| 
								 
								 Sentyabrın 
								21-də AMEA-da Təhsil Nazirliyi və Azərbaycan 
								Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı 
								ilə "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi 
								tarixi yol" mövzusunda elmi-praktik konfrans 
								keçirildi. Konfransda  tanınmış alim və 
								mütəxəssislər, təhsil işçiləri  iştirak 
								edirdilər. 
								
								Konfrans iştirakçıları "Müstəqil Azərbaycanın 20 
								il ərzində keçdiyi tarixi yol" mövzusunda təşkil 
								olunmuş sərgiyə  baxdılar. 
								
								Sonra konfransı giriş sözü ilə Azərbaycan 
								MEA-nın birinci vitse-prezidenti Arif Həşimov 
								açaraq  tədbirin əhəmiyyətindən danışdı. 
								
								Çıxış üçün  ilk söz təhsil naziri Misir 
								Mərdanova verildi. Nazir "Müstəqil Azərbaycan 
								Respublikasında yeni təhsil sisteminin 
								formalaşması və inkişafı" mövzusunda çıxış 
								edərək  bildirdi ki, bu il oktyabrın  18-də 
								Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyinin bərpa edilməsinin iyirminci 
								ildönümü tamam olur. Bu tarixi hadisə ilə 
								əlaqədar ölkə başçısı cənab İlham Əliyev 
								tərəfindən "Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyinin bərpasının iyirminci ildönümü 
								haqqında"  sərəncam imzalanmışdır və bugünkü 
								tədbirimiz də həmin sərəncama uyğun olaraq 
								keçirilir. 
								
								Sərəncamda qeyd olunur ki, "bu illər ərzində 
								demokratik, hüquqi və dünyəvi dövlətin qurulması 
								xalqımızın tarixi nailiyyətidir". Həmin 
								nailiyyətlərdən biri də təhsil sisteminin 
								inkişafı sahəsində əldə etdiyimiz  
								nailiyyətlərdir. 
								
								 Təhsil 
								naziri qeyd etdi ki, 1993-cü ildə xalqın  
								tələbilə ümummilli lider Heydər Əliyevin 
								hakimiyyətə qayıdışı təhsil sahəsində 
								islahatların aparılmasına şərait yaratdı.  Milli 
								təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar 
								atıldı, ölkədə milli təhsil sistemi yaradılmağa 
								başladı.1995-ci ildə müstəqil Azərbaycan 
								Respublikasının ilk Konstitusiyası qəbul edildi 
								və Konstitusiyanın 42-ci maddəsində 
								vətəndaşların təhsil  hüququ təsbit edildi. 
								1999-cu il iyunun 15-də Azərbaycan Respublikası 
								Prezidentinin sərəncamı ilə  təsdiq edilmiş 
								təhsil sahəsində İslahat Proqramı ölkəmizdə 
								təhsilin inkişaf strategiyasını və  islahatların 
								mərhələlərini müəyyənləşdirdi. 
								
								Təhsilə göstərilən dövlət  qayğısından  danışan  
								nazir dedi ki, təhsil tariximizdə ilk dəfə 
								olaraq 16 dövlət proqramı hazırlanmış və 
								uğurla   həyata keçirilməkdədir. Təhsilin 
								ayrı-ayrı sahələrinin inkişafı üzrə real 
								vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq  
								edilmiş bu proqramların reallaşması  nəticəsində 
								təhsil  infrastrukturunun müasir tələblərə uyğun 
								qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, 
								yeni dərslik siyasətinin reallaşdırılması, 
								məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə 
								təhsil, istedadlı uşaqların inkişafı, 
								de-institutlaşdırma və digər bu kimi sahələrdə 
								əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. 
								
								Hazırda ölkəmizdə 1623 məktəbəqədər təhsil 
								müəssisəsinin fəaliyyət göstərməsini, həmin 
								müəssisələrdə 112 mindən artıq uşağın tərbiyə 
								olunmasını, onların təlim-tərbiyəsi ilə 13 min 
								pedaqoji işçinin məşğul olmasını da  Misir 
								Mərdanov  konfrans iştirakçılarının nəzərinə 
								çatdırdı. Qeyd etdi ki,  son illərdə ölkə üzrə 
								31 yeni uşaq bağçası tikilib istifadəyə 
								verilmiş, 40-dək məktəbəqədər təhsil müəssisəsi 
								əsaslı təmir edilmiş, 200 müəssisə müasir 
								avadanlıqlarla təchiz olunmuşdur. Əsaslı  təmir 
								olunan məktəblərin sayı isə 2000-i ötmüşdür. 
								
								Təhsil naziri Misir Mərdanov çıxışını  
								Azərbaycanda təhsilin inkişaf perspektivlərinin 
								əsasında  möhtərəm Prezidentimiz İlham Əliyevin 
								söylədiyi konseptual  fikri ilə tamamladı: "Biz 
								maddi dəyərlərimizi, iqtisadi potensialımızı 
								insan kapitalına çevirməliyik. Çünki insanın 
								savadı, biliyi  onun gələcək inkişafına xidmət 
								edir", "Neft, qaz Tanrıdan verilən böyük 
								nemətdir, amma gec-tez bu təbii sərvətlər  
								tükənəcək və  bilik, zəka ölkəmizin davamlı 
								inkişafını uzun illər bundan sonra təmin 
								edəcəkdir. Ən inkişaf etmiş ölkələrin 
								təcrübəsinə baxsaq görərik ki, o ölkənin 
								inkişafında aparıcı rol oynayan neft, qaz deyil, 
								bilikdir, elmi- texniki tərəqqidir, yeni 
								texnologiyalardır". 
								
								Konfransda Azərbaycan MEA-nın birinci 
								vitse-prezidenti Arif Həşimov "Azərbaycanda 
								təbiət elmləri son 20 ildə: mövcud elmi 
								potensial və inkişaf perspektivləri", Azərbaycan 
								MEA-nın vitse-prezidenti Nailə Vəlixanlı  
								"Müstəqillik illərində Azərbaycanda 
								ictimai-humanitar elmlər", BDU-nun prorektoru 
								İradə Əliyeva "Müstəqillik illərində 
								Azərbaycanın ali təhsil  müəssisələrində elmi 
								tədqiqatların inkişaf yolu" və Azərbaycan MEA  
								Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev 
								"Müstəqillik  illərində Naxçıvan Muxtar 
								Respublikasında akademik elmin inkişafı" 
								mövzularında çıxışlar etdilər. 
								
								Konfransın sonunda "Elm məbədi müstəqillik 
								illərində" filminin nümayişi oldu.      
								
								
								Şakir CƏFƏROV  |