| 
								 
								
								  
								 Sürix 
								Universiteti (University of Zurich) İsveçrənin 
								Sürix şəhərinin mərkəzində yerləşir və ölkənin 
								ən böyük ali məktəbidir.  
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Sürix 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								Naqoya Universiteti ilə birlikdə 92-ci yerdə 
								sıralanıb. Sürix Universiteti 2010-cu ildə 
								dünyanın ən nüfuzlu universitetləri arasında 
								"Times Higher Education World University 
								Rankings"in açıqlamasına görə 90-cı yerdə, "QS 
								World University Rankings"in reytinq cədvəlində 
								isə 101-ci yerdə qərarlaşıb. Bu ali məktəb "QS 
								World University Rankings"in 2011-2012-ci tədris 
								ili üzrə tərtib etdiyi reytinq cədvəlində 106-cı 
								yeri tutub.     
								
								Tarixi  
								
								1833-cü il aprelin 29-da Sürix şəhərində 
								fəaliyyət göstərən İlahiyyat, Hüquq və Tibb 
								kollecləri yeni yaradılmış Fəlsəfə fakültəsi ilə 
								birləşdirilir. Bu birləşmə nəticəsində Sürix 
								Universiteti yaradılır.  Yeni açılmış bu 
								universitet Avropada kral və ya kilsə tərəfindən 
								deyil, dövlət tərəfindən yaradılmış ilk ali 
								məktəb olur. Fəaliyyətinin ilk ilində 
								universitetə 161 tələbə, 55 müəllim qəbul 
								olunur.  
								
								1847-ci ildən universitetdə qız tələbələrə 
								fəlsəfə mühazirələrində iştirak etmək icazəsi 
								verilir, 1866-cı ildə isə ilk qız doktorant 
								qəbul edilir. 1859-cu ildə fakültələr humanitar 
								və dəqiq elmlər sahələrinə bölünür. 1901-ci ildə 
								universitetin bu sahə üzrə ən qədim fakültəsi 
								olan Baytarlıq fakültəsi yaradılır. 1905-ci ildə 
								universitetin tələbələrinin sayı sürətlə artaraq 
								1000 nəfəri keçir. 1909-cu ildən başlayaraq 
								Albert Eynşteyn Sürix Universitetində iki il 
								nəzəri fizika öyrənir və PhD səviyyəsi alır.
								 
								  1912-ci 
								ildə Sürix Universitetinin adı rəsmi olaraq 
								təsdiqini tapır. Bir il sonra universitetin 
								professoru Alfred Verner kimya üzrə Nobel 
								mükafatına layiq görülür. 1914-cü ildə Sürix 
								Universiteti memar Karl Mozer tərəfindən inşa 
								edilmiş yeni binaya köçürülür. Həmin bina 
								əsrarəngiz incəsənət nümunələrindən hesab 
								olunur. 1923-cü ildə universitetin ilk nəşri - 
								"Sürix tələbəsi" dərc edilməyə başlanır.  
								1933-cü ildə Sürix Universiteti təntənəli 
								surətdə yaranmasının 100 illiyini qeyd edir.
								 
								
								İkinci Dünya müharibəsində Sürix Universiteti 
								çətin vəziyyət yaşasa da, tez bir zamanda öz 
								inkişaf mərhələsinə qədəm qoyur. Bu inkişafın 
								nəticəsi olaraq 1949-cu ildə universitetin 
								professoru Valter Rudolf Hess tibb və 
								fiziologiya üzrə Nobel mükafatına layiq görülür. 
								Universitetin tələbələrinin sayı tədricən artır, 
								maddi-texniki bazası möhkəmləndirilir, yeni 
								tədris proqramları qəbul olunur.  
								
