| 
								 
								 Azərbaycan 
								Respublikasının ümumtəhsil məktəbləri üçün 
								ədəbiyyat fənn kurikulumu konseptual sənəd 
								olmaqla ədəbiyyat təliminin məqsəd və 
								vəzifələrini, təlim pillələri üzrə məzmun 
								xətlərini və standartlarını müəyyənləşdirir. 
								Sənədin layihə şəklində çap edilməsi biz 
								ədəbiyyat müəllimlərinin onunla daha yaxından 
								tanış olmağımıza, sənədlə bağlı fikirlərimizi 
								bir-birimizlə bölüşməyə imkan yaratdı. Sənədin 
								"Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri" 
								bölməsində bugünkü sagirdlərin gələcəkdə vətən 
								təəssübünü çəkən qeyrətli vətəndaş olmasında, 
								müasir, humanist, demokratik  dünyagörüşlü 
								gənclərin  yetişməsində  bədii söz sənətimizin 
								rolu əhatəli olaraq əks etdirilmişdir. Sənədlə 
								ilkin tanışlıqda yeniyetməlik və gənclik illərim 
								gözlərim önündə canlandı. Belə ki, hazırda 
								tədris etdiyim fənnin hələ məktəb illərindən 
								həyata baxışımın, insanlara, ətrafımda baş verən 
								hadisələrə münasibətimin düzgün 
								formalaşmasındakı istiqamətini; söz ehtiyatına, 
								rəvan nitqə, müstəqil düşüncəyə sahiblənməyimdə 
								əvəzsiz köməyini və bununla da həyatımda 
								əhəmiyyətli rol oynayaraq bu gün sevə-sevə 
								tədris etdiyim fənn üzrə müəllim olmağımı 
								qazandırmasını xatırladım.  
								
								Sənədin "Ədəbiyyat fənn kurikulumu və onun 
								xarakterik cəhətləri" bölməsində hər bir 
								şagirdin ümumi inkişafını, maraq və meyillərini 
								nəzərə almaqla onun təhsili, tərbiyəsi və 
								inkişafı üçün optimal şərait yaradılmasını, 
								şagird bacarıqlarının inkişaf istiqamətlərini 
								dəqiqləşdirməyi nəzərdə tutması fənn 
								kurikulumlarının özəlliyidir. Bu, mənim təhsil 
								aldığım illərdən (1980-1990) tamamilə fərqlənən 
								struktur cəhətlərdir. Təqdir ediləsi haldır ki, 
								Vətənimizin inkişafı üçün mühüm olan kamil, 
								mükəmməl şəxsiyyətin formalaşdırılması sənəddə 
								təhsilin əldə edəcəyi ən ali məqsəd kimi 
								izlənilir. Şagirdlərin fərdi xüsusiyyətlərinə 
								əsaslanaraq şəxsiyyətyönümlü təlim şəraitinin 
								yaradılması, onlarda düşünmə, emosional və 
								hərəki bacarıqların formalaşdırılması sənədin 
								əsas qayəsini təşkil edir.  
								
								Bu, danılmaz faktdır ki, soy-kökünə bağlı, 
								xalqının keçmişinə bələd olmayan insan yaxşı 
								vətəndaş ola bilməz. R.Rzanın "Çinar" şeirində 
								deyildiyi kimi:  
								
								Belə məğrur dayanmaqda haqlıyam,  
								
								Mən kökümlə bu torpağa bağlıyam.  
								
