| 
								 
								 Doğma 
								yurda ata-baba irsindən gələn bağlılıq onu 
								kənddən ayıra bilməmişdir. Keçmiş SSRİ məkanında 
								öz şəxsi təşəbbüsü ilə "dostluq klubu" və "dostluq 
								kitabxanası" yaradan, ən məşhur və görkəmli elm 
								və mədəniyyət xadimləri, hərbçilər, generallar, 
								admirallar, marşallar, Sovet İttifaqı və 
								Sosialist Əməyi qəhrəmanları, partizanlarla, 
								müxtəlif ölkələrin məktəbliləri və müəllimləri 
								ilə sıx ünsiyyətdə olub, 50 ildən çox doğma 
								Azərbaycanı tanıtmaqda onun əməyi misilsizdir.
								 
								
								Haqqında söhbət açmaq istədiyim, yaşı bu 
								günlərdə 75-ə çatan əməkdar müəllim, keçmiş 
								SSRİ-nin maarif əlaçısı, respublika maarif 
								əlaçısı, üst-üstə 30-dan çox mötəbər təşkilatdan 
								fəxri fərmanlar, diplomlar alan, yazıçılar və 
								jurnalistlər birliklərinin üzvü, "Qız qalası", "Cəsarətli 
								jurnalist", "Vicdanlı qələm", "Müqəddəs qələm" 
								media mükafatları  laureatı, pedaqoq Sadıq 
								Xanəliyev 55 illik əmək fəaliyyətini Ordubadın 
								ucqar Bist kəndində cilalamışdır. 
								
								Təkcə onu demək kifayətdir ki, onun şəxsi 
								kitabxanasında Nobel mükafatı laureatlarından 
								tutmuş dövlət mükafatı, xalq yazıçı və 
								şairlərinədək Avropa və Asiyanın 4 minədək 
								görkəmli şəxsinin avtoqrafla Sadıq Xanəliyevə 
								hədiyyə etdiyi kitablardan yaratdığı muzey 
								kitabxananın heç yerdə analoqu yoxdur. 
								
								Sadıq Xanəliyev 1953-cü ildə Bist kənd y 
								
								eddiillik məktəbini "əla" qiymətlərlə bitirsə də, 
								o dövrdə texnikuma imtahansız qəbul imtiyazını 
								əlindən aldıqlarından 6 fəndən imtahan verərək 
								Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna qəbul olur. 
								1960-cı ildə ordu sıralarındakı xidmətini və 
								texnikumu bitirib doğma kəndə aqronom kimi 
								qayıdır. Kolxozda aqronom işləməklə bərabər, 
								kənd məktəbində də əmək təlimindən dərs deyir. 
								Elmə, biliyə tükənməz həvəsi onu Bakı Dövlət 
								Universitetinin filologiya fakültəsinə gətirir. 
								1970-ci ildə universiteti bitirərkən diplom 
								işini böyük ədib, görkəmli ziyalı, M.V.Lomonosov 
								adına Moskva Dövlət Universitetinin Şərq 
								xalqları ədəbiyyatı kafedrasının müdiri, 
								professor Əziz Şərifin elmi pedaqoji 
								fəaliyyətinin 60 illik şərəfli yolunun tədqiqinə 
								həsr edir. Dörd ay Moskvada Əziz Şərif 
								yaradıcılığının incəliklərini rus mənbələrindən 
								tədqiq və təhlil edir. Universitetdə diplom 
								işinin müdafiəsində professor Abbas Zamanov 
								zarafatla təklif edir: "Məncə, yubanmağın vaxtı 
								deyil. Sadıq dissertant, yaxud aspirant olmasa 
								da, ona elmlər namizədi  elmi dərəcəsi 
								verilməlidir. Çünki 150 səhifəlik bu fundamental 
								iş hətta doktorluğa layiqdir". 
								
