| 
								 
								 Azərbaycan 
								Prezidenti İlham Əliyev Quba rayonuna səfəri 
								çərçivəsində Nizami adına mədəniyyət və 
								istirahət parkında aparılan yenidənqurma işləri 
								ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında 
								iştirak etmişdir.  
								
								Parkda yerləşən birmərtəbəli Şahmat Məktəbinin 
								köhnə binası sökülmüş, yerində ikimərtəbəli yeni 
								bina inşa edilmişdir.  
								
								Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi 
								açılışını bildirən lenti kəsdi.  
								
								Top fiquru formasında inşa olunan Şahmat 
								Məktəbinin binası parka xüsusi gözəllik verir. 
								Məktəbin birinci mərtəbəsinin foyesində ulu 
								öndər Heydər Əliyevin və Prezident İlham 
								Əliyevin ölkəmizdə şahmatın inkişafına və 
								şahmatçılara göstərdikləri yüksək diqqət və 
								qayğını əks etdirən fotoguşələr yaradılmışdır. 
								Burada 1983-cü ildə fəaliyyətə başlayan Quba 
								Şahmat Məktəbinin və onun yetirmələrinin əldə 
								etdikləri nailiyyətlər, kubok və diplomlar 
								nümayiş olunur.  
								
								Məktəbin birinci mərtəbəsində kompüter salonu və 
								6 məşğələ otağı fəaliyyət göstərir. Bütün 
								otaqlar simsiz İnternet şəbəkəsi ilə təmin 
								edilmişdir. İkinci mərtəbədə 300-350 idmançının 
								eyni vaxtda mübarizə apara biləcəyi zal vardır. 
								Zalda keçirilən yarışları monitorlar vasitəsilə 
								də izləmək mümkündür. Burada məşğələ otaqları və 
								inzibati otaqlar yerləşir.  
								
								Diqqətə çatdırıldı ki, Quba Şahmat Məktəbinin 
								rayondakı 11 ümumtəhsil məktəbində 
								nümayəndəlikləri də fəaliyyət göstərir. 
								 
								
								Dövlətimizin başçısı görülmüş işləri yüksək 
								qiymətləndirdi, tövsiyə və tapşırıqlarını 
								verdi.  
								
								
								
								AzərTAc  |