								1975-ci ildə universitetin Toksikologiya 
								İnstitutu açılır. 1970-1980-ci illərdə 
								universitetdə bir neçə dəfə tələbə nümayişləri 
								keçirilir və gərginlik yaşanır. 1985-ci ildə 
								universitetdə İnformatika fakültəsinin 
								tələbələrinin sürətlə artması müşahidə olunur. 
								İki il sonra universitetin professoru Aleks 
								Müller fizika üzrə Nobel mükafatına layiq 
								görülür. Artıq 1988-ci ildə ali məktəbin 
								tələbələrinin sayı 20000-i keçir. Onların 
								əksəriyyətini Biznes və iqtisadiyyat, 
								Psixologiya və Pedaqogika fakültələrinin 
								tələbələri təşkil edir. 1992-ci ildə 
								universitetdə Hüquq, İqtisadi tədqiqatlar və 
								Politologiya fakültələri fəaliyyət göstərir. 
								Universitet Şərqi Avropa ali məktəbləri ilə 
								əməkdaşlığa başlayır. 
								 1996-cı 
								ildə Sürix Universitetində bir sıra islahatlar 
								həyata keçirilir, müəllimlərin əməkhaqqı və 
								tələbələrə təklif olunan kreditlərin məbləği 
								artırılır. 2 il sonra ali məktəbdə Nevrologiya, 
								Dəqiq Elmlər və Beynəlxalq Tədqiqatlar 
								mərkəzləri yaradılır. 2001-ci ildə Sürix 
								Universiteti və İsveçrə Federal Texnologiya 
								İnstitutu əməkdaşlıq haqqında rəsmi sənəd 
								imzalayırlar. Bir il sonra hər iki ali məktəb 
								"Expo 02" milli sərgisində iştirak edir və 
								nəhəng "Ada-intellektual məkan" layihəsini 
								həyata keçirir. 2006-cı ildə Sürix Universiteti 
								nüfuzlu Avropa Tədqiqat Universitetləri Liqasına 
								üzv seçilir. 2008-ci ildə Avropanın ən böyük 
								elmi-tədqiqat mərkəzlərindən biri olan Sürix 
								Universiteti yaranmasının 175 illiyini qeyd 
								edir.  
								
								Büdcəsi və təhsil haqqı  
								
								2010-2011-ci tədris ilində Sürix Universitetinin 
								gəlirləri ümumilikdə  1182700000 İsveçrə frankı 
								olub. Həmin vəsaitin 562500000-ni Sürix 
								kantonunun (İsveçrədə inzibati ərazi bölgüsü) 
								ayırdığı yardım, 245300000-ni digər federal 
								kantonların yardımları, 225600000-ni İsveçrə 
								Milli Elm Fondunun ayırdığı, 103200000-ni 
								universitetin göstərdiyi xidmətlər, 24700000-ni 
								təhsil haqqı, qalanları isə digər vasitələr 
								hesabına əldə olunan gəlirlər təşkil edib. 
								 
								 Ali 
								məktəbin xərcləri isə ötən tədris ilində 
								1166400000 İsveçrə frankına bərabər olub. Bu 
								məbləğin 711100000-ni əməkdaşlar üçün, 
								452100000-ni müxtəlif kommersiya və 
								təmir-tikinti işləri üçün ayrılan vəsait, 
								qalanlarını isə digər məsrəflər təşkil edib.
								 
								
								2011-2012-ci tədris ilində Sürix Universitetində 
								tələbələrin təhsil haqqı bakalavr və 
								magistratura səviyyələrində 640-690, 
								doktorantura səviyyəsində isə 140 İsveçrə frankı 
								təşkil edir. Əcnəbi tələbələr göstərilən təhsil 
								haqqından başqa əlavə olaraq 100 İsveçrə frankı 
								ödəyirlər. Eyni zamanda təhsil haqqından əlavə 
								bütün tələbələr semestr ərzində universitetə 49 
								İsveçrə frankı ödəməlidirlər. Bu məbləğin 6,50 
								İsveçrə frankını universitetin Təqaüd Fondu, 15 
								İsveçrə frankını kitabxana, 25 İsveçrə frankını 
								İdman Təşkilatı, 2,50 İsveçrə frankını isə 
								Tələbə Təşkilatı üzvlüyü üçün yığılan vəsait 
								təşkil edir.  
								