								 Sadıq 
								müəllim kənd orta məktəbində pedaqoji 
								fəaliyyətini davam etdirir. 100-dən çox şagirdi 
								(qonşu kəndlərdən gələnlər də) ali, 250-dən çoxu 
								orta ixtisas təhsilinə yiyələnməkdə digər 
								müəllimlərlə yanaşı Sadıq Xanəliyevin də 
								haqq-sayını unutmur. 
								
								1951-ci ildən bu günədək mətbuatda qələm çalan, 
								"Yada sal məni", "Xatirə", "Dahilər yetirən 
								müəllim", "Ömrün zirvəsi", "Unuda bilməyəcəyəm" 
								kitablarının müəllifi olan dilçi, ədəbiyyatçı, 
								həm də publisist yazıları, elegiya və esseləri 
								ilə keçmiş İttifaqda yaxşı tanınan, rayon 
								qəzetindən tutmuş "Oqonyok", "Elm və həyat" 
								jurnallarında şeirləri rus və ukrayna dillərinə 
								tərcümə edilən, şeirlərinə bəstəkarların mahnı 
								bəstələdiyi Sadıq müəllim bütün uğurlarını 
								kənddən ayrılmadan doğma məktəbdə və ata-baba 
								ocağında qazanmışdır. 
								
								Sadıq müəllimin kənd məktəbi şagirdlərinin hərbi 
								vətənpərvərlik, Vətənə, yurda sadiqlik tərbiyəsi 
								sahəsində apardığı iş SSRİ və Azərbaycan 
								Respublikası Veteranlar Şurası tərəfindən dərin 
								rəğbətlə qarşılanmışdır. Moskvada Böyük Teatrın 
								qabağındakı meydanda bistli məktəbliləri İkinci 
								cahan müharibəsinin qanlı döyüşləri gedən 
								yerlərə aparan "İkarus" avtobuslarının baş 
								tərəfinə yazılardı: - Bist-Volqoqrad, Bist-Brest, 
								Bist-Oryol, Bist-Kursk, Bist-Kiyev və hətta uzun 
								illər ərzində ucsuz-bucaqsız ölkələrdən Sadıq 
								müəllimin ünvanına özbək, rus, tacik, ukrayna, 
								moldav, tatar, başqırd dillərində gələn 
								saysız-hesabsız məktubların ünvanında yazılırdı: 
								- Naxçıvan Muxtar Respublikası, Bist şəhəri.
								 
								
								Sadıq müəllim doğma yurdu, kəndini cahana şəhər 
								kimi tanıtmışdı. Onlarca görkəmli şəxs Bistə - 
								Sadıq müəllimin rayon kitabxanasına, onun 
								vətənpərvərliyi tətbiq etdiyi məktəbə şəxsən 
								qonaq gəlmişdir. Bir dəfə 40-dək ukraynalı 
								müəllim və şagird Sadıq müəllimin 15 gündən çox 
								qonağı olmuşdur. Nobel mükafatı laureatı, 
								Sosialist Əməyi Qəhrəmanı Mixail Şoloxov, 
								Aleksandr Meresyev, Rəsul Həmzətov, Maksim Tank, 
								Sergey Smirnov, Mirzə İbrahimov, Süleyman Rüstəm, 
								Rəsul Rza, Konstantin Simenov, Oleq Qonçar, Ziya 
								Bünyadov, Bəxtiyar Vahabzadə, Oljas Süleymenov, 
								Çingiz Aytmatov, Rəfael Mustafin, Yeqor İsayev, 
								Mixail Stelmaks, Oleq Şestinski, Valentin 
								Ostovski, Məmməd Araz, Nəriman Həsənzadə, Sergey 
								Baruzdin, Nəbi Xəzri, Petrus Brovka, Mirzə 
								Tursunzadə, Aleksandr Tvardovski, Əziz Şərif 
								kimi görkəmli yazıçı və şairlər, alimlər, məşhur 
								qəhrəmanlar, o dövrün müttəfiq respublikaları 
								yazıçılar ittifaqlarının (Rusiya, Ukrayna, 
								Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, 
								Baltikyanı ölkələr, Qırğızıstan, Türkmənistan, 
								Özbəkistan) katibləri öz əsərlərini, dostluq 
								məktublarını Sadıq müəllimin kitabxanasına 
								göndərər, çoxları şəxsən Bistə gələrdilər. 
								
