.   
								
								
								  
								
								
								
								Amerikalı valideynlər müəllimlərlə ünsiyyətdən 
								qaçırlar  
								
								Amerikalı valideynlər övladlarının dərs 
								uğurları, davamiyyətləri barədə məlumatları 
								hansı mənbədən almağa üstünlük verirlər? Təhsil 
								sahəsində konsaltinq xidmətləri göstərən  
								GlobalScholar şirkətinin xahişi ilə bu sahədə 
								rəy sorğusu keçirmiş Narris Interactive rəy 
								mərkəzi bildirir ki, amerikalılar müəllimlərlə  
								şəxsi söhbətlərdə övladlarının məktəbdəki 
								davranışları və onların təhsil uğurları barədə 
								məlumat almaq istəmirlər. Rəy sorğusunda iştirak 
								etmiş valideynlərin 4/3-dən çoxu məlumatın əldə 
								olunmasının bu və ya digər formasını seçirlər.
								 
								
								Beləliklə, valideynlərin 28 faizi məlumatları 
								İnternet portallar, 24 faizi elektron poçtlar, 
								12 faizi yazılı məktublar, 11 faizi telefonla, 2 
								faizi SMS ismarışla almağa üstünlük  verir.
								 
								
								
								 Dünyada 
								800 milyon insan yazıb-oxuya bilmir  
								
								BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı  
								YUNESKO  dünyada 800 milyon insanın oxumağı və 
								yazmağı bilmədiyini açıqlayıb. Benin, Burkina 
								Faso, Etiofiya, Qambiya, Nigeriya,  Haiti, Mali, 
								Seneqal, Sierra Leon və Çad kimi ölkələrdə 
								yeniyetmələrin yarıdan çoxu oxuyub-yazmağı 
								bilmir. Məlumatda qeyd olunur ki, onların 
								arasında qadınlar əksəriyyət təşkil edir. 
								YUNESKO məktəbyaşlı 67 milyon uşağın ibtidai 
								məktəbə gedə bilməməsindən, 72 milyon gəncin isə 
								liseylərdən kənarda qaldığını bildirib. 
								 
								
								YUNESKO-nun Baş katibi İrina Bokova dünya 
								ölkələrinin öz üzərlərinə  oxuma-yazma sahəsində 
								daha artıq siyasi öhdəliklər götürməli olduğunu 
								qeyd edib. Baş katib hökumətləri, beynəlxalq 
								təşkilatları, vətəndaş cəmiyyəti qurumlarını və 
								özəl sektoru oxuma-yazma məsələsinə xüsusi 
								diqqət ayırmağa çağırıb.    
								
								
								
								Ukraynada ali məktəblərə qəbul balları artırılır  
								
								Gələn ildən başlayaraq Ukraynanın ali 
								məktəblərinə qəbul şərtləri dəyişəcək. 
								Ukraynanın Təhsil və Elm Nazirliyi 2012-ci ildən 
								ölkənin ali məktəblərinə yeni qəbul şərtlərini 
								nəzərdə tutan layihəni ictimaiyyətin 
								müzakirəsinə təqdim edib. Yeni şərtlərə müvafiq 
								olaraq keçid balı bütün profil fənlər üzrə 124 
								baldan 140 bala qədər artırılır. Layihə 
								nazirliyin saytındakı "ictimai müzakirə" 
								rubrikasında yerləşdirilib və arzu edən şəxslər 
								sentyabrın 25-nə qədər öz fikirlərini xüsusi 
								qeydiyyat formasında quruma göndərə bilərlər.    
								Qəbul şərtləri ictimaiyyətdə kifayət qədər 
								dəstək qazanarsa, gələn ildən başlayaraq yenilik 
								məcburi qaydada bütün ali məktəblərə şamil 
								olunacaq. Ukraynanın təhsil və elm naziri  
								Dmitri Tabaçnikin sözlərinə görə, magistraturaya  
								qəbul  şərtləri  dəyişməyəcək.  O qeyd  edib  ki,  
								bakalavr  proqramı  üzrə  ən yaxşı  məzunların  
								seçimində  müsbət  təcrübə  əldə  olunub.  
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı:
								 
								Oruc MUSTAFAYEV  |