| 
								 
								
								  
								 Naqoya 
								Universiteti (Nagoya University) Yaponiyanın 
								Naqoya şəhərində yerləşir və 7 imperiya 
								universitetindən (Yaponiya İmperatorluğu 
								tərəfindən 1877 və 1939-cu illərdə yaradılmış 9 
								universitet - 7-si Yaponiyada (Bu universitetlər 
								hazırda Yeddi Milli Universitet adlanır), 1-i 
								Koreyada, digər 1-i isə Tayvanda yerləşir) 
								biridir.  
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Naqoya 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								92-ci yerdə olub. "QS World University 
								Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu 
								universitetləri arasında apardığı araşdırmaya 
								əsasən, Naqoya Universiteti 91-ci, 2011-2012-ci 
								tədris ili üçün açıqladığı reytinq cədvəlinə 
								əsasən isə 80-ci yerə layiq görülüb.     
								
								Tarixi  
								
								Naqoya Universitetinin tarixi 1871-ci ildə 
								yaradılmış Tibb Məktəbi ilə bağlıdır. 1920-ci 
								ildə Ayçi Tibb Kolleci yaradılır. 1939-cu ildə 
								bu məktəb Naqoya İmperial Universiteti 
								adlandırılır. 1942-ci ildə universitetin Dəqiq 
								Elmlər və Texnika Məktəbi Mühəndislik və Dəqiq 
								Elmlər məktəblərinə bölünür. 1947-ci ildə ali 
								məktəbin adı dəyişdirilərək Naqoya Universiteti 
								adlandırılır. 2004-cü ildə universitet Milli 
								Universitet Korporasiyası adlanır. Ali məktəbdə 
								aparılan islahatlara əsasən 1949-cu ildə burada 
								6 məktəb - Filologiya, Pedaqogika, Hüquq, 
								İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik 
								məktəbləri yaradılır. Sonradan 1950-ci ildə 
								Hüquq və İqtisadiyyat məktəbləri müstəqil 
								fəaliyyət göstərməyə başlayır. 1951-ci ildə Kənd 
								Təsərrüfatı Məktəbi açılır, ümumilikdə 
								universitetdə 8 məktəb mövcud olur.   
								 1993-cü 
								ildə Naqoya Universitetində geniş təhsil 
								islahatları aparılır, ümumtəhsil proqramları 
								qəbul olunur, 9-cu məktəb - İnformatika və Dəqiq 
								Elmlər Məktəbi yaradılır, universitetin bütün 
								məktəblərində 4, Tibb Məktəbində isə 6 illik 
								fasiləsiz təhsil tələbləri qoyulur.  
								
								İkinci Dünya müharibəsindən sonra Naqoya 
								Universitetinin diplomdansonrakı təhsil 
								pilləsində yeni təhsil islahatları aparılır. 
								1953-cü ildə Filologiya, Pedaqogika, Hüquq, 
								İqtisadiyyat, Dəqiq Elmlər və Mühəndislik 
								məktəblərinə 2 illik magistratura və 3 illik 
								doktorantura səviyyələri əlavə olunur. 1991-ci 
								ildə universitetdə Beynəlxalq İnkişaf, 1992-ci 
								ildə Humanitar Elmlər, 1998-ci ildə Dil və 
								Mədəniyyət, 2001-ci ildə Ekologiya Elmləri, 
								2003-cü ildə İnformasiya Elmləri ali təhsil 
								məktəbləri açılır. 2004-cü ildə Naqoya 
								Universiteti yeni idarəetmə strukturuna malik 
								milli universitetə çevrilir.   
								
								Büdcəsi və təhsil haqqı  
								
								2010-2011-ci tədris ilində Naqoya 
								Universitetinin dövlət tərəfindən ayrılan 
								vəsaitlər və daxili imkanlar hesabına (əsasən, 
								tələbələrin təhsil haqqından) əldə etdiyi 
								gəlirlər ümumilikdə 96684000000 yen olub. Ali 
								məktəbin xərcləri ötən tədris ilində 92063000000 
								yen təşkil edib. Həmin tədris ilində büdcə 
								vəsaitinin böyük hissəsi, təxminən, 60%-i 
								universitetin elmi potensialının artırılmasına 
								və elmi tədqiqatların aparılmasına sərf edilib.
								 
