| 
								 
								 Sentyabrın 
								27-də Azərbaycan Dövlət İqtisad Universitetinin 
								80 illik yubileyi qeyd edildi. Bu münasibətlə 
								universitetin akt zalında keçirilən təntənəli 
								yubiley mərasimində ölkənin dövlət və hökumət 
								rəsmiləri, millət vəkilləri, Azərbaycanda 
								akkreditə olunmuş səfirliklərin başçıları, 
								Rusiya, Türkiyə, Şimali Kipr, Özbəkistan, 
								Qazaxıstan və digər ölkələrin universitet 
								rektorları, ölkəmizin aparıcı ali təhsil 
								müəssisələrinin və elm mərkəzlərinin rəhbərləri, 
								ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
								
								İclas başlanmazdan öncə universitetin əsas 
								korpusunun girişində ümummilli lider Heydər 
								Əliyevin 1952-1957-ci illərdə burada təhsil 
								almasını əks etdirən xatirə lövhəsinin açılışı 
								oldu. Sonra mərasim iştirakçıları ulu öndərin 
								universitetin foyesindəki abidəsini ziyarət edib 
								önünə tər çiçək dəstələri düzdülər.  
								
								Təntənəli yubiley iclasını təhsil naziri Misir 
								Mərdanov açaraq ölkə Prezidenti İlham Əliyev 
								cənablarının salamını mərasim iştirakçılarına və 
								yubilyar ali məktəbin kollektivinə çatdırdı. 
								Ölkə Prezidentinin 26 sentyabr 2011-ci il 
								tarixli sərəncamları ilə Azərbaycan Dövlət 
								İqtisad Universitetinin bir qrup əməkdaşının 
								"Şöhrət" ordeni və "Tərəqqi" medalı, "Əməkdar 
								müəllim" fəxri adı ilə təltif olunduğunu deyən 
								nazir həmin sərəncamları iclas iştirakçılarının 
								diqqətinə çatdırdı və təltif olunanları təbrik 
								etdi. Misir Mərdanov İqtisad Universitetinin 80 
								illik yubileyinin keçirilməsi və yubiley 
								ərəfəsində universitetin bir qrup əməkdaşının 
								təltif olunması haqqında Prezident 
								sərəncamlarını ölkə başçısının təhsilə, təhsil 
								işçilərinə diqqət və qayğısının daha bir bariz 
								nümunəsi kimi dəyərləndirdi və göstərdiyi bu 
								diqqət və qayğıya görə universitetin kollektivi 
								adından Prezident İlham Əliyevə minnətdarlığını 
								bildirdi. 
								
								Nazir habelə universitetin bir qrup əməkdaşının 
								Təhsil Nazirliyinin "Azərbaycan Respublikası 
								qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri 
								fərmanlara layiq görüldüyünü də diqqətə 
								çatdırdı. 
								
								 ADİU-nun 
								yubileyini Azərbaycan təhsilinin bayramı hesab 
								edən nazir mərasimə qatılmış bütün qonaqlara, 
								əksəriyyəti universitetin məzunları olan dövlət 
								və hökumət orqanlarının təmsilçilərinə və millət 
								vəkillərinə dəvəti qəbul edib gəldikləri üçün 
								təşəkkürünü bildirdi. Nazir yubiley mərasimində 
								dünyanın bir çox tanınmış alimlərinin, xüsusən 
								də iqtisadiyyat üzrə üç Nobel mükafatçısının, 
								habelə Nobelin nəticəsi Flipp Nobelin iştirak 
								etməsini sevindirici hal sayıb, bunu həmin 
								şəxslərin, bütövlükdə dünyanın ölkəmizə, 
								Azərbaycan Prezidentinin rəhbərliyi ilə 
								Azərbaycanda həyata keçirilən iqtisadi 
								islahatlara hörməti kimi qiymətləndirdi. Nazir 
								onu da diqqətə çatdırdı ki, Azərbaycan Dövlət 
								İqtisad Universitetinin vaxtilə ulu öndər Heydər 
								Əliyevin də təhsil aldığı bu tarixi binası son 
								bir ildə cənab Prezidentin tapşırığı ilə əsaslı 
								şəkildə təmir olunaraq yenidən qurulub  və 
								burada tələbələr üçün yüksək şərait yaradılıb. 
								
								Çıxışında ölkəmizdə ali təhsilin inkişafı 
								istiqamətində görülmüş bəzi işlərə də toxunan 
								nazir möhtərəm Prezidentimizin diqqət və qayğısı 
								nəticəsində ali təhsil müəssisələrinin, demək 
								olar ki, hamısının maddi-texniki bazasının 
								əsaslı şəkildə yenidən qurulduğunu, bu işin 
								davam etdiyini bildirdi. Qeyd etdi ki, bu gün 
								Azərbaycanın ali məktəblərində 7 mindən çox 
								xarici ölkə vətəndaşı təhsil alır. Bu, 
								Azərbaycan təhsilinə dünyada olan hörmətin 
								əlamətidir. Eyni zamanda, bu gün 10 mindən çox 
								Azərbaycan vətəndaşı xarici ölkələrin nüfuzlu 
								ali məktəblərində təhsillərini davam etdirirlər. 
								Təkcə bu il məlum Dövlət Proqramı çərçivəsində 
								300-dən çox azərbaycanlı gənc xarici ölkələrin 
								nüfuzlu ali məktəblərinə göndərilib. 
								
