| 
								 
								Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq 
								Müəllim Gününə həsr olunmuş mərasim keçirilib.
								 
								
								 Mərasimdən 
								öncə rəhbər təhsil işçiləri və Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri 
								xiyabana gələrək ümummilli liderimiz Heydər 
								Əliyevin və akademik Zərifə xanım Əliyevanın 
								xatirəsini ehtiramla yad edib, məzarları önünə 
								gül dəstələri qoyublar. Mərasim iştirakçıları 
								daha sonra Şəhidlər xiyabanında Azərbaycanın 
								müstəqilliyi və ərazi bütövlüyü uğrunda 
								mübarizədə şəhid olanların xatirəsini anıb, 
								məzarları üzərinə, habelə buradakı "Əbədi məşəl" 
								abidəsi önünə də tər çiçəklər düzüblər. 
								
								Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbiri 
								giriş sözü ilə təhsil naziri Misir Mərdanov 
								açaraq bu əlamətdar gün münasibətilə müəllimləri 
								təbrik edib, onlara gələcək fəaliyyətlərində 
								yeni-yeni nailiyyətlər arzulayıb. Nazir 
								ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət 
								qayğısı haqqında danışıb, əsası ümummilli 
								liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 
								təhsil siyasətinin dövlətimizin başçısı cənab 
								İlham Əliyevin rəhbərliyi ilə uğurla davam 
								etdirildiyini nəzərə çatdırıb. Azərbaycanda 
								2004-cü ildən Beynəlxalq Müəllim Gününün qeyd 
								olunduğunu vurğulayan Misir Mərdanov hər il peşə 
								bayramları ərəfəsində təhsildə xidmətləri olan 
								bir qrup təhsil işçisinin ölkə Prezidentinin 
								sərəncamları ilə dövlət təltiflərinə, fəxri 
								adlara layiq görüldüyünü bildirib. Müəllimlərin 
								builki peşə bayramlarının müstəqilliyimizin 20 
								illiyinə təsadüf etməsi ilə əlamətdar olduğunu 
								deyən nazir, Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 
								2011-ci il tarixli sərəncamları ilə daha bir 
								qrup təhsil işçisinin təltif olunmasını təhsilə 
								və təhsil işçilərinə göstərilən diqqət və 
								qayğının növbəti təzahürü kimi dəyərləndirib. 
								Təhsil naziri bildirib ki, 1998-ci ildən bəri 
								ötən dövr ərzində 2200-dən çox müəllim 
								Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə 
								görə müxtəlif təltiflərə layiq görülüb. 
								 
								
								 Nazir, 
								həmçinin Heydər Əliyev Fondunun Azərbaycan 
								təhsilinin inkişafı baxımından həyata keçirdiyi 
								genişmiqyaslı tədbirlərdən də ətraflı bəhs edib. 
								Bildirib ki, son illər Fondun birbaşa dəstəyi 
								ilə 300-dən çox məktəb, uşaq bağçası tikilib və 
								yenidən qurulub.   
								
								Misir Mərdanov Azərbaycan Respublikası 
								Prezidentinin sərəncamlarına əsasən təltif 
								olunmuş təhsil işçiləri haqqında məlumat verərək 
								bildirib ki, oktyabrın 3-də 128 nəfər 
								"Azərbaycan Respublikasının əməkdar müəllimi" 
								fəxri adına, "Dövlət qulluğunda fərqlənməyə 
								görə" və "Tərəqqi" medallarına layiq görülüb. 
								
								Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına 
								əsasən 4 ildir ki, keçirilən "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələrinin əhəmiyyətinə toxunan nazir bu 
								müsabiqələrin Azərbaycan təhsilinin inkişafına 
								xüsusi təkan verdiyini nəzərə çatdırıb. Misir 
								Mərdanov qeyd edib ki, ümumtəhsil məktəbləri və 
								müəllimlər arasında sağlam rəqabət mühiti 
								yaradan bu müsabiqələr, eyni zamanda pedaqoji 
								sahədə çalışanların təşəbbüskarlığına geniş 
								meydan açır. 
								
								Sonra Azərbaycan təhsilinin inkişafındakı 
								xidmətlərinə görə təltif olunmuş təhsil 
								işçilərinə medallar və vəsiqələr təqdim olunub. 
								Eyni zamanda 2010-2011-ci tədris ilində 
								keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən 
								yaxşı müəllim" müsabiqələrinin qaliblərinə 
								müvafiq vəsiqələr verilib. 
								
								Tədbirdə təltif olunmuş təhsil işçiləri adından 
								müəllimlərin əməyinə verilən belə yüksək qiymətə 
								görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin 
								minnətdarlıq ifadə olunub. 
								
								Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad 
								Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 
								millət vəkili Səttar Mehbalıyev də iştirak edib.
								 
								
								
								
								Y.ƏLİYEV  |