| 
								 
								 Sentyabrın 
								17-də Gəncliyə Yardım Fondunda "Oğuz" Müstəqil 
								Araşdırmaçılar Qrupunun həmtəsisçisi və İdarə 
								Heyətinin üzvü Ceyhun Bayramlının "Babək və 
								hürrəmilik (yalanlar və gerçəklər)" kitabının 
								təqdimat mərasimi keçirildi. "Oğuz" Müstəqil 
								Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə 
								keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin müdir müavinləri, tanınmış 
								 ziyalılar, gənc tədqiqatçılar və KİV 
								nümayəndələri iştirak edirdilər.  Mərasimi 
								"Oğuz"MAQ-ın rəhbəri, filologiya üzrə fəlsəfə 
								doktoru Vüqar Zifəroğlu açaraq rəhbərlik etdiyi 
								qurum tərəfindən artıq sayca beşinci kitabın 
								ictimaiyyətə təqdim olunduğunu söylədi. 
								
								
								  
								
								Onların dəvətini qəbul edərək bugünkü təqdimat 
								mərasimində iştirak etdiklərinə görə bütün 
								qonaqlara öz təşəkkürünü bildirən çıxışçı "Babək 
								və hürrəmilik (yalanlar və gerçəklər)" kitabı 
								haqqında danışdı. Qeyd etdi ki, Babək barəsində 
								ayrı-ayrı dövrlərin tarixi mənbələrində yazılsa 
								da, bu şəxsiyyət hələ yetərincə öyrənilməyib. 
								Əslində həmin qəhrəmanımız 50 milyonluq 
								Azərbaycan türkünün mübarizlik və azadlıq 
								təcəssümüdür. 
								
								Ölkə başçısı cənab İlham Əliyevin "Bakı 
								şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin 
								abidəsinin ucaldılması haqqında" 6 sentyabr 
								2011-ci il tarixli sərəncamını  yüksək 
								qiymətləndirən V.Zifəroğlu bunun gənc nəslin 
								vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm 
								əhəmiyyət kəsb etdiyini, xalqımızın qəhrəman, 
								tarixi  şəxsiyyətlərinə dövlət səviyyəsində 
								göstərilən diqqətin təzahürü olduğunu bildirdi.  
								Çıxışçı bu gün geniş oxucu kütləsinə təqdim 
								edilən "Babək və hürrəmilik (yalanlar və 
								gerçəklər)" kitabının igidlik və qəhrəmanlıq 
								mücəssəməsi olan Babək şəxsiyyətinin hər zaman 
								tədqiqatçılarımız üçün maraq obyektində 
								olduğunu, ona bəslənilən sonsuz ehtiramdan soraq 
								verdiyini dedi. Qeyd edildi ki, Babək bəlkə də 
								Azərbaycanın yeganə tarixi şəxsiyyətidir ki, o 
								taylı-bu taylı hər bir azərbaycanlının qəlbində 
								ona böyük məhəbbət, rəğbət hissi var. Bu 
								baxımdan belə bir kitabın yazılmasına, Babək 
								şəxsiyyəti haqqında əsl həqiqətlərin üzə 
								çıxarılmasına ciddi ehtiyac var idi. Oxuculara 
								təqdim olunan kitabın müəllifin uzunillik gərgin 
								bir zəhmətinin bəhrəsi olduğunu söyləyən 
								V.Zifəroğlu onun ictimaiyyət tərəfindən maraqla 
								qarşılanacağına ümid etdiyini bildirdi. 
								
