| 
								 
								 20 
								nömrəli tam orta məktəb-liseydə yerləşən Distant 
								təhsil mərkəzində "Elektron  təlimləndirən 
								sistemlər" layihəsinin başlanması ilə əlaqədar 
								tədbir keçirilib. Tədbirdə  məktəb direktorları, 
								valideynlər, 219 nömrəli  evdə məktəbin bir qrup 
								şagirdi və digər qonaqlar iştirak ediblər. 
								
								Tədbiri giriş sözü ilə  219 nömrəli evdə 
								məktəbin direktoru, əməkdar müəllim Sədaqət 
								Məmmədova açaraq  layihənin uğurlarından  
								danışıb. 
								
								Sonra  "Elektron təlimləndirən sistemlər"  
								layihəsinin rəhbəri Salam Əliyev çıxış edərək 
								bildirib ki, Azərbaycan Respublikasının 
								iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir 
								dövrdə dövlətimizin təhsili də bu qloballaşma 
								prosesindən kənarda deyildir. Təhsili 
								dövlətimizin davamlı inkişafının əsas 
								amillərindən biri hesab edən Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev 
								cənabları onun inkişafına, dünyanın qabaqcıl 
								ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə 
								böyük diqqət və qayğı göstərir, təhsili dövlət 
								siyasətinin əsas prioritetlərindən biri kimi 
								daim diqqətdə saxlayır.  
								
								Bu səbəbdəndir ki, Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyev cənablarının 10 iyun 
								2008-ci il tarixli sərəncamı ilə "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı"nı təsdiq etməsi dövlətimizin təhsil 
								sistemində  yeni müasir dövrün başlanğıcı kimi 
								hesab oluna bilər. 
								
								Bildirilib ki, fiziki qüsurlu uşaqlara 
								göstərilən diqqət və qayğı son illər xeyli 
								artmışdır. Bu sahədə Heydər Əliyev Fondu və 
								Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr 
								xüsusi rol oynayır. Bu işdə Azərbaycanın birinci 
								xanımı, Heydər Əliyev Fondunun prezidenti, 
								YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri  
								Mehriban Əliyevanın  məktəblərə, məktəblərin 
								kompüterləşdirilməsinə, internat-məktəblərə və 
								uşaq evlərinə göstərdiyi qayğını xüsusilə qeyd 
								etmək lazımdır.  
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin  sərəncam və qərarlarından irəli gələn 
								vəzifələr tərəfimizdən dərin rəğbətlə 
								qarşılanmış və bu vəzifələri nəzərə almaqla 
								"Nobel-T" müəssisəsində xüsusi qayğıya ehtiyacı 
								olan uşaqların tədrisi ilə əlaqədar "Elektron 
								təlimləndirən sistemlər" adlı layihə işlənib 
								hazırlanmışdır. Bu layihənin  ərsəyə gəlməsində 
								Təhsil Nazirliyi  və tabeçiliyində olan 
								təşkilatlar, həmçinin Təhsil sisteminin 
								informasiyalaşdırılması idarəsi və 219 nömrəli 
								evdə məktəbin müəllimləri yaxından iştirak edib, 
								köməklik göstərmişlər. 
								
								Məlumat üçün  bildirilib  ki, 2009-cu ilin 
								avqust ayından başlayaraq "Nobel-T" müəssisəsi 
								xüsusi qayğıya ehtiyacı olan uşaqların 
								təhsilində mühüm rol oynayacaq bu layihənin 
								həyata keçirilməsi üçün bir çox işlər görmüşdür. 
								"Nobel-T" müəssisəsinin rəhbərliyi, əməkdaşları 
								və psixoloqları layihədə iştirak edən 30 nəfər 
								xüsusi qayğıya ehtiyacı olan şagirdin hər biri 
								ilə fərdi qaydada görüşmüş, onların 
								fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma 
								şəraiti ilə yaxından tanış olmuşlar. İnternet 
								xətti üçün telefon rabitəsi olmayan 4 şagirdin 
								evinə müəssisə öz daxili hesabına telefon xətti 
								çəkdirmişdir.  
								
