| 
								 
								 Paşa 
								Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun 
								İlisu kəndində dünyaya göz açıb. Müəllim 
								ailəsində doğulmuş Paşa Əfəndiyevdə uşaq 
								yaşlarından mütaliəyə böyük maraq olub. Əməkdar 
								müəllim Şərif Əfəndiyevin kitabxanasındakı "Atalar 
								sözləri", "Aşıqlar", "Koroğlu", "Nizami 
								əsərlərinin el variantları"nı həvəslə oxuyan 
								gənc filologiyaya meyilli olub. 
								
								Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) 
								dil-ədəbiyyat fakültəsinə daxil olub. O dövrün 
								qüdrətli müəllimlərindən dil, ədəbiyyat və 
								tarixE elmləri üzrə dərs alıb. Ali məktəbi 
								bitirən gənc müəllim fakültə elmi şurasının 
								qərarı ilə aspiranturada saxlanılıb. Professor 
								Mikayıl Rəfilinin rəhbərliyi altında "Koroğlu" 
								Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır" adlı 
								dissertasiya üzərində araşdırmalar aparıb. 
								
								Dissertasiya işi tamamlanıb müdafiəyə buraxılıb, 
								lakin bədxahlar tapılıb. Onun tədqiqatı rəy üçün 
								akademiyaya göndərilib. Və heç yerdə çalışmayan 
								gənc həm maddi, həm də mənəvi çətinliklərə 
								dözməli olub. Az sonra hər şey yoluna düşüb. 
								Respublika mətbuatında məqalələrlə çıxış edən 
								Paşa Şərif oğlu tezliklə ali məktəb müəllimi 
								kimi tanınıb. 
								
								Paşa Əfəndiyev 1962-1966-cı illərdə Azərbaycan 
								Pedaqoji İnstitutu Filologiya fakültəsinin 
								qiyabi şöbəsinin dekanı olub. 1981-1982-ci 
								illərdə həmin fakültənin əyani şöbəsinin dekanı 
								kimi çalışıb. 1983-cü ildən 1988-ci ilə kimi 
								Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri 
								kimi fəaliyyət göstərib. 2007-ci ildə Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin 80 illiyi 
								münasibətilə ona əməkdar elm xadimi fəxri adı 
								verilib.  
								
								İlk tanışlıq  
								
								1966-cı ilin sentyabr ayının əvvəlləri idi. Hələ 
								bir-birinə əməlli-başlı isinişməmiş I kurs 
								tələbələri auditoriyaya hər təzə gələn müəllimə 
								bir özgə maraqla baxır, onun haqqında nəsə bir 
								şey öyrənmək istəyirdilər. "Azərbaycan şifahi 
								xalq ədəbiyyatı" kursundan mühazirə deyən 
								müəllim haqqında bunu öyrəndik ki, dosentdir, 
								Qax rayonunun İlisu kəndindəndir. Orta boylu, 
								arıq bədənli, sarışın müəllim bizə bir az 
								qaraqabaq təsiri bağışladı. Amma ilk dərsindən 
								hamımızı ovsunladı. Hələ uşaq ikən 
								babalarımızdan eşitdiklərimizi, nənələrimizin 
								danışdıqları nağıl və əfsanələri, atalar sözləri 
								və bayatıları açıqlayan mühazirələr o qədər 
								şirin, o qədər maraqlı olurdu kiE Mühazirə və 
								seminarlarda ana laylalarının ülviyyətinə 
								bələnir, nağıllı uşaqlıq illərinə dönür, 
								babaların düzümünün, nənələrin yozumunun sirrinə 
								yiyələnirdik. 
								
								Beləcə dörd ay gəlib keçdi. Birinci semestrdə 
								verdiyimiz zaçotlardan biri "Azərbaycan 
								folkloru"ndan oldu. İllər ötüb keçdi. Ali 
								məktəbi bitirdik. Hərəmiz taleyin hökmü ilə bir 
								yerdə işə başladıq. 
								
								Mənim taleyim elə gətirdi ki, Paşa Əfəndiyevlə "Azərbaycan 
								müəllimi" qəzeti redaksiyasında görüşdük. Orta 
								məktəbdə bir il müəllim kimi işlədikdən sonra 
								ordu sıralarında qulluq edib qayıtmışdım. 
								Redaktor Şahin Səfərov məni redaksiyaya işə 
								götürmüşdü. Bir gün Paşa müəllimi redaksiyada 
								gördüm. Görkəmli maarifçilərimizin 
								folklorşünaslıq fəaliyyəti ilə bağlı məsələləri 
								açıqlayan dəyərli məqalələr gətirmişdi. 
								 