								Sonra çıxış üçün söz "Babək və hürrəmilik 
								(yalanlar və gerçəklər)" kitabının müəllifi, 
								tədqiqatçı Ceyhun Bayramlıya verildi. Müəllif 
								yazdığı  
								kitabın Azərbaycan tarixində Babək adlı 
								şəxsiyyətin yenidən tədqiq olunması 
								istiqamətində atılan addımlardan biri kimi 
								dəyərləndirərək əsas məqsədinin qəhrəman 
								haqqında əsl həqiqətləri üzə çıxarmaq, onun 
								barəsində daha geniş məlumat vermək olduğunu 
								dedi. Babək haqqında bu günə qədər çox 
								yazıldığını, ancaq tarixi şəxsiyyətin olduğu 
								kimi tanıdılmadığını  deyən Ceyhun Bayramlı 
								bunun bir sıra səbəblərini açıqladı. Qeyd etdi 
								ki, sovet tarixşünaslığı bir çox həqiqi 
								qəhrəmanlarımızla yanaşı, Babək adlı tarixi 
								şəxsiyyətimizi də yanlış şəkildə təqdim 
								etmişdir. Xilafət sarayının yalan-palan yazmaqla 
								məşğul olmuş tarixçilərinin və milliyyətcə fars 
								olan digər yazarların zaman-zaman yazdıqları 
								təhrif dolu kitablar azmış kimi, Babəkin 
								apardığı mücadilənin mahiyyəti sovet dönəmində 
								ən pis formada saxtalaşdırılmışdır. Onun al 
								qırmızı bayrağı "əski kommunizm elementi" kimi 
								dəyərləndirilmiş, Abbasilər sülaləsinin 
								yürütdüyü siyasətə qarşı qaldırdığı üsyan "ərəb 
								işğalına və İslama qarşı azadlıq hərəkatı"- deyə 
								qələmə verilmişdir. Qəhrəmanı xalqa belə 
								tanıtmışdılar ki, guya onun həyat amalı sinfi 
								mübarizə olub və sırf sosial tələblər üzərində 
								qurulmuş üsyana rəhbərlik edib. Əslində bu 
								yanlış bir fikirdir. Müəllif bildirdi ki, 
								Babəkin sinfi mübarizə aparmadığını təkcə bir 
								faktla sübut etmək  yetərlidir. Bu da ona dəstək 
								verən insanların bir çoxunun mülkədar, qala 
								sahiblərinin olmasıdır. 
								
								C.Bayramlı əsərin ilk növbədə xilafət dövrünün 
								saray tarixçilərinin və sovet tarixşünaslığının 
								"Babək İslama qarşı vuruşub və o, kafir olub" 
								fikrinin tamamilə yanlış olduğunu, onun və 
								ətrafında mübarizə aparmış hürrəmilərin imanlı 
								müsəlmanlar olduqlarını elə həmin ərəb-fars 
								tarixçilərinin mənbələri əsasında sübut etdiyini 
								söylədi. Müəllif Babəkin kimliyinə və hürrəmilik 
								hərəkatına ənənəvi sovet konsepsiyası bucağından 
								baxmağın səhv olduğunu, yeni bilgilərin onun 
								müsəlman kimliyini daha çox ortaya çıxardığını 
								bildirdi. O, kitabda ilk dəfə bir sıra tarixi 
								mənbələrdən istifadə edildiyini deyərək daha 
								sonra qəhrəmanın hansı amallar uğrunda 
								vuruşmasından geniş söz açdı, Babək hərəkatı ilə 
								bağlı diqqətdən yayınmış faktları tədbir 
								iştirakçılarının nəzərinə çatdırdı. Çıxışda 
								"Babək və hürrəmilik (yalanlar və gerçəklər)" 
								əsərinin əsas qayəsinin hürrəmilik hərəkatının 
								başlıca məqsədinin Azərbaycanda Abbasi 
								xilafətindən asılı olmayan müstəqil Türk-İslam 
								dövlətinin qurulmasını ictimaiyyətə göstərmək 
								olduğu xüsusi vurğulandı. Ceyhun Bayramlının 
								fikrincə, Babək hərəkatının tədqiqi  ilə məşğul 
								olan tədqiqatçı kimi artıq çəkinmədən demək olar 
								ki, dünya tarixində ilk türk-müsəlman dövləti  
								Babəkin qurduğu və 22 il ərzində hökmdarı olduğu 
								Azərbaycan dövlətidir. Mənbələrdə bunu 
								isbatlayacaq yetərincə fakt var. Babək zirvəsi 
								öz-özlüyündə bu gün dünya  tarix elmində adları 
								çəkilən Hannibal, Uilyam Uollas kimi tarixi 
								şəxsiyyətlərin hər birindən qat-qat yüksək bir 
								zirvədir. Bu mənada bütün türk dünyası özünün 
								belə tarixi şəxsiyyəti ilə fəxr etməlidir.
								 