								
								Tokio Universitetində təhsil haqqı ildə 535800 
								yen təşkil edir. Tələbənin oxuduğu məktəbdən, 
								seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı 
								dəyişə bilər.  
								  Universitet 
								bu gün  
								
								Naqoya şəhəri Yaponiyanın 4-cü ən sıx 
								məskunlaşmış şəhəridir. Zəngin və qədim mədəni 
								irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi 
								isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış 
								yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, 
								Botanika bağını, Hiqasiyama zooparkını, 
								Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, 
								Nittaydzi ibadətgahını, Naqoya televiziya 
								qülləsini, stansiyasını, Midlend meydanını,  
								Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını 
								və s. qeyd etmək olar. Naqoya Universitetinin 
								kampusu Naqoya şəhərinin şərqində ümumilikdə 
								3250847 
								
								ì2  
								ərazini əhatə edir. Universitetin binaları isə 
								764437 
								
								ì2 
								
								
								ərazidə yerləşir.  
								
								Naqoya Universitetinin aşağıdakı məktəb, 
								institut və elmi-tədqiqat mərkəzləri fəaliyyət 
								göstərir.  
								
								Filologiya Məktəbi bakalavrlar, Ali Filologiya 
								Məktəbi isə magistrant və doktorantlar üçün 
								nəzərdə tutulub. Bu məktəblərin Yeni və Ən Yeni 
								Yapon Mədəniyyəti Elmi-Tədqiqat Mərkəzi 
								fəaliyyət göstərir. Filologiya Məktəbi 
								filologiya, jurnalistika, mədəniyyət və təhsil 
								kimi humanitar sahələrin tədrisi üzrə 
								Yaponiyanın ən güclü məktəblərindəndir. Məktəbdə 
								tələbələr hər hansı bir bölmədə xüsusi akademik 
								məsləhətçinin rəhbərliyi altında dissertasiya 
								yazırlar. Dissertasiyanın yazılması zamanı 
								tələbələr ənənəvi fənlərlə tanış olmalı, 
								akademik və sosial problemlərin həll yolunu 
								tapmaq üçün bacarıqlar əldə etməlidirlər. 
								
								Pedaqogika Məktəbində (Təhsil və İnsan 
								Resurslarının İnkişafı) bakalavrlar, Təhsil və 
								İnsan Resurslarının İnkişafı Ali Məktəbində isə 
								magistrant və doktorantlar təhsil alırlar. 
								Pedaqogika Məktəbi 1949-cu ildən fəaliyyət 
								göstərir və təhsil, psixologiya, insan 
								resurslarının inkişafı elmləri üzrə 
								ixtisaslaşıb. Məktəbin bakalavr səviyyəsi 5 
								sahəni əhatə edir: fasiləsiz təhsil və inkişaf; 
								təhsil və informatika; beynəlxalq təhsil və 
								mədəniyyət; insan psixologiyası; məsləhətləşmə 
								və psixoterapiya. Bu məktəbin məzunlarının 
								əksəriyyəti Yaponiyanın və dünyanın başqa 
								ölkələrinin bir çox ali məktəblərinin 
								müəllimləri və rəhbər vəzifələrində çalışır. 
								 
								 Naqoya 
								Universitetinin bakalavrlar üçün nəzərdə tutulan 
								Hüquq Məktəbi, magistrant və doktorantlar üçün 
								isə Ali Hüquq Məktəbi Yaponiya Hüquq 
								İnformasiyası İnstitutu ilə əməkdaşlıq edir. Ali 
								Hüquq Məktəbi iki bölmədən ibarətdir: Naqoya 
								Universitetinin Hüquq bölməsi gələcək hakim, 
								vəkil və digər hüquqşünas hazırlayır, Birləşmiş 
								Ali Hüquq və Siyasi Elmlər bölməsi isə 
								magistrant və doktorantlar üçün hüquq və siyasi 
								elmlər üzrə proqramlar təklif edir. 
								Universitetin Hüquq Məktəbi bu sahə üzrə 
								Yaponiyanın ən güclü məktəblərindəndir. Məktəbin 
								məzunları dünyanın bir sıra ölkələrinin məhkəmə, 
								mərkəzi və yerli idarəetmə orqanlarında, özəl 
								biznes, elm, təhsil və jurnalistika sahələrində 
								fəal mövqe tuturlar. 
								
								İqtisadiyyat Məktəbində bakalavrlar, Ali 
								İqtisadiyyat Məktəbində isə magistrant və 
								doktorantlar təhsil almaq imkanına malikdirlər. 
								İqtisadiyyat Məktəbi 1920-ci ildən fəaliyyət 
								göstərir. İqtisadiyyat Məktəbi İqtisadiyyat və 
								Biznes-menecment departamentlərindən, Ali 
								İqtisadiyyat Məktəbi isə Sosial-İqtisadi 
								Sistemlər, Sənaye Administrasiya Sistemi 
								departamentlərindən ibarətdir. Məktəblərin 
								İqtisadi Tədqiqatlar Mərkəzində Asiya 
								iqtisadiyyatı və regional əməkdaşlıq, beynəlxalq 
								menecment, ətraf mühitin mühafizəsi üzrə 
								tədqiqatlar aparılır.  
								