								
								E İllər ötdü, folklorla bağlı namizədlik 
								dissertasiyamı oxuyub ona rəy verənlərdən, çətin 
								günlərimdə bədxahlarıma qarşı möhkəm olmağı 
								tövsiyə edənlərdən biri oldu Paşa müəllim.  
								
								Folklorşünaslığımızın müdrik ozanı  
								
								Paşa müəllimin xoşbəxtliyi ondadır ki, həyatını 
								Azərbaycan folklorunun tədqiqi, tədrisi və 
								toplanılması kimi bir fəaliyyətə həsr edib. 
								
								"Folklor yaddaşdır. Etnos bütün tarixi ilə 
								folklorda ilk növbədə yaddaşlaşır. Folklorun 
								ilkin funksiyası da məhz yaddaşla bağlıdır. O, 
								yaddaş olaraq yaranmış və bütün inkişaf tarixi 
								boyu bu funksiyasından məhrum olmamışdır. 
								Folklorla hər hansı ünsiyyətdə olmaq milli  
								mənəvi yaddaşla, qan-gen yaddaşı ilə təmasa 
								girmək deməkdir. Bu təmas insanı, ilk növbədə, 
								doğma olanla üzləşdirir. Ona görə də folklorla 
								təmas insan üçün şirin, hərarətli, məhrəm olur. 
								Və elə bu, fikrimizcə, folklorla ünsiyyətdən 
								doymazlığın, qopa bilməməyin əsasında durur. 
								Folklorşünas alimlərin çoxunun elm aləminə 
								gəlişi məhz bu cür baş vermişdir" - "Yaddaş və 
								şəxsiyyət" kitabından alınmış bu sətirləri şərhə 
								ehtiyac yoxdur. 
								
								Paşa Əfəndiyevin xalq ədəbiyyatı sahəsində ilk 
								tədqiqatı milli qəhrəmanlıq məktəbimiz olan "Koroğlu" 
								ilə bağlıdır. 
								
								O, "Koroğlu" dastanını təhlil müstəvisinə 
								gətirməklə Azərbaycan xalqının qəhrəmanlıq 
								tarixinin eposda ifadəsinin təsbitini nəzərdə 
								tuturdu. Tədqiqatçı araşdırmalarını "Koroğlu"nun 
								mətni, onun nəşri və öyrənilməsi; Eposun tarixi 
								və ictimai əsasları; "Koroğlu"da vətənpərvərlik 
								ideyaları; "Koroğlu"nun dili, üslubu və mənası - 
								fəsillərində ümumiləşdirmişdir. 
								
								"Koroğlu"nu bir mətn-janr olaraq epopeya kimi 
								dəyərləndirən P.Əfəndiyevin əsərinin 
								opponentlərindən biri olmuş M.H.Təhmasib 
								dissertasiyanın müsbət tərəflərini qeyd etməklə 
								iradlarını bildirmiş, xüsusən elmi-tədqiqat 
								işinin dilinin aydın və səlis olduğunu 
								göstərməklə yazmışdı: Ümumiyyətlə, əsər görkəmli 
								bir axtarış, inadlı bir tədqiqat məhsuludur. EBu 
								sahədə atılmış ilk addım, yazılmış ilk əsərdir. 
								
								Pedaqoq-alim 60-cı illərin ortalarından 
								başlayaraq folklorşünaslıq tariximizi araşdırıb. 
								
								"Azərbaycan folklorşünaslığı tarixi" doktorluq 
								dissertasiyasının "Folklor və klassik Azərbaycan 
								poeziyası" və "Xalq yaradıcılığı nümunələrinin 
								ilk qeydə alınmaları" bölmələri "Qədim və orta 
								əsrlərdə Azərbaycan folkloruna maraq" fəslini 
								təşkil edir. 
								
								Əsasən arxiv materialları əsasında yazılmış "XXI 
								əsrdə Azərbaycan folklorşünaslığı" adlı ikinci 
								fəsil rus mətbuatında təqdim olunmuş milli 
								folklor nümunələrimiz əsasında yazılmış, 
								ayrı-ayrı folklor toplayıcılarının işi təsvir və 
								təhlil olunmuşdur. 
								