								
								 Daha 
								sonra müəllif kitabda Babək şəxsiyyəti, onun 
								aparmış olduğu möhtəşəm mücadilənin həqiqi 
								mahiyyəti ilə bağlı qeyd edilənlər, eləcə də 
								mövzu ilə əlaqədar tarixi mənbələrdən təqdim 
								olunan elmi faktlar və dəlillər, Babək və 
								hürrəmilik haqqında tədqiqatlar aparmış tarixçi 
								alimlərin və araşdırmaçıların fikirləri ilə 
								tanışlıqdan sonra  əldə edilən elmi-məntiqi 
								nəticələri tədbir iştirakçılarının diqqətinə 
								çatdırdı.     
								
								Çıxışında  Babək və hürrəmiliklə bağlı digər 
								məqamlara da aydınlıq gətirən Ceyhun Bayramlı 
								kitabın ərsəyə gəlməsində bu və ya  digər 
								dərəcədə öz məsləhət, tövsiyələri ilə ona 
								yardımçı olan bütün şəxslərə təşəkkürünü 
								bildirdi. Müəllif tarixi şəxsiyyətlərimiz 
								haqqında yazılan kitabların, elmi-tədqiqat 
								əsərlərinin sayının çox olmasını arzulayaraq 
								sonda tədbirdə iştirak edən qonaqlara 
								minnətdarlıq etdi. 
								
								Sonra kitabla bağlı geniş diskussiya və fikir 
								mübadiləsi aparıldı. 
								
								Çıxış üçün söz alan Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin müdir müavinləri Məhəbbət Qarabağlı, 
								Müslüm Qəzənfərov, Bakı Dövlət Universitetinin 
								müəllimi, tarix üzrə fəlsəfə doktoru Kərəm 
								Məmmədov, həmin universitetin professoru 
								Minəxanım Təkləli  və başqaları Azərbaycanda 
								kifayət qədər istedadlı, yüksək biliyə malik 
								gənclərin olduğunu deyərək bu kitabın da  məhz 
								belə gənclərdən biri  tərəfindən yazılmasını 
								alqışladılar. Çıxış edənlər  kitabın 
								əhəmiyyətindən söz açaraq onun böyüməkdə olan 
								uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda 
								tərbiyə edilməsində mühüm rol oynayacağını 
								bildirdilər. Qeyd olundu ki, bu əsər Azərbaycan 
								tarixinin qəhrəmanlıq səhifələrini yazmış Babək 
								şəxsiyyəti haqqında yeni baxış ortaya qoymaqla 
								yanaşı, onunla bağlı əsl həqiqətləri aşkara 
								çıxarmışdır.  Ceyhun Bayramlının uzunillik 
								əməyinin bəhrəsi olan kitabın gələcək 
								tədqiqatçılar üçün qiymətli mənbə rolunu 
								oynayacağını söyləyən natiqlər əsərin, eləcə də 
								Azərbaycan tarixi, onun qəhrəmanları ilə 
								yaxından maraqlanan hər bir kəs tərəfindən 
								rəğbətlə qarşılanacağına əmin olduqlarını 
								dedilər. 
								
								Sonda "Babək və hürrəmilik (yalanlar və 
								gerçəklər)" kitabı tədbir iştirakçılarına 
								hədiyyə edildi.  
								
								
								Samirə KƏRİMOVA   | 
								  |