								Sürix Universitetində 1 ay təhsil almaq üçün 
								tələbəyə təxminən 1700-2000 İsveçrə frankı lazım 
								gəlir. Həmin vəsaitə otaq (istilik sistemi daxil 
								olmaqla 550 İsveçrə frankı), telefon və İnternet 
								(200 İsveçrə frankı), dərs ləvazimatları (50-150 
								İsveçrə frankı), qidalanma (400 İsveçrə frankı), 
								tibbi sığorta (250 İsveçrə frankı), nəqliyyat 
								(80 İsveçrə frankı), eləcə də şəxsi xərclər 
								(220-250 İsveçrə frankı) daxildir.  
								
								Sürix Universitetində ailə büdcəsi ildə 
								86000-300000 İsveçrə frankına bərabər və bu 
								məbləğdən aşağı olan tələbələr təqaüd almaq 
								hüququna malikdirlər. Sürix Universitetinin 
								Əcnəbi Tələbələr üçün Həmrəylik Fondu maliyyə 
								durumu çətin olan və yüksək təhsil nəticələri 
								göstərən əcnəbi tələbələrə ayda 650 İsveçrə 
								frankı dəyərində subsidiya ayırır. İsveçrə 
								dövləti tərəfindən əcnəbi tələbələrə İsveçrə 
								Federal təqaüdü təklif olunur. İsveçrə Federal 
								təqaüdü magistrant və doktorantlar üçün nəzərdə 
								tutulur. Bu təqaüdün məbləği tələbənin semestr 
								ərzində göstərdiyi nəticələrdən asılı olaraq 
								artırılır.    
								
								Universitet bu gün  
								 Sürix 
								şəhəri İsveçrə Konfederasiyasının ən böyük 
								şəhəridir və ölkənin şimal-qərbində Sürix 
								gölünün ətrafında yerləşir. Limmat çayı şəhəri 
								iki yerə ayırır. Şəhər okeanik və rütubətli 
								kontinental iqlimə malikdir. 2 milyona yaxın 
								əhalisi olan şəhər dünyanın ən iri maliyyə 
								mərkəzlərindən hesab olunur. Burada çoxlu sayda 
								maliyyə institutları, nəhəng banklar, eləcə də 
								elmi-tədqiqat mərkəzləri yerləşir. Sürix 
								dünyanın ən keyfiyyətli həyat tərzinə malik və 
								ən varlı şəhərlərindəndir. Şəhərin görməli 
								yerlərindən Sürix gölünü, Sürix, İsveçrə milli 
								muzeylərini, Rietberq, Tram, Guild muzeylərini, 
								Qrossmünster, Fraumünster, Müqəddəs Pyotr 
								kilsələrini, Zoologiya, Botanika, Çin, Uotilberq 
								bağlarını, eləcə də çoxlu sayda gözəl memarlıq 
								nümunələrini qeyd etmək olar. Sürix mədəniyyət, 
								opera, balet, teatr şəhəridir.    
								
								 Sürix Universitetinin binaları bütün Sürix 
								şəhəri üzrə paylanıb.  Tibb Tarixi İnstitutu və 
								Muzeyi universitetin bir hissəsidir. 
								
								Sürix Universitetində 6 fakültə və 1 məktəb 
								fəaliyyət göstərir: 
								
								İlahiyyat fakültəsi islahatçı ilahiyyatçılar 
								hazırlayır. Fakültə ilahiyyat və dinşünaslıq 
								üzrə tədqiqatlar həyata keçirir. Fakültədə 
								"Əhdi-ətiq", "Əhdi-cədid" (İncilin və başqa 
								xristian dini kitablarının adı), Kilsənin 
								tarixi, Dini etika, Praktiki ilahiyyat, 
								Dinşünaslıq, Yaxın Şərqin dini tarixi, Qədim 
								xaçpərəstlik, Qədim yəhudi dini, İncilin 
								öyrənilməsi, Yəhudi dili və ədəbiyyatı, 
								Hermenevtika, Dini təhsil, Dini fəlsəfə, 
								Dinşünaslıq, Sistematik və praktiki ilahiyyat, 
								Etika proqramları öyrədilir. 
								
