| 
								 
								Kaspi Təhsil Mərkəzi ənənəvi olaraq illik yekun 
								hesabat tədbiri keçirmişdir.
								  
								
								AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin ötən 
								tədris ilində fəaliyyəti, qazandığı nailiyyətlər 
								barədə məlumat verilmiş, 2011-2012-ci tədris ili 
								üçün nəzərdə tutulmuş yeni layihələr təqdim 
								edilmişdir.  
								
								"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva 
								tədbir iştirakçılarını mərkəzin fəaliyyəti 
								barədə ətraflı məlumatlandırmışdır. Bildirmişdir 
								ki, Kaspi Təhsil Mərkəzi paytaxt sakinlərinin 
								mərkəzin xidmətindən rahatlıqla istifadə 
								etmələri üçün cari ildə filiallarının sayını 5-ə 
								çatdırmışdır. Bundan əlavə, mərkəz bir neçə 
								uğurlu layihələr həyata keçirmişdir. "Azercell" 
								şirkətinin dəstəyi ilə jurnalistlər üçün, Daxili 
								İşlər Nazirliyinin dəstəyi ilə isə polis 
								əməkdaşlarına peşəkar dil kursları təşkil 
								edilmişdir. Layihələr bu gün də davam etdirilir.
								 
								
								S.Vəliyeva Kaspi Təhsil Mərkəzinin qarşıdan 
								gələn tədris ilinə yeni nəşrləri ilə qədəm 
								qoyduğunu da diqqətə çatdırmışdır. Bildirmişdir 
								ki, bu il "Kimya" və "İngilis dili" fənləri üzrə 
								dərs vəsaiti, Azərbaycan tarixi və ingilis dili 
								üzrə test bankları nəşr olunmuşdur. Şirkətlər 
								Qrupunun rəhbəri yaxın gələcəkdə də bir sıra 
								kitabların işıq üzü görəcəyini bildirmişdir.
								 
								
								Mərkəzin yeni layihələri barədə tədbir 
								iştirakçılarına ətraflı məlumat verən S.Vəliyeva 
								yeni tədris ili üçün uşaq hazırlığı layihəsinin 
								həyata keçirildiyini demişdir. Bildirmişdir ki, 
								"Kaspi Kids" adlı bu layihə artıq yeni tədris 
								ilindən xidmət göstərəcəkdir. Bu layihə 4, 5 və 
								6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. O, 
								peşəkar xidmətlər göstərəcək bu layihəyə 
								məktəbəqədər hazırlıq, uşaqlar üçün ingilis və 
								rus dilləri, rəsm dərnəyi daxil olduğunu 
								bildirmişdir.  
								
								Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev 
								layihələrin uğurla həyata keçirildiyini diqqətə 
								çatdırmışdır. O, mərkəzlə əməkdaşlıq edən 
								universitetlərin sayının 70-ə çatdığını, 50-yə 
								yaxın tələbənin xaricdə bakalavr və magistr 
								pillələri üzrə təhsilinin təmin edildiyini 
								vurğulamışdır.  
								
								Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 
								Komitəsi sədrinin müavini Aynur Sofiyeva, 
								professor Yəhya Kərimov və digər çıxış edənlər 
								mərkəzin fəaliyyəti, təhsil sahəsində gördüyü 
								uğurlu işlər və əldə etdiyi nailiyyətlər barədə 
								danışmışlar.  
								
								Sonda bu il ali məktəblərə qəbul imtahanlarında 
								yüksək nəticə göstərmiş tələbələrə Kaspi Təhsil 
								Mərkəzinin hədiyyələri təqdim edilmişdir.   |