								"Azərbaycan folklorşünaslığı XX əsrin 
								əvvəllərində" adlanan üçüncü fəsildə xalq 
								ədəbiyyatımızın toplanılması, nəşri və 
								öyrənilməsi məsələləri ciddi tədqiq olunmuşdur. 
								
								"Xalq yaradıcılığı haqqında Azərbaycan sovet 
								elminin təşəkkülü" adlanan dördüncü fəsil, eləcə 
								də sonrakı fəsillər - "Azərbaycan 
								folklorşünaslığı 30-40-cı illərdə", "Azərbaycan 
								folklorşünaslığı 1950-1960-cı illərdə" "gərgin 
								alim hünəri"nin nəticələridir, "arxivlərdə 
								keçmiş ömürdür, şifahi yaddaşın elmi kodla 
								inikasının tarixi kontekstdə ümumiləşdirilməsi 
								və dəyərləndirilməsi"dir. 
								
								Rəsmi opponentlər - akademik H.Araslı, professor 
								K.Məmmədov, professor X.Əlimirzəyev əsərin 
								aktuallığını və əhəmiyyətini, yeni faktlarla 
								zənginliyini, çoxillik tədqiqatın səmərəli və 
								faydalı nəticəsi olduğunu xüsusi vurğulamışlar. 
								
								
								
								*** 
								
								Dünya miqyaslı müvafiq tədqiqatlardan çıxarılan 
								nəticə budur: folklor bədii yaradıcılığın 
								müxtəlif sahələri üçün mənbə olmuşdur, qaynaq 
								rolunu oynayır, indi də mədəniyyət və 
								incəsənətin daimi komponenti kimi mühüm yer 
								tutur. 
								
								Azərbaycan ədəbiyyatında folklorizmin klassik 
								nümunələri Nizami, Nəsimi, Füzuli kimi sənət 
								korifeylərinin adı ilə bağlıdır. XX əsr 
								Azərbaycan ədəbiyyatı folklorizminin özül daşını 
								qoyanlar sırasında Cəfər Cabbarlı, Səməd Vurğun 
								yaradıcılığı xüsusi yer tutur. 
								
								Cəfər Cabbarlı zəngin ədəbi və musiqi 
								folklorumuzdan sistemli şəkildə istifadə edən 
								sənətkar olmuşdur. İndiyə qədər böyük ədibin 
								yaradıcılığındakı bu və ya digər ədəbi-bədii 
								məsələlər ayrıca tədqiqat obyektinə çevrilmiş, 
								lakin onun irsinin folklorla bağlılığı geniş 
								araşdırılmamışdı. Professor Paşa Əfəndiyevin "Yazıçı" 
								nəşriyyatı tərəfindən 1985-ci ildə çapdan 
								buraxılmış "Cəfər Cabbarlı və xalq yaradıcılığı" 
								kitabı bu baxımdan faydalı və dəyərli əsərdir. 
								
								Cəfər Cabbarlı əsərlərində atalar sözləri və 
								məsəllərdən, əfsanə və nağıllardan, dastanlardan, 
								mahnılardan istifadə etmişdir. Cəfər Cabbarlının 
								istifadə etdiyi atalar sözləri və məsəllər 
								obrazın mənəvi-əxlaqi sifətlərini üzə çıxaran 
								vasitələrdirsə, mahnı hiss və emosiyaların 
								daşıyıcısıdır. Dastan və ya əfsanə böyük ədibi 
								narahat edən köklü məsələlərin bədii-estetik 
								həllinə imkan verən qiymətli ədəbi materialdır. 
								Beləliklə, böyük sənətkarın istifadə etdiyi 
								folklor incisinin hər birinin öz bədii-estetik 
								funksiyası vardır. Kitabda bu məsələlər ilk dəfə 
								olaraq geniş şəkildə araşdırılmışdır. 
								 
								
								Cəfər Cabbarlının folklor barədə fikirləri onun 
								ədəbi-estetik dünyasının ayrılmaz hissəsidir. 
								Professor P.Əfəndiyev haqlı olaraq qeyd edir ki, 
								ədibin yaradıcılığının xəlqi əsasını, milli və 
								beynəlmiləl qütblərini aydınlaşdırmaqda bu 
								məsələlərin - folklora dair fikirlərin tədqiqi 
								xüsusilə vacibdir. 
								