								Təhsil naziri çıxışının sonunda Azərbaycanın 
								bütün təhsil işçiləri adından Azərbaycan Dövlət 
								İqtisad Universitetinin 80 illik yubileyi 
								münasibəti ilə bu ali təhsil müəssisəsinin 
								kollektivini təbrik edib, ölkəmizdə iqtisad 
								elmlərinin inkişaf etdirilməsində universitetə 
								daha böyük uğurlar arzuladı. 
								
								İclasda Azərbaycan Dövlət İqtisad 
								Universitetinin rektoru, Milli Məclisin elm və 
								təhsil komitəsinin sədri, professor Şəmsəddin 
								Hacıyev yubilyar ali məktəbin keçdiyi 80 illik 
								tarixi yol, ölkəmizin iqtisad elminə və 
								təhsilinə verdiyi töhfələr, son illər 
								universitetdə aparılan islahatyönümlü işlər 
								barədə geniş məruzə etdi. 
								
								Rektor öncə təhsilimizə göstərdiyi diqqət və 
								qayğıya görə kollektiv adından Prezident İlham 
								Əliyevə dərin minnətdarlığını bildirdi. 
								
								Universitetlərinin tarixindən söz açan rektor 
								əsasının qoyulduğu 1930-cu ildən bəri bu ali 
								təhsil ocağının adının bir neçə dəfə 
								dəyişdiyini, üç dəfə bağlanaraq yenidən 
								açıldığını qeyd etdi. Bildirdi ki, təhsil ocağı 
								mövcud olduğu illər ərzində sənaye, kənd 
								təsərrüfatı, statistika, maliyyə, vergi sistemi 
								və s. sahələrin yüksək ixtisaslı kadrlarla təmin 
								edilməsində mühüm rol oynamış, burada ölkə üçün 
								120 mindən çox müxtəlif profilli iqtisadçı 
								hazırlanmışdır. 
								
								Vurğulandı ki, son illər universitetin 
								maddi-texniki bazası xeyli möhkəmlənmiş, 
								respublikanın Avropa təhsil məkanına 
								inteqrasiyası ilə əlaqədar tədris planları və 
								proqramlar müasir tələblərə uyğunlaşdırılmışdır. 
								ADİU-da informasiya-kommunikasiya 
								texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə 
								ilk dəfə burada "Magistr hazırlığı mərkəzi" 
								elmi-tədqiqat institutu yaradılmışdır. 
								
								Rektor dedi ki, Azərbaycan Prezidenti İlham 
								Əliyev 2007-ci ilin oktyabrında ADİU-nun yeni 
								korpusunun açılış mərasimində iştirak etmiş və 
								proqram xarakterli nitq söyləmişdir. O, 
								universitetdə həyata keçirilən islahatlara çox 
								yüksək qiymət vermiş, kollektivə ən xoş 
								arzularını yetirmişdir. 
								
								Bildirildi ki, Azərbaycan Prezidentinin 
								göstərişi ilə başlanmış ADİU-nun Dərbənd 
								filialının yeni təhsil kompleksinin tikintisi 
								başa çatmaqdadır. Müasir tələblərə cavab verən 
								tədris korpuslarında 1500 tələbənin təhsil 
								alması üçün hər cür imkan yaradılacaqdır. Kampus 
								tipli yeni təhsil kompleksinə 200 nəfərlik 
								tələbə yataqxanası, kitabxana, yeməkxana, idman 
								zalı, hovuz, həmçinin 200 nəfərlik lisey 
								daxildir. 
								
								Qeyd olundu ki, Cənubi Qafqaz ölkələrinin ən iri 
								təhsil ocaqlarından biri sayılan ADİU-da hazırda 
								11 fakültədə 21 ixtisas üzrə 16 mindən çox, o 
								cümlədən dünyanın 14 ölkəsindən 850-dək tələbə 
								və magistr təhsil alır. Kollektivin əsas hədəfi 
								universiteti elmi-innovasiya universitetinə 
								çevirməkdir. 
								
								Sonra təbrik çıxışları oldu. İqtisadiyyat üzrə 
								Nobel mükafatı laureatları Erik Maskin, Finn 
								Kidland, Kristofer Pissarides, Azərbaycan 
								Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman 
								Rüstəmov, Azərbaycan Tibb Universitetinin 
								rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət 
								Universitetinin rektoru Abel Məhərrəmov, YAP 
								sədrinin müavini Əli Əhmədov, Azərbaycan 
								Həmkarlar İttifaqları Konfederasiyasının sədri 
								Səttar Mehbalıyev, Milli Məclisin komitə 
								sədrləri Rəbiyyət Aslanova, Ziyad Səmədzadə, 
								AMEA-nın I vitse-prezidenti Arif Həşimov, 
								Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru 
								Mirdaməd Sadıqov, Azərbaycan Dillər 
								Universitetinin rektoru Səməd Seyidov və b. 
								çıxış edərək yubileyi münasibəti ilə ADİU-nun 
								çoxminli kollektivinə təbriklərini çatdırdılar, 
								ölkəmizdə iqtisad elminin inkişafında, yeni 
								iqtisadçılar nəslinin yetişməsində universitetin 
								mühüm rolundan söz açdılar. 
								
								Təntənəli iclasdan sonra iştirakçılar 
								universiteti gəzib onun müasir tələblərə cavab 
								verən tədris şəraiti ilə tanış oldular.  
								
								
								
								Yusif ƏLİYEV  |