| 
								 
								
								
								Dmitri Medvedev: "Tələbələr təqaüdlərə ümid 
								etməməli, həm də əmək fəaliyyəti ilə məşğul 
								olmalıdırlar"  
								
								 Rusiya 
								Prezidenti Dmitri Medvedev hesab edir ki, əgər 
								tələbələr layiqli  yaşamaq istəyirlərsə, onlar 
								təkcə tələbə təqaüdlərinə ümid etməməli, həm də 
								əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. 
								"Uçitelskaya qazeta"nın yazdığına görə, 
								Rusiyanın regional universitetlərinin tələbələri 
								ilə görüşündə Dmitri  Medvedev özünün qarovulçu 
								işlədiyi tələbəlik illərindəki şəxsi 
								təcrübəsindən də danışıb. "Hesab edirəm ki, 
								dövlətin məqsədi təqaüdlərin ödənməsi 
								olmamalıdır. Dövlətin belə bir imkanı yoxdur və 
								əgər açıq danışsaq, dünyanın heç bir ölkəsində 
								bu cür təqaüdlər  yoxdur. Bu, maddi yardım 
								forması deyil, hansısa fərdi vəzifələrin həllinə 
								xidmət edir",-deyə Medvedev bildirib.  Aldıqları 
								təqaüdlərin  kifayət qədər az olduğunu söyləyən 
								tələbələrə cavab olaraq dövlət başçısı etiraf 
								edib ki, təqaüdlər   doğrudan da azdır, lakin 
								bu, praktik olaraq həmişə belə olub. 
								"Təqaüdlərin bütün mümkün elementar ehtiyacları 
								ödəməsi məqsədi yoxdur, ola da bilməz. Bu, 
								mümkün deyil. Əgər kimsə sizə desə ki, sovet 
								hakimiyyəti illərində müavinətlər adamlara 
								layiqincə yaşamağa imkan verirdi, onlara bunun 
								cəfəng olduğunu söyləyin" deyən    Medvedev 
								sovet dövründə tələbələrin işlə təmin olunmaq 
								imkanlarının az olduğunu bildirib. O qeyd edib 
								ki, hazırda bir çox tələbələr oxuduqları 
								universitetlərdə, fakültələrdə işləyə bilər, 
								biznes sahəsində də özləri üçün nəsə tapa 
								bilərlər. 
								
								Sovet vaxtı kinoteatrda qarovulçu işlədiyini və 
								aldığı 100 - 120 rüblla özünü varlı adam hesab 
								etdiyini deyən Medvedev bəyan edib ki, əvvəllər 
								olduğu kimi, tələbələrin işləmələri üçün 
								imkanlar yaradılmalıdır. "Hər bir universitetdə 
								30-40 faiz tələbənin işləyə biləcəyi kiçik 
								müəssisələr yaradılmalıdır" vurğulayan Medvedev 
								bu yaxınlarda tələbələr üçün (7 min rubl), 
								aspirantlar üçün (14 min rubl) Prezident 
								təqaüdlərinin verilməsi barədə sərəncam 
								imzaladığını deyib. 
								
								Medvedev rusiyalı tələbələrin yataqxanalarla 
								təmin olunması probleminə toxunub və bu sahədə 
								vəziyyətin acınacaqlı olduğunu deyib. 
								Yataqxanaların on illər və hətta yüz il əvvəl 
								tikildiyini deyən prezident qeyd edib ki, 
								problemin həlli üçün tələbə şəhərcikləri 
								tikiləcək, hakimiyyət orqanları isə 
								şəhərciklərin tikilməsi üçün pulsuz yer 
								ayıracaq. 
								