								İnformatika və Dəqiq Elmlər Məktəbi 
								informasiyanın emalı texnikası, real informasiya 
								savadı vermək məqsədini daşıyır. Məktəb Təbii 
								İnformatika Elmləri, Sosial və Humanitar 
								İnformatika Elmləri departamentlərindən 
								ibarətdir. Magistrant və doktorantlar üçün 
								İnformatika Ali Məktəbi Hesablayıcı Sistemlər 
								Mərkəzindən ibarətdir.       
								 Dəqiq 
								Elmlər Məktəbində bakalavrlar, Ali Dəqiq Elmlər 
								Məktəbində isə magistrant və doktorantlar təhsil 
								alırlar. Məktəbdə Suqaşima Dəniz Bioloji 
								Laboratoriyası, Naqoya Universiteti Cənub 
								Rəsədxanası, Struktur Biologiyası, Tau-Lepton 
								Fizika tədqiqat mərkəzləri mövcuddur. 
								
								Tibb Məktəbi Birləşdirilmiş molekulyar tibb, 
								Hüceyrə tibbi, Sağlamlıq və kommunal tibb, Tibb 
								bacısı, Radioloji və tibbi laboratoriya elmləri, 
								Fiziki iş və əmək terapiyası, Tibb elmləri 
								departamentlərindən, Universitet xəstəxanası, 
								Heyvanların Laborator Müayinəsi və Tibbi Texniki 
								Tədqiqatlar, Neyron Xəstəliklər və Xərçəng  
								mərkəzlərindən ibarətdir. 
								
								Bakalavrlar üçün Mühəndislik Məktəbi, magistrant 
								və doktorantlar üçün isə Ali Mühəndislik 
								Məktəbində Plazma Nanotexnologiyası 
								Elmi-Tədqiqat, Retrospektiv Materiallar Analizi 
								Texnologiyası, Hesablama Elmləri, Mikro-Nano 
								Mexatronika  mərkəzləri fəaliyyət göstərir.
								 
								 Bio 
								Kənd Təsərrüfatı Elmləri Məktəbi bakalavr, Ali 
								Kənd Təsərrüfatı Məktəbi isə magistrant və 
								doktorantlar üçündür. Məktəbə Çöl Elm, Quş 
								Bioelmlər Tədqiqat mərkəzləri daxildir. 
								 
								
								Ali Beynəlxalq İnkişaf Məktəbi magistrant və 
								doktorantlar üçün nəzərdə tutulub və əsas 
								fəaliyyət istiqamətləri kimi insan resurslarının 
								inkişafı, beynəlxalq həmrəylik, köklü dəyərlər, 
								həyat tərzi məsələlərinin həlli ilə məşğuldur. 
								Məktəbin əhatə etdiyi əsas proqramlar inkişaf və 
								idarəetmənin iqtisadi siyasəti; kənd 
								rayonlarının inkişafı üzrə regional idarəetmə; 
								təhsil və insan resurslarının inkişafı; 
								idarəetmə və hüquq; sülhyaratma; sosial inkişaf 
								və mədəniyyət; insanların miqrasiyası və 
								mədəniyyətlərarası anlaşma; dil təhsili və 
								linqvistik informasiya sahələridir. Məktəbin 
								Beynəlxalq İnkişaf, Beynəlxalq Tədqiqat 
								Əməkdaşlığı, Beynəlxalq kommunikasiya 
								departamentləri fəaliyyət göstərir.   
								 
								
								Ali Riyaziyyat Məktəbində riyaziyyatın bütün 
								sahələri - tətbiqi riyaziyyat, həndəsə, cəbri 
								həndəsə, mürəkkəb, riyazi fizika və s. 
								öyrədilir. Məktəbdə tələbələrin müstəqil 
								tədqiqatlarını təmin etmək məqsədi ilə 
								interaktiv seminarlar təşkil olunur.  
								 
