| 
								 
								Sentyabrın 15-də Bakıdakı 164 nömrəli məktəbdə 
								Bilik günü və yeni dərs ilinin başlanmasına həsr 
								olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin 
								müəllim-şagird kollektivi, valideynlər və 
								qonaqlar iştirak edirdilər. Öncə Azərbaycanın  
								Dövlət bayrağı səhnəyə gətirildi və himnin 
								sədaları altında  qaldırıldı. Tədbir başlamazdan 
								əvvəl ulu öndər Heydər Əliyevin və 
								torpaqlarımızın azadlığı uğrunda  şəhid 
								olanların əziz xatirələri bir dəqiqəlik sükutla  
								yad edildi. 
								
								 Tədbiri 
								giriş sözü ilə açan məktəbin direktoru Kəmalə 
								Qədirova iştirakçıları Bilik günü münasibətilə 
								təbrik edərək məktəbə yeni qədəm qoyan   
								birincilərə uğurlar arzuladı. Təhsili millətin 
								gələcəyi hesab edən ümummilli lider Heydər 
								Əliyevin Azərbaycan dövlətçiliyinin 
								möhkəmləndirilməsi yolunda misilsiz 
								xidmətlərindən danışan direktor son illər 
								respublikada gedən təhsil islahatlarının 
								əhəmiyyətini qeyd etdi.  
								
								Məktəbin fəaliyyəti və ötən dərs ilində  
								qazanılmış nailiyyətlər haqqında söz açan 
								K.Qədirova bildirdi ki, 54 məzun respublikamızın 
								nüfuzlu ali məktəblərinə qəbul olunub. Onlardan 
								Sevil Əliyeva, Tural Abbaslı və Orxan Mehdiyev 
								600-dən çox bal toplamışlar. Məktəbin 
								müəllimlərindən Təranə Bağırova, Qafilə Əliyeva, 
								Səbinə Şahmalıyeva və Şəfa Sadıqova dövlət 
								başçısı İlham Əliyevin müvafiq sərəncamına 
								əsasən keçirilən "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibi olmuşlar.  
								
								K.Qədirova qeyd etdi ki, təhsil ocağı "Səmərəli 
								məktəb" layihəsinə qoşulub. Layihənin məqsədi 
								əlverişli məktəb mühiti, peşəkar müəllimlər, 
								müvəffəqiyyətli şagirdlər, fəal valideynlər, 
								səmərəli kitabxana yaratmaqdan ibarətdir. 
								Məktəbin strateji  və müəllimlərin 
								özünüqiymətləndirmə planlarının hazırlandığını 
								bildirən direktor onu da qeyd etdi ki, pedaqoji 
								kollektivin 95%-i müəllimlərin peşəkarlıq 
								səviyyəsinin təkmilləşdirilməsi prosesindən 
								keçib. 
								
								Tədbirdə çıxış edən  birinci sinif müəllimləri 
								Tamella Məmmədova və Səxavət Yusifova  Bilik 
								günü münasibətilə müəllim və şagirdləri təbrik 
								etdilər. Birinci sinfə qədəm qoyan fidan 
								balalara həmişə dərslərindən "əla" qiymətlər 
								almağı, Azərbaycana layiq vətəndaş olmağı 
								arzuladılar. 
								
								Sonda şagirdlərin ifasında şeirlər söyləndi, 
								mahnılar oxundu. İlk dəfə məktəb həyatına qədəm 
								qoyan birincilər musiqi sədaları altında  dərs 
								otaqlarına yerləşdirildilər.   
								
								
								
								Niyazi RƏHİMOV  |