								Bundan başqa, layihədə iştirak edən 26 müəllim 
								ilk olaraq "Mədəd" Humanitar İctimai Birliyində, 
								daha sonra isə "İntel" Gələcək üçün Təhsil 
								kursunda təlimlərdən keçmişdir. Bundan əlavə, 
								müəllimlər üçün tərəfimizdən təşkil olunmuş 
								psixoloji treninqlərin keçirilməsi də təmin 
								edilmişdir. "Nobel-T" müəssisəsinin daxili 
								vəsaitı hesabına "Elektron təlimləndirən 
								sistemlər"  layihəsi çərçivəsində xüsusi qayğıya 
								ehtiyacı olan uşaqların distant təhsilinin 
								icrasını təmin etmək məqsədilə İKT 
								avadanlıqlarından və texniki vasitələrdən 
								istifadəyə dair müəllimlər üçün təlim 
								keçirilmişdir. 
								
								Qeyd edildi ki, 2010-cu il mayın 29-da Təhsil 
								Nazirliyində layihənin təqdimatı keçirilmişdir. 
								Təqdimat zamanı şirkətin uzun müddət ərzində  
								gördüyü işlər müsbət qiymətləndirilmiş və 
								layihənin həyata keçirilməsi həm 
								şagirdlərimizin, həm də müəllimlərimizin müasir 
								dünya təhsil sisteminə daha asan inteqrasiya 
								etməsində mühüm rol oynayacağı qeyd edilmişdir.
								 
								
								"Elektron təlimləndirən sistemlər" adlı 
								layihənin ilk növbədə məqsədi evdə təhsil alan 
								sağlamlıq imkanları məhdud olan uşaqları distant 
								təhsilə cəlb etməklə cəmiyyətə inteqrasiya 
								olunmasına dəstək verməkdir. Layihənin həyata 
								keçirilməsinin əhəmiyyətli cəhətlərindən biri də 
								sağlamlıq imkanları məhdud olan uşaqların təhsil 
								almaq imkanlarının yaxşılaşdırılması ilə yanaşı, 
								onların kompüter və elektron resurslardan 
								istifadə bacarıqlarının artırılması və İnternetə 
								çıxış imkanlarının yaradılmasıdır.  
								
								Bütün bunlar bu qəbildən olan uşaqlarda 
								cəmiyyətin tamhüquqlu üzv olduqları ilə bağlı 
								özünə inam yaradır. Müasir dövrdə İKT-nin 
								sürətlə inkişafı onun təhsildə də tətbiq 
								olunmasını zəruri edir. İnformasiya və 
								kommunikasiya texnologiyalarından istifadə, 
								dərsin elektron formada təsviri, digər tərəfdən 
								dərsdə müasir təlim metodlarından istifadə 
								edərək tədrisin distant formada təşkili xüsusi 
								qayğıya ehtiyacı olan uşaqların təhsilalma 
								maraqlarının artmasına səbəb olacaqdır. 
								 
								
								Tədbirdə vurğulanıb ki, inkişaf etmiş ölkələrin 
								təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və 
								insanların inkişafı üçün yaradıcı, müstəqil 
								düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, 
								yetişdirilməlidir. Azərbaycanda da təhsil 
								islahatının əsas prinsiplərindən biri təlim 
								prosesində uşaqlarda fəallığı, məntiqi 
								düşünməyi, özünə tənqidi yanaşmağı, müstəqil 
								bilik almağı və fərdi inkişaf etmək bacarığını 
								tərbiyə etməkdir. 
								
								Dövlət proqramının icrası və xüsusi qayğıya 
								ehtiyacı olan uşaqların xüsusi distant 
								təhsilinin inkişafı ilə əlaqədar 2011-ci ildən 
								ilkin olaraq 30 şagird və 7 müəllimin "Elektron 
								təlimləndirən sistemlər" adlı layihəsinə 
								qoşulması təmin edilmiş, onlara ən yeni 
								texnologiya və proqram təminatları ilə təchiz 
								olunmuş "MacBook" noutbukları təqdim edilmişdir.
								 
								
								219 nömrəli məktəbin 9-cu sinif şağirdi  
								Zeynəbxanım Ağayeva  bu layihədə iştirak edən 
								şagird kimi fikirlərini tədbir iştirakçıları ilə 
								bölüşmüş, bu layihənin onlara çox xeyiri 
								olduğunu vurğulamışdır. 
								
								Tədbirdə müəllim və valideynlər  çıxış edərək 
								layihə barədə öz müsbət fikirlərini 
								bildirmişlər.  
								
								
								
								Şakir CƏFƏROV  |