| 
								 
								  Sentyabrın 
								29-da təhsil naziri Misir Mərdanov ABŞ-ın 
								Corciya Dövlət Universitetinin prezidenti Mark 
								Beker, universitetin Robinson Biznes Kollecinin 
								dekanı Fenvik Hass, universitetin professoru, 
								Keçid İqtisadiyyatında Biznesin İnkişafı 
								Mərkəzinin direktoru Bijan Fəzlullahi ilə 
								görüşüb. 
								
								Təhsil naziri Misir Mərdanov qonaqları səmimi 
								salamlayaraq bu görüşdən məmnunluğunu ifadə 
								edib. Dünyanın ən nüfuzlu universitetlərindən 
								olan Corciya Dövlət Universiteti rəhbərliyinin 
								Azərbaycana gəlişini yüksək qiymətləndirən nazir 
								bu səfəri ölkəmizin təhsil tarixində önəmli 
								hadisə adlandırıb. Misir Mərdanov qonaqların 
								Azərbaycana səfərinin dövlət müstəqilliyinin 
								bərpasının 20-ci ildönümünə təsadüf etdiyini 
								nəzərə çatdıraraq nümayəndə heyətinə ötən 
								müddətdə Azərbaycanın əldə etdiyi uğurlar, 
								respublikamızın Avropa və dünya birliyinə 
								inteqrasiyası, milli təhsil sisteminin 
								qurulması, onun maddi-texniki bazasının 
								möhkəmləndirilməsi yönündə atılmış addımlar və 
								digər nailiyyətlər barədə məlumat verib. Eyni 
								zamanda nazir ölkəmizdə ali təhsil sahəsinin 
								inkişafı, ali məktəblərin müxtəlif beynəlxalq 
								proqramlara qoşulması haqqında danışıb. 20 il 
								öncə Azərbaycanda özəl ali təhsil müəssisəsinin 
								mövcud olmadığını diqqətə çatdıran nazir 
								bildirib ki, bu gün ölkəmizdə 15 özəl 
								universitet fəaliyyət göstərir. Təhsil naziri 
								həmçinin Corciya Dövlət Universiteti 
								rəhbərliyinin Azərbaycan Universitetinin dəvəti 
								ilə ölkəmizə səfərini ali təhsil müəssisələrinin 
								qarşılıqlı əməkdaşlığı baxımından yüksək 
								dəyərləndirib. 
								
								 Misir Mərdanov Corciya Dövlət Universiteti ilə 
								Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan 
								Universiteti və Odlar Yurdu Universiteti 
								arasında əlaqələrin yaradıldığını bildirib. 
								Təhsil naziri Azərbaycan Universiteti ilə 
								Corciya Dövlət Universitetinin daha sıx və 
								səmərəli əməkdaşlığından bəhs edib və ikitərəfli 
								əlaqələrin yaradılmasında Corciya 
								Universitetinin professoru Bijan Fəzlullahinin 
								böyük xidmətləri olduğunu vurğulayıb. 
								
								Daha sonra təhsil naziri Misir Mərdanov 
								qonaqların ölkəmizə səfərinin və keçiriləcək 
								görüşlərin Azərbaycanın ali təhsil 
								müəssisələrinin beynəlxalq əlaqələrinin 
								genişlənməsinə, onların inkişafına təkan 
								verəcəyinə inamını ifadə edib. Nazir ümidvar 
								olduğunu bildirib ki, bundan sonra da Corciya 
								Dövlət Universiteti ilə əlaqələr daha da 
								genişlənəcək, ölkəmizin ali məktəbləri bu 
								universitetin təcrübəsindən bəhrələnəcəklər. 
								Misir Mərdanov qonaqlara səfər proqramından 
								irəli gələn məsələlərlə bağlı lazımi dəstək 
								göstərməyə hazır olduğunu vurğulayıb və bu 
								görüşün ölkələrarası təhsil əlaqələrinin 
								inkişafına öz töhfəsini verəcəyini bildirib. 
								
								Səmimi qəbul və verilən məlumatlar üçün təhsil 
								naziri Misir Mərdanova təşəkkürünü bildirən 
								Corciya Dövlət Universitetinin prezidenti Mark 
								Beker öncə Azərbaycanın dövlət müstəqilliyinin 
								bərpasının 20-ci ildönümü ilə bağlı təbriklərini 
								çatdırıb və 20 il ərzində  irəliyə doğru atılmış 
								addımları, təhsil sahəsində qazanılmış uğurları 
								müsbət dəyərləndirib.    
								
								Corciya Dövlət Universiteti ilə Azərbaycanın 3 
								ali təhsil müəssisəsi arasındakı əlaqələrin 
								əhəmiyyətini qeyd edən universitet prezidenti 
								birgə əməkdaşlığın inkişafına və daha böyük 
								nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu 
								deyib. Qonaq Azərbaycan Universiteti ilə 
								əməkdaşlıq çərçivəsində görülən işlərdən bəhs 
								edib. 
								
								ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 
								yerləşən və aparıcı tədqiqat universitetlərindən 
								olan Corciya Dövlət Universitetinin dünya 
								universitetləri ilə əlaqələrindən danışan Mark 
								Beker rəhbərlik etdiyi ali məktəbdə azərbaycanlı 
								gənclərin ali təhsilin bütün səviyyələrində 
								təhsil alması arzusunda olduğunu bildirib.
								 
								
								Sonra Corciya Dövlət Universitetinin professoru 
								Bijan Fəzlullahi universitetlərarası əlaqələrin 
								uğurla davam etdirildiyini qeyd edib. 
								B.Fəzlullahi Azərbaycan Universitetində birgə 
								reallaşdırılan təhsil proqramları üzrə təhsil 
								alan tələbələrin cari ilin dekabrında məzun 
								olacağını deyib və bu işi əməkdaşlığın 
								əhəmiyyətli nəticəsi kimi dəyərləndirib. Eyni 
								zamanda qonaq qeyd olunan proqramlar üzrə 
								qarşıya çıxan müəyyən çətinliklərdən danışıb. 
								
								Təhsil naziri Misir Mərdanov, öz növbəsində, 
								Azərbaycan Universitetində birgə həyata 
								keçirilən proqramlarla bağlı lazımi dəstək 
								göstəriləcəyini bildirib.  |