								Hüquq fakültəsi universitetin nüfuzlu 
								fakültələrindən biridir. Burada elmi təcrübə və 
								qanun məsələləri üzrə tədqiqatlar aparılır, 
								hüquq ixtisası üçün önəmli hesab edilən baza 
								biliklər əldə olunur. Məktəbdə bakalavr, 
								magistrant, PhD səviyyələri təklif olunur.
								 
								 İqtisadiyyat 
								fakültəsi iqtisadiyyatın öyrənilməsi üzrə yeni 
								elmi nəzəriyyə və metodların işlənməsi, onların 
								öyrənilməsi məqsədini daşıyır. Eyni zamanda 
								məktəb iqtisadiyyat, siyasət və digər elmi 
								sahələr üzrə idarəetmə ixtisasları təklif edir. 
								Bakalavr, magistrant və PhD səviyyələri üzrə 
								məktəbdə İqtisadiyyat, Menecment, Bank işi və 
								maliyyə, İnformatika proqramları təklif olunur. 
								Fakültənin nəzdində İqtisadiyyat, Menecment, 
								Bank işi və maliyyə, İnformatika institutları 
								fəaliyyət göstərir.  
								
								Riyaziyyat və dəqiq elmlər fakültəsinə 
								Qeyri-üzvi kimya, Fizika, Təkamül biologiyası və 
								təbiətdən istifadə, Coğrafiya, Riyaziyyat, 
								Molekulyar biologiya, Bitkilərin biologiyası, 
								Sistematik botanika, Üzvi kimya, Fiziki kimya, 
								Nəzəri fizika, Paleontologiya bölmələri, 
								Antropologiya Muzeyi daxildir. Universitetin 
								Tibb Məktəbi ilə Riyaziyyat və dəqiq elmlər 
								fakültəsi birgə Biokimya, Molekulyar Onkologiya, 
								Fiziologiya institutları, Texnologiya İnstitutu 
								ilə birlikdə Neyro-İnformatika İnstitutuna 
								sahiblik edir.   
								
								İncəsənət fakültəsi 1833-cü ildə yaradılıb. 
								Həmin dövrdə fakültədə fəlsəfə, klassika (yunan 
								və latın dilləri və mədəniyyətləri), tarix kimi 
								humanitar sahələr əhatə olunur. Sonradan 
								fakültəyə filologiya, sosiologiya, incəsənət, 
								musiqi və digər elmlər əlavə olunur, filologiya 
								və tarix fənlərinin diapazonu genişlənir. 
								Hazırda bu fakültə universitetin ən sürətlə 
								inkişaf edən fakültələrindən biridir. Fakültənin 
								Ümumi dilçilik, Ümumi və müqayisəli 
								ədəbiyyatşünaslıq, Slavistika, Alman, İngilis, 
								Hind-Avropa, Hindologiya, Şərqi Asiya (Yaponiya 
								və Çin), Fəlsəfə, Psixologiya, Pedaqogika, 
								Tarix, Klassika, Filologiya, Şərqşünaslıq, 
								Musiqi, Sosial antropologiya, Film tədqiqatları  
								departamentləri, Arxeologiya və Arxeoloji 
								Kolleksiyalar, Kompüter Linqvistikası, Orta və 
								Peşə Təhsili, Xüsusi Təhsil, Bədii Tarix, Siyasi 
								Elmlər, Kommunikasiya və KİV, Sosiologiya 
								institutları, Fonetik laboratoriyaları fəaliyyət 
								göstərir.   
								 Vetsuisse 
								fakültəsi 3 departament, 11 institut və Sürix 
								Baytarlıq xəstəxanasından ibarətdir. Bunlar 
								Kiçik heyvanlar (Kiçik heyvanların tibbi, Kiçik 
								heyvanların cərrahiyyəsi, Diaqnostik 
								vizualizasiya, Radioloji onkologiya, Klinik 
								zoopark, ev və çöl heyvanları, Kiçik heyvanların 
								reproduksiyası, Oftalmologiya bölmələri), 
								Atçılıq (Atların cərrahiyyəsi, İdman tibbi, 
								Daxili tibb, Sümük-əzələ tədqiqatları, 
								Anesteziologiya bölmələri), Heyvandarlıq 
								(Gövşəyən heyvanlar, Reproduktiv tibb, Təcili 
								yardım və tibbi ehtiyatlar, Tibbi laboratoriya 
								bölmələri) departamentləri; Baytarlıq, Baytarlıq 
								Biokimyası və Molekulyar Biologiya, Baytarlıq 
								Fiziologiyası, Heyvanların Qidalanması, 
								Baytarlıq Bakteriologiyası, Parazitologiya, 
								Virusologiya, Baytarlıq Epidemiologiyası, 
								Baytarlıq Patalogiyası, Farmakologiya və 
								Toksikologiya, Qida Məhsullarının Təhlükəsizliyi 
								və Gigiyena, Heyvandarlıq Laborator Elmlər 
								institutlarıdır. Fakültədə təkcə heyvanların 
								xəstəlikləri deyil, insan sağlamlığı, ətraf 
								mühitin patogen mikroorqanizmlərdən mühafizəsi, 
								heyvan və insanların xəstəliklərinin biotibbi 
								tədqiqatları öyrənilir.  
								