								
								Dillər və Mədəniyyətlər Ali Məktəbi Dillər və 
								mədəniyyətlər, Yapon dili, Multimədəni 
								tədqiqatlar, Yapon dili və mədəniyyəti, Yapon 
								dilinin xarici dil kimi öyrənilməsi, Tətbiqi 
								dilçilik, Komparativ linqvistika, Yapon 
								mədəniyyəti, Yapon dilinin xarici dil kimi 
								metodologiyası departamentlərindən ibarətdir. 
								Burada dillərin və mədəniyyətlərin öyrənilməsi 
								üzrə fundamental, tətbiqi və fənlərarası 
								tədqiqatlar həyata keçirilir, dünyada yapon 
								dilinin və mədəniyyətinin yaxından tanıdılması 
								üzrə təbliğat işləri aparılır. Məktəbdə dövlət 
								müəssisələrində, özəl şirkətlərdə və təhsil 
								müəssisələrində çalışan şəxslər üçün dil və 
								mədəniyyət üzrə axşam kursları təşkil olunur.
								 
								 Ekoloji 
								Tədqiqatlar Ali Məktəbi Seysmologiya, 
								Vulkanologiya və Fəlakətin Nəticələrinin 
								Azaldılması, Nəqliyyat və Şəhərlərin Sabit 
								İnkişafı elmi-tədqiqat mərkəzlərindən ibarətdir.
								 
								
								Naqoya Universitetində eyni zamanda Ekoloji Tibb 
								Elmi Tədqiqat, Ekotopiya Elmlər, Humanitar və 
								Dəqiq Elmlər, Qabaqcıl Tədqiqatlar, 
								Kabayaşi-Maskava Zərrəciklərin və Kainatın 
								Törəməsi (Nəzəri, Eksperimental tədqiqatlar 
								mərkəzləri aiddir) institutları, Futuristik 
								Modelləşdirmə Ekoloji, Geospeys Elmi-Tədqiqat 
								mərkəzləri, Günəş-Yer Ətraf Mühit 
								Laboratoriyası, Resursların Bərpası və 
								Neftayırma Asiya Fənlərarası, Səhiyyə, Fiziki 
								Tərbiyə və İdman mərkəzləri fəaliyyət göstərir.
								 
								
								Naqoya Universitetinin kitabxanası Yaponiyanın 
								ən zəngin informasiya resurslarına malik 
								müəssisəsidir və ümumilikdə 3112036 cild kitaba, 
								4000-ə qədər jurnala və digər materiallara 
								sahibdir. Universitetin 2 əsas (Mərkəzi və 
								Tibb), eləcə də fakültə, institut və elmi 
								mərkəzlərdə köməkçi kitabxanaları mövcuddur. Hər 
								bir kitabxana universitet şəhərciyindəki Mərkəzi 
								kitabxana ilə kompüter şəbəkəsi ilə 
								birləşdirilib. Kitabxanalar həmçinin rəqəmsal 
								informasiya xidmətləri fəaliyyət göstərir, 15482 
								elektron jurnal təklif edir. Mərkəzi kitabxana 
								çoxlu sayda kolleksiyaya və arxiv materiallarına 
								malikdir, burada mütəmadi olaraq seminar, 
								konfrans, xüsusi kolleksiyalardan ibarət sərgi 
								təşkil edilir, ictimaiyyəti maraqlandıra biləcək 
								tədbirlər hazırlanır. 
								 2009-cu 
								il aprelin 1-dən Naqoya Universitetinin 
								prezidenti professor Miçinari Hamaquçi, 
								vitse-prezidentləri isə professorlar Takaşi 
								Miyata, Haruo Saburi, Hiroyuki Sugiyama, İtiro 
								Yamomoto və Ryoiçi Fudzidir. Universitetin 
								idarəetməsinə Administrasiya bürosu, 
								Təşkilatların inzibati dəstəyi, Nəzarət Ofisi, 
								Texniki Mərkəzi daxildir. Universitetdə 
								ümumilikdə 3223 nəfər işçi çalışır.   
								
								Naqoya Universitetinin tələbələrinin ümumi sayı 
								15948 nəfərdir. Onların 9758 nəfərini bakalavr, 
								6190 nəfərini isə magistrant və doktorantlar 
								təşkil edirlər. Universitet tələbələrinin 
								əksəriyyəti Tokay regionundan olsa da, dünyanın 
								bütün yerlərindən olan gənclər də qeydə 
								alınıblar. Əcnəbi tələbələr, əsasən, Çin, 
								Koreya, Tayvan, İndoneziya, Vyetnam, Malayziya, 
								Kamboca, Özbəkistan və s. ölkələrdəndir. 
								