								Dmitri Medvedev tələbələrin elmi fəaliyyətini 
								dəstəkləyəcəyini vəd edib. Elmi jurnallarda 
								tələbə məqalələrinin çap olunması məsələsi 
								görüşdə başlıca müzakirə mövzularından biri 
								olub. Prezident universitetlərin nəzdində 
								tələbələrin elmi  və tədqiqat işlərini 
								dəstəkləyəcək xüsusi fondların yaradılmasını 
								təklif edib.  "Problem mənə tanışdır, çünki mən 
								özüm də aspirant olmuşam və təbii ki, dərc 
								olunmaq istəmişəm" deyən Medvedev xatırladıb ki, 
								sovet dövründə elmi jurnallarda çap olunmaq 
								pulsuz idi. Bundan əlavə, ən nüfuzlu nəşrlər 
								məqalə müəlliflərinə qonorar da ödəyirdi. Onun 
								sözlərinə görə, hazırda isə bəzi jurnallar nəşrə 
								görə tələbələrdən pul almağa cəhd edirlər. 
								
								
								
								Harvard Universitetindən bahalı uşaq bağçası  
								
								 Amerikalılar 
								öz övladları üçün ölkənin ən bahalı uşaq 
								bağçalarına pul əsirgəmirlər. Nyu-York sakinləri 
								ölkənin ən dəbdəbəli uşaq bağçası kimi şəhərdəki 
								Trinity School əsasında fəaliyyət göstərən uşaq 
								bağçasını seçirlər. Hər il minlərlə valildeyn öz 
								uşaqlarını məhz bu bağçada ilk təlim-tərbiyə 
								alması üçün ərizə verir. Məlumata görə, 
								adıçəkilən uşaq bağçasına müsabiqə Harvard 
								Universitetindən belə yüksəkdir. Ərizə 
								verənlərin yalnız 2,4 faizi öz uşaqlarının bu 
								bağçada ilk biliklərə yiyələnməsinə nail ola 
								bilir. Məktəbəqədər təhsil haqqı valideynlər 
								üçün  nə az, nə çox - 36870 ABŞ dolları təşkil 
								edir. Bağçanın saytında verilmiş xəbərdə 
								bildirilir ki, müdiriyyət və tərbiyəçilər oxumaq 
								istəyən, xoşbəxt uşaqları gözləyirlər.   
								Valideynləri ilə birlikdə müsahibədən keçən 
								körpələri musiqi kabinetləri, kompüter 
								laboratoriyaları, bağ, oyuncaq məkanı, 
								yeməkxana, iki teatr, iki kitabxana, iki hovuz, 
								üç oyun meydançası, məşq zalı və üç idman 
								meydanı... (onların sayını artırmaq olar), 
								gözləyir.  Gələn  ildən qiymətlərin bir qədər 
								korrektə olunacağını bildirən müdiriyyət 
								bağçanın "elitar təhsil müəssisəsi" 
								adlandırılmasına etiraz edir.   
								
								
								
								Almaniyanın təhsil sistemi tənqid olunur  
								
								 İqtisadi 
								Əməkdaşlıq və İnkişaf Təşkilatı özünün illik 
								hesabatında Almaniyanın təhsil sistemini tənqid 
								edib. Röyter agentliyinin məlumatına əsasən, 
								Almaniyada son illərdə təhsil alan tələbələrin 
								sayı rekord həddə - 2,2 milyon nəfərə çatıb. 
								Lakin Almaniya Federativ Respublikasında 
								əvvəllər olduğu kimi, çox az yüksəkixtisaslı 
								peşəkar mütəxəssis hazırlanır.  "İnkişaf etmiş 
								hər hansı digər sənaye ölkəsində təhsil 
								səviyyəsi son 50 ildə bu cür ləng  inkişaf 
								etməyib",-deyə hesabat müəlliflərindən, təhsil 
								sahəsində ekspert Andreas Şlayxer bildirib. Onun 
								sözlərinə görə, Almaniyada ali təhsilli 
								insanların sayı bu dövr ərzində praktik olaraq 
								dəyişməz qalıb. 55-64 yaş qrupuna malik insanlar 
								arasında ali təhsillilərin sayı 2,46 milyon,  
								25-34 yaş qrupu arasında ali təhsillilərin sayı 
								isə 2,48 milyon nəfərdir. AFR-də ali 
								təhsillilərin artımı 200 min nəfər təşkil edib. 
								Lakin digər sənayecə inkişaf etmiş ölkələrdə son 
								onillikdə ali təhsilli insanların sayı ikiqat 
								artıb. Onlara Cənubi Koreya və Yaponiya liderlik 
								edir.   Almaniyada təhsilə ayrılan xərclər də 
								İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv 
								olan digər ölkələrlə müqayisədə azdır.  
								 
