| 
								 
								 Bu 
								günlər xalqımız ölkəmizin dövlət müstəqilliyinin 
								bərpasının 20 illiyini böyük təntənə ilə, 
								həyatın bütün sahələrində qazanılmış 
								diqqətəlayiq uğurlarla qeyd edir. Müstəqillik 
								illərində ölkəmiz böyük inkişaf yolu keçmişdir. 
								Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən 
								qoyulmuş milli quruculuq siyasəti nəticəsində 
								ölkəmizdə siyasi sabitlik yaranmış, 
								müstəqilliyimiz möhkəmlənmiş, dövlətçiliyimiz 
								inkişaf etmiş, müstəqillik üçün zəruri olan 
								güclü iqtisadiyyatın yaradılması istiqamətində 
								məqsədyönlü addımlar atılmış, ölkə həyatının 
								bütün sahələrində islahatlara başlanmışdır. Çox 
								əlamətdar haldır ki, ulu öndərin başladığı 
								quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə 
								güclənməsi və nüfuzunun artmasına yönəlmiş 
								daxili və xarici siyasət onun layiqli davamçısı 
								ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilir.  
								
								Müstəqillik illərində  digər sahələr kimi 
								təhsilimizdə də güclü inkişaf baş vermiş, təhsil 
								sektorunda aparılan islahatlar, 2000-dən çox 
								məktəbin tikilməsi, əsaslı təmiri nəticəsində 
								təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, 
								infrastrukturu, məzmunu tamamilə 
								yeniləşdirilmiş, təhsildə yeni 
								informasiya-kommunikasiya texnologiyalarının, 
								yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, 
								dərsliklərlə, kadrlarla təminat sahəsində çox 
								ciddi addımlar atılmışdır. Möhtərəm 
								Prezidentimizin iqtisadi potensialın insan 
								kapitalına çevrilməsində təhsilin roluna verdiyi 
								böyük önəm nəticəsində təhsil hazırda ölkəmizdə 
								dövlət və cəmiyyətin inkişafının prioritet 
								sahəsinə çevrilmişdir. Azərbaycan dövləti, onun 
								Prezidenti İlham Əliyev təhsilə, təhsil 
								işçilərinə böyük diqqət və qayğı göstərir, 
								təhsildə aparılan islahat yönümlü işləri, 
								qazanılan uğurları, təhsil işçilərinin əməyini 
								yüksək qiymətləndirir. 
								
								Bu, bütün təhsil işçiləri kimi bizi - Bakıdakı 
								E.Cəlilov adına 272 nömrəli tam orta məktəbin 
								kollektivini də qarşımıza qoyulan vəzifələri 
								yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır. 
								
								Müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz bu 
								il bizim üçün xüsusilə əlamətdar olub. Belə ki, 
								məktəbimiz möhtərəm Prezidentimizin məlum 
								sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumi 
								təhsil müəssisəsi" müsabiqəsinin 2010-2011-ci 
								tədris ili üzrə qaliblərindən biri olub və cənab 
								Prezidentin sərəncamı ilə 10 min manat 
								məbləğində birdəfəlik pul mükafatı alıb. 
								Fürsətdən istifadə edərək mən təhsilimizə 
								göstərdiyi böyük qayğıya, əməyimizə verdiyi 
								yüksək qiymətə görə kollektivimiz adından cənab 
								Prezidentə minnətdarlığımı bildirirəm. 
								
								Dövrün tələblərinə cavab verən təhsil xidməti 
								göstərmək üçün hazırda məktəbimizdə zəruri 
								maddi-texniki baza və keyfiyyətli təhsilə 
								zəmanət verən əlverişli təlim mühiti mövcuddur. 
								Belə ki, fəaliyyətə başladığı 1985-ci ildə inşa 
								olunmuş üçmərtəbəli böyük tədris korpusundan 
								başqa məktəbimiz üçün 2008-ci ildə üçmərtəbəli 
								müasir əlavə tədris korpusu da tikilərək 
								istifadəyə verilib. Əsas tədris korpusunda 37 
								sinif otağı və 3 kompüter otağı, əlavə korpusda 
								isə 35 sinif otağı, 2 kompüter otağı və 
								kitabxana fəaliyyət göstərir. Bütün otaqlar 
								zəruri inventarlar, tədris ləvazimatları ilə 
								təmin olunub. 
								5 
								günlük iş həftəsi ilə işləyən məktəbimizdə təlim 
								Azərbaycan və rus dillərində aparılır. 
								Şagirdlərimizin sayı 1280, müəllimlərimizin sayı 
								isə 214 nəfərdir. Məktəbimizdə İKT-nin təhsilə 
								tətbiqi, dərslərin elektron vasitələrlə 
								aparılmasına xüsusi diqqət yetiririk. Müasir 
								kompüterlərlə təchiz olunmuş 5 kompüter otağımız 
								buna geniş imkan verir. Məktəbimizin İnternetə 
								çıxışı təmin olunub. Müəllimlərimiz təhsilin 
								keyfiyyətini yüksəltmək üçün müasir təlim 
								metodlarından, elektron dərslərdən, hər bir fənn 
								üzrə test yoxlamalarından geniş istifadə 
								edirlər.  
								