								Kitabda Cabbarlının "Xalq ədəbiyyatı 
								toplaşdırılmalıdır" məqaləsi (həmin məqalə Paşa 
								Əfəndiyev tərəfindən aşkara çıxarılıb oxuculara 
								çatdırılmışdır) və digər yazıları əsasında onun 
								folklora münasibəti araşdırılmışdır. Bu hissədə 
								böyük sənətkarın xalq ədəbiyyatı, aşıq 
								yaradıcılığı, xalq oyun və tamaşalarına (həm də 
								dünya xalqlarının müvafiq folklor janrlarına aid 
								fikirləri də nəzərə alınmaqla) dair fikir, 
								mülahizə və tezis-qeydlərı müasir 
								ədəbiyyatşünaslıq tələbləri baxımından dəqiq və 
								səbrlə təhlil edilmişdir.  
								
								Böyük sənətkara məhəbbətdən yaranan, çoxillik 
								axtarışların məhsulu olan əsər orta məktəb 
								müəllimləri, tələbələr, sənətkarlar, nəhayət 
								tədqiqatçılar üçün dəyərli vəsaitdir. Dünya və 
								Azərbaycan folklorşünaslığının nailiyyətlərinə 
								əsaslanmaqla hazırlanmış kitab cabbarşünaslığa 
								layiqli töhfədir. 
								
								
								
								*** 
								
								İlk qələm təcrübəsindən ömrünün sonuna qədər 
								folklordan özünəməxsus şəkildə istifadə etmiş 
								S.Vurğun yaradıcılığı ədəbiyyatşünaslıq və 
								folklorşünaslıqda aktual problemlərdən biri kimi 
								araşdırılan folklor və yazılı ədəbiyyat mövzusu 
								üçün obyektdir. Doğrudur, bu problemlə bağlı 
								Cəlal Abdullayev, Vaqif Vəliyev, Bəxtiyar 
								Vahabzadə və başqa müəlliflər tədqiqat, 
								monoqrafiya və məqalələrində söhbət açmışlar. 
								Professor  Paşa Əfəndiyev bu mövzunu geniş 
								miqyasda araşdırmağı qarşısına məqsəd qoymuş, "Yazıçı" 
								nəşriyyatında 7 çap vərəqi həcmində dəyərli bir 
								monoqrafiya çap etdirmişdir. 
								
								Paşa Əfəndiyev Səməd Vurğunun publisistikasını 
								dərindən öyrənmiş, şairin elmi, elmi-publisistik 
								məqalələrindəki folklorla, onun janrları və ya 
								poetikası ilə bağlı məsələləri aşkarlayaraq 
								təhlilini vermişdir. Monoqrafiyanın birinci 
								fəslində məhz həmin məsələlərə geniş yer 
								ayrılmış, Səməd Vurğunun xalq ədəbiyyatı barədə  
								fikirləri şərh və təqdim olunmuşdur. Səməd 
								Vurğunun "Koroğlu" operası, "Koroğlu" dastanı, 
								ayrı-ayrı aşıqlar haqqında elmi-nəzəri 
								əhəmiyyəti olan fikirləri verilmiş, onun 
								ümumiyyətlə xalq yaradıcılığı sahələrinə 
								münasibəti açıqlanmışdır. 
								
								Kitabın ikinci fəsli Səməd Vurğun ədəbi irsinin 
								qaynaqlarını aşkarlamaq, xalqın dərin və zəngin 
								sənəti olan aşıq yaradıcılığından 
								bəhrələnməsinin yolları, poetik məqamları, 
								bədii-estetik əhəmiyyəti təsvir edilmişdir.
								 
								
								 Professor Paşa Əfəndiyev sənətkar və xalq 
								yaradıcılığı məsələsinə toxunaraq yazmışdır: "O 
								sənətkarlar öz yaradıcılığı ilə dünya 
								mədəniyyəti xəzinəsini zənginləşdirmişdir ki, 
								onlar ilk növbədə mənsub olduğu xalqın həyatını, 
								mənəviyyatını, ideyalarını yüksək poetik şəkildə 
								ifadə etmişlər. Deməli, milli olmayan, 
								yaradıcılığının bütün telləri ilə öz xalqına 
								bağlanmayan sənətkar heç bir zaman xəlqi ola 
								bilməz".   
								