								
								
								  
								
								
								  "Müəllim 
								andı"  
								
								 Tacikistanın 
								Təhsil Nazirliyi təhsil işçiləri üçün "müəllim 
								andı" işləyib hazırlayıb. Təhsil Nazirliyindən 
								verilən məlumata görə,  əmək stajından asılı 
								olmayaraq, respublikanın bütün təhsil işçiləri 
								"müəllim andı" içəcəklər. Andın məzmunu belədir:
								 
								
								"Tacikistan Respublikası Konstitusiyasına 
								əsaslanaraq,  pedaqoq kimi bütün məsuliyyətimlə 
								and içirəm: bütün səmimiyyətimlə  təlim-tərbiyə 
								işini həyata keçirəcək, həmkarlarım, şagird və 
								onların valideynlərinin  şərəf və ləyaqətinə 
								hörmət edəcək, neqativ hallarla mübarizə 
								aparacaq, dözümlülük və səbir nümayiş 
								etdirəcəyəm. Bütün hallarda pedaqoji müəssisənin 
								tövsiyələrini qəbul edəcək və onlara əməl 
								edəcəyəm".  
								
								Qeyd edildiyi kimi, "müəllim andı" TN-də 
								hazırlanıb və o, "Tacikistan Respublikasının 
								təhsil müəssisələrində pedaqoqun statusuna dair 
								Tövsiyələr"də təsbit olunub. Sənəd yeni dərs 
								ilinin başlanmasına həsr olunub. Baxmayaraq ki 
								sənəd "tövsiyə" xarakteri daşıyır, Tacikistan 
								qəzetləri yazır ki, müəllim andı məcburi 
								xarakter daşıyacaq. Paytaxt Düşənbənin Təhsil 
								İdarəsinin başçısı Gulnora Baboyeva qeyd edir 
								ki, and milli pedaqoji kadrların hazırlanmasında 
								tərbiyəvi-vətənpərvərlik rolu oynamalıdır.  
								 
								
								Qeyd edək ki, Tacikistanda məmurlar üçün and 
								artıq qüvvədədir. O, dövlət qulluğu haqqında 
								qanunda əksini tapıb. Məmurlar qanunlara əməl 
								edəcəklərini, vicdanla işləyəcəklərini,  
								dövlətin və xalqın maraqlarını hər şeydən üstün  
								tutacaqlarına and içirlər. 
								  
								
								
								
								 Özbəkistan 
								İKT-nin tətbiqini genişləndirir  
								
								2005-ci ildən başlayaraq Özbəkistanda təhsil 
								sisteminin vahid informasiya şəbəkəsinin 
								yaradılması layihəsinin həyata keçirilməsi  
								üzərində işlər uğurla davam etdirilir. Bu vaxta 
								qədər ölkənin 9400-dən artıq məktəbi bu şəbəkəyə 
								qoşulub. ZiyoNET adlanan şəbəkə  təhsil 
								sahəsində ən son nailiyyətlərin, təcrübənin 
								yayılmasına, təhsil müəssisələri arasında 
								əməkdaşlığın genişləndirilməsinə xidmət edir.    
								ZiyoNET öz istifadəçilərinə təhsilin bütün 
								mərhələləri, milli qanunvericilikdəki son 
								xəbərlər, mühazirələr, elmi işlər, dərs 
								vəsaitlərinin  elektron  variantları barədə 
								məlumatlar təqdim edir.  Özbəkistan Təhsil və 
								Elm Nazirliyindən verilən məlumata görə, 
								şəbəkənin yaradılması qabaqcıl texnologiyaların 
								milli təhsil sistemində geniş tətbiqinə yol 
								açır.   
								
								
								  
								  
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV  | 
								  |