								Sadıq müəllimin həyətində SSRİ Yazıçılar 
								İttifaqının birinci katibi Oleq Şestinskinin öz 
								əli ilə əkdiyi qələmə ağacları 40 ildə boy verib, 
								Bistin ən uca ağaclarını üstələyib. 
								
								Sadıq müəllim bu əlaqələri yaradarkən Azərbaycan 
								ədəbi mühitini yaymağı qarşısına əsas məqsəd 
								qoyurdu. Onun öz şəxsi vəsaiti ilə 1000-dən çox 
								kitab (istər Azərbaycan, istər başqa dillərə 
								tərcümə olunaraq) Sadıq müəllim tərəfindən 
								respublikamızın bayrağı, gerbi, himni olan 
								atributlarla birlikdə həmin şəxslərə, məktəblərə, 
								kitabxanalara hədiyyə edilirdi.  
								
								Bir dəfə Kiyevdə Novruz bayramı günü bistli 
								məktəblilərinin üzündən sevinc yağdığını görən 
								SSRİ xalq artisti, məşhur müğənni Sofiya Rotaru 
								Sadıq müəllimin ucqar Bistdən qəhrəman Kiyev 
								şəhərinə avtobusla məktəbli gətirdiyini biləndə 
								konsert salonuna bilet satışını dayandırıb, açıq 
								havada, Novruz tonqalı ətrafında pulsuz olaraq 
								bistli məktəblilərin şərəfinə üç saat konsert 
								vermiş, minlərlə kiyevli tamaşaçı bu dostluğa 
								heyran qalaraq meydana gəlmişlər. Elə tonqal 
								ətrafında məşhur partizan, Sovet İttifaqı 
								Qəhrəmanı Karaçuk bistli şagirdlərlə rəqs 
								etmişdir. 
								
								SSRİ Əmək və Müharibə Veteranları Şurasının 
								sədri marşal Batov hərbi-vətənpərvərliyin 
								təbliğinə görə Sadıq müəllimə fəxri fərman və 
								kitabxanasına qiymətli kitablar hədiyyə etmişdir. 
								
								Fransa partizan hərəkatının qəhrəmanı, 273 alman 
								təyyarəsini səma döyüşündə şəxsən məhv etmiş 
								Normandiya-Neman polkunun komandiri, Sovet 
								İttifaqı Qəhrəmanı, fransız general Piyer Puyat 
								Sadıq Xanəliyevin faşizmə və müharibəyə nifrət 
								təbliğindəki fəaliyyətinə görə özünün idarə 
								etdiyi qırıcı təyyarənin və Parisin məşhur Eyfel 
								qülləsinin maketlərini Sadıq müəllimin muzey 
								kitabxanasına bağışlamışdır. 
								
								 İkinci cahan müharibəsində azəri övladlarının 
								misilsiz qəhrəmanlığının işıqlandırılmasında 
								Sadıq müəllimin axtarışlarının böyük rolu 
								olmuşdur. Elə tivili leytenant Məmmədhüseyn 
								Kərimovun (hazırda Tivi  orta məktəbi öz 
								qəhrəman övladının adını daşıyır), cəsur 
								partizan, hazırda Culfa rayonunun Əlincə 
								kəndində yaşayan yaşı 90-a çatmış, əsirlikdən 
								qaçıb qəhrəman Mehdi Hüseynzadənin silah yoldaşı 
								olmuş Məmməd Məmmədovun və digərlərinin 
								qəhrəmanlıq salnamələri məhz Sadıq Xanəliyevin 
								fransalı, italiyalı, ukraynalı məşhur 
								partizanlarla, öz eloğlumuz, Fransa partizan 
								hərəkatının görkəmli nümayəndəsi, "Kordiliyer" 
								medalı ilə təltif olunan, prezident Şarl De 
								Qolun həyatına sui-qəsdin qarşısını alıb onu 
								xilas edən, övladı Şuşa döyüşlərində həlak olan 
								Əhmədiyyə Cəbrayılovla sıx əlaqələri, 
								məktublaşmaları, mətbuatda işıqlandırılaraq 
								Vətən övladlarının hünəri ortaya çıxarılmışdır. 
								