								Yeni kurikulumlarla iş də məktəbimizdə 
								qənaətbəxş təşkil olunub. Müəllimlərin hamısı 
								müvafiq təlim kursundan keçərək yeni tədris 
								modelini yaradıcılıqla mənimsəyiblər və uğurla 
								tətbiq edirlər.  
								
								Məktəbimizdə təcrübə mübadiləsi məqsədi ilə 
								"açıq dərs"lərin keçirilməsi və onların 
								nəticələrinin müzakirəsi də ənənə halını alıb. 
								Kollektivimizdə təcrübəsi öyrənilməli və 
								yayılmalı müəllimlər çoxdur. İbtidai sinif 
								müəllimləri Mahirə Cəfərova, Sevil Qulubəyova, 
								nəğmə və musiqi müəllimi Mehriban Musayeva, 
								dil-ədəbiyyat müəllimi Şiringül Ağamalıyeva, 
								coğrafiya müəllimi Gülnisə Allahverdiyeva və 
								başqaları belələrinə misal ola bilər. Həmin 
								müəllimlərin təcrübələri məktəbdə öyrənilir, 
								həmkarları onların tədris metodları ilə tanış 
								olurlar. Bütün bunlar təbii ki, məktəbdə 
								uğurların artmasına müsbət təsir göstərir. Təkcə 
								bir faktı qeyd edim ki, məzunlarımızın ali 
								məktəblərə qəbulu son üç ildə 10 faizədək 
								artaraq 2008-ci ildəki 40,57 faizdən 2010-cu 
								ildə 49,43 faizə çatıb. Qəbul imtahanlarında 
								500-700 bal toplayan məzunlarımızın sayında 
								diqqətəlayiq artım özünü göstərib. Belə ki, 
								həmin göstərici 2008-ci ildə 13,76%, 2009-cu 
								ildə 14,28%, 2010-cu ildə isə 24,42 faiz olub. 
								Bu il 5 məzunumuz 600-dən çox bal toplayıb. 
								Müxtəlif illərdə ali məktəblərə qəbulda ən 
								yüksək nəticə göstərən 3 məzunumuz Prezident 
								təqaüdünə layiq görülüb. Məktəbimizin XI sinif 
								şagirdi Fidan Həsənbəyli AzTV-nin keçirdiyi "Mən 
								azərbaycanlıyam" intellektual bilik yarışmasının 
								qalibi olub. VIII  sinif şagirdi İlham 
								Qələndərov isə dəfələrlə rəsm müsabiqələrində 
								qalib gəlib. VIII sinif şagirdləri Kamil Əhmədov 
								və Ramin Aşumov müxtəlif rəqs müsabiqələrində 
								fərqlənib, Türkiyədə keçirilən uluslararası rəqs 
								müsabiqəsində I və II yerlərə layiq görülərək 
								diplomlarla mükafatlandırılıblar. 
								
								Şagirdlərimiz respublika fənn olimpiadalarında, 
								digər bilik yarışlarında da fəallıq göstərir və 
								məktəbimizə üzağlığı gətirirlər. İdmançı 
								şagirdlərimizdən Ramiz Bayramov, Ramin Aşumov, 
								Zaman Zamanov, Aqil Camalov, Rəsul Bayramov 
								müxtəlif idman növləri üzrə yarışlarda qələbələr 
								qazanaraq perspektivli idmançılar olduqlarını 
								sübut ediblər. 
								
								Məktəbimizdə şagirdlərin dünyagörüşlərinin 
								genişlənməsinə, milli mənəvi və vətənpərvərlik 
								tərbiyəsinə xidmət edən çoxlu sayda tədbirin, 
								tanınmış şairlər, elm və mədəniyyət xadimləri 
								ilə görüşlərin keçirilməsi də ənənə halını alıb.
								 
								
								Biz yeni dərs ilinə daha keyfiyyətli təhsil 
								vermək və daha çox uğurlara imza atmaq devizi 
								ilə başlamışıq. Əminik ki, yeni-yeni uğurlar 
								qazanmaqla müstəqilliyimizə verdiyimiz töhfələri 
								daha da artıracağıq. 
								
								Qarşıdan gələn Beynəlxalq Müəllim Günü 
								münasibəti ilə həmkarlarımızı təbrik edir, 
								onlara müstəqilliyimizin daha da möhkəmlənməsi 
								naminə səmərəli fəaliyyət və uğurlar 
								arzulayıram.  
								
								
								
								Rəhilə ƏHMƏDOVA, 
								Bakı şəhər E.Cəlilov adına 272 nömrəli  
								tam orta məktəbin direktoru  | 
								  |