| 
								 
								 Bir 
								ibtidai sinif müəllimi kimi 18 illik pedaqoji 
								təcrübəmə əsaslanaraq öncə onu qeyd edim ki, son 
								illər yeni fənn kurikulumlarına əsasən keçilən 
								dərslər daha yaddaqalan  olması və effektivliyi 
								ilə fərqlənir. "Azərbaycan Respublikasında ümumi 
								təhsilin Konsepsiyası (Milli Kurikulumu)" 
								sənədində şagirdin bir şəxsiyyət kimi 
								formalaşması üçün lazım olan bütün təlim 
								şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. 
								Bir müəllim olaraq düşünürəm ki, onun tətbiqi 
								ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə 
								yüksəlməsini təmin edir. Milli Kurikulum 
								şagirdin inkişafı, onun düşünmək, analiz və 
								sintez etmək qabiliyyətləri ilə ölçülür. 
								Kurikulumların didaktik əsasını nəticəyönümlülük, 
								tələbyönümlülük və şəxsiyyətyönümlülük 
								prinsipləri təşkil edir. Kurikulum bütöv bir 
								təhsil prosesidir və bu prosesin səmərəli nəticə 
								verməsi isə ilk növbədə biz müəllimlərin  işə 
								daha yaradıcı münasibət göstərməsindən, yüksək 
								bilik və bacarığa malik olmasından, 
								valideynlərin də həmin məsələ ilə ətraflı 
								tanışlığından, öz övladına yanaşma tərzində 
								müəyyən dəyişikliklər etməsindən və digər vacib 
								amillərdən asılıdır. 
								
								Müasir təhsilin qarşısında qoyulan tələblərdən 
								biri də məhz tədris prosesində şagirdin fəal 
								iştirakının təmin edilməsinin ön plana 
								çəkilməsidir. Mən də bütün dərslərimdə bu amili 
								əsas götürürəm. Dərslərimi  fəal  təlim  
								metodlarından,  interaktiv  təlim  
								texnologiyalarından  istifadə etməklə qururam. 
								
								Hər hansı bir fənnin tədrisi zamanı keçilən 
								mövzunun daha maraqlı, yaddaqalan olması üçün 
								müxtəlif tapşırıqlara dair hazırladığım 
								slaydları dərs boyu proyektor vasitəsilə nümayiş 
								etdirir, şagirdlərlə işi ona istinadən qururam. 
								Dərsin gedişini fəal dərsin  mərhələləri sayılan  
								motivasiya, tədqiqatın aparılması, informasiya 
								mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, 
								nəticələr  və ümumiləşdirmə, yaradıcı tətbiqetmə 
								və qiymətləndirməyə bölürəm. Həmin mərhələlərin 
								hamısı bir-biri ilə sıx əlaqəlidir və bütövlükdə 
								dərsin modelini təşkil edir. Dərslərimi məhz bu 
								model əsasında qurur və hər bir mərhələyə 
								yaradıcı, xüsusi  hazırlaşıram. Dərsin ilk 
								mərhələsində motivasiyanın yaradılması üzərində 
								iş aparır, şagirdləri problemin qoyuluşuna cəlb 
								edirəm. Tədqiqatın aparılması mərhələsində 
								şagirdləri 4 qrupa bölərək onlara tapşırıq 
								yazılmış
								 iş 
								vərəqləri paylayıram. Onu da qeyd edim ki, 
								tapşırıqlardakı çalışmaları tərtib edərkən 
								tədqiqat xarakterli olmasına, özündə yeni 
								informasiya və yeni sualların  əksini tapmasına 
								çalışıram. İnformasiya mübadiləsi mərhələsində 
								qrup üzvləri işlərini mənə təqdim edir və onları 
								yazı lövhəsindən asıram. Qrup üzvləri təqdim 
								etdikləri işlərlə bağlı təqdimatlar edirlər.  
								Sonrakı mərhələdə informasiyanın müzakirəsi və 
								təşkili həyata keçirilir. Mövzu ilə bağlı 
								cavabları sistemləşdirir  və şagirdlərə suallar 
								verirəm. Nəticələr və ümumiləşdirmə mərhələsində 
								mən əldə olunan nəticəni bütün sinfin köməyi ilə 
								birgə ümumiləşdirirəm. 
								
								Növbəti yaradıcı tətbiqetmə mərhələsində 
								şagirdlərə yeni öyrəndikləri bilikləri, əldə 
								etdikləri informasiyanı yaradıcı şəkildə  tətbiq 
								etmək məqsədilə çalışmalar verirəm. Bu zaman 
								əldə olunan biliklər  şagirdlərin hafizəsində 
								həmişəlik həkk olunur. 
								
								Dərsdə qiymətləndirməni hər qrup üçün meyar 
								cədvəli hazırlamaqla həyata keçirirəm. Onu da 
								əlavə edim ki, dərsin bütün mərhələlərində 
								qiymətləndirmə aparıram. Qiymətləndirmənin 
								şagirdlər üçün özünüqiymətləndirmə və 
								özünənəzarət vasitəsi rolunu oynadığını bilərək 
								bu məsələni hər zaman diqqətdə saxlayıram.
								 
								
								Fəal təlim metodları ilə keçilən dərslər ənənəvi 
								dərslərdən bir sıra üstünlükləri ilə fərqlənir. 
								Belə ki, fəal təlim nəticəsində biliklər 
								şagirdlər tərəfindən daha tez mənimsənilir. Fəal 
								təlim metodları əsasında təşkil olunan dərslərdə 
								mövzu ilə bağlı şagirdlər arasında  qoyulan 
								tədqiqat sualları onları düşünməyə, müəyyən 
								fikir yürütməyə, nəticə çıxarmağa yönəldir. 
								Dərslərdə istifadə olunan qrup işi şagirdlərdə 
								əməkdaşlıq, liderlik, məntiqi, tənqidi, yaradıcı 
								təfəkkür, dözümlülük, digər qabiliyyət, bacarıq 
								və vərdişləri formalaşdırır. Onlar bir sıra 
								problemlərin həllində, qərar qəbul olunmasında 
								öz fikirlərini müstəqil deyə bilir, həmçinin 
								bir-biriləri ilə ünsiyyət qurmaqda çətinlik 
								çəkmirlər. Beləliklə, artıq uşaqlar birinci 
								sinifdən həyati bacarıqlara yiyələnir ki, bu da 
								onların gələcək fəaliyyətlərində lazım olan ən 
								zəruri şərtlərdən biridir.  
								
								
								
								Elnarə XƏLİLOVA, 
								Bakıdakı 6 nömrəli məktəbin ibtidai sinif 
								müəllim  | 
								  |