| 
								 
								Sentyabrın 25-dən 28-dək ABŞ-ın nüfuzlu Tafts 
								Universitetinin Fletçer Hüquq və Diplomatiya 
								Məktəbində Diplomatik Akademiyalar və beynəlxalq 
								münasibətlər üzrə ixtisaslaşan universitetlərin 
								və ali məktəblərin ənənəvi illik Beynəlxalq 
								Forumu keçirilmişdir.  
								
								Beynəlxalq Forumda dünyanın 100-dən artıq 
								Diplomatik Akademiyasının və beynəlxalq 
								münasibətlər üzrə ixtisaslaşan universitetlərin 
								rektor və dekanları iştirak etmişlər. 
								 
								
								Forumda diplomatik treninqdə regional 
								əməkdaşlıq, beynəlxalq biznes və keçid dövrünün 
								diplomatiyaları, ətraf mühit problemlərinin 
								həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli 
								diplomatiya və digər məsələlər müzakirə 
								olunmuşdur.  
								
								Tədbirdə xarici işlər nazirinin müavini, 
								Azərbaycan Diplomatik Akademiyasının (ADA) 
								rektoru Hafiz Paşayev də iştirak etmişdir.
								 
								
								Forumun sonuncu günündə H.Paşayev ADA-nın 
								inkişaf yolu və əldə edilmiş uğurlar barədə 
								iştirakçılara ətraflı məlumat vermiş, 
								akademiyanın tikilməkdə olan yeni binası - 
								müasir təhsil kompleksinin gələn il hazır 
								olacağını bildirmişdir. Rektor 2012-ci ilin 
								Forumunun gələn il Azərbaycanda keçirilməsini 
								təklif etmişdir. H.Paşayev vurğulamışdır ki, 
								Azərbaycan hökuməti tərəfindən təhsilin 
								inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın 
								timsalında beynəlxalq ictimaiyyətə daha qabarıq 
								şəkildə çatdırıla bilər.  
								
								Diplomatik Akademiyaların və beynəlxalq 
								münasibətlər üzrə ixtisaslaşan universitetlərin 
								rektorlarının növbəti illik Forumunun Bakıda 
								keçirilməsinə yekdilliklə dəstək verilmişdir.
								 
								
								Xatırladaq ki, Diplomatik Treninq üzrə 
								Beynəlxalq Forum 1972-ci ildən keçirilir. ADA 
								yarandığı 2006-cı ildən bu Forumda iştirak edir. 
								  
								
								
								
								AzərTAc  |