								Sadıq müəllimin bu günlərdə qonağı oldum. Axı 
								biz 1960-cı ildə onunla texnikumu bir 
								bitirmişdik. 4 il sinif yoldaşı olmuşduq. O, 
								kənd həyatına, əməyə necə bağlıdırsa söhbətimiz 
								elə bağ-bağçasında, əkin yerində daha şirin 
								keçdi. Əlində işlənib ancaq tiyəsi qalan oraq 
								var idi. Təzəcə doğmuş inəyinə arxların 
								qırağından ot biçirdi. Orağa diqqətlə baxdığımı 
								görəndə dilləndi: 
								
								- Bu orağın nə az, nə çox, düz 100 yaşı var. 
								Anam Hində Şərurun Aralıq kəndindən atam 
								Şahsuvara gəlin gələndə babam Alməmməd o vaxtın 
								ata yüklənən yüngülvari cehiz qab-qaşığına bu 
								orağı da pay qoyub, kənd yeridi, qolunuzdan 
								tutar, - deyib. Doğrudan da cəbhədən qayıtmayan 
								atamızdan sonra ağır illərdə anam bu oraqla bizi 
								yaşatmışdır - dedi: 
								
								Sadıq müəllim xatirələrə daldıqca elə bil uşaq 
								təbiətinə dönürdü. Dedi ki, məni qınamayın, 
								ömrümdə iki dəfə bərk imtahana düşmüşəm. 1951-ci 
								ilin baharında Naxçıvan şəhərində, "Böyük bağda" 
								o vaxt Dram Teatrın yerləşdiyi yerdə xalq şairi 
								Səməd Vurğunla görüş keçirilirdi, iynə atsan 
								yerə düşməzdi. VII sinfi təzəcə qurtarmışdım, 
								yeniyetmə idim. Kimsə şairə dedi ki, bu  cavan 
								oğlan sizin qəzetdə dərc olunan "Zəncinin 
								arzuları" poemasından bir parçanı əzbər bilir. 
								Məni ortaya çəkdilər. Doğrudan da Səməd Vurğunun 
								gözləri  qartal gözünə oxşayırdı. Qeyri-adi bir 
								həyəcan keçirdim. Şeiri necə ürəkdən, həyəcanla 
								dedimsə, şair məni uşaq kimi qucağına alıb 
								bağrına basdı. Hamı əl çaldı. Həyəcandan pörtüb 
								qızarmışdım. İkinci belə bir həyəcanım ulu 
								öndərimiz Heydər Əliyevlə 1990-cı ilin yayında  
								görüşdüyüm zamanı da oldu. Eşidəndə ki, 
								xalqımızın qəhrəman oğlu Heydər Əliyev doğulduğu 
								torpağa gəlib gecə sübhədək yuxum gəlmədi. "Silinməz" 
								adlı bir şeir yazdım. Naxçıvan şəhərinə gəldim. 
								Ulu öndərlə görüşdüm. İcazə alıb uşaq kimi 
								əllərimi yanıma salaraq onun qarşısında həmin 
								şeiri dedim.  
								