								Tibb Məktəbi bu sahə üzrə İsveçrənin ən böyük 
								məktəbidir. Məktəbə Anatomiya, Angiologiya, 
								Oftalmologiya, Biokimya, Dermatologiya, 
								Endokrinologiya, diabet və kliniki qidalanma, 
								Qastroenterologiya və hepatologiya, Kliniki 
								mamalıq, Ginekologiya, Gematologiya, Ailə tibbi, 
								Ürək-damar cərrahiyyəsi, İmmunologiya, İnfeksion 
								xəstəliklər və epidemiologiya, Kardiologiya, 
								Çənə-üz cərrahiyyəsi, Kliniki əczaçılıq və 
								toksikologiya, Neonatologiya, Nefrologiya, 
								Neyrocərrahiyyə, Nevrologiya, Nüvə tibbi, Qulaq, 
								burun, boğaz və boyun cərrahiyyəsi, Onkologiya, 
								Farmakologiya və Toksikologiya, Fiziologiya, 
								Plastik cərrahiyyə, Pulmonologiya, Psixiatriya 
								və psixoterapiya, Radio-onkologiya, Döş, zədə 
								cərrahiyyəsi, Urologiya, Transplantasiya, 
								Stomatologiya, Pediatriya departamentləri, 
								Anesteziologiya, Biotibbi Etika, Biotibbi 
								Mühəndislik, Diaqnostik və Müdaxilə 
								Radiologiyası, Eksperimental İmmunologiya, 
								Kliniki Kimya, Kliniki Patalogiya, Tibbi 
								Genetika, Tibbi Mikrobiologiya, Tibbi Molekulyar 
								Genetika, Virusologiya, Molekulyar Onkologiya, 
								Nevropatalogiya, Tibbi Məhkəmə, Reproduktiv 
								Endokrinologiya, Revmatologiya və Fiziki Tibb, 
								İctimai və Profilaktik Tibb institutları, Sürix 
								Uşaq, Psixiatriya  xəstəxanaları daxildir.
								 
								 Sürix 
								Universitetində bakalavr səviyyəsində dərslər 
								əsasən alman dilində keçilir. Lakin son zamanlar 
								ingilis dilində tədris olunan proqramların sayı 
								artmaqdadır. Dəqiq elmlər və biznes sahələri 
								üzrə ingilisdilli proqramlar çoxluq təşkil edir.
								 
								
								Universitetin kitabxanası Əsas, Mərkəzi və bir 
								neçə köməkçi kitabxanalara bölünüb. Əsas 
								kitabxanada dəqiq elmlər, riyaziyyat və tibb 
								sahələrini əhatə edən kitablar toplanıb. Bu 
								kitabxana İrçel elmi, İrçel tədqiqat, Careum 
								tibb bölmələrindən ibarətdir. Mərkəzi kitabxana 
								geniş kütlə üçün nəzərdə tutulub. Kitabxanadan 
								təkcə Sürix Universitetinin tələbələri deyil, 
								şəhər sakinləri və digər ali məktəblərin 
								tələbələri də istifadə edə bilərlər. Bu 
								kitabxanada bütün sahələrə aid kitablar vardır. 
								Ümumilikdə universitetin kitabxanalarında 5 
								milyon cilddən çox kitab mövcuddur. Sürix 
								Universitetinin fakültələrinin və Tibb 
								Məktəbinin, institutlarının da şəxsi 
								kitabxanaları fəaliyyət göstərir.  
								