								Kitabın zəngin faktlara istinadən yazılmış 
								fəsillərindən biri "Mahnı qanadlarında" adlanır. 
								Şairin zəngin xəlqiliyi ilə seçilən lirik 
								əsərləri mahnılara çevrilib 
								kütləviləşdirilmişdir. 
								
								Paşa Əfəndiyev kitabın beşinci fəslində Səməd 
								Vurğunun xalqın hikmət xəzinəsi sayılan atalar 
								sözləri və məsəllərdən istifadə faktlarından 
								söhbət açmışdır. O, kitabın sonunda yazır: Səməd 
								Vurğun yaradıcılığının Azərbaycan folklor 
								ənənələri ilə bağlılığı, şairin xalq hikməti 
								qaynaqlarından bəhrələnməsi gərgin əmək, ciddi 
								axtarışlar tələb edən geniş və zəngin bir 
								mövzudur. Biz bu qeydlərimizi həmin yolda atılan 
								ilk addım kimi qiymətləndirir və ümid edirik ki, 
								folklorşünaslarımız, ədəbiyyatşünas alimlərimiz 
								daha irəli gedərək yeni-yeni əsərlər 
								yaradacaqlar. 
								
								Milli mədəniyyətin bilicisi, onun kulturoloji 
								dəyərlərinin qiymətləndiricisi, böyük və müdrik 
								Səməd Mustafa oğlu Vəkilov P.Əfəndiyevin 
								yaradıcılığına münasibətdə demişdir: "Şifahi 
								xalq ədəbiyyatının tarixi Azərbaycan insanının 
								sosial-mədəni, mənəvi-idraki təkamülünün inkişaf 
								tendensiyalarını öyrənmək baxımından əvəzsiz 
								dəyər daşıyır. Həmin inkişaf təkamülünü elmi 
								şəkildə inikas etmək baxımından professor Paşa 
								Əfəndiyevin "folklorşünaslıq tarixi" mövzusunda 
								yaradıcılığı hələlik əvəzsiz qaynaqdır".  
								
								Şifahi xalq ədəbiyyatının tədrisi sahəsində 
								xidmətləri  
								
								Professor Paşa Əfəndiyev folklorun tədrisi 
								istiqamətində də əməyi olan alimlərdəndir. 
								Azərbaycan şifahi xalq ədəbiyyatından 
								mühazirələr kursunun yaradılması, bu kursun 
								tədris proqramının yaradılması (üç dəfə 
								təkmilləşdirərək çap etdirmişdir) onun bu sahədə 
								gördüyü işlərdəndir. 
								
								Paşa Şərif oğlu  "Azərbaycan folklorşünaslığı" 
								mövzusunda ixtisas kursu oxumuş, respublikada 
								şifahi xalq ədəbiyyatından ali məktəb üçün 
								dərsliyi ilk dəfə P.Əfəndiyev dosent İmran 
								Babayevlə birlikdə 1970-ci ildə nəşr etdirmişdir. 
								
								"Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliyinin 
								1970-ci il nəşrinin 39 səhifəsi İ.Babayevə, 227 
								səhifəsi P.Əfəndiyevə məxsusdur. 
								
								Sonralar Paşa müəllim dərslik üzərində yenidən, 
								köklü şəkildə təkmilləşdirmə apararaq "Azərbaycan 
								şifahi xalq ədəbiyyatı"nı 1981-ci ildə nəşr 
								etdirmişdir. 403 səhifəlik bu əsərin nəşri o 
								vaxtlar Azərbaycan SSR Ali və orta ixtisas 
								təhsili naziri olmuş Qurban Əliyevin qayğısı ilə 
								reallaşmışdı. 
								
								Sonralar - 1992-ci ildə "Maarif" nəşriyyatında 
								buraxılmış üçüncü nəşr artıq kitabxanalarda 
								nadir nüsxələrə çevrilib. 
								
								Professor Paşa Əfəndiyevin şifahi xalq 
								ədəbiyyatı sahəsində fəaliyyəti namizədlik və 
								doktorluq dissertasiyaları ilə, yaxud Molla Cümə 
								irsini toplamaqla məhdudlaşmır. 
								
								Paşa müəllimin 2000-ci illərin əvvəllərində çap 
								etdirdiyi "Azərbaycan folklorşünaslığının 
								problemləri" adlı iki irihəcmli məqalələr 
								toplusu onun çoxillik elmi araşdırmalarının 
								nəticələri olaraq yazılmış dəyərli qələm 
								məhsullarıdır. 
								