								Bu misraları oxuyan, ədəbiyyat dərsliklərində 
								ədəbi nümunələrlə tanış olan şagird 
								əxlaqi-mənəvi keyfiyyətlərə zaman-zaman 
								yiyələnir. Ədəbiyyat fənn kurikulumu ədəbiyyat 
								fənninin tədrisindən irəli gələn bu cəhətləri 
								sadalayaraq rəsmi sənəd olmaqla yanaşı, fənni 
								tədris edən müəllimlərə yol göstərən, məsləhət 
								verən bir topludur. Buradakı məzmun xətləri ilə 
								bağlı əsas və alt- standartlar təhsil 
								pillələrini özündə əks etdirən ayna təsiri 
								bağışlayır. Belə ki, müəllim bu sənədlə 
								tanışlığında janrların, bədii təsvir və ifadə 
								vasitələrinin şagirdlərin yaş səviyyəsinə, 
								mənimsəmə potensialına uyğun olaraq 
								sinifdən-sinfə necə dəyişdiyini, hansılara hər 
								il bir daha qayıtmağın zərurətini əlavə vəsaitə 
								ehtiyac olmadan görür. Məsələn, "Ədəbiyyat və 
								həyat həqiqətləri" məzmun xəttinin ədəbi 
								janrları, bədii təsvir və ifadə vasitələri ilə 
								bağlı alt-standartların siniflər üzrə 
								dəyişməsinə diqqət yetirək:  
								V 
								sinif -  1.1.1. Müxtəlif vəznli şeirlərdə və 
								sadə süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, 
								hekayə) tanış olmayan sözlərin mənalarını 
								lüğətdən istifadə etməklə izah edir.  
								
								1.1.5. Müxtəlif vəznli şeirlərdə və sadə süjetli 
								ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) bədii 
								təsvir vasitələrini (epitet, təşbeh) 
								müəyyənləşdirir.   
								
								VI sinif -  1.1.1. Müxtəlif vəznli şeirlərdə və 
								süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, 
								hekayə, əfsanə, rəvayət, dastan) tanış olmayan 
								sözlərin mənalarını lüğətdən, sorğu 
								kitablarından istifadə etməklə izah edir. 
								 
								
								1.1.5. Müxtəlif vəznli şeirlərdə və süjetli 
								ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə, 
								əfsanə, rəvayət, dastan) bədii təsvir və ifadə 
								vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii 
								sual) müəyyənləşdirir.   
								
								Sənədin alt-standartlarında müşahidə olunan 
								təqdirəlayiq cəhətlərdən biri də şagirdlərin 
								bədii nümunələrdə tanış olmayan sözlərin 
								müxtəlif axtarış mənbələrindən: lüğətdən, sorğu 
								kitablarından, elektron lüğətlərdən, 
								ensiklopediyalardan, İnternet məlumatlarından 
								yararlanaraq tapılmasını tövsiyə etməsidir. Bu 
								da sənədin ənənəvi metodları (lüğət, sorğu 
								kitabı, ensiklopediya) inkar etmədən müasir 
								təhsil texnologiyasını (İnternet, elektron 
								lüğət, virtual ensiklopediya) vəhdətdə tutaraq 
								öyrənməyə istiqamətləndirdiyinə gözəl bir 
								nümunədir.  
								
								Bütün müsbət keyfiyyətləri ilə yanaşı sənəddə, 
								mənim fikrimcə, müəllim üçün qaranlıq qalan, 
								genişliyi ilə izah olunmayan bəzi məqamlar da 
								var.  
								
								Ola bilər ki, sənəddə mənim üçün anlaşılmayan 
								bəzi məqamlar digər müəllim yoldaşlarım üçün tam 
								anlaşıqlıdır. İstərdim ki, ictimaiyyətin diqqət 
								mərkəzində olan kurikulumların müzakirəsinə 
								geniş yer verməklə bizlərə kömək etsinlər. 
								
								Sonda isə fikirlərimi bu sözlərlə bitirmək 
								istəyirəm. Bir neçə il ərzində ərsəyə gələn 
								ədəbiyyat fənn kurikulumunda yaradıcı əməyin, 
								məsuliyyətli yanaşmanın izləri tam aydınlığı ilə 
								görünür. Buna görə sənədin hazırlanmasına əmək 
								sərf edən bütün şəxslərə minnətdaram. Bu sənəd 
								müəllimlərə istiqamət verməklə yanaşı, tədris 
								etdiyimiz fənnin Azərbaycan övladları üçün nə 
								qədər zəruri olduğunu vurğulayaraq bizdən 
								işimizə məsuliyyətlə yanaşmağı, durmadan, 
								usanmadan öyrənməyi tələb edir.   
								
								
								
								Könül  MUSTAFAYEVA,  
								Mingəçevir şəhəri 19 nömrəli  
								tam orta məktəbin Azərbaycan  
								dili və ədəbiyyat müəllimi    | 
								  |