								Naqoya Universitetində əcnəbi tələbələr üçün bir 
								neçə yataqxana fəaliyyət göstərir. Bunlar 
								Beynəlxalq Ev (ayda 5900-14200 yen), Hiqasiyama 
								(ayda 5900-11900 yen), Ohmeykan Evi (ayda 4700 
								yen), Yamate (ayda 21000 yen), İşida Memorial 
								Beynəlxalq Myoken (ayda 21000 yen) 
								yataqxanalarıdır. Yataqxanalarda qalmaq müddəti 
								6 aydır. Əcnəbi tədqiqatçılar və əməkdaşlar üçün 
								universitetin Hiqasiyama (ayda 18627-29996 yen), 
								Hiqasiyama kəndi (ayda 58000-64000 yen), Noyori 
								(ayda 54000-96000 yen), İdaka-ço (ayda 8648 
								yen), Dayko kəndi (ayda 52000 yen), Yakumo kəndi 
								(ayda 60000 yen) mövcuddur. Bu yataqxanalarda 
								qalmaq müddəti 1 aydan 1 ilədək ola bilər. 
								Otaqların hər biri mebel, kondisioner, soyuducu, 
								mikrodalğalı soba, qabyuyan və paltaryuyan 
								maşınlarla təchiz olunub.  
								
								Son illər dünyada baş vermiş sosial böhran 
								universitetlər və elmi-tədqiqat mərkəzlərindən 
								də yan keçməyib. Lakin bütün çətinliklərə rəğmən 
								universitetlər inkişaf etməli, insan 
								resurslarını artırmalı, tədqiqatları davam 
								etdirməlidir. Bu gün Naqoya Universiteti də 
								zəngin təcrübəsi, dərin biliyə malik işçi 
								heyəti,  tanınmış  əməkdaşları ilə fəxr edir. 
								Universitetin prezidenti professor Miçinari 
								Hamaquçi rəhbəri olduğu təhsil müəssisəsi 
								haqqında bu ifadələrə imza atır: "Həyat qüvvəmiz 
								və əsas missiyamız ilə birgə bütün çətinlikləri 
								dəf etməyimizə əminik. Nəhəng və bütün sahələri 
								əhatə edən universitet kimi biz Yaponiyanın 
								gələcəyi və gəncliyimizin rifahı üçün məsuliyyət 
								daşıyırıq. Mütəmadi dəyişən sosial həyatın 
								tələblərinə cavab verən, hər bir sahəni əhatə 
								edən, yaradıcı, bacarıqlı tələbələr yetişdirmək 
								universitetimizin əsas missiyasıdır. Biz dinamik 
								və azad akademik mühit, ciddi universitet 
								nizamnaməsi ilə fəxr edirik. 4 əməkdaşımız Nobel 
								mükafatına layiq görülüb. Biz beynəlxalq 
								tədqiqatlara yol açan tədqiqat mühitinin 
								modernləşdirilməsi üzrə işlər aparmalı, 
								əməkdaşların iş şəraitini daha effektli təşkil 
								etməli və maliyyə işlərini daha da 
								təkmilləşdirməliyik. Təbii resurslara malik 
								olmayan Yaponiyada yüksək ixtisaslaşmış işçi 
								qüvvəsi, mütəxəssisləşmiş insan resursları 
								vardır. Biz gənclərimizə beynəlxalq yanaşmanı 
								aşılamalı, beynəlxalq əməkdaşlıq və sülhyaratma 
								prinsiplərini öyrətməliyik".              
								 
								
								Bu gün Naqoya Universiteti tələbələrə verdiyi 
								mükəmməl təhsili ilə yeni era açmaq, elmin 
								inkişafına öz töhfələrini vermək, dünyanın ən 
								tanınmış və tələb olunan ali məktəbinə çevrilmək 
								arzusundadır.    
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Şoiçiro Toyoda | 
										
										
										"Toyota Motor" şirkətinin sabiq baş 
										direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Hiromu Okabe | 
										
										 "Denso" 
										şirkətinin sabiq prezidenti və icraçı 
										direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Uiçiro Niva | 
										
										
										Yaponiyanın Çindəki sabiq səfiri  | 
										  | 
									 
									
										|   | 
										
										
										Nobuo Kato | 
										
										
										bakterioloq, Naqoya Universitetinin 
										sabiq prezidenti  | 
										  | 
									 
									
										|   | 
										
										
										Minoru Masuo | 
										
										
										mühəndis, Naqoya Universitetinin sabiq 
										prezidenti  | 
										  | 
									 
									
										|   | 
										
										
										Şiniçi Hirano | 
										
										
										mühəndis, Naqoya Universitetinin sabiq 
										prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Redzi Noyori  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Osamu Şimomura  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Makoto Kobayasi | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Toşihide Maskava  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |