| 
								 
								 Qısa 
								tanışlıq. 
								Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam 
								şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 
								3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 
								1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun 
								Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin 
								fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin 
								ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk 
								pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə 
								indiki AMEA-nın Tarix İnstitutuna dissertant 
								qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji 
								İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə 
								təyin edilib. 1996-cı ildə "XVII əsrin 40-cı 
								illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti 
								və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" 
								əsasında)" mövzusunda namizədlik dissertasiyası 
								müdafiə edərək tarix elmləri namizədi elmi 
								dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər 
								dövründə Azərbaycanın cənub şəhərləri (dövrün 
								səyyah gündəlikləri əsasında)" mövzusunda 
								doktorluq dissertasiyası müdafiə edərək tarix 
								elmləri doktoru elmi dərəcəsini alıb. 2006-cı 
								ildən professordur. Bir monoqrafiyanın, üç dərs 
								vəsaitinin, iki tədris-metodik vəsaitin, 50-dən 
								artıq elmi məqalənin müəllifidir. 2000-ci ildən 
								Sumqayıt Dövlət Universitetində işləyir. Hazırda 
								Tarix fakültəsinin dekanı və Azərbaycan 
								tarixinin tədrisi metodikası kafedrasının müdiri 
								vəzifələrində çalışır.  Yeni  Azərbaycan  
								Partiyasının fəal  üzvlərindəndir.  Ailəlidir.  
								İki övladı var.  
								
								Son illər bütün sahələrdə olduğu kimi, təhsil 
								sahəsində də sürətli inkişaf və yeniləşmə 
								prosesi gedir. Avropa təhsil sisteminə 
								inteqrasiya sahəsində ciddi islahatlar həyata 
								keçirilir. Müstəqil respublikamız üçün dərin 
								elmi biliklərə yiyələnmək, yüksək intellektə 
								malik olmaqla yanaşı, Vətəni dərin məhəbbətlə 
								sevən, dövlətçiliyə sədaqətli vətəndaşlar 
								yetişdirilməsi prosesində bütün ağırlıq və 
								məsuliyyət çoxsaylı müəllimlər ordusunun üzərinə 
								düşür. 
								
								Belə müəllimlərdən biri də tarix elmləri doktoru,  
								milli ideyalara sadiq ziyalı, humanist insan, 
								tələbkar müəllim, professor Adil Baxşəliyevdir.
								 
								
								Hələ tələbə ikən tarix elminin metodologiyasını 
								mənimsəmiş, tarixçi düşüncə tərzinə yiyələnmiş, 
								fakt və hadisələri zaman, məkan daxilində 
								qiymətləndirməyi, dəyərləndirməyi öyrənmiş, bu 
								prinsipə sadiq qalmışdır. Bununla yanaşı, 
								Azərbaycan tarixinin təbliğinə aid monoqrafiya, 
								proqram və dərs vəsaitləri yazaraq gənclərin 
								istifadəsinə vermişdir.  
								
								O, sadəcə tarixi faktları toplayaraq, 
								təsvirçiliklə kifayətlənməmiş, onları təhlil 
								edərək, ciddi ümumiləşdirmələr aparmış, orijinal 
								əsərlər yaratmışdır. Adil müəllim tarixi 
								qaynaqlara hər dəfə üz tutduqca xalqın mənəvi 
								yaddaşını, onun millilik, vətəndaşlıq, 
								vətənpərvərlik, insansevərlik barədə görüşlərini, 
								milli mənəvi dəyərlərini gənc nəsillərə 
								çatdırmağa çalışır. A.Baxşəliyev bunları müasir 
								təhsil sisteminə tətbiq etməklə gənclərdə 
								Azərbaycan tarixinə maraq və həvəs oyatmağa səy 
								göstərir. 2009-cu ildə "Səfəvi dövlətinin 
								sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri" 
								adlı dərs vəsaiti nəşr olunub. Fakt zənginliyi, 
								hadisələrin tarixi-xronoloji, tarixi-müqayisəli 
								şəkildə izahı və şərhi, faktların sistemli və 
								ardıcıl verilməsi, o dövrdə baş verən hadisələri 
								tam dolğunluğu ilə əks etdirməsi ən sanballı bir 
								əsər olduğundan xəbər verir. 
								