								Filologiya fakültəsinin tələbələri üçün nəzərdə 
								tutulmuş bu dərs vəsaitləri əslində xalq 
								yaradıcılığı məsələləri ilə məşğul olanlar üçün 
								faydalı ədəbiyyatlardandır. 
								
								2004-cü ildə buraxılmış ikinci kitabın ümumi 
								həcmi 395 səhifədir. Topluda "Koroğlu" dastanı, 
								C.Cabbarlı, S.Vurğun, "Molla Nəsrəddin 
								lətifələri", "Novruz bayramı", xalq poeziyası 
								ənənələri, Molla Cümə, Aşıq Rəfi və b. haqqında 
								məqalələr verilmişdir. Müəllif bu kitaba 
								həmçinin ayrı-ayrı folklorşünas alimlərin 
								kitabları haqqında məqalələrini, 
								dissertasiyaları barədə rəyləri də daxil 
								etmişdir. 
								
								Kitabın sonrakı səhifələrində alim 
								dissertasiyalarının yazılması, ixtisaslaşmış 
								müdafiə şuralarında iştirakı, institutdakı 
								tədbirlər haqqında yazıb. 
								
								Bu gün Azərbaycan efir məkanında ən uzunömürlü 
								xalq yaradıcılığı verilişi olan "Bulaq" haqqında 
								qələm məhsulu tarixilik baxımından dəyərli bir 
								materiallardır. 
								
								"Azərbaycan folklorşünaslığı (1920-ci ilə qədər)", 
								"Azərbaycan folklorşünaslığı (1930-40-cı illər)", 
								"Azərbaycan folklorşünaslığı (1940-60-cı illər)", 
								"Azərbaycan folklorşünaslığı (müntəxəbat)" ali 
								məktəb tələbələrinin, magistr və doktorantların 
								sıx-sıx istifadə etdikləri mənbələrdəndir. 
								
								Filologiya fakültəsinin tələbələri üçün 
								buraxılmış "Dastan yaradıcılığı" (1990) 
								kitabında folklorşünas alim qədim türk 
								dastanlarından bəhs etmiş, "Bilqamıs", "Alp ər 
								Tonqa", "Şu", "Göytürk", "Ərgənəqon", "Oğuz 
								xaqan", "Manas", "Kitabi-Dədə Qorqud", "Koroğlu" 
								dastanlarından epik silsilə şəklində bəhs 
								etmişdir. 
								
								Mütəxəssislərin də qeyd etdiyi kimi, Paşa 
								Əfəndiyevin eposşünaslıq sahəsində fəaliyyəti 
								milli elmimiz üçün çox dəyərli hadisədir. 
								
								"63 il institut divarları arasında" adlı 
								avtobioqrafik oçerklər toplusu (Bakı, 2009, 285 
								s.) 83 yaşlı alim-müəllimin bir növ həyat 
								salnaməsidir. 2002-2007-ci illər arasında qələmə 
								alınmış bu avtobioqrafik əsər 14 bölmədən 
								ibarətdir. 
								
								"Müqəddimə əvəzi" adlanan hissə Paşa müəllimin 
								yetirməsi, filologiya elmləri doktoru Mahmud 
								Allahmanlının elmi rəhbərinin həyat yolu, 
								yaradıcılığı haqqında düşüncə və duyumlarının 
								publisistik ifadəsidir. 
								
								Sonrakı bölmələrdə əməkdar elm xadimi 
								P.Əfəndiyev doğma İlisu kəndi, onun təbiəti, 
								tarixi, adət-ənənələri, mədəni mühiti haqqında 
								söhbət açıb. Tələbəlik illəri xatirə 
								yarpaqlarına çevrilib, müəllimləri hörmətlə yad 
								edilib. Öz aspirantura dövrünü təsvir edən 
								müəllif məqalə və kitablarının yaranma 
								tarixçələrinə nəzər salır, dekan və kafedra 
								müdiri işlədiyi dövrlərin salnaməsinə üz tutur. 
								
								"P.Əfəndiyev tələbələrinin və respublika 
								ictimaiyyətinin təsəvvüründə, ilk növbədə, 
								folklorşünaslıq tarixinin yaradıcısı, Azərbaycan 
								folklor salnaməsinin müəllifidir. Onun adı milli 
								yaddaş salnaməmizlə qırılmaz şəkildə bağlıdır".  
								
								
								Şamxəlil MƏMMƏDOV  |