| 
								 
								 Məlumdur 
								ki, təlimin milli zəmində təşkili prosesində  
								müxtəlif vasitələrdən istifadə etmək olar. 
								Bunlardan biri də xalqımızın mənəvi sərvəti olan 
								şifahi xalq ədəbiyyatından istifadədir. Yetişən 
								nəslin tərbiyəsinin əsas məhvəri sayılan xalq 
								qaynaqlarımız, nağıllarımız, dastanlarımız, 
								bayatılarımız, atalar sözlərimiz, 
								tapmacalarımız, laylalarımız xalqımızın tarixən 
								qoruyub saxladığı ən gözəl, ən qiymətli mənəvi 
								sərvəti olan adət-ənənələrimizin mənbəyidir. 
								Bəli, adət-ənənələr, milli özünəməxsus spesifik 
								xüsusiyyətlər öz dolğun ifadəsini məhz şifahi 
								xalq ədəbiyyatında tapmışdır. 
								
								Mən öz pedaqoji fəaliyyətimdə şagirdlərimin 
								milli adət-ənənələr ruhunda tərbiyəsi 
								məsələlərini həmişə diqqət mərkəzində 
								saxlayıram. Bu məqsədlə həm təlim prosesində, 
								həm də sinifdənxaric tədbirlərdə bir sıra 
								vasitələrdən istifadə edirəm.  
								
								İlk növbədə, "Nənələrin söz boxçası", "Nənələrin 
								nağılları", "Şirinim şəkərimsən", "Nənələrin 
								dünyası" adlı tədbirlər keçirirəm. Bu tədbirlərə 
								ağbirçək nənələr dəvət olunur, debatlar təşkil 
								edilir. Bundan əlavə, "Dədə Qorqud", 
								"Məlikməmməd" kimi cizgi filmlərinə baxış təşkil 
								edirəm. Xalqımızın əziz bayramı olan Novruza 
								hazırlıq günlərində isə bu sahədə daha geniş iş 
								aparmaq imkanı olur. Məlumdur ki, xalqımızın bir 
								sıra qədim adət-ənənələri məhz bu milli bayramla 
								bağlıdır. Bu məqsədlə bayrama xüsusi hazırlıq  
								aparılır. Bayram ssenarisinə milli geyimdə xalq 
								rəqsləri, mahnıları, uşaqların ifasında 
								"Kosa-kosa", "Tənbəl qardaş" xalq dramları, 
								"Bahar qız"ın ifasında bayatı və tapmacalar 
								salınır. Uşaqlar "Cik-cik xanım", "Tıq-tıq 
								xanım" nağılları üzrə səhnəciklər ifa edirlər. 
								Bütün bunlar isə Azərbaycan xalqının məişəti, 
								geyimi, adət-ənənələri, həyat tərzi, xarakterik 
								xüsusiyyətləri haqqında uşaqların bilik və 
								təsəvvürlərinin genişlənməsinə böyük təsir 
								göstərir.  
								
								Göründüyü kimi, təlim prosesində şifahi xalq 
								ədəbiyyatı nümunələrindən istifadə edərək, 
								xalqımızın milli xüsusiyyətləri, adət-ənənələri 
								və s. haqqında uşaqların bilik və 
								təsəvvürlərinin genişləndirilməsi sayəsində 
								milli hisslərin formalaşdırılmasına əlverişli 
								şərait yaratmaq olar. Bu proses hisslərlə  
								yanaşı, milli təfəkkürün inkişafına da müsbət 
								təsir göstərərək, mənəviyyatca təmiz və zəngin, 
								milli ruhlu, hərtərəfli inkişaf etmiş 
								şəxsiyyətin formalaşdırılmasına zəmin yaradır. 
								
								Şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, 
								digər vasitələrdən də istifadə edirəm. Vətənə 
								məhəbbət hissinin formalaşması uşaq ətraf aləmi 
								görməyə, dərk etməyə, qiymətləndirməyə başladığı 
								vaxtdan başlayır. Doğma respublikaya virtual 
								səyahətlər bu işi sürətləndirir. Bu məqsədlə  
								kompüter disklərindən istifadə edərək uşaqları 
								işğal olunmuş torpaqlarla tanış edirəm, onlara 
								erməni quldurlarının vəhşilikləri və bu torpaq 
								uğrunda həlak olmuş igidlərin 
								qəhrəmanlıqlarından söz açıram. Şagirdlərdə 
								dostluq, humanizm, bir-birinə arxa olmaq 
								hissləri də tərbiyə olunmalıdır. Bu hisslər 
								həqiqi hərbi vətənpərvərliyin məzmununu təşkil 
								edir. Bu məqsədlə uşaqları vaxtaşırı Şəhidlər 
								xiyabanına, ulu öndər Heydər Əliyevin abidəsi 
								önünə aparır, tökülən günahsız qanlar haqqında, 
								Heydər babanın dövlətimiz, xalqımız üçün gördüyü 
								misilsiz işlər haqqında onlara məlumat verirəm. 
								Keçirilən hər bir tədbirdən sonra onlara esse 
								yazmaq, rəsm çəkmək və bu kimi digər tapşırıqlar 
								verirəm. Bu zaman əsas məqsədim tədbirin 
								şagirdlərin tərbiyəsinə, mənəviyyatına təsirini 
								öyrənməkdən ibarətdir. Məlumdur ki, uşaqlar 
								gördüklərini, eşitdiklərini öz əl işlərində 
								həvəslə ifadə edirlər. Uşaqlar təlim prosesində 
								rollu oyunlarda da bunları əks etdirirlər. 
								
								Yuxarıda qeyd edilən təlim-tərbiyə işləri 
								kiçikyaşlı məktəblilərdə milli hisslərin - öz 
								millətinə, mədəniyyətinə, adət-ənənələrinə dərin 
								hörmət, milli ləyaqət, milli qürur və  iftixar 
								hisslərinin formalaşmasına müsbət təsir edir. 
								Şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə 
								müəllimə uşaqların qəlbinə, mənəviyyatına nüfuz 
								etmək, onlarda milli hissləri oyatmaq, beləliklə 
								də onları milli ruhda tərbiyə etmək imkanı 
								verir.  
								
								
								
								Rəna İSMAYILOVA, 
								Gəncə şəhərindəki 28 nömrəli  
								məktəbin müəllimi   | 
								  |