								Hər birimizə məlumdur ki, keçmiş sovetlər 
								birliyi dövründə Azərbaycan tarixi arzuolunan 
								səviyyədə nəinki öyrənilməmiş, hətta bu tarix 
								birmənalı şəkildə təhrif edilmişdir. 
								Azərbaycanda dövlət müstəqilliyi yenidən bərpa 
								olunduqdan sonra tariximizin hərtərəfli tədqiq 
								edilib öyrənilməsi üçün geniş imkanlar yarandı. 
								Adil Baxşəliyev tariximizin olduqca zəngin, 
								maraqlı, şərəfli bir dövrünə, Səfəvilər dövrünə 
								müraciət etdi. Bu dövrün yerli qaynaqlarında 
								məlumatların azlığı, pərakəndəliyi, səyyah 
								gündəliklərindəki subyektiv fikirlər mövzunun 
								ətraflı öyrənilməsi sahəsində bir çox 
								çətinliklərlə rastlaşsa da, bir-birindən maraqlı, 
								zəngin faktlar topladı. İqtisadi cəhətdən 
								çiçəklənən Səfəvi dövlətinin iqtisadi həyatı, 
								xarici dövlətlərlə diplomatik münasibətləri 
								alimin diqqətini daha çox cəlb etdiyi üçün bu 
								sahəyə üstünlük verdi. Nəticədə tariximizin 
								şərəfli bir dövrünü əks etdirən maraqlı və 
								zəngin, çox dəyərli dərs vəsaiti hazırlayaraq 
								tələbələrin istifadəsinə vermişdi. Müəllifin hər 
								əsəri öz yeniliyi və elmi əhatə dairəsinin 
								genişliyi ilə əvvəlkindən seçilir.  
								
								2000-ci ildən taleyini Sumqayıt Dövlət 
								Universitetinə bağlayan A.Baxşəliyev həyatını 
								vətəninə, elminə, xalqına, onun gəncliyinin 
								təlim-tərbiyəsinə həsr edib. Ömrünün ən çətin 
								günlərində (80-ci illərin sonu, 90-cı illərin 
								əvvəllərində  Qarabağda yaşadığı zaman) belə 
								ruhdan düşməmiş, gələcəyə inam hissi onu bir an 
								tərk etməyib.  
								
								Ümumiyyətlə, Adil müəllim təbiətən çox nikbin, 
								ünsiyyətcil bir insandır. O, sözü özündə, 
								sevinci gözündə, insanlara məhəbbəti ürəyində, 
								elmə həvəsi qəlbində, maarifə istəyi isə 
								qəlbinin hökmündən gələn nitqindədir. 
								Ətrafdakılarla,  xüsusən də tələbələri ilə çox 
								sadə, səmimi ünsiyyət qura bilir. Bəzən onlarla 
								dekan kimi yox, dost kimi münasibətdə olur.  
								Onlarla səmimi, qayğıkeş, mehriban olduğu kimi, 
								həm də tələbkardır. Maraqlı və məzmunlu 
								mühazirələri ilə tələbələrini sanki ovsunlayırdı. 
								Ondakı müəllim dözümünə, alim təmkininə heyran 
								qaldım. Əsl pedaqoq məharəti ilə onlarla rəftar 
								edirdi.   
								
								Ömrünü Azərbaycan tarixi elminə həsr edən alim 
								yorulmaq bilmədən milli tarixi dəyərlərimizi 
								gənc nəslə təbliğ edir. Bu yolda şəxsiyyətinə və 
								istedadına böyük hörmət bəslədiyi alimlərin 
								əsərlərindən, pedaqoqların təcrübəsindən 
								bəhrələnir, istifadə edir. Azərbaycan tarixinin 
								qaranlıq səhifələrindəki dərin araşdırmaları, 
								müxtəlif yönümlü tədqiqatları onun vətəndaşlıq 
								mövqeyini, xalqının tarixinə olan dərin 
								məhəbbətini, mahir tədqiqatçılıq bacarığını açıq 
								şəkildə büruzə verir. Keçmişə, səni yetişdirən 
								nəsilə, öz müəllimlərinə yüksək, ülvi və səmimi 
								münasibət göstərməsi, alim, insan şəxsiyyətini 
								zinətləndirən amillərdən biridir. Bu baxımdan 
								Adil müəllim vətənə layiq bir ziyalıdır.  
								
								
								
								Qərənfil DÜNYAMİN QIZI,  
								Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin 
								üzvü  | 
								  |