| 
								 
								Ədəbiyyat təliminin keyfiyyətini yüksəldən 
								amillərdən biri də dərs prosesinin 
								əyaniləşdirilməsidir. 
								
								Ətraf aləmin dərk olunmasında siqnallar mühüm 
								rol oynayır. Pavlovun  iki siqnal sistemi 
								barəsində dedikləri əyani təlimin özəyini təşkil 
								edir. O öyrədirdi ki, biz birinci siqnal sistemi 
								sayəsində ətraf aləmi duyur və qavrayırıq. 
								Birinci siqnal sisteminin qıcıqlandırıcıları 
								cism və hadisələrin özləridir. Bu xüsusiyyət 
								bütün canlılara məxsus keyfiyyətlərdir. İkinci 
								siqnal sistemi isə bu cism və hadisələrin sözlər 
								- işarələrlə ifadəsidir. Onların vasitəsi ilə 
								biz haqqında danışılan obyekləri, mənzərəni 
								aydın təsəvvür edə bilir, göz önündə 
								canlandırırıq. Ona görə də sözlərə "siqnallar 
								siqnalı" da deyirlər. Əyani təlimdən söhbət 
								gedəndə biz hər iki məqama diqqət yetirməliyik. 
								Həm cism və ya hadisənin sinfə gətirilməsinə, 
								həm də söz assosiasiyası vasitəsi ilə onların 
								əyani təsəvvür olunmasına, qavranılmasına şərait 
								yaratmalıyıq. 
								
								Təlim prosesində əyanilikdən istifadə edəndə 
								qavramada daha çox duyğu üzvləri iştirak edir. 
								Ona görə də əyani təqdim olunan biliklər uzun 
								müddət yaddan çıxmır. Əyanilik biliklərin həm də 
								şüurlu qavranılmasına, təlimin canlı və maraqlı 
								olmasına şərait yaradır.  
								
								Ədəbiyyat dərslərində proqram materiallarının 
								xarakterindən asılı olaraq müxtəlif əyani 
								vasitələrdən istifadə etmək olar. Onları 
								aşağıdakı kimi ümumiləşdirə bilərik: 
								
								* 
								Müəllimin canlı, obrazlı, emosional sözü 
								əyaniliyin başlıca vasitəsi kimi; 
								
								* 
								Əlavə ədəbiyyatların (bədii, elmi, publisist, 
								xatirə və s.) dərsə cəlb olunması; 
								
								* 
								Sxem, cədvəl, xatirə, portret, illüstrasiyalar; 
								
								* 
								Sənətkarın həyatına, əsərlərinə dair 
								fotomontajlar; 
								
								* 
								Lent yazıları (audio və video kasetlər); 
								
								* 
								Sənədli  və yaxud bədii filmlər (fraqmentlər); 
								
								* 
								Şəxsi əşyaların, məktubların nümayiş olunması və 
								s. 
								
								Bunların hər birinin təlim prosesində öz yeri və 
								əhəmiyyəti vardır. Amma müəllimin canlı və 
								obrazlı sözünü heç nə ilə əvəz etmək  mümkün 
								deyildir.  
								
								Danışıq prosesinin özündə isə təbii formada 
								emosional keyfiyyətlər, mimika və jestlər işə 
								düşür. Danışıq tərzi, natiqlik məharəti, mövzuya 
								hərtərəfli bələd olmaq, məzmunluluq, 
								dinləyicilərə fəal təsir göstərmək imkanları bu 
								nitqi təsirli və inandırıcı edir. 
								
								Müəllim söz vasitəsilə şagirdlərin gözləri 
								qarşısında istənilən mənzərəni bütün incəliyi 
								ilə canlandıra bilər. Təbii ki, bu lövhələrin 
								canlandırılması sözün hüdudsuz imkanlarından 
								xəbər verir.  
								
								Biz sözün bu cür ecazkar təsir gücündən istifadə 
								etməklə istədiklərimizə nail olmağa çalışırıq. 
								Təlim prosesinin uğurlu təşkil olunması, ilk 
								növbədə, müəllimin bu sözdən necə istifadə 
								etməsindən asılıdır. Müəllim ana dilinin 
								mükəmməl bilicisi olmalı, uşaqların xəyallarını 
								çox-çox uzaqlara aparmağı bacarmalı, onlarda 
								gözəl ovqat yaratmalıdır. Müəllimin sözü bir 
								sıra vacib tələbləri (elmi, pedaqoji, psixoloji 
								və metodiki) gözləməlidir. O, ifadəli, obrazlı, 
								təsirli olmalı, səsi cəlbedici, canlı, səmimi, 
								aydın, anlaşıqlı, məlahətli bir çalara 
								bürünməlidir. 
								
								Dərs zamanı müəllimin sözünü adlarını çəkdiyimiz 
								digər əyani vasitələr, o cümlədən İKT vasitələri 
								müşayiət etməlidir. Müəllim həmin vasitələrdən 
								yerində istifadə etməyi bacarmalıdır. Yerində 
								deyilməyən söz kimi, yerində təqdim olunmayan 
								əyani vəsaitin də təlimə xeyiri olmur. Bunun 
								üçün dərsin gedişi yüz ölçülüb bir biçilməlidir.
								 
								
								Ənənəvi dərslərdə əyani vasitələrə bilik mənbəyi 
								kimi baxılır və onun asan qavranılması imkanları 
								kimi başa düşülürdü.Yuxarıda dediklərimiz məhz 
								əyaniliyi bu yönümdən izah edir. Bu gün  
								əyaniliyə tələb bir qədər də artmışdır. Dərsə 
								cəlb olunan hər bir əyani vəsait polemika üçün 
								şərait yaratmalıdır. Əgər onun diskussiya 
								predmetinə çevrilmə imkanı yoxdursa, o 
								hərəkətsizdirsə, onda bir materialı birtərəfli 
								qaydada monoloqvari, şabloncasına şagirdlərə 
								çatdıracağıq. Deməli, əyani vasitələr imkan 
								daxilində biliyin müzakirə, interaktiv yolla 
								qavranılmasına imkan yaratmalıdır.  
								
								
								
								Şəhla MAHMUDOVA,  
								AMİ-nin Zaqatala filialının  
								"Kredit sistemi və tələbə nailiyyətlərinin 
								qiymətləndirilməsi"  
								kabinetinin metodisti  |