								Sürix Universitetinin strateji məsələləri ilə 
								ali məktəbin rektoru, akademik məsələlər, elmi 
								tədqiqatlar, tədris, fakültə, Tibb Məktəbinə aid 
								olan işlər və digər məsələlərlə isə üç 
								vitse-rektor məşğul olur. Universitetin maliyyə, 
								insan resursları və infrastruktur məsələlərinə 
								inzibati işlər üzrə direktor nəzarət edir. Sürix 
								Universitetinin rektoru professor Andreas Fişer, 
								tibb və dəqiq elmlər üzrə vitse-rektoru Daniel 
								Uayler, hüquq və iqtisadi elmlər üzrə 
								vitse-rektoru Eqon Frank, humanitar və sosial 
								elmlər üzrə vitse-rektoru Otfrid Carren, 
								maliyyə, kadr və infrastruktur məsələləri üzrə 
								direktoru isə Ştefan Şnayderdir. Universitetin 
								əməkdaşlarının ümumi sayı 5382 nəfərdir. 
								Əməkdaşların 507 nəfəri professor, 2897 nəfəri 
								elmi-pedaqoji, 1977 nəfəri isə inzibati-texniki 
								işçilərdir. Sürix Universitetinin 15-dən çox 
								professoru Nobel mükafatına layiq görülüb.
								 
								
								Sürix Universitetində ümumilikdə 26168 nəfər 
								tələbə təhsil alır. Tələbələrin 14754 nəfərini 
								qızlar təşkil edirlər. Ən çox tələbə İncəsənət 
								fakültəsində qeydə alınıb (12482). Tələbələrinin 
								sayına görə ikinci yerdə Hüquq (3720), üçüncü 
								yerdə isə (3228) Riyaziyyat və dəqiq elmlər 
								fakültəsi durur. 
								
								Sürix Universitetinin yataqxanaları yoxdur. 
								Tələbələrin məskunlaşması məsələsi ilə digər 
								müxtəlif müəssisələr məşğul olur. Yaşayış 
								yerlərinə tələbat çox olduğundan tələbələr 
								əvvəlcədən axtarışa başlamalıdırlar. Sürix 
								Universitetinin tələbələri ilk olaraq İsveçrə 
								Federal Texnologiya İnstitutunun 
								yataqxanalarından istifadə edə bilərlər. 
								Tələbələrə xidmətlər təklif edən müxtəlif 
								agentliklər yataqxana bülletenləri çap edir. 
								Burada agentliklərin təklif etdiyi mənzil və 
								evlər, onların qiymətləri, qoyulan şərtlər 
								haqqında məlumatlar öz əksini tapır. 
								
								 Sürix Universiteti bəşəriyyətin mədəni, sosial, 
								iqtisadi inkişafında ən mühüm rola malik 
								elmi-tədqiqat mərkəzinə çevrilmək, Avropa və 
								dünya kontekstində bu sahədə aparıcı yer tutmaq 
								məqsədini daşıyır.   
								
								
								
								Universitetin Nobel mükafatına layiq görülmüş 
								müəllimləri  
								
									
										|   | 
										
										
										Emil Teodor Koxer | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Landşteyner | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Henrik Kar Piter Dam   | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Corc Uold | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hamilton Smit  | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Erik Uieschaus | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Rolf Zinkernagel | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Maks fon Laue | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ervin Şredinger | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Aleks Müller  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Uolter German Nernst  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Albert Hofmann | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Piter Debye | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Lavoslav Stepan Rujiçka | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Laynus Polinq | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									 
								
								
								   
								
								
								Universitetin Nobel mükafatına layiq görülmüş 
								məzunları 
								
									
										|   | 
										
										
										Albert Eynşteyn | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Vilhelm Konrad Rentgen | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Alfred Verner  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Pol Karrer | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Teodor Mommzen | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Valter Rudolf Hess | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |