| 
								 
								 2008-ci 
								ildən yeni strukturla fəaliyyətə başlayan Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutu xarici ölkələrin 
								müvafiq elm və ali təhsil müəssisələri ilə 
								əməkdaşlığın inkişafını daim diqqət mərkəzində 
								saxlayır. Bu fəaliyyətin nəticəsidir ki, qısa 
								müddət ərzində dünyanın 15-ə qədər ali məktəbi 
								ilə elm və təhsil sahəsində əməkdaşlığa dair 
								müqavilələr imzalanmış, konkret işlər həyata 
								keçirilmişdir.   
								
								İnstitutumuzun əsas təşkilatçılığı ilə son üç 
								ildə dörd beynəlxalq konfransın keçirilməsi
								
								
								(“Повышение квалификации педагогических кадров в 
								условиях глобализации: реалии и перспективы”. 
								Баку, 2008, “Последипломное педагогическое 
								образование: европейские ориентиры и 
								региональные приоритеты”. Киев, 2009, 
								“Инновация, качество образования и развитие” 
								Баку, 2010; “Инновационная образовательная 
								деятельность: региональные аспекты”. Киев, 
								2011), maliyyə həcminə görə Cənubi Qafqazda ən 
								böyük layihə - TEMPUS-RİTSA layihəsində 
								iştirakımız (Fransanın, Böyük Britaniyanın, 
								Almaniyanın, İtaliyanın, həmçinin Azərbaycanın 
								ali məktəbləri ilə birgə) görülən konkret işlər 
								sırasındadır. 
								
								İvanovsk Vilayət Təhsilin İnkişafı İnstitutunun 
								rektoru, professor Marina Dmitriyevanın dəvəti 
								və təhsil naziri, professor Misir Mərdanovun 
								razılığı ilə institutumuzun rektoru, professor 
								Asəf Zamanov 2012-ci ildə Bakıda keçirilməsi 
								nəzərdə tutulan "İnnovasiya, təhsilin keyfiyyəti 
								və inkişaf" II Beynəlxalq konfransın təşkili ilə 
								əlaqədar hazırlıq işlərinin görülməsi, əlavə 
								təhsilin problemləri və perspektivləri sahəsində 
								aparılan elmi-tədqiqat işlərinin nəticələrinin 
								çapı üçün beynəlxalq elmi-metodik jurnalın 
								konsepsiyasının hazırlanması (elmi-metodik 
								jurnal Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, 
								Ukraynanın müvafiq ali məktəblərinin təsisçiliyi 
								ilə rus və ingilis dillərində nəşr ediləcəkdir), 
								əlavə təhsil sisteminin təkmilləşdirilməsi 
								istiqamətində perspektiv fəaliyyətin 
								müəyyənləşdirilməsi məqsədi ilə cari ilin 12-16 
								sentyabr tarixlərində adıçəkilən institutda 
								ezamiyyədə olmuşdur. Rektor pedaqoji kadrların 
								ixtisasartırması sahəsində aparıcı ali 
								məktəblərdən olan İvanovsk Vilayət Təhsilin 
								İnkişafı İnstitutunda aparılan işlərlə tanış 
								olmuş, innovasiyalarla zəngin ixtisasartırma 
								kurslarında, xüsusilə rəhbər pedaqoji kadrlar 
								üçün kurslarda informasiya-kommunikasiya 
								texnologiyalarının köməyi ilə ixtisasartırmanın 
								həyata keçirilməsi prosesini izləmişdir. 
								
								Professor Marina Dmitriyeva və İvanovsk Vilayət 
								Təhsil Departamentinin I müavini Natalya 
								Sokolova ilə görüşdə təhsil sahəsində 
								əməkdaşlıq, həmçinin "İnnovasiya, təhsilin 
								keyfiyyəti və inkişaf" II Beynəlxalq elmi 
								konfransın təşkili ilə əlaqədar məsələlər 
								müzakirə olunmuşdur. Pedaqoqların professional 
								səviyyəsinin yüksəldilməsi, müasir həyatın 
								tələbinə uyğun pedaqoji korpusun formalaşması 
								təhsil sisteminin modernləşməsinin zəruri olduğu 
								nəzərə alınaraq əlavə təhsil sisteminin 
								perspektiv istiqamətlərinin 
								müəyyənləşdirilməsində aşağıdakıların həyata 
								keçirilməsi qərara alınmışdır: pedaqoqların 
								fərdi ixtisasartırma sisteminin tətbiqi; ümumi 
								təhsilin müasirləşdirilməsi layihəsi 
								çərçivəsində rəhbər pedaqoji kadrların və kadr 
								ehtiyatının yenidənhazırlanması; distant 
								təhsilin bazasının yaradılması və inkişafı; 
								ölkələrimizin təhsilin inkişafı strategiyaları 
								layihələri çərçivəsində pedaqoqların ixtisasının 
								artırılması; təhsil alanların sağlam və 
								təhlükəsiz həyat tərzi mədəniyyətinin 
								formalaşdırılması; peşə əməkdaşlığının 
								genişləndirilməsi; distant təhsil 
								texnologiyalarının təhsil prosesinə tətbiqi, 
								həmçinin ixtisasartırmanın innovativ 
								formalarının (master klass, seminarlar, 
								treninqlər, işgüzar oyunlar, debatlar, brifinq 
								seminarlar, vebinarlar, İnternet-seminarlar, 
								telekonfranslar) tətbiqi.   
								
								Asəf müəllim həmçinin müasir 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təchiz edilmiş İvanovo şəhər 18, 21 və  67 
								nömrəli, İvankovsk kənd məktəblərində məktəbin 
								idarə edilməsi və tədris prosesinin təşkili ilə 
								də tanış olmuşdur. Maraqlı faktdır ki, 18 
								nömrəli məktəbdə təhsil alan 560 şagirdin 43-ü 
								azərbaycanlıdır. Qeyd etmək yerinə düşər ki, 
								ötən dərs ilində İvankovsk kənd məktəbinin 1-i 
								qızıl, 3-ü gümüş medala layiq görülmüş cəmi 10 
								məzununun hamısı ali məktəblərə daxil olmuşdur.
								 
								
								Rektor Rusiya Azərbaycan Konqresinin İvanovsk 
								Vilayət şöbəsinin rəhbərliyi, həmçinin fəalları 
								ilə də görüşmüşdür.   
								
								
								
								Sevinc QULİYEVA, 
								BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
								  | 
								  |