								Həyəcanımı görən dövlət xadimi məni 
								sakitləşdirəndə dedim: 
								
								- Yoldaş Əliyev, Sizin xalqımız qarşısında 
								misilsiz xidmətləriniz Şah İsmayıl Xətai, 
								Mustafa Kamal Atatürk haqqı-sayı kimidir. Mən 
								həyəcansız dayana bilmirəm.  
								
								Heydər Əliyev gülümsündü, o biri otağa keçib öz 
								fotosunu gətirərək mənə avtoqraf yazdı. Bu mənim 
								kitabxanamdakı 4 minə yaxın avtoqrafların ən 
								əzizi və şirinidi. 
								
								Sonralar Naxçıvanda Heydər Əliyevlə dörd dəfə 
								görüşümüz oldu. Vaxtilə keçmiş İttifaqın baş 
								qəzeti olan "Pravda"nın 1979-cu il 9 yanvar 
								sayında birinci səhifədə "SİTA"nın məlumatı ilə 
								Bist kəndində Sadıq Xanəliyevin 
								muzey-kitabxanası barədə oxuculara məlumat 
								verildikdən sonra Ordubaddan Bistə xüsusi rabitə 
								xətti çəkilərək bu zəngin muzey-kitabxana 
								mühafizəyə götürülmüşdür. Keçmiş İttifaqın 
								80-dən çox şəhəri ilə sıx əlaqə saxlayan, 40-dan 
								çox Sovet İttifaqı Qəhrəmanı, 21 Sosialist Əməyi 
								Qəhrəmanı, 25 Lenin mükafatı laureatı, 5 Sovet 
								İttifaqı marşalı, yüzədək şair, yazıçı, 
								akademiklərlə şəxsən dostluq əlaqəsi yaradan 
								kənddə həmin şəxslərin çoxunun Bist camaatı və 
								məktəblilərlə səmimi görüşləri Sadıq müəllimin, 
								Bist camaatının indi də yaddaşındadır. 
								 
								
								6 qız, bir oğul atası olan Sadıq müəllimin həyat 
								yoldaşı Rəfiqə xanım dərzidir. İynə sapından 
								çıxan paltarlarla çox uşaqları, qız-gəlini 
								sevindirib. Tanrı bu sevincə bir pay da əlavə 
								edib. Altı qızdan sonra Sadıqın ad günündə Əli 
								adında bir oğul övladı dünyaya gəlib. Ata-oğul 
								bu günü bir şənlikdə qeyd edirlər. Əli də 
								atasının yolu ilə gedir, kənd məktəbini, 
								Naxçıvan Dövlət Universitetini bitirib, xarici 
								dil müəllimidir, ailə qurub, övlad-uşaq 
								sahibidir. 
								
								Ucqar dağ kəndində 55 illik pedaqoji fəaliyyəti, 
								digər xalqların görkəmli elm-mədəniyyət 
								xadimləri, yazıçı ıə şairləri, qəhrəmanları  ilə 
								sıx ünsiyyətdə olub xalqımızın mədəni irsinin 
								təbliği sahəsindəki böyük xidmətləri yüksək 
								qıymətləndirilən Sadıq Xanəliyevə Naxçıvan 
								Muxtar Respublikası Ali Məclisinin sədri Vasif 
								Talıbovun sərəncamı ilə "Naxçıvan MR-in əməkdar 
								müəllimi" fəxri adı verilmişdir. 
								
								Doğma yurdu əzizləyib ömrünü gənc nəslin 
								təlim-tərbiyəsinə həsr edən Sadıq müəllim mənim 
								gözümdə elə Gəmiqaya kimi ucadan ucadır. Vətən, 
								yurd seviləndə, əzizlənəndə Vətən olur, yoxsa 
								onun qürbətlə nə fərqi olardı?  
								
								
								
								Qaşdar ƏLİYEV, 
								respublikanın əməkdar təbiəti mühafizə işçisi,
								 
								akademik Həsən Əliyev mükafatçısı, 
								 Jurnalistlər Birliyinin üzvü  | 
								  |